“Sarvan” İdman Klubunun yetirmələri dünya və Avropa çempionlarıdır




"Olimpnews.az” saytının budəfəki qonağı "Sarvan” İdman Klubunun rəhbəri, kunq-fu üzrə ikiqat dünya çempionu Rafiq Xudayevdir. Rafiq müəllim bizə həyatı, idman fəaliyyəti, rəhbərlik etdiyi klubun işləri barədə məlumat verdi.

O, 1978-ci ildə Gürcüstanın Marneuli şəhərində anadan olub. Beynəlxalq dərəcəli məşqçi olan Rafiq Xudayev 8 yaşından idmanla məşğul olur. O, əvvəlcə sambo sonra kyokuşin-karate, uşu-sanda və kikboksinq idman növlərinin incəliklərinə yiyələnib. Bir sıra yarışların qalib və mükafatçısı olan Rafiq Xudayev hazırda "Sarvan” İdman Klubuna rəhbərlik edir.

Qeyd edək ki, "Sarvan” İdman Klubu 2007-ci ildən fəaliyyət göstərir. Klubda boks, kikboksinq, kunq-fu və uşu sanda üzrə bölmələr vardır. Rafiq Xudayev deyir: "Əvvəllər Təhsil Respublika İdman Mərkəzində kikboksinq üzrə məşqçi kimi işləmişəm. Sonradan klub yaratmaq qərarına gəldim. Klubun adı doğulduğum şəhərin əvvəlki adı ilə bağlıdır. Hazırda idman ocağında 50-yə qədər idmançı adıçəkilən idman növləri ilə məşğul olur. Buyaxınlarda Nizami rayonu ərazisində yeni idman zalımız istifadəyə verilib. Zalda idmançıların yüksək səviyyəli məşq keçmələri üçün hərtərəfli şərait var. Klubun heyətində dünya və Avropa çempionları, Avropa mükafatçıları var. Buyaxınlarda boks üzrə yeniyetmələr arasında keçirilən beynəlxalq turnirdə idmançılarımız uğurla çıxış ediblər. Yetirməm Rauf Əmirbəyov kikboksinq üzrə dəfələrlə respublika çempionu, WAKO versiyası üzrə Avropa ikincisidir. Həsən Xudayev kunq-fu üzrə dünya çempionu, kikbopksinq üzrə dəfələrlə respublika çempionudur. Elşad Əliyev isə kikboksinq üzrə dünya çempionu adını qazanıb”.

Qeyd edək ki, buyaxınlarda idman sahəsindəki səmərəli fəaliyyətinə görə, Rafiq Xudayev "Əməkdar məşqçi” adı ilə təltif edilib.
Yetirmələrinin bundan sonrakı yarışlarda da onlara bəslənilən ümidləri doğruldacaqlarına inandığını deyən məşqçi qarşıdakı planlardan da danışdı: "Aprelin 17-də boks üzrə Bakı birinciliyi keçiriləcək. Bu yarışda 2 idmançımız qüvvəsini sınayacaq. Sentyabr ayında kunq-fu idman növünün WASKO versiyası üzrə dünya çempionatında iştirak etməyi planlaşdırırıq. Bu yarışda iştirak edəcək idmançılar respublika çempionatından sonra müəyyənləşəcək”.










Bu yazı

20849 dəfə oxunub

Tarix

2017-04-13 16:15:19

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook