“Cənub” İdman Klubunda vətənpərvər idmançılar yetişir




"Olimpnews.az" saytı mütamadi olaraq ölkə idmanının inkişafında, uşaq və gənclərin fiziki və mənəvi tərbiyəsində, onların əsil insan, vətənpərvər kimi yetişmələrində xidməti olan idman klublarından, məktəblərdən, məşqçi və idmançılardan silsilə yazılar hazırlayır. Bu dəfə sizə "Cənub" İdman Klubunun fəaliyyətindən, onun rəhbəri Samir Həsənovdan danışacağıq. 
   
Ramil Səfərov adına "Cənub” İdman Klubu 2010-cu ildən fəaliyyət göstərir. Klubun təsisçisi və direktoru kikboksinq üzrə dəfələrlə dünya çempionatının mükafatçısı Samir Həsənovdur. 



2011-ci ildən xalqımızın qəhrəman oğlu Ramil Səfərov bu idman ocağının fəxri prezidenti seçilib. Hazırda burada 80-dən yuxarı idmançı kikboksinq idman növünün sirlərinə yiyələnir. Klubun direktoru Samir Həsənov 8 illik məşqçilik təcrübəsinə malikdir. O, kikboksinqin VPK versiyası üzrə dünya 2-cisi, layt-kontakt versiyası üzrə dünya 3-cüsü olub. İdmançı həmçinin WOF döyüş sənətləri üzrə dəfələrlə dünya çempionatının mükafatçısı olub. Bir sıra beynəlxalq turnirlərdə medal qazanan Samir Həsənov karyerası ərzində 3 peşəkar döyüş keçirib və bu qarşılaşmalarda qalib gəlib. Kikboksinq üzrə ikiqat respublika çempionudur. Hazırda təcrübəli məşqçinin yetirmələri arasında bir sıra istedadlı idmançılar var. 

Məşqçi rəhbəri olduğu "Cənub” İK-da yetirmələrinin qazandığı nəticələrdən danışdı: "Tələbələrim arasında respublika çempionları çoxdur. Yetirmələrimdən Ramiz Nadirov (+81 kq) 2016-cı ildə İrlandiyada gənclər arasında WAKO versiyası üzrə dünya çempionu adını qazanıb. Fərəhli haldır ki, WAKO versiyası üzrə azərbaycanlı gənclər arasında ilk dünya çempionu adına məhz Ramiz Nadirov sahib olub. Komandamızın üzvü Vüqar Baxşəliyev kikboksinq üzrə Azərbaycan çempionudur. Digər idmançılarımız - Nicat Mehdizadə və Elnur Muradov Azərbaycan çempionatının gümüş mükafatçısıdırlar. Abbas Nəsirov, Eldar Məmmədov, Nihat Əlizadə respublika üçüncüsüdürlər. Osman Mustafayev dəfələrlə beynəlxalq turnirlərin qalibi adını qazanıb. 71 kq çəki dərəcəsində çıxış edən Murad Həsənli klubumuzun təcrübəli və nümunəvi idmançılarındandır. O, Azərbaycan çempionatının mükafatçısı, dəfələrlə müxtəlif beynəlxalq turnirlərin qalibi olub”.


Samir Həsənov klubda gənclərin vətənpərvər ruhda tərbiyə olunmalarından da söz açdı: "Klubumuz Azərbaycan xalqının vətənpərvər oğlu Ramil Səfərovun şərəfinə fəaliyyət göstərir. İdman ocağının fəxri prezidenti Ramil Səfərov mütəmadi olaraq idmançılarımızla görüşlər keçirir. Bu cür görüşlər onlarda böyük ruh yüksəkliyi yaradır və onların vətənpərvər ruhda tərbiyəsində böyük rol oynayır. Onu da deyim ki, klubumuzun baş məsləhətçisi Malik Həsənov da bizə yaxından dəstək olur. O, idmançılarımızın müxtəlif yarışlarda iştirakına şərait yaradır.

Sevindirici haldır ki, Azərbaycanda kikboksinq idman növü yüksək sürətlə inkişaf edir. Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev bu sahənin inkişafı üçün hərtərəfli şərait yaradıb. Bir klub olaraq bizim də borcumuz kikboksinq idman növünün inkişafına öz töhfəmizi verməkdir. Mütəmadi olaraq klubdaxili yarışlar təşkil edirik. Məqsədimiz idmançılar arasında rəqabətin və kütləviliyin artmasına nail olmaqdır”. Qeyd edək ki, Samir Həsənov həmçinin Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin "Gömrükçü” İdman Klubunda boks məşqçisi kimi fəaliyyət göstərir. Onun yetirmələri, həm də boks üzrə yarışlarda qüvvələrini sınayaraq uğurlu nəticələr qazanırlar
"Cənub” İK-nın yetirmələrini qarşıda bir sıra mötəbər yarışlar gözləyir. Bunlar arasında ən vacibi WAKO üzrə keçiriləcək dünya çempionatıdır. 
Klubun idmançılarına uğurlar arzulayır, ölkəmizin şərəfini ləyaqətlə təmsil etməyi diləyirik.







Bu yazı

24173 dəfə oxunub

Tarix

2017-04-18 11:47:27

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook