İdmanda qalibiyyət əsas olsa da, fiziki sağlamlıq hər şeydən öndədir




İdman insanın sağlam şəkildə böyüməsində, cəmiyyətə faydalı bir fərd kimi yetişməsində müstəsna rol oynayır. Ona görə də uşaqların kiçik yaşdan idman növü seçmələrinə valideynlər diqqətlə yanaşmalıdırlar. İlk olaraq, onlar ölkəyə layiqli vətəndaş yetişdirmək barədə düşünməli, uşaqlarının gələcəyini parlaq görmək üçün uşaqlarını kiçik yaşda bir qədər əyləncəli idman növləri ilə məşğul olmağa yönəltməyə çalışmalıdırlar. Təbii ki, idmanın istənilən növü ilə məşğul olmaq insan sağlamlığına müsbət təsir göstərir. İdman insana kifayət qədər xeyir verir, onu gümrah saxlayır, qamətin düzgün formalaşmasına təsir edir və bir çox xəstəliklərin yaranmasının qarşısını alır. İstər həkim, istərsə də məşqçi rəyinə nəzər yetirsək, idmanın insan həyatında nə qədər əhəmiyyətli rol oynadığını görərik. Bütün idman növlərinin sağlamlığa xeyirli olduğunu nəzərə alsaq, ortaya maraqlı nüans çıxır: məşğul olmaq üçün idman növü seçərkən nəyə diqqət yetirməliyik, hansı yaşda hansı idman növü ilə məşğul olmaq daha faydalıdır və zədələrdən necə qorunmaq lazımdır? Bu suallara cavab almaq üçün həkim-fizioterapevt, reabilitoloq Mətanət Həsənova ilə görüşdük. 

Azərbaycan Tibb Universitetinin müalicə-poflaktika fakültəsində ali təhsil alan Mətanət xanım müxtəlif vaxtlarda özəl və dövlət tibb müəsisələrində həkim terapevt kimi fəaliyyət göstərib. 2009-cü ildən əmək fəaliyyətinə başlayan həmsöhbətim bir müddət Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaranan Kürdəxanı Sağlamlıq Mərkəzində çalışıb. Sonradan Reha-med Germany & Azərbaycan klinikasında, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) tibb məntəqəsinin müdiri vəzifəsini daşıyıb. Hazırda Respublika Müalicəvi Diaqnostika Mərkəzində həkim-fizioterapevt kimi fəaliyyət göstərən Mətanət xanım həmçinin ADBTİA-nın idman tibbi və reabilitasiya sahəsində təşkil etdiyi müəyyən layihələrdə məsləhətçi-həkim kimi iştirak edir.

Müsahibimizlə söhbətimiz əvvəlcə bu ilin mart ayında Monakoda "İdmanda travma və xəstəliklərin profilaktikası” mövzusunda keçirilmiş konqres barəsində oldu. Konqresin yüksək səviyyədə təşkil olunduğunu deyən Mətanət Həsənova tədbirdə 99 ölkəni təmsil edən nümayəndənin iştirak etdiyini bildirdi.
"Milli Olimpiya Komitəsinin təşəbbüsü ilə mən Monakoda keçirilən konqresdə iştirak etdim. Bu konqresin mövzusu "İdmanda travma və xəstəliklərin profilaktikası” idi. Bədən Tərbiyəsi və İdman Akademiyasının tibb məntəqəsi profilaktik işlərlə birbaşa məşğul olduğuna görə, bu məsuliyyət birbaşa mənim üzərimə düşdü. Akademiya rəhbərliyi belə qərara gəldi ki, bu konqresdə mən iştirak edim. Bu konqresi Beynəlxalq Olimpiya Komitəsi təşkil etmişdi. "İdmanda travma və xəstəliklərin profilaktikası” mövzusunda konqres sayca beşinci idi. Qeyd edim ki, ilk üç konqres Norveçin Oslo şəhərində təşkil edilmişdi. Üç ildən bir keçirilən tədbir maraqla qarşılandı. 122 spiker üç gün ərzində mühazirələr oxudu. «Qrimaldi Forum» məkanında keçirilən konqresin açılış və bağlanış mərasimində Monako knyazı iştirak edirdi. Bildiyiniz kimi, idmançılar tez-tez zədələrə məruz qalırlar. Beynəlxalq Olimpiya Komitəsi belə halların qarşısını almaq üçün, müxtəlif profilaktik tədbirlər keçirir. Monakoda təşkil olunan konqres idmançılarda yaranan zədələrin qarşısının necə alınması və beynəlxalq səviyyədə araşdırmalardan, müəyyən elmi yanaşmalardan bəhs edirdi. Konqresdə çox aktual məsələlər müzakirə olundu. Tədbirdə dünyanın tibb və idman sahəsində öz sözünü demiş çox təcrübəli mütəxəssislər iştirak edirdilər. Həmin mütəxəssislər öz biliklərini bizimlə bölüşdülər. Bir çox problemlər həmin tədbirdə müzakirə olundu. Ən çox müzakirə olunan mövzular diz oynağında, ön çarpaz bağında və pəncə, bud-çanaq oynağında rast gəlinən zədələr idi. Bundan əlavə zədənin yaranması biomexanika mövzusunda bir çox müzakirələr aparıldı. Qeyd edim ki, bu zədələrə əsasən komanda idman növlərində rast gəlinir. Bu zədəyə tez-tez məruz qalan idmançılar arasında əsasən futbolçuları qeyd etmək olar. Bundan əlavə idmançı orqanizmində su və duz mübadiləsinin normada necə saxlanılması mövzusunda müzakirələr oldu. Maraqlı mövzulardan biri Böyük Britaniyanın UCL Universitetinin təqdim etdiyi ağız boşluğu xəstəliklərinin idmançı orqanizminə təsirindən və onun qarşısının alınması üçün aparılan tədbirlər haqqında oldu. 

Qeyd edim ki, məhz bu universitet ilə ADBTİA arasında idman tibbi və reabilitasiya kafedrasının yaranması ilə əlaqədar iş birliyinə başlanılıb. Konqresdə alınan məlumat və materiallarla tanıtım məqsədi ilə ADBTİA-nın professor-müəllim heyətinin iştirakı ilə konfrans keçirildi. Orada Milli Olimpiya Komitəsinin nümayəndələri, ADBTİA-nın elm və təhsil üzrə prorektoru, məşqçilər və müəllimlər iştirak edirdilər. İştirakçılara Monako konqresi barədə məlumat verdim. Sonra isə tələbələr arasında konfrans keçirdik. Tələbələrlə aparılan tədbirdə əsasən məşq prosesinin düzgün aparılması, məşq planının hansı mərhələlərdən təşkil olunması və zədələrin yaranmaması üçün hansı məqamlara diqqət etmək lazım olduğu barədə danışıldı”, - deyə Mətanət xanım bildirdi.
İstənilən proflaktik tədbirlərin görülməsinə baxmayaraq zədələrdən hətta ən ehtiyatlı və diqqətli idmançı da sığortalanmayıb. Təbii ki, idmançı üçün arzuolunmaz hal hesab olunan zədələr onun karyerasına da təsirsiz ötüşmür. Təcrübəli həkim söhbətimiz zamanı zədələrdən qorunmağın yolları barsində danışdı: "Mənim işim əsasən idmançılarla olur. Buna görə də onlara məşq zamanı hansı vacib məqamlara fikir vermələrini qeyd edir və məsləhətlərimi verirəm. Bunların arasında tennis, futbol, gimnastika idman növləri ilə məşğul olan peşəkar idmançılar var. Bildiyiniz kimi, futbolçularda daha çox zədələr olur. Peşəkar idmanda zədə qaçılmazdır. Fiziki cəhətdən nə qədər güclü olsan belə, hər hansı hərəkətləri düzgün yerinə yetirmədikdə bu, ağır fəsadlarla nəticələnə bilər. Bildiyiniz kimi, məşqin üç mərhələsi var: isinmə hərəkətləri, əsas məşq və dartınma hərəkətləri. İsinmə hərəkətləri düzgün yerinə yetirilərsə zədələnmə hallarının riski 50 faiz azala bilər. Ümumiyyətlə, isinmə hərəkətlərinə lazımi qədər vaxt sərf olunmaldır. Yəni isinmə hərəkətlərinə 5-10 dəqiqə vaxt sərf etmək düzgün deyil. 



İdmançı ən azı 30-40 dəqiqə ərzində isinmə hərəkətlərini yerinə yetirməlidir. Çünki isinmiş orqanizmdə zədənin əmələ gəlmə ehtimalı çox azdır. İsinməmiş orqanizmdə isə vətərlər, əzələlər birbaşa ağır yükə məruz qaldığı üçün zədə riski çox olur. Bundan əlavə, orqanizmdə gizlin gedən xəstəlik zamanı vətərlər, bağlar və əzələlər daha çox zədəyə məruz qalırlar. Bağ və əzələ dartınmaları idmançılarda hərəkətin biomexanikası pozulduqda baş verə bilər. Bu hallar çox vaxt pəncə nahiyəsində olur. Belə zədələrə əsasən futbol, basketbol, gimnastika növləri ilə məşğul olan idmançılarda rast gəlinir. Bunun qarşısını almaq üçün idmançıların məşqə hansı mərhələdən başlaması məsələsi vacibdir. Bu mərhələdə idmançıya əsasən məşqçi və həkimlər nəzarət etməlidirlər. Əgər idmançı zədə alıbsa, o, qısa müddətdən sonra məşqlərə qayıda bilməz. Çünki onun yenidən zədələnmə ehtimalı daha çoxdur. Həmin zədə mütləq tam aradan qaldırılmalı, idmançı tam sağaldıqdan sonra məşqə və ya yarışa buraxılmalıdır. Ümumiyyətlə, idmançının işi tək onun özündən asılı deyil. Burada məşqçinin, həkimin, fizioterapevtin, psixoloqun, dietoloqun və idmançının rolu vəhdət təşkil edir. 
Belə demək mümkünsə, 6 nəfərlik bu komanda çox uğurlu bir nəticəyə nail ola bilər. Zədələrin yaranmasının bir səbəbi də məşq zamanı idmançıların çox yüklənməsidir. Məşq yükünün həddən artıq verilməsi idmançının zədə alma riskini artırır. Məşq, qidalanma və yuxu rejminin düzgün qurulması idmançını uğura aparan yoldur. Qeyd edim ki, yuxu rejimi bütün insanlar, xüsusilə idmançı üçün çox əhəmiyyətlidir. Hər bir idmançı yuxu rejiminə diqqət etməlidir. Bildiyiniz kimi, idmançılar yarışlar və təlim-məşq toplanışları ilə əlaqədar olaraq tez-tez məkan dəyişirlər. Belə olan halda isə onlarda yuxu rejmi pozula bilər. Yuxu rejminin pozulması nəticəyə təsirsiz ötüşmür. Qeyd edim ki, axşam saat 10-dan gecə saat 2-3-ə qədər orqanizmdə müəyyən boy hormonları ifraz olunur. Yaxşı olar ki, idmançılar həmin vaxtı yuxuda keçirsinlər. Əvvəllər uşaqlar erkən yatırdılar. İndi isə uşaqların əksəriyyəti gecə saat 1-2-də yatırlar. Bu, yuxu rejminin pozulmasına təsir edir. Valideynlər bu məsələyə fikir verməlidirlər. Əgər valideynlər övladlarını rejimə salıb vaxtında yatmasını təmin etsələr onun hormonol sistemi də yaxşı inkişaf edər. Fikir versək görərik ki, indiki uşaqların bəzilərində cılızlaşma gedir. Bunun səbəbi onların normal rejimdə olmaması ilə bağlıdır. Rejim və qida düzgün olmaldır”.



Hazırda bəzi klublar var ki, onların tərkibində psixoloq, həkim, fizioterapevt yoxdur. Bu isə idmançı üçün çox arzuolunmaz haldır. Mütəxəssislər hesab edirlər ki, hər bir idman ocağının tərkibində psixoloq və terapevt olmalıdır. Onlar idmançının uğurlu çıxışı üçün məşqçi ilə birlikdə çalışmalıdırlar. Belə mütəxəssislər olmadıqda isə idmançının zədələnmə riski artır. Bu məsələdə valideynlərdən də çox şey asılıdır. Əgər valideyn uşağını hansısa bir idman növünə yönəldirsə, bu məsələyə hərtərəfli yanaşmalıdır. Yəni uşağın həm psixoloji, həm də fiziki hazırlığına diqqət yetirilməlidir. Bunun üçün valideyn həm psixoloq, həm də həkimlə məsləhətləşməlidir. Əgər idman ocağında qeyd olunan mütəxəssislər yoxdurlarsa, o zaman valideynin də işi bir az çətinləşir. Təcrübəli fizioterapevt Mətanət Həsənova bunun həqiqətən də çox ciddi problem olduğunu qeyd etdi: "Ümumiyyətlə, hər hansı bir idman növü ilə məşğul olarkən zədələrdən qorunmaq üçün başlanğıc və təməl düzgün qurulmaldır. İdmançı üzərində həkim və məşqçilər düzgün işləyirsə zədələnmək riski az olur. Bundan əlavə, idmana yeni başlayan uşaqlar özlərinə uyğun idman növlərini seçməlidirlər. Elə valideynlər var ki, uşaqlarının seçiminə biganə yanaşırlar, yaxud idman növünü öz istəklərinə uyğun seçirlər. İstənilən idman növü ilə məşğul olmaq üçün ölkəmizdə çox gözəl imkanlar yaradılıb. Yeri gəlmişkən qeyd edim ki, bu il Bədən Tərbiyəsi və İdman Akademiyasında Elmi-Tədris Laboratoriyası fəaliyyətə başlayıb. Bu laboratoriyada idmançının fiziki imkanlarını üzə çıxarmaq üçün çox gözəl metodlar hazırlanıb. Tələbə-idmançılar məşqdən əvvəl və ya sonra öz nəticələrini, əzələlərin gücünü və orqanizmin imkanlarını laboratoriya üsulları ilə yoxlaya bilərlər.
Ümumiyyətlə, idmana yeni başlayan uşaqlar hansısa idman növü ilə məşğul olmazdan əvvəl hazırlıq mərhələsindən keçməlidir. Hazırlıq mərhələsindən sonra məşqçi və həkim uşağın fiziki imkanlarını üzə çıxarır. Adətən, məhz bundan sonra uşağın hansı idman növü ilə məşğul olması dəqiqləşdirilir”.


Hansı idman növləri insan orqanizmi üçün faydalıdır?

Aparılan araşdırmalar göstərir ki, üzgüçülük, aerobika və stolüstü tennis insan sağlamlığı üçün ən xeyirli idman növləridir. Futbol və boks öz faydalılığına görə, bu idman növlərindən geri qalır. İdmanın hansı növlərinin sağlamlığa daha çox faydalı olduğunu araşdırmaq üçün Mətanət Həsənovanın fikrini öyrəndik. "Təbii ki, idmanın bütün növləri insan üçün faydalıdır. Lakin bəzi idman növləri də var ki, onlar orqanizmin sağlamlığına müəyyən qədər zərər verə bilər. Statistikaya əsasən ən çox zədə alma riski olan idman növləri boks, güləş, taekvondo, futbol, ağırlıqqaldırma, velosiped və nə qədər qəribə görünsə də, gimnastikadır. Bu növlərlə məşğul olanların çoxunun səhhətlərindəki müxtəlif problemlər zədələrdən yaranır. Boksla məşğul olan idmançılar əsasən kəllə-beyin travmları alırlar. Boks yarışları zamanı idmançılar rinqdə nokdaun və ya nokauta düşürlər. Bu hal onlarda qapalı kəllə-beyin travmasının alınması ilə nəticələnə bilər. İlk baxışdan gimnastika çox zərif bir idman növü kimi görünür. Lakin bu növdə zədələr qaçılmazdır. İdman gimnastikası ilə məşğul olanlarda əsasən bilək və bel zədələri qeydə alınır. Ağırlıqqaldırma idman növü də təhlükəli idman növlərinə aiddir. Bu idman növü ilə məşğul olan idmançılar bel və yırtıq zədələrinə məruz qalırlar. Futbol və taekvondo növləri ilə məşğul olan idmançılarda isə əsasən ayaq və diz zədələri müşahidə olunur. Bununla belə, qeyd etməliyəm ki, idman növlərinin əksəriyyəti insan sağlamlığına müsbət təsir göstərir və ömrü uzadır. Zədə riski az olan idman növləri sırasında üzgüçülük, suyatullanma, atıcılıq, stolüstü tennisi qeyd etmək olar. Bu idman növləri ilə məşğul olan insanlarda erkən ölüm riski digərləri ilə müqayisədə aşağıdır. Şahmat, intellektual idman növü kimi, uşaq və yeniyetmələ üçün çox gözəl bir növdür. Ümumiyyətlə, şahmat insanda müəyyən strategiya və dözümlülük kimi xarakteri formalaşdırır. Hiperaktiv uşaqların daha çox bu idman növü ilə məşğul olması məsləhət görülür. Fikrimcə, şahmatla başqa fiziki güc tələb edən idman növünü kombinasiya etmək lazımdır. Uşaq şahmatla yanaşı, dinamik idman növləri ilə məşğul olarsa, bu, daha çox xeyirli ola bilər. Elə uşaq var ki, özünə qapanır, digər yaşıdları ilə ünsiyyət qura bilmir. Qapalı uşaqların komanda idman növlərinə cəlb olunması daha məqsədəuyğundur. Çünki komanda idman növlərində idmançı daha çox ünsiyyətdə olur və yoldaşları ilə ünsiyyət qurması onun həyatının dəyişməsinə yaxşı təsir göstərir”, - deyə təcrübəli mütəxəssis vurğuladı.

Məlumdur ki, peşəkar idman çox çətin və mürəkkəbdir. Valideyn əgər uşağının peşəkar idmançı olmasını istəyirsə, əvvəlcə bu yolun çox çətin olduğunu qəbul etməlidir. Əgər məqsəd uşağın peşəkar idmana yönəlməsini təmin etmək deyilsə, məqsəd sadəcə onun fiziki sağlamlığını qorumaqdırsa deməli, hər yaşda istədiyi idmana başlaya bilər. Ancaq burada əhəmiyyətli olan ona uyğun bir proqram seçilməsi və xüsusi məşqlərə erkən dövrdə deyil, irəliləyən dövrdə başlanmasıdır. Uşağın fiziki yüklənməsinin qarşısını almaq üçün onun yaşı da mütləq nəzərə alınmalıdır. Mütəxəssislər hesab edirlər ki, 7-10 yaş arası uşaqlar gimnastika, üzgüçülük, futbol, basketbol, voleybol, həndbol, velosiped və tennis kimi idman növləri ilə məşğul ola bilərlər. 10 yaşından sonra isə uşaqları güc tələb edən növlərə cəlb etmək mümkündür. Qeyd edək ki, araşdırmalara əsasən, uşağın 14 yaşından əvvəl boks, güləş və karate ilə məşğul olması başlaması düzgün deyil. Çünki sümük inkişafı hələ tamamlanmamış bədənə ağırlıq salan bu idman növü bədən üçün zərərli ola bilər. Uşaq peşəkar futbola 10 yaşından başlamalıdır. 10 yaşından əvvəl isə hazırlıq mərhələsi keçməlidir. Bundan sonra məşqlər, oyun strukturu, texnikası yerinə yetirilməlidir.
"Valideynlər uşaqlarını idman bölmələrinə yazdırarkən uşağın istəyini və onun fiziologiyasını nəzərə almalıdırlar. Hazırda bir çox valideyn əksər hallarda övladlarını güləş, cüdo, boks bölmələrinə yazdırır. Bu idman növlərində müəyyən uğurların əldə olunması belə bir tendensiyaya səbəb olub. Azərbaycan idmançıları başqa idman növlərində də kifayət qədər uğurlar qazanıblar. Bu baxımdan, uşaqların digər növlərə cəlb olunmasını onların uğursuzluğu kimi qiymətləndirmək düzgün deyil. Valideynlərə məsləhətim odur ki, uşaqlarının təkcə medal qazanacağını düşünməsinlər. İdmanda qalibiyyət əsas olsa da, fiziki sağlamlıq hər şeydən öndədir”, - deyə Mətanət Həsənova bildirdi.


Düzgün qidalanma
uğurların bir hissəsini təşkil edir

İdmanın zədə problemlərindən danışsaq da, onun xeyirli tərəflərini nəzərə almamaq mümkün deyil. Məşqlərə düzgün yanaşdıqda idmanın qan dövranına, əzələlərə, onurğa sütununa və ümumi inkişafa müsbət təsir etdiyini görərik. İdmanla hər bir şəxs, hətta fiziki qüsurlu insanlar da məşğul ola bilərlər. Paralimpiyaçıları buna misal göstərmək olar. Düzdür, həmin idmançıların sağlamlıqlarında müəyyən problemlər var. Onlar həkim nəzarətindən keçir və müsbət rəy verildikdən sonra idmanla məşğul olurlar. Ölkəmizdə ayrı-ayrı idman növləri ilə məşğul olaraq yüksək nəticələr qazanan paralimpiyaçılar kifayət qədərdir. Əlbəttə ki, onların əzmkarlığı, iradəsi uğurların əldə olunmasında müstəsna rol oynayır. İdmanda qida məsələsi də çox önəmlidir. Düzgün qidalanma uğurların bir hissəsini təşkil edir. Qidalanma prosesinin nəzarət altında keçirilməsi vacibdir. Təcrübəli mütəxəssis Mətanət Həsənovanın fikrincə, bu məsələyə biganə yanaşmaq olmaz. "İdmançılar vitaminlərdən, müəyyən minerallardan istifadə etməlidirlər. Peşəkar idmançılar isə müəyyən proteinlər və qida əlavələrindən istifadə edə bilərlər. Bundan başqa, idmançıların ət məhsulları, tərəvəzlər və çərəzlərdən istifadə etmələri məqsədəuyğundur. Təbii ki, bu qidalar həkim və dietoloq məsləhəti ilə qəbul olunmalıdır. Belə desək, idmançılar yemək məsələlərinə ciddi fikir verməlidirlər. Məşq zamanı suyun qəbulu prosesi də idmançı üçün vacibdir. Bu məsələ Monakoda keçirilən konqresdə də bir daha öz təsdiqini tapdı. İdmançı məşq zamanı suyun qəbulunu düzgün şəkildə həyata keçirməlidir. Orqanizmin susuz qalması nəticəsində müəyyən fəsadalar yaranır. Maddələr mübadiləsi zəifləyir, ağız boşluğunda quruma prosesi başlayır. Bu da ağız boşluğunda müəyyən xəstəliklərin yaranmasına təsir edir”, - deyə Mətanət Həsənova əlavə etdi.
Təcrübəli mütəxəssislə söhbət zamanı bir daha əmin olduq ki, idmanda zədələrdən qorunmaq bir nəfərin yox, bir komandanın işidir. Komandanın düzgün qurduğu məşq, müalicə və profilaktika planı idmançıların uğuruna bir başa təsir edir.



Azər Əlizadə





Bu yazı

11086 dəfə oxunub

Tarix

2017-08-18 11:55:47

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook