Çingiz Hüseynzadə: “Ramil Quliyevin dünya çempionu olması bizim üçün fəxrdir”




Həmyerlimiz Ramil Quliyevin Londonda yüngül atletika üzrə dünya çempionu olması sevindiricidir.

"Olimpnews.az" saytı xəbər verir ki, bu sözləri Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə avqustun 15-də keçirilən mətbuat konfransında deyib.

MOK-un vitse-prezident qeyd edib ki, yüngül atletika üzrə dünya çempionatı iki ildən bir keçirilir. Dünya çempionatına ilk dəfə olaraq 5 idmançımız lisenziya qazandı. Güclü idmançılarımızdan biri zədələndiyi üçün çempionatda 4 idmançı ilə iştirak etdik. Komandamız dünya çempionatında 5-ci yeri tutdu və bu böyük nəticədir. İdmançılarımız çəkicatma və üçtəkanla tullanma yarışlarında 5-ci oldu. Hayle İbrahimovun nəticəsi zəif idi. Nazim Babayevə ümidlər bəsləyirdik. Amma bu çempionat onun üçün əsas yarış deyildi. Bundan bir neçə həftə öncə o, 23 yaşlılar arasında Avropa çempionatında uğurla çıxış etdi. Onun dünya çempionatında iştirakı təcrübə qazanmaq məqsədi daşıyırdı.

Çingiz Hüseynzadə deyib ki, Ramil Quliyevin dünya çempionu olması böyük hadisədir: "Hamımız onu təbrik etdik. Finaldan öncə nəticələri araşdırıb proqnoz verəndə Ramilin medal qazanmaq şansı olduğunu görürdük. Ramil Quliyev əsl qəhrəmandır və onun dünya çempionu olması bizim üçün fəxrdir”.

Qeyd edək ki, Ramil Quliyev 2011-ci ilin aprelində Türkiyə vətəndaşlığını qəbul edib. O, Böyük Britaniyanın paytaxtı Londonda 200 metr məsafəyə qaçışda dünya çempionu tituluna sahib çıxana qədər 200 metr məsafəyə qaçış üzrə 2009-cu il Universiadasının və "Brilliant Liqa"nın 2017-ci il Paris mərhələsinin qalibi, 2015-ci il Universiadasının və 2016-cı il Avropa çempionatının bürünc mükafatçısı olub. R.Quliyev 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında iştirak edib, 100 metr məsafəyə qaçışda 9,97 saniyə, 200 metr məsafəyə qaçışda isə 19,88 saniyə nəticələrlə şəxsi rekordlara imza atıb.





Bu yazı

35748 dəfə oxunub

Tarix

2017-08-15 16:47:42

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev