“Neftçi idman klubu” İB-in idman xronikası


Cüdo
Rusiyanın Sankt-Peterburq şəhərində gənc cüdoçuların Avropa kuboku yarışına yekun vurulub. Yarışda qitənin 17 ölkəsini təmsil edən 290 idmançı (200 oğlan, 90 qız) qalib adı uğrunda mübarizəyə qoşulub.
Mötəbər turnirdə Azərbaycan yığması 3 medal qazanıb ki, onlardan da ikisini ölkəmizə "Neftçi İdman Klubu”nun cüdoçuları qazandırıblar. İdmançılarımızdan Natiq Qurbanlı (55 kq) böyük əzmkarlıq nümayiş etdirərək Avropa kubokunun qalibi adına yiyələnib. 100 kq çəki dərəcəsində mübarizə aparan Musa Şəkərəliyev isə turnirin bürünc medalına layiq görülüb.

Güləş
Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələr və gənclər arasında Azərbaycan Güləş Federasiyasının kuboku uğrunda ənənəvi beynəlxalq turnir keçirilib. Yarışda Azərbaycanla yanaşı, Tacikistan, Ukrayna, Özbəkistan, Latviya, Rusiya, Türkiyə, İran, Gürcüstan, Qırğızıstan, Qazaxıstan və Belarus pəhləvanları da qüvvələrini sınayıblar.

"Neftçi İdman Klubu”nun yığma komandaların heyətində təmsil olunan güləşçiləri ümumilikdə 9 medala (3 qızıl, 3 gümüş, 3 bürünc) sahib olublar. Klubun yunan-Roma güləşçilərindən 76 kq çəkidə çıxış edən Fikrət Vəliyev yeniyetmələr arasında bürünc medala layiq görülüb. Gənclərdən Arif Niftullayev (84 kq) rəqib tanımayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Elşad Məmmədov (55 kq) və Tuncay Vəzirzadə (84 kq) isə 3-cü yeri tutublar.

Sərbəst güləşçilərimizdən Əşrəf Kərimzadə (46 kq) bütün görüşləri qələbə ilə başa vurub və yeniyetmələr arasında turnirin qızıl medalına yiyələnib. 69 kq çəki dərəcəsində mübarizə aparan Rəşad Əzizov isə yalnız final qarşılaşmasından məğlub ayrılıb və gümüş medal əldə edib. Gənc sərbəst güləşçilərdən Mahal Novruzov (66 kq) əzmkarlıq göstərərək liderliyə yüksəlib. İntiqam Vəlizadə (55 kq) və İqbal Hacızadə (120 kq) isə yarışı gümüş medalla başa vurublar.

Dama
Kişilər arasında 64 xanalı dama üzrə Bakı şəhər çempionatı sona yetib. 1 saylı Uşaq Gənclər İdman Şahmat-Dama Məktəbində təşkil olunan və İsveçrə sistemi ilə keçirilən 7 turluq yarışda 26 idmançı bacarığını nümayiş etdirib.

"Neftçi İdman Klubu”nun damaçıları paytaxt çempionatının bütün medallarına sahib çıxıblar. Belə ki, təmsilçilərimizdən Əziz Hüseynov 14 mümkün xaldan 12-ni toplayaraq çempionluq sevinci yaşayıb. Gənclər arasında Avropa və dünya çempionu olmuş Famil Kamilli isə ondan 1 xal geri qalıb və gümüş medala layiq görülüb. Hərəyə 10 xal toplayan Nofəl Aşumov və Camal Cabbarov isə 3-cü və 4-cü yerləri bölüşdürüblər. Əmsallar cədvəlinə görə isə bürünc medal Nofəl Aşumova təqdim olunub.

Qeyd edək ki, bu idmançılarımızın hamısı iyul ayında keçiriləcək Azərbaycan çempionatına vəsiqə qazanıblar.

Futbol
Futbol üzrə Azərbaycan I Divizionunda XXV turun oyunlarına yekun vurulub.

Bu tur çərçivəsində "Qaradağ Lökbatan” komandası MOİK-i qəbul edib. Qaradağ Təlim-İdman Bazasının stadionunda təşkil olunan oyun komandamızın diqtəsi altında keçib və Azər Bağırovun yetirmələrinin 3:0 hesablı qələbəsiylə başa çatıb. Qarşılaşmanın 10-cu və 28-ci dəqiqələrində fərqlənən komandanın kapitanı Rüfət Məmmədov dubla imza atıb. Komandalar elə bu hesabla da fasiləyə yollanıblar. Matçın 57-ci dəqiqəsində futbolçularımız rəqibi 3-cü dəfə cəzalandırıblar. Bu dəfə Əliağa Xudiyev adını tabloya yazdırıb. Beləliklə, komandamız 3 xalı 3 qolla qazanıb.

Qeyd edək ki, növbəti qələbəsi sayəsində xallarının sayını 52-ə çatdıran "Qaradağ Lökbatan” komandası turnir cədvəlinin üçüncü pilləsindəki mövqeyini bir qədər də möhkəmləndirib.

"Neftçi İdman Klubu”
İctimai Birliyinin mətbuat xidməti



Bu yazı

11663 dəfə oxunub

Tarix

2017-04-26 17:39:10

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook