Çingiz Hüseynzadə: “IV İslam Həmrəyliyi Oyunları İslamın mütərəqqi ideyalarını paytaxtımızdan bütün bəşəriyyətə çatdıra bildi”

Ölkəmizin ev sahibliyi etdiyi IV İslam Həmrəyliyi Oyunları Azərbaycan idmanının növbəti təntənəsi oldu. Ölkəmizin atletləri bu Oyunları birinci pillədə başa çatdırdılar.

Olimpnews.az saytının məlumatına görə, milli Olimpiya Komitəsinin vitse-prezidenti, İslam Həmrəyliyi İdman Federasiyasının vitse-prezidenti, Azərbaycan Atletika Federasiyasının prezidenti Çingiz Hüseynzadə IV İslam Həmrəyliyi Oyunlarının yekunları, ölkəmizi qarşıda gözləyən beynəlxalq idman yarışları və bir çox digər məsələlərlə bağlı "Olimpiya dünyası” qəzetinə müsahibə verib. Çingiz Hüseynzadə ona ünvanlanan sualları ətraflı cavablandırıb.

- Çingiz müəllim, IV İslam Həmrəyliyi Oyunları başa çatdı. Bu mötəbər yarışın yekunları ilə bağlı nə deyərdiniz?

- Əvvəlcə, onu deyim ki, hər hansı bir yarışa ev sahibliyi edən ölkə üçün həmin tədbir böyük əhəmiyyət kəsb edir. Burada təşkilatı məsələlər və idmançıların yarışlardakı çıxışı əsas götürülür. IV İslam Həmrəyliyi Oyunları Azərbaycan üçün çox böyük önəm kəsb edirdi. Biz bütün imkanlardan istifadə edib, çalışırdıq ki, Oyunları lazımi səviyyədə təşkil edək. Çünki bütün dünyanın diqqəti bizdə idi. I Avropa Oyunlarından sonra daha bir böyük tədbirin məsuliyyətini daşıyırdıq. Bu Oyunlar hər iki tərəfdən- təşkilatçılıq və idmançılarımızın çıxışı baxımından yüksək nəticələrlə yadda qaldı. IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə təşkilatçılığının ilk göstəricisi açılış mərasimi oldu. Açılış mərasimi çox yüksək səviyyədə və müasir tələblərə uyğun təşkil olunmuşdu. Yarışların keçirildiyi idman qurğuları yarışlara tam hazır vəziyyətdə idi. Nəqliyyat və idmançıların yerləşdirilməsində problemlər yaşanmadı. Mən deyə bilərəm ki, təşkilatı məsələlər Rio Olimpiadasının təşkilatçılığından heç də geri qalmırdı. İkinci tərəf isə idmançılarımızın yadda qalan uğurları oldu. Nəticələr, rəqəmlər göz qabağındadır. Bu cür mötəbər idman tədbirində 75 qızıl medal qazanmaq elə də asan məsələ deyil. Maraqlıdır ki, əldə edilən medalların əksəriyyəti bizim üçün ənənəvi olmayan idman növlərində qazanıldı. Güləş, cüdo, taekvondo kimi növlərdə medal qazanacağımıza əvvəlcədən əmin idik. Lakin biz tennis, atletika, eləcə də, komanda idman növlərində də uğur əldə etməyə müvəffəq olduq. Komanda idman növlərində basketbol, voleybol, həndbol və futbol üzrə yığma komandalarımız onlara bəslənilən ümidləri doğrultdular. Hesab edirəm ki, ümumilikdə 162 medal Azərbaycan idmanının inkişafından və gücündən xəbər verir. IV İslam Həmrəyliyi Oyunlarında əldə olunan nəticələr xalqın yaddaşından silinməyəcək.

- Buna qədər İslam ölkələri iki dəfə bu Oyunlarda iştirak ediblər. Bakı-2017 əvvəlkilərdən nə ilə fərqləndi? İslam Həmrəyliyi İdman Federasiyası təşkilatı işləri necə dəyərləndirdi?

- Mən İslam Həmrəyliyi İdman Federasiyasının vitse-prezidenti kimi bütün Oyunlarda iştirak etmişəm. Həmin yarışların təşkilatı məsələlərində də yaxından iştirak etmişəm. Xüsusilə qeyd etmək istəyirəm ki, Bakı-2017 əvvəlki analoji yarışlardan tamamilə fərqləndi. Bu fərq ilk növbədə idman növlərinin sayında özünü göstərdi. Belə ki, İndoneziyanın Palembanq şəhərində təşkil olunan III İslam Həmrəyliyi Oyunlarında 13 idman növü üzrə yarışlar keçirilmişdi. Digər fərq təşkilatı işlərlə bağlı oldu. Federasiyadan olan həmkarlarım Təşkilat Komitəsinin işindən razı qaldılar. Onlar söhbət zamanı bildirdilər ki, bu vaxta qədər belə bir səviyyəli yarış keçirilməyib. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev I Avropa Oyunlarında mükafat qazanan idmançılarla görüş zamanı qeyd etmişdi ki, biz Avropa Oyunlarının standartlarını müəyyən etdik. Bu dəfə isə biz İslam Həmrəyliyi Oyunlarının yeni standartlarını müəyyənləşdirdik. Buna qədər Oyunların müəyyən standartları var idi və bunu bir daha təkmilləşdirdik. Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyini öz üzərinə götürdükdən sonra Türkiyə də bu yarışlara ev sahibliyi etməyə qərar verdi. 2021-ci ildə V İslam Həmrəyliyi Oyunları Türkiyədə keçiriləcək.

- 2015-ci ildə keçirilən I Avropa Oyunlarında sizin təşəbbüsünüzlə "Zəfər günləri” layihəsinə start verildi. IV İslam Həmrəyliyi Oyunlarında da bu ənənə davam etdi.

- "Zəfər günləri” layihəsi, bildiyiniz kimi, I Avropa Oyunları ərəfəsində ideya olaraq formalaşdı. Bu ideyanı həmin vaxt uğurla həyata keçirdik. Gördük ki, bu ideya, həqiqətən də, insanları maraqlandırır. İnsanlar medal qazanan idmançılarla daha yaxından təmasda olmaq istəyirdilər. Bu, həmçinin KİV nümayəndələri üçün də əlverişli idi. Çünki hər bir jurnalistin medal qazanan idmançı ilə görüşmək, müsahibə almaq imkanı olmurdu. "Zəfər günləri” layihəsi belə imkanı hamı üçün yaratdı. Milli Olimpiya Komitəsinin qapıları KİV və idmansevərlər üçün açıq idi. Həmin insanlar bir gün əvvəl yarışlarda fərqlənən idmançılarla görüşə bilirdilər. Avropa Oyunlarından sonra Rio Olimpiadasında da bu işi davam etdirdik. Amma bir qədər fərqli formatda. Çalışırdıq ki, Rio-da fərqlənən idmançılarla birbaşa ünsiyyət yaradaq. Biz bunu müasir texniki vasitələrlə həyata keçirdik. IV İslam Həmrəyliyi Oyunları zamanı da bu layihəni davam etdirdik. Belə demək mümkünsə, "Zəfər günləri” layihəsi idmançıların azarkeşlərlə təmasda olmaq ehtiyaclarını ödəyirdi. Eyni zamanda, azarkeşlər idmançılarla sıx əlaqədə olmaq imkanı qazanırdılar. İdmandan uzaq olan insanlar da bildirirdilər ki, "Lider” televiziyasında canlı yayımlanan "Zəfər günləri” layihəsini izləyirlər. Layihə çərçivəsində incəsənət xadimləri də bizə qoşulmuşdular. Biz birlikdə bu layihəni uğurla həyata keçirdik. İstərdim ki, "Zəfər günləri” layihəsi hər hansı bir yarışlar ərəfəsində deyil, daimi olsun. İnanıram ki, Azərbaycan idmançıları daim zəfər qazanacaqlar.

- Atletika növündə də idmançılarımız uğurla çıxış etdilər.

- Mən atletlərimizin çıxışlarından çox razı qaldım. Onlar bu Oyunlarda ümidləri doğrultdular. Atletika və paraatletika yarışları ayrı-ayrı növlər sayılsa da, biz bu idmançılara hər zaman eyni diqqəti göstərmişik. Onların məşqləri də birlikdə həyata keçirilib. Atletika növündə biz hər üç əyarlı medallara yiyələndik. Lakin atletika idman növü, digərlərindən fərqli olaraq, təkcə medal qazanmaqla kifayətlənmir. Eyni zamanda idmançılar yüksək nəticələr göstərməyə can atırlar. Üzgüçülük və atletika növlərində yüksək nəticə göstərmək əsas şərtdir. Məni sevindirən məsələ odur ki, bizim idmançılarımız təkcə medal qazanmaqla kifayətlənmədilər. Onlar yüksək nəticə göstərərək şəxsi rekordlarını yenilədilər. Atletimiz Nazim Babayev 17,15 sm nəticə göstərərək öz şəxsi rekordunu yenilədi. Bilirsiniz ki, 17 metrdən artıq nəticə beynəlxalq səviyyədə yüksək nəticə hesab olunur. Digər idmançımız Anna Skidan da yaxşı çıxış etdi. O, çəkici 75 metr məsafədən uzağa atmağa nail oldu. Göstərdiyi bu nəticə onun IV İslam Həmrəyliyi Oyunlarının qızıl mükafatçısı olmaq üçün kifayət etdi. Mən çox təəssüflə qeyd edirəm ki, 7 idmançımız 4-cü yeri tutdu. Hətta elə idmançılarımız var idi ki, üçüncü yer uğrunda mübarizədə rəqiblərinə cüzi fərqlə məğlub oldular. Amma bu onu göstərir ki, həmin idmançılar növbəti yarışlarda çox yüksək nəticələr göstərəcəklər.

- Medal qazanan idmançılarımızın əksəriyyəti gənclər idi. Bu ona gətirib çıxarmır ki, növbəti Olimpiya Oyunlarında çıxış edəcək yeni ehtiyat idmançılar yetişir?

- Əlbəttə, qazanılan nəticələr bunu bir daha sübut etdi. İlk növbədə atletika idmanı növündə çıxış edən idmançılarımızı qeyd etmək istəyirəm. Onlar növbət Olimpiya Oyunlarında ölkəmizi təmsil edəcəklər. Bu, digər idman növlərində də belə olacaq.

Qeyd edim ki, 325 nəfərdən ibarət olan komandamızın cəmi 30 faizi legionerlərdən ibarət idi. Medal qazananların isə əksəriyyəti yerli idmançılar idi. Legioner idmançıların istənilən ölkənin idmanının inkişafında çox böyük rolu olur. Bəzi idman növlərində rəqabət məhz legionerlərə görə yaranır. Yadınızdadırsa, bir ara güləşdə tənəzzül yaranmışdı. Legioner idmançıların gəlişindən sonra bu problemlər aradan qaldırıldı. Amma yenə də dünya, Avropa çempionatlarında və Olimpiya Oyunlarında məhz yerli idmançılarımız fərqlənirlər. Legionerlərin gəlişi yerli idmançılar arasında rəqabət mühitini formalaşdırır. Bu rəqabət onların daha yaxşı çıxış etməsi və nəticələr qazanmasına təsir edir. Bir məsələni qeyd edim ki, təkanla tullanma yarışlarında komandamızın heyətində kubalı idmançı da çıxış edir. Məndən həmişə soruşurlar ki, bu növdə Nazim Babayev kimi güclü idmançımız var. Belə olan halda kubalı idmançıya nə ehtiyac var? Amma kubalı idmançının bu Oyunlarda çıxış etməsi məcbur etdi ki, Nazim Babayev 17,15 sm nəticə göstərsin. Əgər kubalı idmançı olmasa idi, Nazim Babayev 16,60 m nəticə göstərməklə belə, yarışın qalibi olacaqdı. Amma bununla kifayətlənmək lazım deyil. Biz istəyirik ki, Nazim Babayev daha da inkişaf edərək, rəqabətin nə olduğunu hiss etsin. Məhz bu inkişaf üçün rəqabət lazımdır. Hazırda ölkəmizdə Nazim Babayevlə rəqabət apara biləcək səviyyədə idmançı olmadığına görə biz legioner idmançını dəvət etdik və bunun ancaq xeyrini gördük. Həm medallarımızın sayı artdı, həm də rəqabət mühiti formalaşdı. Bizdə bundan əvvəl də bu cür idmançılar olub. Onlar müəyyən həddə çatıblar, lakin rəqabət olmadığına görə həmin həddə dayanıblar. Bu baxımdan bizim legioner idmançılardan istifadə etməyimiz, yerli atletlərimizin inkişafı üçün müsbət haldır.

- Yığma komandamızın aparıcı üzvlərinin bəziləri onlara bəslənən ümidləri doğrultmadılar.

- Rio Olimpiya Oyunlarının cüdo növü üzrə gümüş mükafatçısı olan Rüstəm Orucov bu Oyunlarda da ikinci yeri tutdu. Rəsul Çunayev, Şərif Şərifov bürünc medal qazandılar. İnsanların əksəriyyəti bu idmançılardan yalnız qızıl medal gözləyirdilər. Bu Oyunlarda bizim gənc idmançılarımız daha çox medal qazandılar. İdmançı hər zaman pik formada ola bilmir. Yəni idmançının hazırlıq forması müəyyən dövrlərdə dəyişir. Ola bilər ki, həmin idmançılarımız bu yarışlara tam hazır deyildilər. Ola bilər ki, həmin idmançıların müəyyən psixoloji problemləri olub. Lakin bunlara baxmayaraq, biz yenə qalib gəldik, 75 qızıl medal qazandıq. Bu nəticə onu göstərir ki, bizdə istənilən idman növündə əvəzedici idmançı var. Fakt odur ki, idman ölkəmizdə yüksələn xətlə inkişaf edir. Yəni idman təkcə bir nəfərin üzərində qurulmayıb. Yadınızdadırsa, müstəqilliyimizin ilk illərində bizdə idman yalnız SSRİ dövründən qalan idmançıların üzərində qurulmuşdu. Amma hazırda idman ölkəmizdə yüksək inkişaf mərhələsindədir. Rio-da atletlərimizin 18 medal əldə etməsi, IV İslam Həmrəyliyi Oyunlarında 162 medalın qazanılması bir daha onu göstərir ki, ölkəmizdə idmana qayğı ilə yanaşılır. Bakı-2017-də əldə olunan nəticələr onu göstərir ki, biz növbəti Olimpiya Oyunları və bu kimi digər mötəbər yarışlarda uğurla mübarizə apara biləcəyik. Yeri gəlmişkən, qeyd edim ki, 23 yaşlı futbolçulardan ibarət yığma komandamız mövcud deyildi. Bu komanda məhz IV İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən futbol yarışları üçün bir araya toplandı və yeni məşqçi təyin olundu. Yerli və gənc futbolçulardan ibarət olan yığma komanda gözəl oyun nümayiş etdirdi. Bu onu göstərir ki, istənilən yarışda və istənilən növdə uğur qazanmaq üçün potensial imkanlar mövcuddur. Yəni demək istəyirəm ki, biz hər hansı bir titullu idmançımızın uduzmasını və yaxud qızıl medal əldə edə bilməməsini faciə kimi qəbul etməməliyik. İdmançı da insandır. Onun da yaxşı və pis əhval-ruhiyyəsi olur. Bu isə nəticəyə təsirsiz ötüşmür. İdmançının məharəti ondan ibarətdir ki, lazım olan gün pik səviyyədə olub, qələbəyə köklənsin.

- 2028-ci ildə Azərbaycanın Türkiyə ilə birlikdə Yay Olimpiya Oyunlarına ev sahibiliyi edə biləcəyi barədə məlumatlar yayılıb. Bu məsələ ilə bağlı sizin fikrinizi bilmək istərdik.

- Bu haqda danışmaq hələ tezdir. Beynəlxalq Olimpiya Komitəsinin (BOK) normativlərinə görə Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün müraciətlər 9 il əvvəlcədən irəli sürülür. Bundan başqa, 7 il əvvəldən həmin şəhərin adı müəyyənləşir. 2028-ci ildə təşkil olunacaq Olimpiya Oyunlarına namizədlik kompaniyası 2019-cu ilin sonunda başlayacaq. O vaxta qədər bir sıra dəyişikliklər ola bilər. Bildiyiniz kimi, əvvəllər Olimpiya Oyunları bir şəhərdə keçirilirdi. İndi isə BOK-un yeni prezidenti Tomas Baxın təşəbbüsü ilə bir sıra qaydalarda dəyişikliklər oldu. Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün artıq iki şəhər birlikdə namizədlik irəli sürə bilər. BOK-un qaydalarına görə üzgüçülük yarışları ən azı 18 min, voleybol 12 min, basketbol 18 min tamaşaçı tutumu olan zalda keçirilməlidir. Ən aşağı tutumlu zal 5-6 min nəfərlik olmalıdır. Əsas məsələ də məhz budur. Hər bir ölkədə belə bir imkanlar yoxdur. Ona görə də Olimpiya Oyunlarına böyük ölkələr ev sahibliyi edə bilərlər. Azərbaycanda bütün infrastruktur mövcuddur. Amma bizim Olimpiya standartlarına cavab verən bir və yaxud iki arenamız var. Ola bilər ki, sonradan bu tələblər bir az aşağı salınsın. Fikrimcə, bu, qaçılmazdır. Bu tələblər aşağı düşəndən sonra seçimə münasibət də aşağı düşəcək. Bir sıra kriteriyalar da dəyişəcək. Məhz bu səbəbdən nəsə demək hələ ki, düzgün olmaz. Əgər bu və ya digər tələblər ölkəmiz üçün əlverişli olsa, biz bu istiqamətdə addımlarımızı atacağıq.

- 2019-cu ildə keçiriləcək Yeniyetmələrin Olimpiya Festivalı barəsində nə deyərdiniz?

- Biz bu yarışa ev sahibliyi edəcəyik. Bu ilin iyul ayında həmin yarış Macarıstanın Qyor şəhərində keçiriləcək. Bu festivalın bağlanış mərasimində yarışların bayrağı ölkəmizə təhvil veriləcək. İki il müddətində biz həmin festivala hazırlaşacağıq. Mən indidən qeyd etmək istəyirəm ki, bu yarışın keçirilməsi üçün elə də böyük vəsait tələb olunmayacaq. Festival iştirakçıları, adətən, tələbə yataqxanalarında yerləşdirilir. Biz hələ bu məsələ barəsində düşünəcəyik. Bakıdakı universitetlərin elə də böyük yataqxanaları yoxdur. Bununla bağlı dövlət tərəfindən qərar veriləcək. Çalışacağıq ki, bu festival yüksək səviyyədə təşkil olunsun. Fikrimcə, bu məsələdə elə də böyük çətinliklə üzləşməyəcəyik. Yeniyetmələrin Olimpiya Festivalını keçirmək üçün kifayət qədər arenalarımız, yerli mütəxəssislərimiz və təcrübəmiz var.

- Çingiz müəllim, Atletlər Kəndinin aqibəti necə olacaq?

- Fikrimcə, Atletlər Kəndindəki binalar sakinlər üçün artıq istifadəyə verilə bilər. Bilirsiniz ki, həmin ərazidəki binalar şəxsi şirkətə məxsusdur. Yəqin ki, onlar həmin ərazidəki binaları və evləri satışa çıxaracaqlar. Atletlər Kəndi iki böyük tədbirə ev sahibliyi edib. Qarşıdakı illərdə isə ölkəmizdə irimiqyaslı idman tədbirinin keçiriləcəyi gözlənilmir. O ki qaldı Yeniyetmələrin Olimpiya Festivalı iştirakçılarının yerləşdirilməsinə, həmin idmançılar qeyd etdiyim kimi, dövlət tərəfindən ayrılmış məkanlarda yerləşdiriləcəklər.

- Son zamanlar xarici mətbuatda qeyd olunur ki, Rio Olimpiadasının medalları paslanmaya meyillidir. Bu barədə fikrinizi bilmək istərdik.

- Rio Olimpiadasının qızıl medallarının paslanması barədə mən də eşitmişəm. Taekvondo üzrə Olimpiya çempionumuz Radik İsayevdən bu barədə soruşdum. Onun medalı paslanmayıb.

- Qarşıda ölkəmizi Formula-1 üzrə Azərbaycan Qran-prisi, voleybol və futbol üzrə Avropa çempionatının final mərhələsinin oyunları gözləyir. Bu yarışlar ölkəmiz üçün hansı əhəmiyyətə malikdir?

- Son zamanlar insanlar idmanın xeyrindən danışırlar. İdmanın ümumi bir xeyri var: insanların asudə vaxtının səmərəli təşkil olunması və fiziki sağlamlığın qorunması. Bütün bu tədbirlər insanların marağı və sağlam həyat tərzi üçündür. Əgər maraq olmasa idi, tədbirlər də olmazdı. Əgər bir uşaq və yeniyetmə voleybola, güləşə, gimnastikaya baxırsa, yaranan həvəs həmin uşağı zala gedərək məşqlərə başlamağa sövq edirsə, bu, artıq xeyirdir. İdmançılarımızın qazandığı nailiyyətlər cəmiyyətdə idmanın təbliğinə yönəlir. Valideynlər istəyir ki, övladları sağlam böyüsünlər. Onlar zərərli vərdişlərdən uzaq olsunlar. Bundan gözəl nə ola bilər ki?

- Çingiz müəllim, Siz həm də şərqşünassınız. Necə düşünürsünüz, IV İslam Həmrəliyi Oyunları İslam ölkələrini bir araya toplaya bildimi? İslam dünyası özünün mütərəqqi ideyalarını Bakıdan bütün bəşəriyyətə çatdıra bildimi?

- IV İslam Həmrəyliyi Oyunları elə bir yarış idi ki, bütün islam dövlətləri burada iştirak etdi. Məlum səbəblərə görə, üç İslam ölkəsi Oyunlara gəlməmişdi. Küveytin beynəlxalq yarışlarda iştirakına Beynəlxalq Olimpiya Komitəsi tərəfindən qadağa qoyulub. Liviya və Sudanda isə nələrin baş verdiyi hər kəsə məlumdur. İraq və Suriya kimi müharibə şəraitində olan ölkələrin nümayəndələri bu Oyunlarda iştirak etdilər. İndoneziyada keçirilən III İslam Həmrəyliyi Oyunlarında 28-29 ölkə mübarizə aparmışdı. Amerika qitəsindən Surinam və Qayana kimi ölkələrin Bakı-2017-də iştirak etməsi İslam ölkələri arasında həmrəyliyin olduğunu göstərir. Əlbəttə, bu ölkələrin məqsədi Bakıda medal qazanmaq deyildi. Onlardan bəziləri bilirdilər ki, Bakıda medal qazanmaq çətin olacaq. Onların məqsədi bu Həmrəylik Hərəkatına qoşulmaq idi. IV İslam Həmrəyliyi Oyunlarının əhəmiyyəti ondan ibarət idi ki, biri-birilə diplomatik əlaqəsi olmayan ölkələr bir yerə toplandı. Onlar ünsiyyətdə oldular. Bunun çox böyük xeyiri oldu. Hesab edirəm ki, İslam aləmi dünyaya mesajlar verdi ki, bizim bir yerdə olmağımız mümkündür. Biz birləşib, ali məqsədə, dostluğa, qardaşlığa xidmət edə bilərik. Hesab edirəm ki, IV İslam Həmrəyliyi Oyunları İslamın mütərəqqi ideyalarını paytaxtımızdan bütün bəşəriyyətə çatdıra bildi.

Anar Əhmədov,
Azər Əlizadə



Bu yazı

8575 dəfə oxunub

Tarix

2017-06-02 16:47:59

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook