Hacı Əliyev 3 qat dünya çempionu olmaqla tarix yazdı




Avqustun 21-26-da Fransanın paytaxtı Parisdə güləş üzrə böyüklər arasında dünya çempionatı keçirilib. Azərbaycan güləş yığması yarışda uğurla çıxış edərək vətənə 1 qızıl və 2 bürünc medalla qayıdıb.

İkiqat dünya çempionu, Rio-2016 Yay Olimpiya Oyunlarının bürünc medalçısı, sərbəst güləş yarışlarında 61 kq çəkidə mübarizə aparan güləşçimiz Hacı Əliyev 3-cü dəfə dünya çempionu tituluna layiq görülüb. Bu, Azərbaycanın sərbəst güləş tarixində bir ilkdir.

Dünya çempionatının bürünc medallarını yığmamıza digər sərbəst güləşçimiz Aslanbek Alborov (97 kq) və yunan-Roma güləşçimiz (80 kq) Elvin Mürsəliyev qazandırıb.
Sərbəst güləşçilərimizdən Cəbrayıl Həsənov (74 kq) və Aleksandr Qostiyev (86 kq), eləcə də yunan-Roma güləşçilərimizdən ilk dəfə böyüklər arasında dünya çempionatında iştirak edən İslam Abbasov (85 kq) yarışı beşinci sırada başa vurublar.

Sərbəst güləş üzrə yığma komandamızın baş məşqçisi Firdovsi Umudov yarışların gərgin mübarizə şəraitində keçdiyini və güləşçilərimizin axıra qədər inamla döyüşdüyünü deyib. Baş məşqçi Hacı Əliyevin 3 qat dünya çempionu olmasını belə qiymətləndirib: "Bu qələbə dövlətimizin, bütövlükdə bütün xalqımızın qələbəsidir. Yüksək nəticələr dövlət başçısının ölkəmizdə idmana və idmançılara göstərdiyi diqqət və qayğı sayəsində əldə edilib”.

Üçqat dünya çempionu olmağı sevincini yaşayan Hacı Əliyev isə deyib: "Növbəti hədəfim 2020-ci ildə Olimpiya çempionu olmaqdır. Çalışacağam ki, növbəti yarışlarda da uğurlu nəticələr göstərim”.



Bu yazı

5083 dəfə oxunub

Tarix

2017-08-28 10:08:41

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook