Azərbaycan güləş yığması IV İslam Həmrəyliyi Oyunlarını 23 medalla başa vurub


IV İslam Həmrəyliyi Oyunları çərçivəsində güləş yarışları mayın 17-21-də keçirilib. Heydər Əliyev adına İdman Arenasında təşkil edilən yarışlarda sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandamızın 24 üzvü mübarizə aparıb.

"Olimpnews.az" xəbər verir ki, yarışların ilk iki günündə mübarizə aparan yunan-Roma güləşçilərimiz IV İslam Həmrəyliyi Oyunlarında 8 (4 qızıl, 1 gümüş, 3 bürünc) medala sahib olublar. Belə ki, güləş yarışlarının ilk günündə yunan-Roma güləşi üzrə 59 kq, 71 kq, 80 kq və 98 kq çəki dərəcələrində mübarizə aparan pəhləvanlar xalça üzərinə çıxıblar. İdmançılarımız günü 4 medalla başa vurublar. 98 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Orxan Nuriyev IV İslam Həmrəyliyi Oyunlarının çempionu adını qazanıb. Rafiq Hüseynov (80 kq) yarışları gümüş medalla başa vurub. Murad Məmmədov (59 kq) və Rəsul Çunayev (71 kq) isə bürünc medala sahib olublar.
İkinci yarış günündə 66 kq, 75 kq, 85 kq və 130 kq çəkidə güləşçilər qüvvələrini sınayıblar. Pəhləvanlarımız günü 3 qızıl və 1 bürünc medalla başa vurublar.
Kamran Məmmədov (66 kq) milli komandamızın aktivinə növbəti qızıl medalı yazdırıb. Güləşçimiz həlledici mərhələdə Qırğızıstan güləşçisi Janat Kyılbayev ilə qarşılaşıb. Görüş vaxtından əvvəl (1 dəq 40 san) 9:0 hesabı ilə güləşçimizin xeyrinə başa çatıb. Azərbaycan komandasının aktivinə 54-cü qızıl medalı isə Elvin Mürsəliyev (75 kq) qazandırıb. İdmançımız finalda Türkiyə idmançısı Furkan Bayrakı mübarizədən kənarlaşdırıb. Güləş yarışlarının ikinci günündə 3-cü qızıl medala İslam Abbasov (85 kq) sahib şıxıb. İdmançımız gərgin idman mübarizəsi şəraitində final görüşündə oyunda Türkiyə təmsilçisi Ali Cengizi 3:1 hesabı ilə məğlub edib. Sabah Şəriəti (130 kq) bürünc medal uğrunda görüşdə Raja Alkradla (Suriya) üz-üzə gəlib və 9:0 hesablı qələbə ilə görüşdən qalib ayrılıb.
Beləliklə, yunan-Roma güləşçilərimiz iki yarış gününü ümumilikdə, 8 (4 qızıl, 1 gümüş və 3 bürünc) medalla başa vurublar.


Mayın 19-20-də medallar uğrunda sərbəst güləşçilərimiz qüvvələrinin sınayıblar. Pəhləvanlarımız yarışları ümumilikdə 7 (4 qızıl, 2 gümüş və 1 bürünc) medalla başa vurublar. Sərbəst güləşçilərimiz ilk gündə 3 (2 qızıl, 1 gümüş) medala sahib olublar. Qızıl medalları komandamıza Mahir Əmiraslanov (57 kq), Nurmaqomed Hacıyev (97 kq) və Maqomed Müslimov (65 kq) qazandırıblar.
Pəhləvanlarımız ikinci gündə daha 4 medala (2 qızıl, 1 gümüş və 1 bürünc) yiyələniblər. Hacı Əliyev (61 kq) və Cəmaləddin Maqomedov (125 kq) fəxri kütrsünün ən yüksək pilləsində yer alıblar. Murtazali Müslimov 70 ( kq) gümüş, Şərif Şərifov (86 kq) isə bürünc medal qazanıb.


IV İslam Həmrəyliyi Oyunlarının 9-cü günündə qadın güləşçilərimiz mübarizə aparıblar. 8 çəki dərəcəsinin hər birində təmsil olunan yığmamız aktivinə növbəti medalları yazdırıb. Yığmamız yarışları 8 (4 qızıl, 3 gümüş və 1 bürünc) medalla başa vurub. Qızıl medalları komandamızın aktivinə Mariya Stadnik (48), Leyla Qurbanova (53 kq), Tatyana Omelçenko (60 kq) və Elis Manolova (69 kq) yazdırıb. Natalya Sinişin (55 kq), Alyona Kolesnik (58 kq) və Səbirə Əliyeva (75 kq) yarışları gümüş medalla başa vurublar. Elmira Qəmbərova (63 kq) isə bürünc medala sahib olub.
Beləliklə, Azərbaycan güləş yığması IV İslam Həmrəyliyi Oyunlarını 23 (12 qızıl, 6 gümüş və 5 bürünc) medalla başa vurub.




Bu yazı

25404 dəfə oxunub

Tarix

2017-05-23 13:43:12

Yazını

Çap et

Yazını

Paylaş