Dünya çempionatına gedəcək heyət açıqlanıb




Ölkənin güləş üzrə yığma komandaları Fransanın paytaxtı Parisdə keçiriləcək dünya çempionatına hazırlaşır. 

"Olimpnews.az" xəbər verir ki, avqustun 15-də sərbəst və yunan-Roma güləşi üzrə milli komandalarımızın mətbuat üçün açıq məşqi keçirilib. Məşqlərdə texniki və taktiki çalışmalara üstünlük verilib.

Baş məşqçi Firdovsi Umudovun rəhbərlik etdiyi sərbəst güləş üzrə yığmaməz dünya çempionatında 7 idmançı ilə təmsil olunacaq. 125 kq çəki dərəcəsində güləşən Cəmaləddin Məhəmmədov isə zədəli olduğu üçün yarışlarda iştirak etməyəcək. Baş məşqçi Şaban Donatın rəhbərliyi altında yunan-Roma güləşi üzrə yığma komandamızın heyətində isə dünya çempionatında 8 pəhləvanımız qüvvəsini sınayacaq.

Açıq məşqdə Azərbaycan Güləş Federasiyasının (AGF) vitse-prezidentləri Elçin Cəfərov və Namiq Abdullayev də iştirak ediblər. Dünya çempionatına hazırlaşan sərbəst və yunan-Roma güləşçilərindən ibarət yığmadan yüksək nəticə gözlədiklərini bildirən Elçin Cəfərov jurnalistlərə açıqlamasında deyib: "Hamımız ölkəmizi təmsil edəcək güləşçilərdən yüksək nəticələr gözləyirik. Əhval-ruhiyyə çox yüksəkdir və hər şey qaydasındadır. Dünya çempionatına kim necə hazırlaşıbsa, ondan o cür də nəticə gözləyirik. Hər bir komandadan azı 2-3 medal gözləyirik. Bu da ümumi komanda hesabında ilk "5-liy"ə düşmək üçün şans verir. İnanıram ki, güləşçilərimiz və məşqçilər korpusu bu işin də öhdəsindən gələcəklər".

AGF-nin vitse-prezidenti, Olimpiya çempionu Namiq Abdullayev də yığmamızın dünya çempionatına böyük ruh yüksəkliyi ilə hazırlaşdığını bildirərək dedi: "Komandamız Fransada keçiriləcək dünya çempionatına demək olar ki, hazırdır. İnanırıq ki, bu dəfə də idmançılarımız bizi yüksək nəticələrlə sevindirəcəklər, bayrağımız qalxacaq, himnimiz səslənəcəkdir”.

Sərbəst güləş üzrə yığmanın baş məşqçisi Firdovsi Umudov yığmaya gənc güləşçilərin cəlb edilməsindən danışdı və qeyd etdi ki, heyət bundan əvvəl Dağıstanda və Gürcüstanda keçirilən beynəlxalq turnirlərin nəticələrinə əsasən müəyyən edilib. Baş məşqçi Azərbaycan pəhləvanlarından bu dəfə də yüksək nəticə gözlədiyinə əmin olduğunu bildirdi: "İdmançılarımız hər zaman dövlətimizin diqqət və qayğısı ilə əhatə olunublar. Federasiya rəhbərliyi də güləşçilərin məşq etmələri və yarışlarda iştirakı üçün əlindən gələni əsirgəmir. Nəticə göstərmək isə idmançıların öhdəsindədir. Hər zaman olduğu kimi Azərbaycanın bayrağını qaldırmaq, himnimizi səsləndirmək üçün əlimizdən gələni edəcəyik”.
Yunan-Roma güləşi üzrə yığma komandanın baş məşqçisi Şaban Donat yaxşı hazırlaşdıqlarını və hər bir idmançıdan medal gözlədiklərini bildirib: "Heyətdə dünya və Avropa çempionları yer alıb. Onların hər birinə ümidimiz böyükdür. Hər çəkidə medal gözləyirik. Hər zaman olduğu kimi uğurlu çıxışımızla azarkeşləri sevindirəcəyimizə inanırıq”.

Qeyd edək ki, dünya çempionatı avqustun 21-26-da keçiriləcək. Proqrama əsasən, avqustun 21-22-də yunan-Roma, 23-24-də qadın, 25-26-da isə sərbəst güləşçilər arasında qaliblər müəyyənləşəcək.






Bu yazı

5413 dəfə oxunub

Tarix

2017-08-15 12:19:22

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook