Uşaqlara qayğı mənəvi dəyərlərimizin tərkib hissəsidir

Dünyada təşkil olunan idman tədbirlərinin, yarışların əksəriyyətində Azərbaycan təmsil olunur. İdmançılarımız beynəlxalq arenalarda yalnız qələbə üçün mübarizə aparır, ölkəmizin idman şərəfini ləyaqətlə qoruyurlar. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin ardıcıl şəkildə həyata keçirdiyi idman siyasətinin uğurudur.

Şübhəsiz, Azərbaycan idmanının şan-şöhrət tapmasının əsasında bu sahəyə göstərilən qayğı və diqqət dayanır. Ölkəmizdə yaradılan şərait idmanımızın inkişafına zəmin yaradıb. Bu gün respublikamızın elə bir bölgəsi yoxdur ki, orada müasir tipli idman qurğusu olmasın. Azərbaycan idmanının adını yüksəklərə qaldıran atletlər məhz bu qurğularda yetişirlər. İnşa edilən idman qurğularında hər cür şərait yaradılır, maddi-texniki baza gücləndirilir.

Dövlət qayğısı uşaq və gənclərin fiziki və mənəvi inkişafına, gənc nəslin formalaşmasına müsbət təsir göstərir. Qayğı və diqqət uşaq və gənclərin vətənpərvər ruhda böyüməsinə, layiqli vətəndaş kimi yetişməsinə təkan verən ən mühüm amillərdəndir. Bu gün Azərbaycanın gənc nəslinin bütün problemlərdən sığortalandığını, desək, yanılmarıq. Bu, əsaslı faktlara söykənən dəlildir. Azərbaycanın gənc nəslinin sağlam və firavan həyatı üçün bütün tədbirlər görülür, mühüm qərarlar qəbul edilir. Qayğıya söykənən gənclərimiz xalqımızın gözəl adət-ənənələrini mənimsəyir, milli dəyərlərimizi qoruyur, eyni zamanda, mənəvi dəyərlərimizə yiyələnirlər.

Müstəqil Azərbaycanın uşaq və gənclərinə göstərilən diqqət onların mənəvi saflığına xidmət edir. Çünki uşaqların mənəvi sağlamlığı cəmiyyətin xoşbəxtliyi, sevinci, gələcəyidir. Buna görə də dövlətimiz uşaqlara daim qayğı ilə yanaşır, xüsusi diqqət ayırır. Ulu öndərimiz Heydər Əliyevin 1 İyun Uşaqların Beynəlxalq Müdafiə Günü münasibətilə keçirilən tədbirdə dediyi sözlər uşaqlara göstərilən qayğının ən böyük təzahürüdür: "Uşaqlar bizim sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətin gələcəyidir. Uşaqlar daima qayğı altında olmalıdır, onları qorumaq, müdafiə etmək, böyütmək, insan cəmiyyətinin fəal iştirakçısı, fəal üzvü etmək lazımdır. Ona görə də dünyada Uşaqları Beynəlxalq Müdafiə Günü təsis olunubdur. Müstəqil Azərbaycan Respublikasında biz bu günü, bu bayramı xüsusi qeyd edirik. Çünki Azərbaycan xalqının milli ənənələrindən biri də ondan ibarətdir ki, uşağa diqqət, qayğı həmişə bir ailənin, hər bir insanın əsas vəzifəsi, mənəviyyatımızın əsas hissəsi olubdur. Bu, əcdadlarımızdan, ulu babalarımızdan bizə qalan ənənələrdir, nəsihətdir, irsdir. Biz də bu ənənəyə sadiqik. Bizim borcumuz bu ənənələri dərinləşdirmək, daha da inkişaf etdirməkdir. Müstəqil Azərbaycan Respublikasının, dövlətimizin qayğıları çoxdur. Ancaq Azərbaycan Prezidenti kimi mən bu gün bəyan edirəm ki, uşaqlara, körpələrə olan qayğı bütün qayğılardan üstündür. Bu, bizim müqəddəs borcumuzdur. Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, böyüdəcəyiksə, ölkəmizin millətimizin, dövlətimizin gələcəyi bundan asılı olacaq”.

Ölkəmizdə uşaq və gənclərin fiziki və mənəvi inkişafına yönələn tədbirlər, layihələr bir sıra ictimai birliklər tərəfindən də uğurla həyata keçirilir. Uşaqların problemlərinin həlli istiqamətində fəaliyyət göstərən ictimai birliklərin əsas işi sağlam həyat tərzinə yönəldilb, insan haqqında biliklərə, psixi və mənəvi - əxlaqa arxalanan səbəblərin formalaşması sayəsində dərslər, məşğələlər və bir sıra tədbirlər vasitəsilə insanlara kömək etməkdən ibarətdir. İctimai birliklərin əksəriyyəti bu məsələni "Sağlam nəsil” proqramı çərçivəsində həyata keçirir.

Respublikamızda sağlamlıq imkanları məhdud olan uşaqların problemlərinin həlli istiqamətində fəaliyyət göstərən ictimai birliklər arasında "Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyi fəallığı ilə seçilir. Bu təşkilat 2013-cü ildə təsis edilib. Birliyə "Qayğı Uşaq Reabilitasiya Mərkəzi” və "Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi” daxildir. Bakının Nizami rayonunda yerləşən "Qayğı” Reabilitasiya Mərkəzində təlim-tərbiyə işləri ilə yanaşı reabilitasiya tədbirləri də həyata keçirilir. Burada uşaqlar və yeniyetmələrlə reabilitasiya işi aparılır, ünsiyyət, özünəxidmət və sadə əmək vərdişləri formalaşdırılır, çatışmazlıqların korreksiyası üzrə məşqlər keçirilir, sağlamlıq imkanları məhdud uşaqların inteqrasiyası təmin edilir.

"Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyinin təsisçisi Sevinc Abdullayevanın fikrincə, uşaqların sağlamlığı günün aktual məsələlərindən biridir və rəhbərlik etdiyi İctimai Birlik məhz bu yöndə fəaliyyət göstərir: "Uşaqların sağlamlıq səviyyəsi bizi bir qədər düşünməyə vadar edir. Bir sıra uşaqlar müxtəlif səbəblərə görə sağlamlığında müəyyən qüsurlarla, problemlərlə doğulurlar. Burada xroniki, anadangəlmə xəstəlikləri qeyd etmək labüddür. Şübhəsiz, Azərbaycan dövləti uşaqların qayğısına yetərincə qalır. Ölkəmizin gənc nəsli həm fiziki, həm də mənəvi cəhətdən sağlam şəkildə formalaşır. Rəhbərlik etdiyim İctimai Birlik də uşaqların sağlam həyat tərzinə, onların mənəvi inkişafına, qismən də olsa, dəstək göstərir. Uşaqlarla bağlı həyata keçirilən proqram və layihələr böyüyən nəslin sağlamlığının qorunması və möhkəmlənməsi probleminin həllinə yönəlib. Bu proqram qeyri-spesifik profilaktik, tibbi və pedoqoji tədbirlərin sistemidir. Böyüyən nəslin sağlamlığının qorunması və möhkəmlənməsi dövlətimizin hər zaman diqqət mərkəzindədir. Biz də çalışırıq ki, bu istiqamətdə əlimizdən gələni əsirgəməyək”.

Sevinc Abdullayeva bizimlə söhbətində vurğuladı ki, ölkəmizdə əlil, sağlamlıq imkanları məhdud olan və köməyə ehtiyacı olan uşaqların müalicə və reabilitasiyanı təmin etmək hər zaman diqqət mərkəzində olub: "Bu sahədə maddi-texniki infrastrukturu təkmilləşdirmək və mövcud imkanlardan səmərəli istifadə etmək çox vacibdir. Bizim ictimai birlik əlil və sağlamlıq imkanları məhdud olan uşaqların sosial məsələlərinin həlli istiqamətində onlara dəstək verir. Çalışırıq ki, sağlamlıq imkanları məhdud olan uşaqların təhsil almasını təşkil edək. Həmçinin onların cəmiyyətə uyğunlaşmaları üçün zəruri tədbirlər görürük. Sağlamlıq imkanları məhdud və əlil uşaqlara dəstək verilməsi məqsədilə psixoloji və hüquqi yardım mərkəzlərini təşkil etmişik. Belə uşaqların sosial problemlərinin həlli bizim əsas vəzifələrimizdən biridir”.

Sağlam olmaq üçün nə etməliyik?

İnsanın təbiətdən aldığı ən böyük hədiyyə sağlamlıqdır. Belə bir söz var: "Sağlamlıq digər bütün nemətlərdən o dərəcədə üstündür ki, həqiqətən sağlam dilənçi xəstə kraldan daha xoşbəxtdir”. Bunu orqanizmdə xəstəlik baş qaldıranda deyil, hər zaman yadda saxlamaq lazımdır.

Tibb nə qədər mükəmməl olsa da, insanları bütün xəstəliklərdən azad etmir. İnsan özü öz sağlamlığının yaradıcısıdır. Möcüzəvi dərmanlara ümid etməkdənsə, əvvəlcədən sağlam və aktiv həyat tərzi keçirmək, bədən tərbiyəsi və idmanla məşğul olmaq, şəxsi gigiyena qaydalarına riayət etmək, bir sözlə, sağlamlığın həqiqi harmoniyasını məntiqli yollarla əldə etmək lazımdır.

Uşaqlar üçün seminar və treninqlər keçirilir

Böyüyən nəsil böyük intellektualın, potensial və yaradıcılıq qabiliyyətinin daşıyıcısıdır. Məlumdur ki, insan gənclikdə daha asan bilik, bacarıq, vərdiş qazanır, daha çox yaradıcı fəaliyyətə, nəzəri tədqiqata qadirdir, maksimal dərəcədə işqabiliyyətlidir. Məhz buna görə müasir elmin, xüsusilə dəqiq və texniki elmlərin tərəqqisi gənc nəsil ilə bağlıdır. Uşaqlar və gənclər elm və texnika sahəsi kimi intellektual fəaliyyətin daha çətin növlərinin qavranılmasında daha maraqlıdırlar.

Təhsil Nazirliyinin köməyi ilə həyata keçirilən "Sağlam nəsil” layihəsi çərçivəsində yeniyetmələrin sağlamlıq problemləri və onların profilaktikası ilə bağlı təhsil müəssisələrində treninq və seminarlar təşkil olunur.
"Sağlam nəsil” proqramına uşaqlarla keçiriləcək "Sağlam həyat tərzi” mövzusunda treninqlər, maarifləndirici gəzintilər (muzeylərə, teatrlara və s.), interaktiv tədris metodları daxildir.

Bu layihə uşaqlarda və yeniyetmələrdə həm fiziki, həm də psixoloji sağlamlıqlarının qorunması, inkişafının formalaşmasına əsaslanan bir sıra təlim-tərbiyə texnologiyaları təklif edir.

Müasir dövrdə uşaqların və yeniyetmələrin əsas problemlərinin həlli gələcək nəslin sağlam inkişafının təmini ola bilər.

Sağlamlıq hərəkətdən çox asılıdır

Hərəkət - təkamülün bütün mərhələlərində insanın formalaşması onun aktiv əzələ fəaliyyətinin inkişafı ilə ayrılmaz əlaqədə olub. İnsan orqanları hərəkət zamanı inkişaf edir. Təbiətin özü elə müəyyən edib ki, insana öz qabiliyyətini inkişaf etdirmək lazım gəlir. Uşaq hələ doğulmayıb, lakin onun gələcək inkişafı artıq hərəkət aktivliyindən asılıdır. Daimi hərəkət böyüyən orqanizmin sahəsidir.

Hərəkət qida və yuxu kimi vacibdir. Qidanın və yuxunun çatışmamazlığı orqanizm tərəfindən hiss olunur və bir sıra fəsadlar əmələ gətirir. Hərəkət çatışmamazlığı isə tamamilə hiss olunmadan keçir, hətta rahatlıq hissi ilə müşayiət olunur. Az hərəkətli şəxslər tənəffüs orqanlarının xəstəliklərindən və pis qan dövranından əziyyət çəkirlər. Hərəkət aktivliyinin aşağı salınması qida rejiminin pozulması və yanlış həyat tərzi ilə birlikdə hüceyrələrdə yağ yığılması hesabına bədən həcminin artmasına gətirib çıxarır. Böyük sayda müxtəlif yaşlı insanlar öz sağlamlıqlarını yaxşılaşdırmaq, möhkəmləndirmək, güclü, çevik, dözümlü olmaq, gözəl bədən quruluşuna və yaxşı inkişaf etmiş əzələyə malik olmaq üçün bədən tərbiyəsi ilə məşğul olurlar. Bədən tərbiyəsi ilə məşğul olmaq gəzmə, qaçış, tullanma, üzgüçülük və bu kimi təbii fiziki hərəkətləri müəyyən qədər kompensasiya edir. Tibb elmində müəyyən olunub ki, bədən tərbiyəsi ilə müntəzəm məşğul olmaq, düzgün hərəkət və gigiyena rejiminə riayət etmək bir çox xəstəliklərin qarşısını almaq, normal fəaliyyət səviyyəsini və orqanizmin iş qabiliyyətini saxlamaq üçün güclü vasitədir.

Fiziki hərəkətləri yerinə yetirərkən işləyən əzələlər oynaqlardan mərkəzi sinir sisteminə, ümumiyyətlə isə baş-beyin qabığına çoxlu sayda siqnal çatır, mərkəzi sinir sistemindən də bütün daxili orqanlara, ürəyə, ağciyərə, əzələlərə ötürülür. Bu səbəbdən də ürək fəaliyyətinin və tənəffüsün sürətlənməsi baş verir, hüceyrələrə gedən qanın sürəti artır, arterial təzyiq yüksəlir, maddələr mübadiləsi güclənir.

Daxili orqanların fəaliyyətinin dəyişmə dərəcəsi işin xarakterindən asılıdır: əzələ hərəkəti nə qədər mürəkkəb və intensiv olarsa, daxili orqanların dəyişilməsi bir o qədər nəzərə çarpır. Daimi fiziki məşqlərlə məşğul olmanın, xüsusilə tənəffüs gimnastikası ilə uyğunlaşması döş qəfəsinin və diafraqmanın hərəkətliliyini artırır. İdmanla məşğul olanlarda tənəffüs daha aram və dərin, tənəffüs əzələləri isə daha möhkəm və dözümlü olur. Dərin və ritmik tənəffüs zamanı ürəyin qan-damar sistemi genişlənir və nəticədə ürək əzələlərinin qidalanması və oksigenlə zənginləşməsi yaxşılaşır. Daimi fiziki məşqlərin təsirində insan əzələləri həcmcə böyüyür, daha güclü olur və onların elastikliyi artır. Əzələlərdə bu funksional kapilyarlar bir neçə dəfə artır. Sakit vəziyyətdə isə yatmış olur və onlardan qan keçmir. Əzələ yığılması zamanı kapilyarlar açılır və onlardan qanın sürətli hərəkəti başlayır. Bunun nəticəsində vena tutulması azalır, dövr edən qanın miqdarı artır, orqanlara və hüceyrələrə oksigen çatdırılması yaxşılaşır.

Sağlamlığın dərəcəsi müəyyən miqdarda bizim nə qədər və necə hərəkət etməyimizdən asılıdır. Bundan əlavə hərəkət aktivliyinin bizim əhvalımıza və zehni iş qabiliyyətimizə olan təsiri göründüyündən daha çoxdur.

Səhər gimnastikası (idman) orqanları normal vəziyyətə gəlməsini sürətləndirir, qan və limfanın bədənin bütün hissələrində axınını gücləndirir, tənəffüsü sürətləndirir. Bu da maddələr mübadiləsini fəallaşdırır və gecə ərzində yığılmış tullantı məhsullarını ləğv edir.

İdmanın sistematik edilməsi qan dövranını yaxşılaşdırır, qan-damar və əsəb sistemini möhkəmləndirir, həzm orqanlarının fəaliyyətini yaxşılaşdırır. Həmçinin baş-beyin qabığının daha məhsuldar fəaliyyət göstərməsinə səbəb olur. Daima səhər idmanı ilə məşğul olduqda orqanizimdə müqavimət möhkəmlənir. Bu, güc, elastiklik, çeviklik kimi fiziki keyfiyyətlərin inkişafına səbəb olur. Bundan əlavə, səhər gimnastikası zamanı bir çox idman təlimlərinin texnikasına yiyələnmək olar. İdman müasir insana xas olan hipodinamiyanın öhdəsindən gəlməyə imkan verir, fiziki və zehni qabiliyyəti yüksəltməyə kömək edir.

Təcrübə sübut edir ki, uşaqların fiziki və mənəvi inkişafı bir-biri ilə sıx bağlıdır və qarşılıqlı surətdə inkişaf edir. Çünki hər iki inkişaf prosesinin dinamikasında sinir sisteminin və psixi funksiyaların formalaşması durur. Tədqiqatlar göstərir ki, insanlar arasında mövcud olan fərqlər, hər şeydən əvvəl, onların intellektual fəaliyyəti, təfəkkür tərzi, tələb və maraqları, mənəvi və əxlaqi, eyni zamanda, sosial inkişaf səviyyəsində özünü büruzə verir. Mütəxəssislər insanın mənəvi inkişaf prosesinin müəyyən qanunauyğunluqlara tabe olduğunu sübut ediblər. Yəni insanın yaşı və mənəvi inkişaf tempi arasında bərabər, qarşılıqlı asılılıq vardır. Bu, onu göstərir ki, insan erkən yaşlarında mənəvi və fiziki inkişafa doğru daha çox meyilli olur.

Təsadüfi deyil ki, məşhur pedaqoqlar şəxsiyyətin hərtərəfli və harmonik inkişafında idmanın, fiziki tərbiyənin rolunu yüksək qiymətləndirirlər. Onlar bədən tərbiyəsi və idmanı insanın mənəvi, psixoloji, əxlaqi obrazının formalaşmasında əvəzsiz vasitə hesab edirlər. İdman, fiziki tərbiyə şəxsiyyətin hərtərəfli inkişafını təmin etməklə bərabər, həm də ona dostluq, yoldaşlıq, kollektivçilik kimi humanist hisslərin aşılanmasında mühüm və həlledici rol oynayır. Bəşər övladına xas olan sağlamlıq və güc, bədən quruluşunun mütənasib inkişafı, zahiri gözəllik, dözümlülük kimi keyfiyyətlər məhz idman və fiziki tərbiyənin məhsuludur.

Mütəxəssislər uşağın mənəvi və fiziki inkişaf prosesinin böyük əhəmiyyət daşıdığını deyirlər. Çünki onun gələcəkdə kamil bir insan kimi formalaşmasında bu prosesin rolu danılmazdır.

Keçirilən sorğular idmana olan marağı sübut edir

Şübhəsiz ki, sağlamlıq ən vacib məsələdir. Bəs görəsən, yeniyetmələr bu vacib məsələyə hansı aspektdən yanaşırlar? Onların sağlamlıq haqqında bilikləri hansı səviyyədədir? Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin 2016-cı ildə şəhərin müxtəlif məktəblərinin şagirdləri arasında keçirdiyi sorğu bu suallara aydınlıq gətirib. Rəyi soruşulanlar müxtəlif sualları cavablandırıblar. Onlardan bəzilərini nəzərinizə çatdırırıq.

1. Sağlamlıq nədir?
- İnsan orqanizminin normal fəaliyyəti (Mehdi Ağayev, 9-cu sinif şagirdi).
- Orqanizmdə heç bir problemin olmaması və insanın özünü gümrah hiss etməsidir. Bir sözlə, sağlamlıq insanın xoşbəxtliyidir (Vüsalə Əlizadə, 10-cu sinif şagirdi).
- Sağlamlıq bizim həyatımızda böyük rol oynayır. Ondan düzgün istifadə etmək lazımdır (Sevinc Hüseynova, 9-cu sinif şagirdi).
- Allahın insana verdiyi ən böyük xoşbəxtlikdir (Nuranə Mustafayeva, 9-cu sinif şagirdi).
- İnsanın özünə yaxşı baxması, məncə, sağlamlıqdır (Gülçöhrə Əsədullayeva, 11-ci sinif şagirdi).
- Mənim fikrimcə, sağlamlıq insanın xəstəliklərdən özünü qoruması və gözəl həyat sürməsidir (Aftandil Heydərov, 11-ci sinif şagirdi).

2. Sağlam olmaq üçün hansı şərtlərə riayət etmək lazımdır?
- Məncə, idmanla məşğul olmaq, sağlamlığın özüdür (Fəridə Zöhrabova, 10-cu sinif şagirdi).
- Gigiyena qaydalarına əməl etməklə sağlamlığı qorumaq olar (Esmira Xəlilova, 9-cu sinif şagirdi).
- Zərərli qidalardan uzaq olmaq, hər səhər idmanla məşğul olmaq insanın sağlamlığına köməklik göstərən başlıca amildir (Lalə Mehrəliyeva, 9-cu sinif şagirdi).
- Sağlamlıq təmizlik deməkdir (Ayan Dadaşova, 8-ci sinif şagirdi).
Çox müsbət haldır ki, şagirdlərin 62 faizi "Sağlamlıq üçün nə edirsiniz?” sualına "İdman edirəm” cavabını verib.

Hürrü Abdullayev





Bu yazı

12773 dəfə oxunub

Tarix

2017-04-20 09:52:00

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook