Bakıda Beynəlxalq Gimnastika Federasiyasının XVII Şurasının iclası keçirilib




Mayın 6-7-də Bakıda Beynəlxalq Gimnastika Federasiyasının (FİG) XVII Şurasının iclası keçirilib.

"Olimpnews.az" xəbər verir ki, tədbirdə FİG-in prezidenti Morinatri Vatanabe, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, FİG-in vitse-prezidentləri, qitələr üzrə prezidentlər, texniki komitələrin prezidentləri və digər rəhbər nümayəndələr iştirak ediblər. İclası giriş sözü ilə açıq elan edən Morinatri Vatanabe, iclasa ev sahibliyi etdiyi üçün Azərbaycan Gimnastika Federasiyasına (AGF) öz minnətdarlığını bildirib. Beynəlxalq qurumun rəhbəri yüksək təşkilatçılığıa görə Azərbaycan Gimnastika Federasiyasını həmişə digər federasiyalara nümunə olduğunu deyib: "Azərbaycan gimnastika üzrə dünya və Avropa çempionatına, dünya kuboku yarışlarına, həmçinin FİG-in tədbirlərinə yüksək peşəkarlıqla ev sahibliyi edib. İnanıram ki, FİG XVII Şurasının iclası da uğurla başa çatacaq və burada mühüm qərarlar qəbul olunacaq. Azərbaycan yüksək təşkilatçılıqla yanaşı, qonaqpərvərliyi ilə də seçilir”.
Ölkəmizdə idmana olan dövlət qayğısını yüksək qiymətləndirən FİG-in prezidenti respublikamızda gimnastikanın inkişafı istiqamətində gördüyü mühüm işlərə görə Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib, milli federasiya ilə əməkdaşlığın bundan sonra da inkişaf etdiriləcəyinə əminliyini ifadə edib.
Qonaqları salamlayan MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə ölkəmizin əldə etdiyi nailiyyətlər və zəngin tarixi barədə məlumat verib. Vitse-prezident diqqətə çatdırıb ki, ölkəmizdə idmana dövlət tərəfindən hər zaman diqqət və qayğı göstərilir. İdmançılarımız da beynəlxalq arenada ölkəmizi layiqincə təmsil edirlər. İdmanın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Bunun nəticəsidir ki, Azərbaycan dünyada bir idman ölkəsi kimi tanınır. Ölkəmiz irimiqyaslı yarışlara yüksək səviyyədə ev sahibliyi edir: "Gələn həftə yenidən dünyanın idman ictimaiyyətinin diqqəti Bakıya yönələcək. Ölkəmiz IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmək ərəfəsindədir. İdmanın 20 növü üzrə atletlər Bakıda medallar uğrunda mübarizə aparacaqlar. Çox sevindiricidir ki, bu idmançılar arasında gimnastlar da güclərini sınayacaqlar”.




Bu yazı

7345 dəfə oxunub

Tarix

2017-05-08 10:06:33

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook