Dünya mətbuatı “Qarabağ”dan nə yazır?


Bugünlərdə azərbaycanlı azarkeşlərin ürəyi "Qarabağ”la döyünür. Ağdam təmsilçisinin Azərbaycan futbol tarixində ilk dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması azarkeşlərin arzusunu reallaşdırdı. Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev komandanın bütün üzvlərini qəbul edib, onlara uğurlar arzuladı. Həmçinin, müxtəlif ölkələrdən "Qarabağ”ın ünvanına təbriklər gəldi. Komandamızın qələbəsi Azərbaycanda futbol azarkeşlərinin ürəyincə oldu. Çünki ən azı, 3 ay ərzində Avropanın ən güclü komandaları ölkəmizə səfər edəcək.

Olimpnews.az saytının məlumatına görə, ölkə çempionumuzun tarixi uğuru nəinki yerli, eləcə də, dünya mətbuatında diqqət mərkəzinə düşüb. Dünya mətbuatı Azərbaycan futbol klubunun Avropanı fəth etməsindən yazır. "Qarabağ”a həsr olunan bir neçə yazı haqda məlumat vermək, yəqin ki, sizin üçün maraqlı olar.

Almaniyanın nüfuzlu "Die Welt” qəzetində dərc olunmuş "Çempionlar Liqasında vətənsiz, qaçqın klub” başlıqlı yazıda qeyd olunub ki, "Qarabağ” təkcə Ağdamın deyil, bütün Azərbaycanın qürurudur. "”Qarabağ” (Ağdam) - bu komanda Çempionlar Liqasında çıxış edir. Dağlıq Qarabağ bölgəsini təmsil edən bu kiçik klub 1993-cü ildən ev oyunlarını Ağdamda keçirə bilmir. "Qarabağ” Çempionlar Liqasının qrup mərhələsində iştirak edəcək ilk Azərbaycan komandasıdır.

"Kopenhagen”lə oyundan sonra vətənə qayıdan komandanı hava limanında minlərlə azarkeş qarşıladı. Onlar oxudu, rəqs etdi və qəhrəman futbolçularına dəstək verdilər. Azarkeşlər hələ "Kopenhagen”lə oyun başa çatan kimi Bakı küçələrinə çıxaraq komandalarının zəfərini qeyd etdilər.

1990-cı illərdən başlayan Ermənistan - Azərbaycan münaqişəsi nəticəsində minlərlə azərbaycanlı öz doğma yurdundan didərgin düşüb və hələ də geri qayıda bilmir. "Qarabağ” isə "qaçqın” komanda adlanır. Klubun vətəni olan Ağdam o zamandan etibarən "ruhlar şəhərinə” çevrilib. "Qarabağ” klubu 1993-cü ildən bəri ev oyunlarını müxtəlif şəhərlərdə keçirib və nəhayət, Bakıdakı Tofiq Bəhramov adına Respublika Stadionunda qərarlaşıb. "Kopenhagen”lə oyundan sonra komandanın kapitanı Rəşad Sadıqov qürurla bildirib ki, biz çətin sınaqlardan keçmişik.

"Qarabağ” ardıcıl 4 il Azərbaycan çempionu olsa da, Çempionlar Liqasının qrup mərhələsində oynamaq bu komanda üçün çətin olacaq. Klubun illik büdcəsi 12 milyon avrodur”, - deyə Almaniyanın nüfuzlu qəzetində qeyd olunub.

Türkiyənin nüfuzlu media orqanları "Qarabağ”ın Çempionlar Liqasının qrupuna vəsiqə qazanmasını manşetlərdə veriblər. "Hürriyyət” qəzeti ""Qarabağ” tarix yazdı” başlıqlı yazıda Ağdam klubunun Azərbaycan futbolu tarixində ilk dəfə ÇL-in qrupuna düşdüyünü yazıb. "Milliyət” qəzeti isə xəbərə ""Qarabağ” Çempionlar Liqasının qrupuna düşdü” başlığı verib. Ölkənin daha bir nüfuzlu ictimai-siyasi KİV-lərindən "Habertürk.com” saytında "”Qarabağ” "Kopenhagen”ı üstələyərək Çempionlar Liqasının qrupuna düşdü” başlıqlı yazı dərc olunub.

Türkiyə mətbuatında "Azərbaycan komandası "Qarabağ” bir ilki bacardı” ("CNN Türk”ün saytı), "”Qarabağ” tarix yazdı” ("Fanatik” qəzeti), "Çempionlar Liqasında bir ilk. "Qarabağ” tarix yazdı...” (tr.beinsports.com saytı) və digər başlıqlar altında silsilə yazılar Ağdam təmsilçisinə həsr olunub.

Rusiya mətbuatı da ağdamlıların uğuruna laqeyd qalmayıb. Bu ölkənin sports.ru saytında "Qarabağ” klubu ilə bağlı maraqlı məqalə dərc olunub. Məqalədə Azərbaycan təmsilçisinin 2014-cü ildən Avropa Liqasının qrup mərhələsində çıxış etdiyi, müəyyən təcrübə qazandığı qeyd olunub. Məqalədə deyilir: "Bu klub Ağdam şəhərini təmsil edir. Ağdam 1993-cü ildə ermənilər tərəfindən işğal olunub və dağıdılıb. Buna görə də "Qarabağ” Bakıya köçüb. Sonradan Ağdamın Quzanlı qəsəbəsində yerləşib. Bir müddətdən sonra yenidən paytaxta qayıdıb. "Qarabağ” Çempionlar Liqasındakı matçlarını Tofiq Bəhramov adına Respublika Stadionunda keçirir.
Klubun baş məşqçisi Qurban Qurbanov bir vaxtlar Rusiyanın "Fakel”, "Baltika”, "Volqare-Qazprome” klublarında çıxış edib. O, 14 qolla milli komandanın bombardiridir. "Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsində yer alması təsadüfi deyil”.

*    *    *

"Qarabağ”ın tarixi uğur qazanması azarkeşlərlə yanaşı, futbol mütəxəssisləri, veteran futbolçuların sevincinə səbəb oldu. Bunu apardığımız sorğu zamanı əyani hiss etdik.

"Bu qələbə işğal altında olan Qarabağın qələbəsidir”

Kazbek Tuayev ("Şöhrət” ordenli veteran futbolçu): "Azərbaycan Prezidenti İlham Əliyev "Qarabağ” klubu haqqında xoş sözlər dedi. Doğrudan da, bu qələbə Azərbaycanın qələbəsidir. İşğal altında olan Qarabağın qələbəsidir. Hər birimizin qəlbinə sevinc bəxş edən bu qələbə münasibəti ilə xalqımızı təbrik edirəm. "Qarabağ”ın qələbəsi Azərbaycan futbolunun inkişafının təsdiqi idi. Biz təsdiq etdik ki, ölkəmizdə futbol inkişaf edir. Bu qələbə təsadüfi qələbə deyil. Azərbaycanda idmana göstərilən dövlət qayğısının təzahürüdür. Təsadüfi deyil ki, futbol üzrə milli komandamız IV İslam Həmrəyliyi Oyunlarının qalibi oldu. Azərbaycan Prezidenti İlham Əliyevin idmana göstərdiyi xüsusi qayğı idmançılarımızın ayrı-ayrı növlər üzrə beynəlxalq yarışlarda qələbə qazanmasına çox geniş imkan yaradıb.

Çox sevinirəm ki, "Qarabağ” klubu UEFA Çempionlar Liqasının qrup mərhələsində çıxış edəcək. Düzdür, rəqiblər çox güclü klublardır. Mən proqnoz vermək istəməzdim. Ən önəmli məsələ odur ki, "Çelsi”, "Atletiko”, "Roma” kimi klublar Bakıya gələcəklər. Azərbaycanlı uşaqlar məşhur futbolçuları canlı görəcəklər. Mənə elə gəlir ki, bu, uşaqlar üçün xoş aura yaradacaq. "Qarabağ” qrup mərhələsində hansı nəticələr göstərəcəksə göstərsin, biz doğma klubumuza hörmətlə yanaşacağıq”.

"Bu, ölkə futbolu üçün çox önəmli hadisədir”

Robert Prosineçki (Azərbaycan milli komandasının baş məşqçisi): "Fürsətdən istifadə edərək, "Qarabağ”ı Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməsi münasibətilə təbrik etmək istərdim. Çünki bu, ölkə futbolu üçün çox önəmli hadisədir. Qrupa gəldikdə, Çempionlar Liqasında asan rəqib yoxdur. "Çelsi”, "Roma” güclü rəqiblərdir, "Atletiko” barədə heç danışmaq istəmirəm. Onların necə futbol oynadıqlarını bilirik. Əsas odur ki, "Qarabağ” bu işin öhdəsindən gələ, tarixi addım ata bildi. Qrup mərhələsinin startını gözləməliyik. Amma "Qarabağ” çox çətin qrupa düşüb”.

""Qarabağ” klubunun bu səviyyəyə çatması alqışalayiqdir”

Böyükağa Hacıyev (AFFA-nın Məşqçilər Komitəsinin üzvü): ""Qarabağ” klubunun bu səviyyəyə çatması alqışalayiqdir. Komanda Avropanın ən güclüləri ilə bir qrupda mübarizə aparacaq. Qurban mənim rekordumu yenilədi. Mən buna sevinirəm. Qətiyyən məndə qısqanclıq yaratmır. Çünki bu uğuru yerli məşqçimiz qazanıb. Bunu əcnəbi məşqçi etsə idi, qısqanardım.

UEFA Çempionlar Liqasının qrupunda "Qarabağ”ın bəxtinə düşən rəqiblər çətindir. Hər üç komanda - "Çelsi”, "Atletiko” və "Roma”nın gücünə bələdik. Ancaq bunun fərqi yoxdur. Ən vacibi qrupa düşmək idi. Bunu da "Qarabağ” bacardı”.


"Son matç ərzində olduqca həyəcanlı idim...”

Musa Qurbanov (keçmiş futbolçu): "Təəssüratlarım əladır. Hazırkı hisslərimi tam çatdırmağa, bəlkə də, söz tapa bilmirəm. "Qarabağ”ın hər oyununa baxanda özümü itirirəm. Son matç ərzində də olduqca həyəcanlı idim, ümumiyyətlə, özümdə deyildim. Oyundan sonra da heç yata bilməmişəm. Azarkeşlər kimi, mən də səhərə kimi şəhərdə qələbə coşğusunu qeyd etdim. Sevincimi evdə uşaqlarla bölüşdüm, gedib Qurbanın oğlunu götürdüm, şəhəri gəzdik. Amma yenə istədiyim kimi sevinə bilməmişəm.

Görüş başa çatandan dərhal sonra Qurbana zəng vurdum, hisslərimizi bölüşdük. Mən ona təşəkkürümü bildirdim, o mənə minnətdarlıq etdi. Bir az keçmişdən danışdıq, anamızı xatırladıq. Qurban və mən bir-birimizin oyunlarını həmişə qardaş gözü ilə izləmişik. Belə çox çətindir. Çünki özünü cilovlaya, toparlaya bilmirsən. Amma qələbə olanda bu hissləri keçirməyə dəyir. Əminəm ki, "Qarabağ” qrup mərhələsində keçirdiyi oyunlarla bu qrupa təsadüfən düşmədiyini sübut edəcək”.

Rahib Səmədov




Bu yazı

6847 dəfə oxunub

Tarix

2017-08-31 17:29:05

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook