Ədalət və mərhəmət


Belə bir deyim var. Padişahın ədaləti yoxsa mərhəməti - hansı üstündür? Osmanlı tarixinə bir nəzər yetirək. 10-cu Osmanlı sultanı Qanuni Sultan Süleyman 46 illik hakimiyyəti dövründə (1520-1566) bir dəfə də olsun qərarını dəyişmədi. Fətva almadan böyük qərarlar qəbul etmədi. İki oğlunu və altı nəvəsini edam etdirdi. Ona "Qanuni” ləqəbi qanunlar toplusu və s. yaratdığına görə deyil. ədalətli olmasına görə verilmişdi. Sultan Sülüymanın ədaləti eyni əmələ görə hamının qanun qarşısında bərabər olmasına əsaslanırdı. O, iki oğlunu və onların övladlarını səltənətə qarşı çıxdıqlarına görə edam etdirmişdi (Bu gün dəqiqliklə sübut olunmuşdur ki. böyük oğlu Mustafa heç bir dövlət çevrilişi cəhdində bulunmamışdır). Qanuni Sultan Süleymanın sərt təbiəti, özünün və təbəələrinin qanunlara dürüst əməl etməsi, yüksək ağlı və zəkası, dövlət işlərini hər şeydən üstün tutması nəticəsində Osmanlı imperiyası onun hakimiyyəti dövründə ən yüksək həddinə çatdı. Osmanlışünaslar yekdil fikirdədirlər ki, Sultan Süleyman 36 Osmanlı sultanlarından ən möhtəşəmidir. Osmanlının yüksəlişi "Qanuninin” ölümü ilə dayanır. Təxminən 25 illik durğunluq dövründən sonra imperiyanın enişi başlayır.
Ümumiyyətlə, Osmanlıda "şəriksiz iqtidar” institutu de fakto Sultan I Murad dövründə (s.d 1359-1389) başlamışdı. Orxan Qazi ölən kimi taxta çıxan I Murad 2 qardaşını edam etdirmişdi. Həmin vaxtdan Osmanlı sultanları taxta çıxdıqda qardaşlarını və onların oğlan övladlarını edam etdirirdilər.

7-ci Osmanlı sultanı Fateh II Mehmet (s.d 1451-1481) de fakto mövcud olan bu qaydanı "Fərmani hümayun”-la qanunlaşdırdı. Hətta 13-cü sultan III Mehmet (s.d 1595-1603) 19 qardaşını boğdurmaqla edam etdirmişdi.

Bu qayda 14-cü Osmanlı sultanı I Əhməd (s.d 1603-1617) tərəfindən ləğv edildi. Kiçik qardaşı Mustafaya qıymadı, mərhəmət göstərdi. O, 27 yaşında dünyasını dəyişdi və qardaşı I Mustafa hakimiyyətə gəldi, lakin I Mustafa 3 aydan sonra hakimiyyətdən kənarlaşdırıldı və I Əhmədin böyük oğlu II Osman (s.d 1618-1622) hakimiyyətə gəldi. Qardaşı Mehmeti edam etdirdi. 1622-ci ildə Yeniçərlərin qiyamı nəticəsində II Osman işgəncə ilə öldürüldü. Mərhəmət göstərilmiş I Mustafa təzədən taxta çıxdı. İl yarımdan sonra taxtdan endirildi və I Əhmədin böyük oğlu IV Murad 11 yaşında taxta çıxdı (s.d 1622-1640). Qardaşları Bəyazid və Qasimi edam etdirdi. 1640-ci ildə qaraciyər xəstəliyindən öldü (bəzi mənbələr anası Köşem sultanın da iştirakı ilə tədricən zəhərləndiyini iddia edirlər). I Əhmədin axırıncı oğlu I İbrahim (s.d 1640-1648) taxta çıxdı. 1648-ci ilin avqust ayında oğlu IV Mehmetin xeyrinə taxtdan endirildi. 10 gündən sonra Naibi Səltənət olan anası Köşem sultanın razılığı ilə edam edildi. Beləliklə. Sultan I Əhmədin mərhəmətinə tale 5 oğlunun edamı ilə cavab vermiş oldu.

Bu faktları sadalamaqda məqsədim odur ki. ana tarix bu gün də cavab verə bilmir ki, hansı üstündür, ədalət yoxsa mərhəmət?

Azərbaycanın 2-ci prezidenti Əbülfəz Elçibəy çıxışlarının birində "Doğrudur, qanunu pozmaq olmaz, lakin hərdən yan keçmək olar” demişdi. Bir çox hüquqşünaslar kimi, mən də Elçibəyin bu fikrini istehza ilə qarşılamışdım. Lakin zaman keçdikcə ömür yoluna nəzər salarkən qanunundan geriçəkilmə hallarının çoxlarının, o cümlədən mənim həyatımda da baş verdiyini etiraf etməli olmuşam.

Adətən, memuar və xatirələrdə müəlliflər səhvsiz görünməyə çalışır. Mən bu ənənəni pozaraq şüurlu şəkildə, qəsdən, bilə-bilə yol verdiyim və bu gün də peşiman olmadığım qanundan geriçəkilmə halları ilə (qanundan yan keçmə) bağlı bir neçə hadisəni oxucuların müzakirəsinə verirəm.

I hadisə
1981-ci ilin iyun ayının 30-da (yarımilliyin son günü) Masallı rayon prokurorluğunun müstəntiqi Şaməddin Nəsibov CM-nin 169-cu maddəsi ilə (səhlənkarlıq) istintaq olunmuş cinayət işini yekunlaşdırıb ittihamnaməni təsdiq etmək üçün prokuror əvəzi kimi mənə təqdim etdi. Təqsirləndirilən şəxs meşə gözətçisi idi. (Meşəbəyi). Nırx dəyəri ilə 3500 manat zərərə görə məhkəməyə verilirdi. Barəsində "şəxsi iltizam” qəti-imkan tədbiri seçilmişdi. Ş.Nəsibov dedi ki, təqsirləndirilən şəxs Ələddin (soyadı yadımdan çıxıb) sizinlə görüşmək istəyir. Həmin şəxsi qəbul etdim. Ələddin ağlaya-ağlaya maraqlı və faciəli hadisə danışdı:- 75 yaşlı anam ibadət əhli olduğuna və İranda qohumları qaldığına görə adətən İran televiziyasına baxırdı. Keçən ilin avqust ayında televiziyada ayətullanın moizəsinə qulaq asarkən birdən, ay qardaş, can qardaş, bacın sənə qurban deyib, bayıldı. Özünə gələndən sonra təzədən televizora yaxınlaşıb, qardaş,- deyə ağlamağa başladı. Bu, sənin dayındır, Ələddin,- dedi. Bir neçə gündən sonra dövlət orqanlarına müraciət etdik. Doğrudan da anamın qardaşı imiş. 1938-ci ildə anam 4 uşağı ilə Sovet Azərbaycanında, kiçik qardaş və bacıları isə valideynləri ilə birlikdə İranda qalmışdılar. Məktub yazdıq. Cavab gəldi. Novruz bayramı ərəfəsində dayım telefon açdı, anamla danışdı. İndi İrana getmək üçün mənə və anama iki aylıq viza göndərib. 2 iyulda Bakı-Ənzəli gəmi marşurutu ilə yola düşməliyik. Vizanın vaxtı 31 avqusta tamamlanır. Mənim pasportum cinayət işinə əlavə olunub. Anam da mənsiz gedə bilməz. Əgər getməsə onsuz da xəstə olan anam bu dərdə tab gətirə bilməz, ölər.

Həmin dövrdə barələrində cinayət işi istintaq olunan bir çox şəxslər viza ilə İsrailə gedib qayıtmamışdılar. Diqqətsizlik etmiş bütün istintaq və prokurorluq işçiləri orqandan və partiya sıralarından xaric edilmişdilər. SSRİ Baş Prokurorunun və müvafiq olaraq Azərbaycan Respublikası Prokurorunun göstərişinə əsasən ən yüngül maddə ilə məhkəməyə verilən şəxsin pasportu cinayət işinə əlavə olunmalı idi. Bu tələbə əməl etməmək kobud qanun pozuntusu hesab olunurdu. Çətin və ağır vəziyyətdə qalmışdım. Bir tərəfdə qanun, digər tərəfdə qanun pozuntusundan keçən mərhəmət. Hansını üstün tutmalı?

Mən Ələddinə fikirlərimi çatdırdım. Dedim ki, əgər iyul ayının axırına kimi gəlməsən məni orqandan çıxaracaqlar. Çaşıb İranda qalsanız haqqımda cinayət işi başlanılacaq. Ələddin gözünün yaşını silərək dedi: - Ələmdar müəllim, siz mənə elə yaxşılıq edirsiniz ki, ölsəm də, iyul ayının axırına kimi gələcəyəm. Pasportunu və hərbi biletini cinayət işindən götürüb, heç bir sənəd tərtib etmədən ona verdim. Prokurorun 5 sutka işlə tanış olma hüququndan istifadə edərək bir həftə cinayət işini özümdə saxladım. Məhkəməyə göndərərkən dəftərxana müdirindən xahiş etdim ki, hakimə cinayət işini 2-3 gün gec versin. 15 iyulda məhkəmə sədri Abbas Quliyev mənə telefonla dedi ki, ittihamnaməni vermək üçün müqəssiri çağırırıq, gəlib çıxmır. İki günə gəlməsə, barəsində həbs qəti-imkan tədbiri seçəcəyik. Abbas müəllimdən 3 gün möhlət istədim və 3 gündən sonra onun yanına gedib, hadisəni olduğu kimi danışdım. Yaş fərqimizə baxmayaraq, dostluq münasibətində idik. Mənim xətrimi çox istəyirdi. Ona görə də bərk həyəcanlandı. Sən nə etmisən?! Əgər o vaxtında gəlməsə və yaxud İran dövlətindən sığınacaq istəsə, sənin haqqında cinayət işi başlaya bilərlər. Abbas müəllim, olan-olub. Mən ona inanıram. Mütləq gələcək,-dedim. Vaxt daraldıqca həyəcanım artır, gecələr yata bilmirdim.

İyul ayının 29-da axşam saatlarında Ələddin Bakıdan zəng etdi: - Ələmdar müəllim, Bakıdayam. 1 saata maşınla çıxırıq. Sabat saat 9:00-da məhkəmədə olacağam. Səhərisi günü məhkəmədə prokuror kimi işə çıxdım. Ona şərti cəza verdik. Məhkəmədən sonra Ələddin anası ilə dayısının necə görüşmələrindən, dayısının İmam Xomeyninin ən yaxın adamlarından olsa da, iki aylıq vizanın çox çətinliklə bir aya endirilməsindən, anasının və dayısının mənə etdikləri dualarından danışdı. Dayısı mənə təsbeh və Quran göndərmişdi.

Ələddin ilə uzun illər dostluq etdik. Mən Masallıdan gedəndən sonra da o, məni arayıb, axtarırdı.

II hadisə
1993-cü ilin əvvəllərində, gecə saatlarında milis şöbəsindən məlumat verdilər ki, kəndlərin birində hadisə olub və bir nəfər qarın boşluğuna keçən ağır xəsarətlə xəstəxanın cərrahiyyə şöbəsinə gətirilib (bəzi mülahizələrə görə kəndin və şəxslərin adlarını göstərmirəm). Xəsarət yetirən şəxs milis şöbəsinə gətirilərək, şübhəli şəxs kimi saxlanılmışdı.

Səhərisi günü CM 102-ci maddəsi ilə cinayət işi başlanıldı. İlkin istintaq hərəkətləri nəticəsində aşağıdakılar müəyyən edilmişdi.

Toy məclisində "A” dostu "B” ilə bir gənc qadına "aşiq” olurlar. Toy yekunlaşdıqdan sonra həmin qadını izləyirlər. Qadının bir kişinin qoluna girərək getdiyini görən "B” :- Bu qadın evlidir. Gəl qayıdaq, - deyir. "A” razılaşmır ki, qadın mənə baxıb gülürdü. Məndən xoşu gəlir. Onunla mütləq görüşməliyəm. "B” aralanıb evlərinə gedir. "A” isə ər-arvadı izləməkdə davam edir. Qadın və əri "D” evlərinə gəlib, aynabəndin cəftəsini içəridən bağlayıb, yatırlar. Təxminən 30 dəqiqədən sonra "A” əlinə keçən məftillə aynabəndin cəftəsini qaldırıb , evə girir və oradan da yataq otağına keçərkən "D” əlindəki bıçaq ilə "A”-nın qarnına bir zərbə vurur. "A”-nın qışqıraraq yıxıldığını görüb, tez həkim çağırır, sonra milis şöbəsinə gəlib bıçağı təhvil verir.

Bu hadisə rayonda böyük narahatçılığa və səs-küyə səbəb olmuşdu. Müstəntiq "D”-yə CM-nın 102 maddəsi ilə ittiham elan etdi. "Həbsə” icazə vermədim. Bəzi mülahizələrə görə müstəntiqə sonrakı fikirlərimi bildirmədim. Yusif həkimi ( rayon mərkəzi xəstəxanasının baş həkimi) dəvət etdim. O, cərrahiyyə əməliyyatının ağır keçsə də, xəstənin durumunun qənaətbəxş olduğunu söylədi. Yusif həkim yetirilmiş xəsarətlə təqdim olunmuş mətbəx bıçağının uyğunsuzluğu barədə bildirsə də, onun sözlərinə fikir vermədim (Ehtimal olunurdu ki, bıçaq qarın boşluğuna keçdikdən sonra burulmuşdu). Baş həkimə xəstə palata keçirilərkən mənə xəbər verməsini tapşırdım. 5 gündən sonra xəstə "A” yeriməyə başlayarkən onun barəsində CPM-nin 167-ci maddəsinə əsasən (ittiham elan olunmadan həbsə alma) həbs qəti-imkan tədbiri seçdim. Xəstənin palatasına milis postu qoyuldu. 10 gündən sonra "A”-ya CM-nın 207-ci mad. 2 hissəsi ilə (qərəzli xuliqanlıq) ittiham elan olundu və barəsindəki həbs qəti-imkan tədbiri gücündə saxlanıldı.

Çox mübahisələr oldu. Xuliqanlıq cinayətində ictimai qaydanın kobud şəkildə pozulması və cəmiyyətə açıq hörmətsizlik edilməsi zəruri şərtdir. Gecə yarısı hamının yatdığı bir vaxtda "ictimai qaydanın pozulması” mübahisəli idi. Lakin "xüsusi azğınlıq” motivinin çox güclü olmasına görə mən qərarımı düzgün hesab edirdim. (Həmin vaxt "oğurluq niyyəti olmadan mənzilə qanunsuz girmə” anlayışı yox idi). İstintaq müddətinin başa çatmasına bir gün qalmış müstəntiqə qərarımı açıqladım. Cinayət işinin "D”-nin barəsində olan hissəsi CM-nin 13-cü maddəsinə əsasən (zəruri müdafiə) xitam edildi. "A” CM-nin 207-ci mad. 2-ci hissəsi ilə təqsirli bilinib, məhkəməyə verildi. Məhkəmənin hökmü ilə "A” 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edildi. Uca ədalət öz sözünü dedi.

(ardı var)
Ələmdar Məmmədov,
keçmiş prokuror






Bu yazı

5741 dəfə oxunub

Tarix

2017-08-21 17:42:44

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook