Mübariz Bəşirov: "Vətənpərvərlik tərbiyəsi və fiziki tərbiyə vəhdət təşkil edəndə daha səmərəli olur"

Ölkəmizdə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi və milli mənlik şüurunun inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirilir. Belə tədbirlər respublikamızın bütün bölgələrini əhatə edir. Bölgələrdə fəaliyyət göstərən gənclər və idman idarələri də bu işdə fəallıq göstərirlər.

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi gənclərin çoxluq təşkil etdiyi bu şəhərdə vətənpərvərlik mövzusuna geniş yer ayırır. Şəhərin yeniyetmə və gənclərinin milli ruhda yetişdirilməsi bu idarənin fəaliyyət proqramının əsasını təşkil edir. Hərbi-vətənpərvərlik tərbiyəsi sahəsində aparılan işlər şəhərdə fəaliyyət göstərən müxtəlif dövlət qurumları, ictimai təşkilatlarla birgə həyata keçilir. "Şahinlər” hərbi-idman və "Cəsurlar” hərbi-idman və turizm oyunları, "Vətənin müdafiəsinə hazıram” çoxnövçülüyü məktəbli yeniyetmələr tərəfindən həvəslə qarşılanır. Sumqayıtlı gənclərin N saylı hərbi hissələrlə əməkdaşlığı da ildən-ilə gücləndirilir. Bütün bunlar isə, şübhəsiz ki, gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsində əhəmiyyətli rol oynayır.
"Gənclik şəhəri”ndə bu ilin 6 ayı ərzində həyata keçirilən tədbirlər barədə daha ətraflı məlumat almaq üçün Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəis əvəzi Mübariz Bəşirovla görüşdük.

- Mübariz müəllim, gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi bu gün dövlətimizin prioritet məsələlərindən biridir. Bu yöndə lazımı işlər aparılmaqdadır. "Gənclik şəhəri” adlanan Sumqayıtda gənclərlə bağlı hansı işlər görülür?

- Şübhəsiz ki, gənclərimizin hərbi-vətənpərvərlik tərbiyəsi işi ön plandadır. Çünki torpaqlarımızın 20 faizdən çoxu erməni qəsbkarlarının işğalı altındadır. Bir milyondan çox qaçqın və məcburi köçkünlərimiz var. Belə bir vəziyyətdə qarşıda duran əsas vəzifələrimizdən biri gənclərimizi düzgün istiqamətləndirmək və onların hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi işinə xüsusi önəm verməkdir. Ölkəmizin hər yerində olduğu kimi, Sumqayıt şəhərində də bu işə xüsusi diqqətlə yanaşılır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə, digər sahələrdə olduğu kimi, gənclərlə iş sahəsində də çoxsaylı dövlət proqramları qəbul olunub və həyata keçirilir. Dövlət proqramlarında hərbi-vətənpərvərlik tərbiyəsi işinə xüsusi yer ayrılıb. Bu baxımdan, bizim üzərimizə də, çox böyük məsuliyyət düşür. Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin əsas məqsədi böyüməkdə olan gənc nəsli bu işə cəlb etməkdir. Yəni gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsi bizim işimizin əsasını təşkil edir. Gənclərin orduya hazırlığı istiqamətində müəyyən işlər aparılır. Sumqayıt şəhər icra hakimiyyətinin rəhbərliyi ilə son illərdə şəhərimizdə bir sıra mütərəqqi ənənələrin təməli qoyulub. Bu tədbirlər ictimaiyyət tərəfindən çox böyük razılıqla qarşılanır.

Bu ənənələrdən biri də məktəblilərin hərbi paradıdır. Bu parad Sumqayıt şəhər Təhsil Şöbəsi ilə birgə yüksək səviyyədə hazırlanıb həyata keçirilir. Hərbi parada 50 məktəbdən təqribən 3 min məktəbli cəlb olunur. Balaca uşaqların kiçik hərbi-texnikalarla keçidi ictimaiyyət tərəfindən çox böyük maraqla qarşılanır. Hərbi keçidi Sumqayıtın minlərlə sakini qürurla seyr edir.

- Sizcə, bu cür paradların təşkili uşaq, yeniyetmə və gənclərin həyatında nə kimi rol oynayır?

- Sözsüz ki, paradlar gənc nəslin vətənpərvər ruhda böyüməsində mühüm əhəmiyyət kəsb edir. Gənclərin orduya hazırlığı, onların milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi, qeyd etdiyim kimi, ən vacib məsələdir. Orduya hazırlaşan gənclərin hərbi paradlarda iştirakı, onların arasında vətənpərvərlik mövzusunda geniş söhbətlərin aparılması gənclərimizin vətənin müdafiəçiləri kimi formalaşmasında xüsusi rol oynayır. Sumqayıt məktəblərində də bu iş ön plandadır. Məktəblərdə milli qəhrəmanlarımızın foto-stendi yaradılıb, Qarabağda igidlik göstərən oğullarımız barədə şagirdlərlə söhbətlər aparılır, diskussiyalar təşkil olunur. Sumqayıtlı şagirdlər "Cəsurlar” və "Şahinlər” hərbi-idman oyunlarında iştirak etməklə hərb sənətinin incəliklərinə yiyələnirlər. Onların hər biri sabahın əsgərləri, vətənimizin keşikçiləri olacaqlar. Bu baxımdan şagirdlərimizin hərbi-idman oyunlarında, eləcə də hərbi paradlarda iştirakı onların vətənpərvər ruhda tərbiyəsinə müsbət təsir göstərir. Hesab edirəm ki, məhz bu cür tədbirlər gənc nəslin vətən sevgisini, torpağa bağlılığını artırır, onlarda milli mənlik şüurunu formalaşdırır. Ümumiyyətlə, böyüməkdə olan gənc nəslin vətənə sədaqət ruhunda tərbiyə edilməsi qarşımızda duran başlıca vəzifələrdəndir. Buna görə də Sumqayıt məktəblilərinin "Vətənin müdafiəsinə hazıram” hərbi idman oyunlarında iştirakı təmin edilir. Biz 26 İyun Silaşlı Qüvvələr Günü münasibəti ilə "N” saylı hərbi hissəyə güləş döşəyi, ağır atletika avadanlıqları, boks kisəsi, kanat, idman geyimləri, şahmat, dama avadanlıqları təqdim etmişik. Bununla yanaşı, bu il 20 Yanvar, Xocalı Soyqrımı, Sumqayıt hadisələri ilə bağlı dəyirmi masa, disputlar, sumqayıtlı şagirdlərin əl işlərindən ibarət sərgi keçirmişik. Ümummilli lider Heydər Əliyevin şəhərdəki abidəsini və Şəhidlər Xiyabanı Kompleksini yüzlərlə gənc ziyərət edib.

- Yeniyetmə və gənclərin pis vərdişlərdən uzaqlaşdırılması, sözsüz ki, ən vacib məsələdir...

- Doğru deyirsiniz, yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği, narkomaniyanın proflaktikası önəmli məsələdir. Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsi bu önəmli məsələnin həllində fəallıq göstərir. Hər il olduğu kimi bu il də ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərinin arasında "Ağ ölümə yox deyək” devizi altında tədbir keçirilib. Bu tədbirdə şəhərin Təhsil Şöbəsi, Ağsaqqallar Şurası, Polis İdarəsi, Sumqayıt Rayonlararası Narkoloji Dispanserin nümayəndələri iştirak ediblər.

- Sumqayıtda yeniyetmə və gənclərin intellektual fəaliyyətə cəlb edilməsini qənaətbəxş hesab etmək olarmı?

- Şəhərimizin gənc sakinləri arasında sağlam elmi rəqabət mühitinin yaradılması, onların asudə vaxtların səmərəli təşkili bizim illik proqramma daxildir. Bu məqsədlə Heydər Əliyev Mərkəzində "Xəmsə” milli intellektual oyunu üzrə IX Azərbaycan çempionatının Sumqayıt şəhər seçim turu keçirilib. Şəhərimizin "Eldorado” komandası zona mərhələsinin qalibi kimi may ayında Balakən rayonunda təşkil olunan final mərhələsində mübarizə aparıb. Komandamız həlledici mərhələdə 32 komanda arasında ən yüksək xal toplayaraq Azərbaycan çempionu adına layiq görülüb. Bu ilin arxada qalan 6 ayı ərzində Baş İdarə tərəfindən peşə, sahibkarlıq, ailə, maliyə, psixologiya, İKT və digər mövzularda silsilə tədbirlər, seminarlar keçirmişik. Gənclərin kompyuter biliyinin artırılması üçün ödənişsiz kurslar, bədii-əyləncəli tədbirlər təşkil edilib.

- Sumqayıtlı gənclərin respublikamızın müxtəlif bölgələrə ekskursiayları da ənənəvi xarakter alıb. İstərdik ki, bu barədə məlumat verəsiniz.

- Gənclərin hərbi hazırlıq səviyyəsinin yüksəldilməsi, hərbi hissələrə ekskursiyaların təşkil olunması kimi məsələlərə şəhərimizdə çox böyük önəm verilir. Biz bu tədbirləri təkcə Sumqayıtda deyil, şəhərin ətraf qəsəbələrində də həyata keçiririk. Düşünürük ki, bu tədbirləri gələcəkdə daha sistemli şəkildə, yeni metodlar əlavə olumaqla davam etdirək. Qeyd edim ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə son illər gənclərin müxtəlif rayonlara ekskursiyaları təşkil olunur. Bu tədbir "Vətənimizi gəzək, öyrənək” devizi altında keçirilir. Yeri gəlmişkən deyim ki, bu ilə qədər 10 minə yaxın yeniyetmə və gəncin Quba rayonundakı soyqrım məzarlığına ziyarətini təşkil etmişik. Bu il iyulun 21-də Sumqayıt gənclərinin Quba rayonunda "yay məktəbi”nin təşkilinə başlanılıb. Gənclərə milli vətənpərvərlik hisslərinin aşılanması, ölkəmizin bölgələrini tanımaları və asudə vaxtlarının səmərəli təşkili məqsədi ilə keçirilən "yay məktəbi”ndə şəhərimizin ictimai fəal gəncləri iştirak edirlər. Biz Qusar rayonuna səyahət də həyata keçirmişik. Ekskursiyanın açılış mərasimi Sumqayıtda ümummilli lider Heydər Əliyevin adını daşıyan mərkəzdə oldu. Sonra gənclərin bir qrupu Qusara yola düşdü. Rayonda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etdikdən sonra "Qanlı dərə”də qəhrəman igidlərimizin xatirəsinə ucaldılmış abidəni ziyarət etdik. Hesab edirəm ki, bütün bunlar gənclərimizin tariximizi öyrənmək baxımından çox böyük əhəmiyyət kəsb edir. Sonra gənclərimizi Şahdağ Dağ-Xizək kompleksinə apardıq. Gənclərimiz qüdrətli dövlətimizin iqtisadi gücünün, qüdrətinin nəticəsinin əyani şahidi oldular. Şahdağ kompleksi nəinki MDB məkanında, hətta bir çox inkişaf etmiş ölkələrdəki idman komplekslərindən biridir. Gənclərimiz həmin tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə apardığı islahatların nəticəsini gördülər. Onlar ölkəmizin həm iqtisadi, həm də hərbi gücünün inkişafının bir daha şahidi oldular. Sevindiricidir ki, bu inkişaf təkcə mərkəzdə deyil, ölkəmizin sərhəd rayonlarında da gedir. Qusar rayonuna səfərimiz gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunmasında, onların dostluq əlaqələrinin qurulmasında çox böyük rol oynayır. Bunlar da vətənpərvərlik üçün çox vacib məsələlərdən biridir. Gələcəkdədə biz bu işləri davam etdirəcəyik.

- Gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində daha hansı tədbirlər həyata keçirilir?

- Vətənpərvərlik mövzusunda rəsm müsabiqələri, şeir müsabiqələri təşkil edirik. Məlumat üçün deyim ki, Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin "Qanadlandıq uçmağa” adlı almanaxı var. Bu almanaxda 14 ilə yaxındır ki, sistemli şəkildə vətənpərvərlik mövzusunda şeir və rəsm mövzuları toplanılır. Sonra isə bu mövzular toplum şəkildə çap edilir və təqdimatı keçirilir. Yeri gəlmişkən deyim ki, "Qanadlandıq uçmağa” almanaxının 10-cu buraxlışında Azərbaycan Yazıçılar Birliyinin sədri Anar və Fikrət Qoca iştirak etmişdilər. Bunun özü də gənclərdə böyük ruh yaradır. Ölkəmizin tanınmış simaları ilə keçirilən belə görüşlər gənclərdə vətənpərvərlik hissləri baxımından fikir formalaşdırır. Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsi gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi üçün də bir sıra tədbirlər görür. Hər il şəhərimizdə bizim tərəfimizdən mini futbol yarışları təşkil olunur. Bu yarışlar iki aya yaxın davam edir. Həvəskar velosipedçilərin yarışları da şəhərimizdə böyük təntənə ilə keçirilir. Bu yarışda ümumilikdə 400-ə yaxın gənc mübarizə aparır. Məhəllə və mikrorayonlar arasında şahmat və dama yarışları keçiririk. Bu da gənclərin bir-birlərini yaxından tanımaq və şəhərin ən güclüsünü müəyyən etmək baxımından çox gözəl əhəmiyyət daşıyır. Düşünürəm ki, bütün bunlar vətənpərvərlik hisslərinin müəyyən tərkib hissəsidir. Bütün idman növləri üzrə, gənclərlə iş sahəsi üzrə keçirdiyimiz tədbirlərdə qalibləri mükafatlandırırıq.

- Gənclərlə Qarabağ müharibəsi veteranları arasında görüşlər təşkil olunurmu?

- Bəli. Bu görüşlər mütəmadi olaraq təşkil olunur. Sumqayıt şəhərində Ağsaqqallar Şurası adlı qurum fəaliyyət göstərir. Ağsaqqallar Şurası ilə Gənclər və İdman Baş İdarəsinin və Təhsil Şöbəsinin birgə təsdiq etdiyi bir proqram var. Proqram əsasında nəzərdə tutulan tədbirlər mütəmadi olaraq həyata keçirilir. Sumqayıtlı ağsaqqallar ilə gənclərin tez-tez görüşləri təşkil olunur. Ağsaqqallar gənclərə məsləhət və tövsiyələr verirlər. Müharibə veteranları ilə gənclərimizin görüşü məktəblərdə, hərbi hissələrdə təşkil olunur. Qarabağ müharibəsində iştirak edən igidlərimizlə keçirilən görüşlər gənclərin vətənpərvərlik tərbiyəsində xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsi olaraq hərbi hissələrdə əsgərlərin asudə vaxtlarını təşkil etmək üçün müəyyən tədbirlər və konsert proqramları təşkil edirik. Bünlar hamısı bizim iş proqramımızda olan məsələlərdir. Bundan əlavə, narkomaniyanın zərərli tərəflərini göstərmək və gənclərin pis vərdişlərdən uzaqlaşdırılması üçün müəyyən video-çarxlar hazırlayıb nümayiş etdiririk. Bütün bunlar vətənpərvəlik hisslərinin aşılanmasında, gənclərin sağlamlığında mühüm rol oynayır. Təcrübə də göstərir ki, birgə fəaliyyət və iş bu məsələlərdə çox vacibdir. Şəhərimizdə həm mədəniyyət, həm də hərbi sahədə çoxlu tədbirlər keçirilir. Bu tədbirlər gələcəkdə də davam etdiriləcək.

- Məlumdur ki, vətənimizin keşiyində yalnız fiziki cəhətdən sağlam gənclər dayanır. Sumqayıt şəhəri özünün idmançıları ilə də tanınır. Burada fəaliyyət göstərən idman ocaqları ilə əlaqələriniz hansı səviyyədədir?

- Məncə, vətənpərvərlik tərbiyəsi və fiziki tərbiyə vəhdət təşkil edəndə daha səmərəli olur. Bu gün gənclərlə iş dövlətimizin siyasətinin əsas məsələlərindən biridir. Gənclərimizin sağlam və vətənpərvər ruhda böyüməsi üçün müxtəlif bölgələrdə idman ocaqları fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin bu sahədə yeritdiyi məqsədyönlü siyasətin nəticəsidir ki, respublikamızda artıq 40-dan çox müasir tipli Olimpiya İdman Kompleksi tikilib istifadəyə verilib. Son illərdə təkcə Sumqayıt şəhərində iki böyük kompleks inşa olunub. Hazırda Mehdi Hüseynzadə adına şəhər stadionunda yenidənqurma işləri aparılır. İdarəmiz şəhərimizdə olan idman ocaqları ilə müntəzəm əlaqə saxlayır, qarşıya çıxan problemləri həll etməyə çalışırıq. Qürur hissi ilə deyə bilərəm ki, son 10 ildə Sumqayıt şəhərinin xeyli idmançısı dünya və Avropa kubokunda, habelə digər beynəlxalq yarışlarda 1-ci yeri tutub. Dünya, Avropa və Olimpiya Oyunlarında mükafatçılar sırasında sumqayıtlı gənclər də yer alır. Son illərdə 20-ə yaxın idmançımız "Tərəqqi” medalına layiq görülüb. Düşünürəm ki, dövlət tərəfindən göstərilən bu qayğı gənclərimizə xüsusi bir stimul verir. Onlar çalışırlar ki, bu etimadı layiqincə doğrultsunlar. Fiziki sağlamlıq vətənpərvərlik tərbiyəsinin əsasını təşkil edən amillərdən biridir. Bu baxımdan, sumqayıtlı gənclərin vətənpərvər ruhda böyüməsi üçün hər cür imkan var.

- Sumqayıtda "Gənclər evi” fəaliyyət göstərir.

- Bura gənclərin öz intellektual bacarıqlarının nümayiş etdirmək üçün mühüm mərkəzə çevrilib. Hesab edirəm ki, "Gənclər evi”nin istifadəyə verilməsi Sumqayıt gənclərinin ictimai fəallığını daha da artırıb. Bütün bunlar gənclərimizin sağlam böyüməsi üçün atılan addımlardır. Əgər gənclərimiz sağlam, vətənpərvər ruhda böyüyərsə, ölkəmizin müstəqilliyi daha da qüdrətli olar, vətənimizin sərhədləri daha inamla qorunar.
Əminliklə deyə bilərəm ki, sumqayıtlı gənclər vətənimizin müdafiəsinə hazırdırlar. Bu isə ən önəmli bir işdir. Məktəblilərin vətən sevgisi, torpaqlarımızın hər qarışı uğrunda mübarizəyə hazır olması qəlbimizi ruhlandırır. Vətənimizin bütövlüyünün qorunması, işğalçıların tapdağı altında qalan torpaqlarımızın azad edilməsi gənc nəslin vətənpərvər ruhda yetişməsini önə çəkir. Gənclərimiz Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalanları, vətən üçün canını fəda edənləri unutmamalıdırlar. Sevinirəm ki, yeniyetmələr və gənclər Qarabağı unutmur, xalqımızın üzləşdiyi faciələrin tarixini dərindən öyrənirlər. Bütün bunlar isə, vətənimizin sabahı olan gənclərimizin milli mənlik şüurunun inkişaf etdiyinin göstəricisidir.

- Mübariz müəllim, "Gənclik şəhəri”nin gənclərinin idman sahəsində əldə etdiyi nəticələr barədə nə deyərdiniz?

- Təbii ki, fiziki tərbiyə ilə mənəvi tərbiyə biri-biri ilə sıx bağlıdır. Sumqayıtda bu iki önəmli məsələ paralel olaraq həyata keçirilir. Əvvəlcə onu deyim ki, Sumqayıtda ən müasir tələblərə cavab verən idman ocaqları fəaliyyət göstərir. Təmsilçilərimiz həm ölkədaxili, həm də beynəlxalq turnirlərdə iştirak edirlər. 2017-ci ilin 6 ayı ərzində şəhərdə 28 idman növü üzrə 216 şəhər birinciliyi və çempionat, təlim-məşq toplanışları keçirilmişdir. Bu tədbirlərdə 13 minə yaxın uşaq, yeniyetmə, gənc və yuxarı yaş qrupundan olan idmançılar iştirak ediblər. Sumqayıtın 843 nəfər nümayəndəsinin (idmançı, məşqçi, hakim) respublika birinciliklərində, çempionat və kubok yarışlarında iştirakı təmin olunur. 6 ay ərzində keçirilən respublika yarışlarında və beynəlxalq turnirlərdə idmançılarımız 481 medal (162 qızıl, 144 gümüş, 175 bürünc) əldə ediblər. Şəhərimizin idmançıları müxtəlif idman növləri üzrə Azərbaycanın yığma komandalarında çıxış edirlər. Yığma komandalarda yer alan təmsilçilərimiz beynəlxalq yarışlarda 11 qızıl, 12 gümüş, 13 bürünc medala layiq görülüblər. Bu ilin may ayında ölkəmizin ev sahibliyi etdiyi IV İslam Həmrəyliyi Oyunlarında Sumqayıtın 20 idmançısı 9 idman növü üzrə yarışlarda gücünü sınayıb. Təmsilçilərimiz İslam Həmrəyliyi Oyunlarında 4 qızıl, 3 gümüş, 7 bürünc medal qazanıblar. İyun ayında Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəhbərliyi IV İslam Həmrəyliyi Oyunlarında fərqlənmiş idmançıları və onların məşqçiləri ilə görüşüb. Görüşdə idmançılara və məşqçilərə qiymətli hədiyyələr və pul mükafatları təqdim olunub. Şəhərdə bədən tərbiyəsi və idmanın inkişafında xidməti olan mütəxəssislərin yubiley mərasimləri keçirilib.

Dediyim odur ki, Sumqayıtda gənclərin sağlam həyat keçirməsi, onların vətənpərvər ruhda tərbiyə edilməsi istiqamətində atılan addımlar öz bəhrəsini verməkdədir. Biz əlimizdən gələni etməyə çalışırıq ki, gələcəyimiz olan gənclər fiziki cəhətdən güclü, mənəvi cəhətdən saf böyüsünlər.

Hürrü Abdullayev







Bu yazı

4390 dəfə oxunub

Tarix

2017-08-09 15:11:00

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook