Bakı gələn il batut gimnastikası üzrə Avropa çempionatına ev sahibliyi edəcək




Milli Gimnastika Arenası gələn il batut gimnastikası, tamblinq və ikili mini-batut üzrə Avropa çempionatını qəbul etməyə tam hazırdır.

"Olimpnews.az"ın məlumatına görə, bu sözləri Avropa Gimnastika İttifaqının (UEG) batut gimnastikası üzrə texniki komitəsinin prezidenti Vladimir Zeman deyib. Vladimir Zeman bildirib ki, Milli Gimnastika Arenası bu cür böyük yarışların keçirilməsi üçün Avropada mövcud olan ən yaxşı arenalardan biridir. Biz Bakıya, ilk növbədə, yarışların hazırlığı ilə tanış olmağa gəlmişik. Eləcə də iki gün ərzində texniki komitənin iclaslarını keçirəcəyik. Deyə bilərəm ki, Milli Gimnastika Arenası Avropanın ən yaxşı idman qurğularından biridir. Bu arena gimnastikanın bütün növləri üzrə ixtisaslaşmış idman qurğusudur.

UEG rəsmisi qeyd edib ki, Bakı, həmçinin irimiqyaslı yarışların keçirilməsində böyük təcrübəyə malikdir. İki il əvvəl Bakıda birinci Avropa Oyunları yüksək səviyyədə təşkil olundu. Bundan başqa, Bakı iki dəfə batut gimnastikası və digər gimnastika növləri üzrə dünya kuboku yarışlarını qəbul edib.
"Milli Gimnastika Arenası batut üzrə dünya çempionatını qəbul etməyə hazırdır. Bu, növbəti addım olmalıdır. Azərbaycan dəfələrlə gimnastika üzrə dünya kuboku yarışlarını qəbul edib. Gələn il isə Avropa birinciliyi keçiriləcək. Dünya çempionatı niyə də Bakıda keçirilməsin? Düşünürəm ki, Bakı, Milli Gimnastika Arenası buna tam hazırdır”, - deyə Vladimir Zeman əlavə edib.



Bu yazı

1793 dəfə oxunub

Tarix

2017-09-07 12:55:46

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook