Gənclər və İdman Nazirliyində mətbuat konfransı keçirilib




Sentyabrın 5-də Gənclər və İdman Nazirliyində (GİN) taekvondo üzrə milli komandamızın dünya çempionatında və idmançılarımızın Tələbələrin 29-cu Dünya Yay Universiadasında əldə etdikləri nəticələrlə bağlı mətbuat konfransı keçirilib.

"Olimpnews.az"ın məlumatına görə, tədbirdə Gənclər İdman Nazirliyinin İdman şöbəsinin müdiri Fərid Mansurov, mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova, Azərbaycan Taekvando Federasiyasının (ATF) rəhbərliyi, taekvando, cüdo və atletika yığma komandalarımızın məşqçilər korpusu, idmançılar iştirak ediblər.
GİN-nin İdman şöbəsinin müdiri Fərid Mansurov idmançılarımızı əldə etdikləri uğurlu nəticələrlə bağlı təbrik edib. O, bundan sonra da təmsilçilərimin beynəlxalq yarışlarda yüksək səviyyədə çıxış edəcəklərinə əmliyini ifadə edib.

Azərbaycan Taekvondo Federasiyasının icraçı direktoru Nağı Səfərov taekvandonun Azərbaycanda ildən-ilə daha da inkişaf etdiyini, yüksək nəticələr qazanıldığını bildirib: "Taekvondoçularımız dünya çempionatında 2, universiadada 5 medal qazanıblar. Millimiz daha da yaxşı nəticə göstərmək gücündədir. Medallarımızın sayı daha çox ola bilərdi. Ancaq dünya çempionatında 1 qızıl və 1 gümüş medal da böyük nəticədir. Sevindirici haldır ki, mundialda mükafatlarımızın sayı artan templə davam edir. Komandamızı qarşıda Qran-pri turniri də gözləyir”.

Tələbələrin 29-cu Dünya Yay Universiadasında Azərbaycan nümayəndə heyətinə rəhbərlik edən GİN-nin sektor müdiri Aydın Məmmədov yığma komandamızın yüksək səviyyədə çıxış etdiyini vurğulayıb: "Universiadada 19 idmançı ilə iştirak edirdik. Komandamız 3 qızıl, 1 gümüş, 4 bürünc medalla 24-cü yerdə qərarlaşdı. Qeyd edim ki, universiadada 134 ölkənin idmançıları 21 idman növü üzrə mübarizə aparırdılar. Orada bir çox görüşlər də keçirdik. Görüşlərdə idmançı və rəsmilər Azərbaycanda keçirilən mötəbər idman tədbirlərinin çox böyük peşəkarlıqla təşkil edildiyini qeyd etdilər”.

ATF-nin vitse-prezidenti Rəşad Əhmədov da idmançılarımızın əldə etdiyi nəticələrin uğurlu olduğunu, yığma komandamızın növbəti yarışlarda daha çox medal qazanacağına inandığını qeyd edib.
Universiadada iştirak etmiş cüdo komandamızın baş məşqçisi Azər Şıxəlizadə yarışlara qatılan 3 idmançımızdan 2-nin medal qazanmasının yüksək nəticə olduğunu bildirib: "Biz istəyirdik ki, 3 idmançımızın hər biri medal qazansın. Lakin 1 qızıl və 1 bürünc mükafata sahib olduq”.
Tələbələrin 29-cu Dünya Yay Universiadasında yüngül atletika üzrə qızıl medal qazanan Nazim Babayev bu ilin onun üçün uğurlu olduğunu deyib: "Mən IV İslam Həmrəyliyi Oyunları, Avropa çempionatı və tələbələrin 29-cu Dünya Yay Universiadasında qızıl medal qazandım. Bir sözlə, 2017-ci il mənim üçün uğurlu ildir”.

Daha sonra tədbirdə iştirak edən digər idmançılar fikirlərini bildiriblər.
Sonda jurnalistlərin sualları cavablandırılıb.




Bu yazı

4513 dəfə oxunub

Tarix

2017-09-07 10:36:54

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook