Bakıda keçirilən bədii gimnastika üzrə FIG Dünya kuboku yarışlarına yekun vurulub





Aprelin 28-30-da Bakıda keçirilən bədii gimnastika üzrə FIG Dünya kuboku yarışlarına yekun vurulub.

 Milli Gimnastika Arenasında keçirilən yarışlarda 19 ölkədən 92 gimnast iştirak etdi. Onlardan 34 nəfəri fərdi proqramda, 58 nəfəri isə ümumilikdə 10 qrup hərəkətləri komandasında qüvvəsini sınadı.
Ölkəmizi bu turnirdə Avropa çempionatının gümüş və bürünc medalçısı Jalə Piriyeva, Zöhrə Ağamirzəyeva, həmçinin Avropa çempionatının gümüş medalçıları Siyana Vasileva, Diana Doman, Aleksandra Platonova, Ayşən Bayramova və Elif Zeynep Celep təmsil etdilər.

Aprelin 28-də bədii gimnastika üzrə FIG Dünya kuboku yarışlarının təntənəli açılış mərasimi keçirildi. Mərasimi giriş sözü ilə gənclər və idman naziri Azad Rəhimov açıq elan etdi. Nazir yarış iştirakçılarını salamlayaraq ölkəmizin qısa müddət ərzində batut və idman gimnastikası üzrə FİG Dünya kubokuna uğurla ev sahibliyi etdiyini bildirdi. Azad Rəhimov dedi: "Ölkəmizdə gimnastika idman növü ölkənin birinci xanımı, Azərbaycan Respublikasının birinci vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın diqqət və qayğısı sayəsində yüksək səviyyədə inkişaf edib. Ölkəmizdə bədii gimnastika ölkəmizdə xüsusilə sevilir və populyardır. Belə yarışların təşkili idmançıların təcrübə qazanmalarında böyük rol oynayır”. 
Azad Rəhimov çıxışının sonunda idman ictimaiyyəti adından ölkə idmanının inkişafına göstərdikləri diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevə və Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirdi.
Azərbaycanın dövlət himni səsləndirildikdən sonra mərasim bədii hissə ilə başa çatdı.

Yarışların ilk iki günü təsnifat mərhələlərinin nəticələrindən asılı olaraq, həm fərdi gimnastlar, həm də qrup hərəkətləri komandaları arasında çoxnövçülük və ayrı-ayrı alətlər üzrə finalçılar bəlli oldu. Yarışların son günündə fərdi gimnastlar və qrup komandaları arasında finalçılar yarışdılar. 

Ikiqat dünya və Avropa çempionu Aleksandra Soldatova bədii gimnastika üzrə FIG Dünya kuboku yarışlarında topla hərəkətlərdə 18.400 xalla qızıl medala layiq görüldü. Rusiyalı gimnast halqa (18.450 xal) və gürzlərdə (17.200 xal) isə gümüş medala sahib oldu. Digər Rusiya gimnastı Arina Averina halqa ilə hərəkətlərdə (18.800 xal) fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. Arina Averina topda (17.900 xal) və lentdə (16.900 xal) isə 2-ci oldu. O, bürünc medalı gürzlə hərəkətlərdə (17.150 xal) qazandı.
Halqa ilə hərəkətlərdə bürünc medala Belarus gimnastı Alina Harnasko (17.650 xal) layiq görüldü. Topla hərəkətlərdə isə 3-cü yeri bolqar idmançısı Neviana Vladinova (17.150 xal) tutub. Gürzlərdə İsrail gimnastı Viktoriya Filanovski Veinberq (17.300) 1-ci oldu. Lentlə hərəkətlərdə isə Neviana Vladinova (17.600 xal) fərqləndi.

Qrup komandalarının final yarışlarında isə halqalarda hərəkətlərdə İtaliya komandası 18.700 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. Belarus komandası 2-ci yerdə qərarlaşdı. Bolqarıstan kollektivi isə halqalarda hərəkətlərdə final yarışlarında 3-cü yeri tutdu. Komandamız isə yarışı 17.200 xalla 5-ci pillədə başa vurdu.

Qrup hərəkətləri komandalarının 5 halqa, 3 top və 2 iplə final yarışlarında ən güclü komanda adını Ukrayna qazandı. Komanda bunun üçün hakimlərdən 18.200 xal aldı. Gümüş medala Bolqarıstan komandası (17.350 xal) sahib oldu. Belarus kollektivi (17.100 xal) 3-cü pilləni tutdu. Azərbaycan komandası isə bu yarışlarda 12.800 xalla 8-ci pillədə yer aldı.

Azərbaycan Gimnastika Federasiyasının ən yaxşı ifa və ən yüksək bala görə təsis etdiyi "AGF Trophy” mükafatı fərdi çıxışlarda Rusiya gimnastı Aleksandra Soldatovaya, qrup komandaları arasında isə İtaliya yığmasına təqdim olundu.

Yarışlar başa çatdıqdan sonra Milli Gimnastika Arenasında qala-konsert və bədii gimnastika üzrə Dünya Kuboku yarışının bağlanış mərasimi keçirildi. Qala-konsertdə Dünya kubokunun mükafatçıları və Azərbaycanın gənc gimnastları nümunəvi nömrələrlə çıxış etdilər.



Səadət Hakıyeva







Bu yazı

8730 dəfə oxunub

Tarix

2017-05-01 10:27:59

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook