İdman insanlara məxsus olan ən qiymətli dəyərlərdən biridir




İdman və bədən tərbiyəsinin insanların həyatında, sivilizasiyalarn bir-birinə yaxınlaşmasında, dünya ölkələri arasında əlaqələrin yaranmasında rolu danılmazdır. Nə kino, nə teatr, nə məşhur sənət ulduzlarının konsertləri stadionlara, yarış meydançalarına idman yarışları qədər yüz minlərlə, milyonlarla tamaşaçı kütləsi cəlb etmək iqtidarına malik deyil. 
Buna sübut olaraq Olimpiya Oyunlarını, dünya və Avropa çempionatlarını göstərmək olar. Elə götürək, 2008-ci ildə Çinin paytaxtı Pekin şəhərində keçirilən XXIX Yay Olimpiya Oyunlarını. Bu yarışları 3 milyarddan artıq insanın izləməsi dediklərimizə sübutdur. Görəsən, idmanı belə sevdirən, günümüzün meyarına çevirən nədir? Heç kimə sirr deyil ki, insanın sağlamlığı, uzunömürlüyü, onun sağlam həyat tərzinin təmin edilməsi hər bir ölkənin, cəmiyyətin ən mühüm və vacib vəzifələrindən biridir. İdman təkcə yüksək nəticələr qazanmaq, fəxri kürsüyə qalxmaq, zirvələri fəth etmək demək deyil, idman həm də sağlamlıq, qüvvət, qüdrət deməkdir. İndi bütün sivil ölkələrdə gənc nəslin sağlamlığının müdafiəsinə, təhsilinə və mənəvi tərbiyəsinə xüsusi qayğı göstərilir. Müstəqil Azərbaycanda da sağlam həyat tərzinin təminatçısı olan idman və bədən tərbiyəsinin inkişafı, təbliği dövlət siyasətinin prioritet istiqamətlərindəndir. 
Ölkəmizdə idman və Olimpiya Hərəkatına yüksək səviyyədə göstərilən diqqət və qayğının nəticəsidir ki, təmsilçilərimiz Olimpiya Oyunlarında, dünya və Avropa çempionatları kimi mötəbər yarışlarda uğurla çıxış edir, vətənə medallarla qayıdırlar. Dünyanın idman mərkəzinə çevrilən Azərbaycan beynəlxalq yarışlara uğurla ev sahibliyi edir.

"Olimpiya dünyası” qəzeti "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” layihəsi çərçivəsində yazılar dərc edir. Layihə çərçivəsində ölkədə idman və Olimpiya Hərəkatının inkişafı, təbliği, uşaq və yeniyətmə idmanı, məşqçi-idmançı münasibətlərindən söhbət açılır, təhlillər aparılır. Təbii ki, uşaq və gənclər arasında idmanın təbliğ edilməsində idman idarələrinin, məktəblərin, cəmiyyətlərin böyük rolu vardır. Qəzetimiz bu dəfə regionların idman həyatı çərçivəsində Mingəçevir şəhər İdman İdarəsinin fəaliyyəti, gördüyü işlər, həyata keçirilən tədbirlərlə oxucuları tanış edəcək. Şəhərin idman həyatı ilə daha yaxından tanış olmaq üçün Mingəçevir şəhər İdman İdarəsinin rəisi Kamal Nəcəfli ilə əlaqə saxladıq.




"İdmanın inkişafı normal şərait və imkanlardan
asılıdır”

- Kamal müəllim, necə düşünürsünüz, idman insanın həyatında hansı rolu oynayır?

- Müdriklər deyirlər ki, əsl insanın formalaşmasında fiziki sağlamlıqla mənəvi kamilliyin vəhdəti mütləqdir. İnsanın həm fiziki, həm də mənəvi cəhətdən inkişafı üçün əlverişli şəraitin olması vacibdir və bu şərait bizim ölkəmizdə yaradılıb. Dövlətimiz uşaq və gənclərə böyük diqqət göstərir, qayğı ilə yanaşır. Onların vətənə, xalqa sədaqət, məhəbbət ruhunda tərbiyə olunmasında, savadlı, sağlam nəsil kimi yetişməsi istiqamətində mühüm işlər görür, müvafiq tədbirlər həyata keçirir. Halbuki əvvəllər uşaq və gənclərimiz diqqətdən kənarda qalmışdılar. 1997-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsinin qarşısına qoyduğu məqsəd, həyata keçirdiyi tədbirlər ölkənin idman hərəkatında əsaslı dönüş yaratdı. 

Məqsəd Azərbaycan gənclərinin az qala itməkdə olan özünəinamını, gücünü, qüdrətini özünə qaytarmaq, onların mənəvi yetkinliyinə və estetik tərbiyəsinə nail olmaq idi. Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında qısa vaxtda ölkənin idman vəziyyəti, mövcud potensialı hərtərəfli öyrənildi, idman qurğularının yararlılıq səviyyəsi, təchizatı, məşq və yarışların keçirilməsi üçün imkan və şərait haqqında məlumatlar toplandı. Həlli vacib məsələlər İcraiyyə Komitəsinin həmin ilin dekabrında keçirilən iclasında geniş müzakirə olundu. Bu, elə bir vaxta təsadüf edirdi ki, neçə illərdir ölkədə baş verən ictimai-siyasi gərginlik, idarəsizlik, hərc-mərclik hər bir sahəyə olduğu kimi, idmana da güclü təsir etmiş, bu sahə unudulmuş, mövcud maddi-texniki baza dağılıb sıradan çıxmışdı.

İdmanın inkişafı normal şərait və imkanlardan asılıdır. Əgər məşq etmək, yarış keçirmək üçün kifayət qədər yer yoxdursa, deməli, idman potensialının artması, idmanda uğurlar qazanılmasından danışmaq mümkün deyil. Odur ki, qısa müddətdə mövcud idman qurğularında bərpa və yenidənqurma işləri aparıldı, məşq və yarış zalları yararlı hala salındı. Çəkilən zəhmət qısa müddətdən sonra bəhrəsini verdi və 1998-ci ildə Bakıda ilk beynəlxalq yarış təşkil edildi. Azərbaycan idmançıları bu yarışda ilk uğurlarını qazandılar. Tez bir zamanda ölkəmizdə idmanın inkişafı, gənclərin və yeniyetmələrin bu sahəyə marağı o qədər artdı ki, artıq mövcud idman qurğularını bərpa etmək yüksək səviyyəli yarışlar keçirilməsi üçün kifayət etmirdi. O vaxtdan bizi 25 illik zaman kəsiyi ayırır. Sevindirici haldır ki, bu gün Azərbaycanda idman və Olimpiya Hərəkatı özünün yüksək inkişaf səviyyəsinə çatıb. Paytaxt və bölgələrdə müasir standartlara cavab verən 40-dan artıq Olimpiya idman kompleksi əhalinin ixtiyarına verilib.

- Bütün bunlar isə gənclərin mənəvi tərbiyəsinə də öz təsirini göstərdi...

- Gənclərin və yeniyetmələrin mənəvi-estetik tərbiyəsinin formalaşması onların əxlaqına, davranışına, kollektivə və cəmiyyətə inteqrasiyasına da müsbət təsir edir. Estetik mədəniyyətin təkmilləşməsi gənc nəslin həyat yolunu arzuolunmaz istiqamətlərə deyil, idmana, mədəniyyətə, incəsənətə yönəldir, intellektual səviyyəsinin formalaşmasına yardımçı olur. Bu həm də insan orqanizminin normal fiziki inkişafına güclü təsir edir. Uşaq və gənclərdə estetik və bədii zövqün bir arada formalaşması sağlam bədəndə sağlam ruh məfhumunu tamamlayır, bir bütövlük yaradır. Azərbaycanda həyata keçirilən işlər gənc nəslin mənəvi tərbiyəsini bir növ nizamladı.

- Ölkəmizdə keçirilən beynəlxalq yarışların əhəmiyyəti haqda nə deyə bilərsiniz?

- Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Ölkəmiz Bakı-2015 Avropa Oyunları, IV islam Həmrəyliyi Oyunları, Formula-1 Qran-pri yarışlarına, müxtəlif idman növləri üzrə dünya və Avropa çempionatlarına uğurla ev sahibliyi edir. Bu yarışların keçirilməsi ölkəmizin dünyada nüfuzunun atrmasında, daha geniş miqyasda tanınmasında çox mühüm rol oynayır. Beynəlxalq idman tədbirləri ölkənin idman sahəsində təcrübəsinin artmasına da müsbət təsir göstərir. Bu yarışların sayəsində könüllülük hərəkatı yaranıb, gənclərimiz geniş təcrübə əldə ediblər. Həmçinin Azərbaycanda turizmin inkişafı üçün böyük imkanlar açılıb. Azərbaycanda sayı günü-gündən artan idman komplekslərinin, gözoxşayan idman mərkəzlərinin yaradılması xalqımızın, xüsusən gənclərin sağlamlığına, milli-mənəvi dəyərlərin, estetik dünyagörüşünün formalaşmasına zəmin yaradıb. Bu, gənclərə göstərilən dövlət qayğısını əks etdirir. Millətin işıqlı gələcəyini sabahlara daşıyan bugünkü uşaq və gənclərin sosial problemləri, asudə vaxtlarını səmərəli keçirmələri, yaş dövrünə uyğun maraq və mənəvi tələbat meyillərinin daha dolğun ödənilməsi dövlətin ən ciddi diqqət yetirdiyi məsələlərdən biridir.


"Mingəçevir şəhər Gənclər və İdman İdarəsi öz işini günün tələbləri
səviyyəsində qurmağa
çalışır”

- Mingəçevirdə uşaq və gənclərin idmana cəlb edilməsi istiqamətində hansı işlər görülür?

- Mingəçevir, əhalisinin sayına görə, ölkənin 4-cü böyük şəhəridir. Burada 104 mindən artıq insan yaşayır. Erməni təcavüzü nəticəsində öz doğma yurdlarını tərk etmiş 25 min nəfər qaçqın və məcburi köçkün Mingəçevirdə məskunlaşıb. Şəhərimizdə idmana, bədən tərbiyəsinə böyük maraq vardır. Ölkədə idmana, Olimpiya Hərəkatına göstərilən diqqət və qayğıdan bəhrələnərək çalışırıq ki, uşaq və gənclərimiz zərərli vərdişlərdən uzaqlaşaraq sağlam həyat tərzi keçirsinlər, sağlam nəsil kimi yetişsinlər. Mingəçevir şəhər Gənclər və İdman İdarəsi bu istiqamətdə öz işini günün tələbləri səviyyəsində qurmağa çalışır. İdarəmiz bu məqsədlə kütləvi idman tədbirlərinin təşkilinə, bədən tərbiyəsi və idmanın təbliği ilə əlaqədar çoxsaylı tədbirlər keçirilməsinə böyük əhəmiyyət verir.

- Şəhərdəki idman məktəblərində lazımi şərait yaradılıbmı?

- Mingəçevirdə 4 idman məktəbi fəaliyyət göstərir. Məktəblərdən 3-ü Təhsil Nazirliyinin, 1-i isə bizim idarənin nəzdindədir. Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən UGİM-də 5 idman növü üzrə bölmələrdə məşğələlər aparılır. Bunlar futbol, boks, cüdo, yunan-Roma güləşi və avarçəkmə idman növləridir. UGİM-də 14 məşqçi-müəllim fəaliyyət göstərir ki, onlardan 4-ü əməkdar məşqçi, 10-u isə I kateqoriyalı məşqçi-müəllimdir. Məşqçilərimizdən biri ölkə rəhbərinin Sərəncamı ilə "Tərəqqi” medalına layiq görülüb. Ümumilikdə məktəbdə 480 nəfər, əsas qruplarda 300 nəfərə yaxın, əlavə qruplar da daxil olmaqla isə 800 nəfərə yaxın mingəçevirli idmanla məşğul olur. Öz işini günün tələbləri səviyyəsində quran UGİM əsasnaməyə uyğun olaraq məşqçi-müəllimlərin ixtisaslarının artırılması, idman növləri üzrə yarışların təşkili, maddi-texniki bazanın möhkəmləndirilməsi işini yüksək səviyyədə həyata keçirir. İdarənin tabeliyində şəhər stadionu, üç futbol meydançası vardır. Bundan başqa, mini futbol, basketbol və voleybol meydançaları da idmanla məşğul olmaq istəyən hər kəsin üzünə açıqdır. İdman stadionları və zallarımız yüksək səviyyədə təmir olunub və lazımi avadanlıqlarla təchiz edilib.

Bu sahədə aparılan uğurlu işlərin nəticəsidir ki, xüsusi fiziki hazırlıq tələb olunan "Vətənin Müdafiəsinə Hazıram” coxnövçülüyü üzrə ölkə birinciliyi və çempionatlarında Mingəçeviri təmsil edən komandalar bir qayda olaraq bu yarışların qalibi və ya mükafatçıları olurlar. Mingəçevir komandasının yaz və payız aylarında keçirilən yarışlarda "VMH” çoxnövçülüyü üzrə ölkə birinciliyində I yerə sahib olması dediklərimizə sübutdur.

- Bu ilin geridə qalan dövrü ərzində hansı idman tədbirləri və yarışları həyata keçirilib?

- Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə il ərzində şəhərimizdə dörd respublika miqyaslı turnir keçirilib. Avarçəkmə üzrə "Prezident kuboku” uğrunda beynəlxalq reqatanın keçirilməsində idarəmiz yaxından iştirak edib. Artıq ənənə halını almış cüdo, futbol və yunan-Roma güləşi üzrə respublika miqyaslı turnirlərə yüksək səviyyədə ev sahibliyi etmişik. Bundan başqa, idman məktəbləri üzrə respublika birinciliyinin mərhələsi yarışları də şəhərimizdə keçirilib. Şəhər mərhələsi yarışının qalibləri zona və final yarışlarında Mingəçeviri uğurla təmsil ediblər. İdarəmiz şəhər ümumtəhsil məktəbləri, eləcə də, ali və orta-ixtisas məktəbləri ilə birgə futbol, voleybol, basketbol, atletika üzrə birincilik və turnirlər keçirib. 



İl ərzində keçirilən kütləvi bədən tərbiyəsi və idman tədbirlərində ümumulikdə 5 mindən artıq uşaq və gənc iştirak edib. İdman və bədən tərbiyəsinin kütləviliyini təmin etmək məqsədilə şəhərdə yunan-Roma güləşi, cüdo, boks, futbol və avarçəkmə üzrə şəhər birincilikləri, eləcə də, cüdo və yunan-Roma güləşi üzrə respublika miqyaslı turnirlər keçirilib. Yanvarın 10-dan 18-dək 2005-2006-cı il təvəllüdlü məktəblilər arasında "Şən startlar” yarışı, yanvar-fevral aylarında 2 Fevral Gənclər Günü ilə əlaqədar olaraq basketbol üzrə şəhər birinciliyi, fevral ayında məktəblilər arasında "Şəhidlər unudulmur” adı altında idman yarışı təşkil edilib. 5 Mart Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Gənclər və İdman İdarəsi tərəfindən müxtəlif idman yarışları təşkil olunub. Xüsusi tədbirlər planına uyğun olaraq ali və orta ixtisas məktəb tələbələri arasında mini-futbol üzrə birincilik, 2003-2004-cü il təvəllüdlü yeniyetmələr arasında şəhər və rayonlararası futbol turniri, eləcə də, orta ümumtəhsil məktəbləri arasında 4x100 məsafəyə estafet və 100 metr məsafəyə sürətli qaçış yarışları təşkil etmişik. Bu yarışlarda ümumilikdə 500-dən artıq idmançı qüvvəsini sınayıb.

Mart ayında yunan-Roma güləşi üzrə "Novruz” kuboku uğrunda təşkil edilən açıq şəhər birinciliyində yüzlərlə uşaq və gənc medal uğrunda yarışıb. Əməkdar məşqçi Georgi Çamiaşvilinin xatirəsinə yeniyetmələr arasında cüdo turniri, ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş futbol üzrə müəssisə, təşkilatlar arasında turnir keçirmişik. Cüdo üzrə UGİM-in açıq birinciliyi, may ayında 2011-2012-ci il təvəllüdlü uşaqlar arasında "Vətəni qoruyaq” devizi altında idman yarışı, 26 iyun Azərbaycan Silahlı Qüvvələr Gününə həsr olunmuş akademik avarçəkmə və kikboksinq üzrə açıq şəhər birinciliyi keçirdiyimiz tədbirlər sırasındadır. İdmançılarımız bu yarışlarda ümumilikdə 43 medal qazanıblar. Bu medallardan 16-sı qızıl, 12-si gümüş, 15-i bürüncdür.

- Mingəçevir ötən il bədii gimnastika üzrə birinciliyə yüksək səviyyədə ev sahibliyi etdi. Adıçəkilən idman növü burada nə vaxtdan fəaliyyət göstərir?

- Mingəçevirdə bədii gimnastika bölməsi 2016-cı ilin fevralında yaradılıb. Gimnastika çox gözəl idman növüdür və bədənə çeviklik, güc, cəldlik verir. Gimnastika məşqçilərinin fikrincə, xüsusilə azyaşlı qızların fiziki və mənəvi cəhətdən sağlam böyüməsi üçün bədii gimnastika münasib idman növüdür. Bədii gimnastika ilə məşğul olan uşaqlar qamətini düz saxlayır, yerişlərinə diqqət edirlər. Azərbaycan Gimnastika Federasiyasının dəstəyi və köməyi sayəsində bu zərif idman növünə marağı olanlar bölməyə cəlb olundu. Bu bölməyə yazılmaq üçün ilk günlərdə 150 uşaq müraciət etdi. Sonra 2 həftə ərzində müraciət edənlərin sayı 400-dən artıq oldu. Bakıdan gələn mütəxəssislərin apardıqları seçimdən sonra bölmədə 50 nəfər məşğul olmağa başladı. Mingəçevir müasir və kompakt şəhərdir və burada idmanla məşğul olmaq istəyən uşaq və gənclər çoxdur. Amma bəzi idman növləri üzrə bizdə mütəxəssislər çatışmır və onlardan biri də gimnastikadır. Biz bu məsələ ilə bağlı Azərbaycan Gənclər və İdman Nazirliyinə, Azərbaycan Gimnastika Federasiyasına müraciət etmişdik. Sağ olsun, AGF-nın baş katibi Fərid Qayıbov bizə əlindən gələn köməyi edir, dəstəyini əsirgəmir.

- Ümumilikdə ölkədə aparılan gənclər siyasəti barədə nə deyərdiniz?

- Azərbaycan xalqının tərəqqisi, inkişafı və çiçəklənməsi naminə çalışan ölkə rəhbərinin idman və Olimpiya Hərəkatına göstərdiyi diqqət və qayğısı bir daha sübut edir ki, bu sahə müstəqil ölkəmizin dünyada nüfuzunu artmasına, qüdrətlənməsinə xidmət edir. Azərbaycan dövlətinin əsas ideologiyalarından biri kimi uşaq və gənclərin fiziki və mənəvi inkişafı, onlara göstərilən əvəzsiz qayğı ölkəmizin, millətimizin gələcəyi olan nəslin güclü xarakterə, sağlam ruha malik olmasında başlıca rol oynayır. Bütün gələcək qələbələrin təməli isə heç şübhəsiz, ümumtəhsil məktəblərində elmə, biliklərə yiyələnməklə yanaşı, idmanı, bədən tərbiyəsini qəlbən sevən, Vətəninin bayrağını daim yüksəklərə qaldırmaq üçün düşünən uşaq və gənclərimiz tərəfindən qoyulur. Bu gün Azərbaycanda vətənin müdafiəsinə hər zaman hazır olan, torpaqlarımızın işğaldan azad edilməsi üçün canını əsirgəməyən, sağlam, savadlı gənclik yetişib. Gənc nəslin fiziki inkişafı, mənəvi dəyərlərlə zəngin olan firavan həyat sürməsi üçün dövlətimiz tərəfindən görülən işlər belə deməyə əsas verir.

- "Olimpiya dünyası” qəzetinə nə arzu edərdiniz?

- "Olimpiya dünyası” qəzeti nəşrə başladığı ilk gündən etibarən ölkədə idman və Olimpiya Hərəkatının inkişafı və təbliği istiqamətində özünəməxsus fəaliyyət göstərir. Qəzetiniz obyektivliyi, Olimpiya növləri ilə yanaşı, qeyri-Olimpiya idman növlərinə yer ayırması ilə ölkədə çap olunan digər idman nəşrlərindən fərqlənir. Gərgin və məsuliyyətli işinizdə bütün kollektivə uğurlar arzulayıram.





Səadət Hakıyeva







Bu yazı

9595 dəfə oxunub

Tarix

2017-08-08 12:14:19

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook