Beynəlxalq yarışların təşkili ölkədə idmanın inkişafı və kütləviliyinə xidmət edir




Ölkəmizdə idmanın, Olimpiya Hərəkatının inkişafı paytaxtda və bölgələrdə müasir standartlara uyğun Olimpiya idman komplekslərinin inşasında, idmançılarımızın Olimpiya Oyunlarında, Avropa və dünya çempionatlarında yüksək nəticələr əldə etməsində, ölkəmizin beynəlxalq səviyyəli idman tədbirlərinin və yarışlarının mərkəzinə çevrilməsində öz təsdiqini tapır. Azərbaycan dünyada idman ölkəsi kimi tanınır və ölkəmiz mötəbər beynəlxalq tədbirlərin və yarışların təşkili sahəsində zəngin təcrübəyə malikdir. Respublikamız müxtəlif idman növləri üzrə Avropa və dünya çempionatlarına, Qran-pri yarışlarına uğurla ev sahibliyi edir. Bunu Bakı-2015 Avropa Oyunları, 42-ci Ümumdünya Şahmat Olimpiadası, Formula-1 üzrə Avropa Qran-pri yarışları, IV İslam Həmrəyliyi Oyunları bir daha təsdiqlədi. Qazanılan uğurlar, əldə olunan nəticələr onu deməyə əsas verir ki, bu sahədə görülən işlər ardıcıl, məntiqi dövlət siyasətinin və proqramının nəticəsində mümkün olub.

8 saylı İOEUGİM nümunəvi idman məktəblərindəndir

İdman, bədən tərbiyəsi insanların fiziki inkişaf səviyyəsini qiymətləndirmək vasitəsi kimi ümumbəşəri mədəniyyətin tərkib hissəsidir. Dünya təcrübəsi, tarix sübut etmişdir ki, mənəvi və fiziki sağlamlıq xalqın ümumi sağlamlığı, millətin bu günü, gələcəyidir.
Azərbaycan Prezidenti İlham Əliyev daim gənclərin problemləri ilə maraqlanır, onların ölkənin ictimai-siyasi həyatına cəlb olunmasına çalışır, uşaqların və gənclərin fiziki, mənəvi inkişafı istiqamətində bir sıra mühüm proqramlar və tədbirlər həyata keçirir. Uşaq və gənclərin sağlam böyüməsi, onların fiziki və mənəvi inkişafı, milli ruhda tərbiyələndirilməsi, geniş dünyagörüşlü, çevik, bacarıqlı nəslin yetişdirilməsi həmişə ölkə rəhbərinin diqqət mərkəzində olub.
Uşaq və gənclərin idmana cəlb edilməsində, onların fiziki, həm də mənəvi cəhətdən inkişafında təhsil müəssisələrinin, idman məktəblərinin böyük rolu var. Haqqında danışacağımız 8 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi (İOEUGİM) belə müəssisələrdəndir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdində yaranan bu idman məktəbi 1969-cu ildən fəaliyyət göstərir. Burada uşaq və gənclər idmanın qılıncoynatma, boks və velosiped növü üzrə məşğul olurlar. Məktəbin idman zalları Xətai rayonu 29 nömrəli orta məktəbin ərazisində yerləşir. Adıçəkilən idman müəssisəsi fəaliyyətə başladığı ilk günlərdən etibarən bədən tərbiyəsi və idmanın təbliğinə diqqətlə yanaşıb. Uşaq və gənclərin zərərli vərdişlərdən uşaqlaşaraq sağlam həyat tərzinə cəlb olunması, onların fiziki cəhətdən inkişafı istiqamətində öz işini günün tələbləri səviyyəsində quran 8 saylı İOEUGİM respublikada fəaliyyət göstərən nümunəvi idman məktəblərindən biridir.
Məktəbdə 3 idman növü üzrə 400-ə yaxın şagird (80 nəfəri qız) 26 məşqçi-müəllimin rəhbərliyi altında idmanla məşğul olur. Məşqçi-müəllimlərdən 12-si qılıncoynatma bölməsində çalışır. Bölməyə baş məşqçi Elxan Əhmədov rəhbərlik edir. Vüqar Ağalarovun rəhbərliyi altında 7 nəfər məşqçi-müəllim isə uşaq və gənclərə boks idman növünün sirlərini öyrədir. Velosiped idmanı bölməsində baş məşqçi Əbülfəz Məmmədovun rəhbərliyi altında uşaq və yeniyetmələr 7 nəfər məşqçi-müəllimdən dərs alırlar. Ümumilikdə, məktəbin 23 yetirməsi yığma komandanın üzvüdür. Onlardan 11 nəfəri qılıncoynatma, 7 nəfəri velosiped idmanı, 5 nəfəri isə boksla məşğul olur.

8 saylı İOEUGİM-ə gənc mütəxəssis Elvin Məmmədxanov rəhbərlik edir. O, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) məzunudur. Elvin müəllim "Olimpiya dünyası” qəzetinə verdiyi müsahibəsində idman sahəsinə marağından, rəhbərlik etdiyi məktəbdən, əldə olunan nəticələrdən danışdı: "İdman sahəsinə uşaqlıqdan marağım var. "Ankara məktəbi” məktəb-liseydə oxuduğum illərdə həvəskar şəkildə sərbəst güləş növü ilə məşğul olmuşam. İdman fəaliyyətimə gənc mütəxəssis kimi 14 nömrəli UGİM-də baş təlimatçı kimi başlamışam. Bir müddət "Təhsil” Respublikası İdman Mərkəzində direktor müavini kimi fəaliyyət göstərmişəm. 8 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinə 2014-cü ildən rəhbərlik edirəm”.

Dövlətimiz gənclərə və onların problemlərinə böyük diqqət yetirir

Müstəqil Azərbaycan gənc dövlət olmaqla yanaşı, həm də gənclər ölkəsidir. Ölkədə istər elm və təhsil, istər idman, istərsə mədəniyyət, incəsənət və digər sahələrdə kifayət qədər bacarıqlı gənclər var. Onların üzə çıxarılması, həvəsləndirilməsi, vətənpərvər, sağlam ruhda tərbiyə alması mühüm əhəmiyyət daşıyır. Dövlətimiz gənclərə və onların problemlərinə böyük diqqət yetirir. Çünki dövlət başçısı gənclərə və gənclər siyasətinə böyük önəm verir. Təbii ki, hər bir sahədə savadlı, bacarıqlı insanlara, xüsusən də gənc kadrlara hər zaman ehtiyac duyulur. Gənclərimiz müxtəlif idarəetmə və icra orqanlarında fəaliyyət göstərir, ölkəmizin müstəqilliyi, gələcəyi naminə bütün qüvvə və bacarıqlarını sərf edirlər. Elvin Məmmədxanov da gənc mütəxəssis kimi öz işinin öhdəsindən layiqincə gəlməyə çalışır. Elvin müəllim arzulayır ki, onun rəhbərlik etdiyi məktəbin yetirmələri ölkəmizi Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında şərəflə təmsin etsinlər, vətənimizin bayrağını yüksəklərə qaldırsınlar.
Ölkəmizdə İdman və Olimpiya Hərəkatının möhkəm bazasısının yaradılması gənc nəslin sağlam həyat tərzinin təmin edilməsində əsaslı rol oynayır. Bu istiqamətdə həyata keçirilən tədbirlər geniş ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır. Bu diqqət və qayğının nəticəsidir ki, Azərbaycanda idmanla məşğul olmaq istəyənlərin sayı gündən-günə artır. Dövlətimiz tərəfindən uşaq və gənclərə belə diqqət və qayğı göstərildiyi, güclü idman infrastrukturunun mövcud olduğu bir ölkədə idmandan kənarda qalmaq qeyri-mümkündür. Təbii ki, idman və bədən tərbiyəsi ilə məşğul olanlar sağlam və gümrah olur, zərərli vərdişlərə meyl salmırlar. Azərbaycan Prezidentinin beynəlxalq arenalarda, ölkəmizdə keçirilən mötəbər yarışlarda əldə etdikləri möhtəşəm qələbələrdən sonra idmançılarımızı şəxsən qəbul etməsi də idmana və gənclərə olan qayğının bariz göstəricisidir.
Respublikamızda fəaliyyət göstərən idman məktəblərində, təlim-tədris müəssisələrində uşaq və gənclərin seçdikləri idman növü üzrə məşğul olmaları üçün hərtərəfli şəraitin yaradılması, eləcə də bu müəssisələrin avadanlıqlarla təmin olması mühüm şərtlərdindir. Bu baxımdan 8 saylı İOEUGİM-də vəziyyət qənaətbəxşdir. Qeyd edək ki, məktəbin balansında iki böyük idman zalı vardır. Zallar dörd il bundan əvvəl əsaslı şəkildə təmir olunub. Elvin müəllimin sözlərinə görə, Təhsil Nazirliyi məktəbə diqqət və qayğısını əsirgəmir. "Azərbaycan Təhsil Nazirliyinin qayğısı və dəstəyi nəticəsində bütün idman məktəbləri kimi, bizim məktəb də hər bir şəraitlə təmin olunub. İdman zallarımızın müvafiq idman avadanlıqları ilə təminatı baxımından heç bir çətinliyimiz yoxdur və hər şey yüksək səviyyədədir. Yaradılan əlverişli şərait yetirmələrimizin yaxşı məşq etmələrinə və təbi olaraq ölkə, beynəlxalq səviyyəli yarışlarda yüksək nəticələr qazanmasına zəmin yaradır”, - deyə o bildirdi.



Məqsəd uşaq və gənclərin asudə vaxtının səmərəli təşkil edilməsidir

Məktəbdə olarkən tədris müəssisənin rəhbəri ilə qəbul qaydaları barədə də söhbət etdik. Elvin Məmmədxanov bildirdi ki, qəbul prosesi hər ilin sentyabr ayında aparılır. Şagirdlərin idman bölmələrinə qəbulunda İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin əsasnaməsinə riayət olunur. Burada qılıncoynatma idman növünə şagirdlər 9 yaşından, boksa 12, velosiped idmanına isə 10 yaşından qəbul edilir. Məktəbdə qılıncoynatmanın sablya və şpaqa növü tədris olunur. Məlumat üçün bildirək ki, 8 saylı idman məktəbi Təhsil Nazirliyinin nəzdində qılıncoynatma bölməsi olan yeganə məktəbdir. Velosiped bölməsində isə şagirdlər şosse və dağ velosipedi üzrə məşğələ keçirlər. Elvin Məmmədxanovun sözlərinə görə, qarşıya qoyulan məqsəd idman məktəbində tədris olunan bu idman növlərini orta ümümtəhsil məktəblərində təhsil alan şagirdlər arasında geniş inkişaf etdirməkdir. Bunun üçün rəhbərlik tərəfindən şagirdlər idman məktəbinə dəvət olunur və burada onların iştirakı ilə açıq dərslər təşkil edilir.




8 saylı İOEUGİM hər il ənənəvi olaraq açıq birinciliklər təşkil edir. Yarışların keçirilməsində məqsəd uşaq və gənclərin asudə vaxtının səmərəli təşkili, onların idmana cəlb edilməsi, eyni zamanda şagirdlərin yarış təcrübəsinin artırılmasıdır. Adətən belə yarışlardan sonra məktəbə müraciət edənlərin sayında artım müşahidə olunur. Onların arasından daha istedadlıları seçilərək məktəbin yığma komandasının tərkibinə cəlb edilir. Sözügedən müəssisədə təqvim planı üzrə məktəbin açıq birinciliklərindən başqa, qılıncoynatma, boks və velosiped idmanı üzrə Novruz turnirləri də təşkil olunur.
Məktəbin direktoru bizimlə söhbətində ölkəmizdə keçirilən mötəbər idman tədbirlərinin əhəmiyyətindən də danışdı. O bildirdi ki, Bakı-2015 Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları çərçivəsində həyata keçirilən tədbirlər idmanın kütləviliyinə xidmət edir: "Belə mötəbər yarışların təşkili ölkədə idmanın inkişafı və kütləviliyinə xidmət edir. Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunlarının təbliği ilə əlaqədar məktəblilər arasında keçirilən çərçivəsində idman yarışları uşaq və gənclərin idmana cəlb edilməsi baxımından böyük əhəmiyyətə malikdir. Adətən belə yarışlardan sonra idman bölmələrinə axın çoxalır”.
Qeyd edək ki, 8 saylı İOEUGİM məktəbin idmançıları bir sıra respublika və beynəlxalq miqyaslı turnirlərdə əzmlə çıxış edərək, yüksək nəticələr əldə edirlər. Məktəbin təmsilçiləri vətəndən xaricdə müqəddəs bayrağımızı yüksəklərə qaldıraraq, dövlət himnimizi səsləndirirlər. 2016-2017-ci illərdə məktəbin təmsilçiləri qılıncoynatma üzrə yarışlarda 41 medal əldə edib ki, onun 7-si qızıl, 9 -u gümüş, 25-i isə bürüncdür. 25 medal (7 qızıl, 10 gümüş və 8 bürünc) velosiped idman növündə qazanılıb. Boks bölməsinin yetirmələri isə daha çox fərqləniblər - 45 medal. Bu medallardan 16-sı qızıl, 7-si gümüş, 8-i bürüncdür. Beləliklə, 2016-2017-ci illərdə ümumilikdə qazanılan medalların sayı 97 (30 qızıl, 26 gümüş və 41 bürünc) olub. Bu il aprelin 24-30-da Türkiyənin Antalya şəhərində keçirilən beynəlxalq turnirdə məktəbin yetirməsi Azərin İdriszadə qılıncoynatma (şpaqa) yarışlarında bürünc medala layiq görülüb. Məktəbin komandası aprelin 10-11-də IV İslam Həmrəyliyi Oyunlarının təbliğinə həsr olunmuş boks yarışlarında 2-ci yeri tutub. Mayın 4-6-da Tiflis şəhərində keçirilən Abxaziyanın açıq turnirində məktəbin 12 üzvü iştirak edib. Qılıncoynatmanın sablya növündə Telli Cəfərova fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Nurlan Zeynallı isə gümüş medal qazanıb. Şpaqa növündə Barat Quliyev 2-ci, Cavid Cahangirov isə 3-cü yeri tutub. Məktəbin digər yetirməsi Validə Cabbarova velosiped idmanı növü üzrə may ayında Fransada yeniyetmələr arasında keçirilən beynəlxalq turnirdə 4-cü yerə layiq görülüb. Boksçu Nicat Hüseynov isə iyunun 2-7-də yeniyetmələr arasında keçirilən Azərbaycan birinciliyində gümüş medal qazanıb. 8 saylı İOEUGİM-də 2016-2017-ci tədris ili ərzində 2 nəfər idman ustası, 23 nəfər idman ustalığına namizəd, 15 nəfər isə 1-ci dərəcə normasını yerinə yetirib.

"Məktəbimizn qapıları idmanla məşğul olmaq istəyən uşaq və yeniyetmənin üzünə açıqdır”

Uşaq və gənclərin idmana cəlb edilməsində, onların fiziki, həm də mənəvi cəhətdən inkişafında təhsil müəssisələrində, idman məktəblərində fəaliyyət göstərən peşəkar, təcrübəli məşqçilərin əməyi böyükdür. Faktlar onu deməyə əsas verir ki, məşqçi idmançının gələcək həyatında və karyerasında böyük rol oynayır. Yaxşı məşqçi bir növ, yetriməsi üçün "yaşıl işıq” rolunu oynayır. Məşqçilik çox çətin və məsuliyyətli peşədir. İdmançı o vaxt uğur qazanır ki, məşqçisini daim yanında hiss edir, həm idmanda, həm həyatda. Məşqçinin şəxsiyyəti, onun əxlaqı, yetirməsinə münasibəti idmançının nəinki peşəkar karyerasında böyük uğurlar qazanmasına, həm də bir şəxsiyyət kimi formalaşmasına müsbət təsir göstərir. 8 saylı İOEUGİM-də çalışan təcrübəli mütəxəssis Əbülfəz Məmmədov da belə məşqçilərdəndir. O, məktəbin baş məşqçisi, Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) yeniyetmələr və gənclərdən ibarət yığmanın məşqçisidir. Əbülfəz müəllim ömrünü idmana həsr edən insanlardandır. Qocaman mütəxəssis çox sadə, təmkinli, səbirli və mülayim insandır. Yetirmələrinin hər birini öz övladı kimi sevir, onların problemələri ilə yaxından maraqlanır. Əbülfəz müəllim idmanla uşaqlıqdan məşğul olduğunu dedi: "Ömrüm idmanda keçib, desəm, yanılmaram. Əvvəl idmançı kimi, indi isə məşqçi kimi”. Əbülfəz müəllim hələ orta məktəbdə oxuduğu illərdə "Neftçi” idman bazasında velosiped idmanı növü ilə məşğul olub. 1982-1987-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İdman İnstitutunda (indiki ADBTİA) ali təhsil alıb. Əmək fəaliyyətimə 8 saylı İOEUGİM-də məşqçi kimi başlayıb. Təcrübəli məşqçi bizimlə söhbətində dedi: "Məktəbimizdə velosiped üzrə 4 məşqçi-müəllim məşğul olur. İdmançılarımız velosipedin şosse, mountinbayk, trek və digər növlərində məşğələ keçirlər. Məşq prosesinə ümumi fiziki hazırlıq, trenajor və velosiped sürmək daxildir. Məktəbimizin qapıları idmanla məşğul olmaq istəyən uşaq və yeniyetmələrin üzünə açıqdır. Qeyd edim ki, təmsilçilərimiz "Məktəblilərin Olimpiya Hərəkatı” ("Olimpic Movement”) tədbirində fəal iştirak edirlər. Federasiyadan, məktəbin rəhbərliyindən çox razıyıq. Məktəbimizdə idmançıların rahat məşq etmələri üçün hər bir şərait yaradılıb”.




Əbülfəz müəllimin də dediyi kimi, məktəbə məşq etmək üçün gələnlər arasında seçim aparılmır. Yəni nizam-intizama əməl etmək şərti ilə bura üz tutanlar məşqlərə cəlb edilirlər. Məktəbdə 35 nəfərdən çox uşaq velosiped idmanı ilə məşğul olur ki, bunun 12 nəfərini qızlar təşkil edir. Təmsilçilərin 2-si "Synergy Baku” komandasının üzvüdür. Bu idman ocagının baş məşqçi-müəllimi yetirmələrimdən qürurla söhbət açdı. O, oğlanlar arasında pro-kontinental komandanın üzvləri Kənan Qəhrəmanlı, Elgün Əlizadənin adını çəkdi. Əbülfəz müəllim Mikayıl Səfərli və ikiqat Azərbaycan çempionu Validə Cabbarovadan da razı qaldığını və onların gələcəyinə böyük ümid bəslədiyini bildirdi. Təcrübəli mütəxəssis məşq prosesində İsmayıllıda istehsal olunan yerli "İsma bikes” velosipedlərindən istifadə olunduğunu və şagirdlərin bu velosipedlərin keyfiyyətindən razı qaldığını da bildirdi.
Yuxarıda yazılanlardan belə nəticəyə gəlmək olur ki, idman cəmiyyətin ən fəal təbəqəsi olan gəncləri öz ətrafına cəmləməklə onların zərərli vərdişlərə meyl etməsinin qarşısını alır. Gəlin etiraf edək ki, müasir dövrümüzdə mənfi vərdişlərin qarşısını almaq bir qədər çətinləşib. Xüsusilə gənclər arasında müxtəlif mənfi vərdişlərin yayılma arealı və təsir vasitələri çox artıb. İnternetin həyatımıza bu qədər sürətlə daxil olduğu, qloballaşmanın mənfi təsirlərindən qorunmağın bu qədər çətin olduğu bir zamanda idmanın təbliği, inkişaf etdirilməsi çox aktual və vacib məsələdir. İdman və bədən tərbiyəsinin kütləviliyinin artması, bu sahəyə daha çox uşaq və gəncin cəlb edilməsi sayəsində ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edən idmançılar və həm də sağlam gənc nəsil yetişdirmək mümkündür.





Səadət Hakıyeva





Bu yazı

26962 dəfə oxunub

Tarix

2017-06-20 13:05:02

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook