Formula-1 yarışlarını Bakıda 71 min 541 tamaşaçı izləyib


Bakının mərkəzi küçələrində keçirilmiş Formula-1 Azərbaycan Qran-Prisini izləmək üçün yarış məkanına 71 min 541 azarkeş gəlib.

Olimpnews.az saytının məlumatına görə, bu, ötən il təşkil olunan ilk yarışla müqayisədə 30 faiz çox deməkdir. Bundan əlavə, bu il yarışı canlı izləmək üçün Bakıya xaricdən ötən ildəkindən iki dəfə çox avtoidman azarkeşi gəlib. Ümumilikdə 65 ölkədən gələn azarkeşlər Bakıda mövsümün ən yaddaqalan yarışını izləyiblər. Xaricdən gələn Formula-1 həvəskarlarının sayı bütün tamaşaçıların üçdə birini təşkil edib.

Qran-Prini izləməyə gələn minlərlə azarkeşlə yanaşı, televiziya ekranları qarşısında əyləşən milyonlarla avtoidman həvəskarı uzun müddət yaddaşlarda qalacaq möhtəşəm yarışa tamaşa ediblər. "Red Bull Racing” komandasının pilotu Daniel Rikkiardo rəqiblərini üstələyərək 2017-ci il mövsümündə ilk qələbəsini qazanıb. "Mercedes AMG” komandasının pilotu Valtteri Bottas "uçan finlandiyalı” adına sahib olub. Belə ki, o, böyük ustalıq nümayiş etdirərək yarış ərzində ən arxa sıradan ön cərgəyədək gələrək finiş xəttindən əvvəl sonuncu saniyədə "Williams” komandasının pilotu Lens Strolu ötüb və podiumda ikinci pillədə qərarlaşıb. Yarışın son anlarında ikinci pilləni əldən verməsinə baxmayaraq, "Williams” komandasının kanadalı yeniyetmə sürücüsü Lens Stroll Formula-1-də debüt etdiyi ilk mövsümdə ən gənc yaşda podiuma çıxan pilot ünvanına yiyələnib.

Hər bir anı gərgin mübarizə ilə dolu yarışda çempionatın lider pilotlarının - Sebastian Fettel ilə Luis Hamiltonun bolidləri toqquşub. Böyük mübahisə doğuran bu hadisənin Azərbaycan Qran-Prisindən sonra uzun müddət müzakirə olunacağı gözlənilir. Yarış ərzində "Force India” komandasının pilotları arasında da toqquşma olub. Bundan başqa, "McLaren Honda” komandasının pilotu, ötən il Bakıda ilk dəfə keçirilmiş Formula-1 yarışının ulduz elçisi Fernando Alonso yarışı 9-cu yerdə bitirərək builki mövsümdə özünün və komandasının ilk xalını qazanıb.

Azərbaycan Qran-Prisi üçün Bakıya toplaşmış avtoidman azarkeşləri üçün Dənizkənarı Milli Parkda möhtəşəm əyləncə proqramı təqdim olunub.


Bu yazı

17744 dəfə oxunub

Tarix

2017-07-11 12:08:41

Yazını

Çap et

Yazını

Paylaş