“Qarabağ” bu gün Çempionlar Liqasının qrup mərhələsində debüt edəcək


Bu gün UEFA Çempionlar Liqasında (ÇL) qrup mərhələsinin oyunlarına start veriləcək. Olimpnews.az saytının məlumatına görə, Azərbaycan çempionu "Qarabağ” klubu ölkə futbolu tarixində ilk dəfə ÇL-in əsas mərhələ matçına çıxacaq. Bunadək qitənin ən nüfuzlu klub turnirinin yalnız təsnifat mərhələlərində təmsil olunan Azərbaycanın qrupdakı debütü Londonda gerçəkləşəcək. C qrupunda mübarizə aparan "Qarabağ” I turda "Çelsi” klubu ilə münasibətlərinə aydınlıq gətirəcək. Görüş Londonun məşhur "Stemford Bric” stadionunda təşkil olunacaq.

UEFA Çempionlar Liqası
C qrupu
"Çelsi” (İngiltərə) - "Qarabağ” (Azərbaycan)
Hakimlər: Anastasios Sidiropulos, Polixronis Kostaras, Lazaros Dimitriadis, Damianos Eftimiadis (hamısı Yunanıstan).
12 sentyabr. London. "Stemford Bric” stadionu. Saat 22:45.

Bu, Qurban Qurbanovun yetirmələrinin Londona ikinci səfəridir. İki il əvvəl UEFA Avropa Liqasının qrupunda ağdamlılar "Tottenhem”lə üz-üzə gəlib. Azərbaycan və İngiltərə klublarının hələlik yeganə qarşılaşmasının hər iki səhnəsində britaniyalılar qalib gəlib. "Qarabağ” Londonda 1:3, Bakıda 0:1 hesabı ilə uduzub.

Debütlə əlamətdar olan tarixi matça rəqiblər fərqli durumda gəlib. Topaz Premyer Liqasında IV turun "Səbail”lə görüşü təxirə salınan "Qarabağ” "Qəbələ” ilə matçdan 17 gün sonra meydana çıxacaq. Milli komandaların oyunları ilə əlaqədar fasilədən öncə son görüşünü keçirən ağdamlılar hazırlığını məhz bu matça uyğun qurub.

London klubu isə "Qarabağ” öncəsi "Lester”lə səfər matçında qələbə əldə edib. Ardıcıl 3-cü dəfə qalib gələn Antonio Kontenin yetirmələri Çempionlar Liqasına yüksək əhval-ruhiyyədə çıxacaq. Ümumiyyətlə isə, hər iki komanda öz ölkəsinin çempionatında ardıcıl 3 dəfə qalib gəlib.

Yeri gəlmişkən, İngiltərə mətbuatı Londonda keçiriləcək matçın təxmini start heyətlərini açıqlayıb. "Zadəganlar”ın bir ildən sonra yenidən qitənin ən nüfuzlu klub turnirində iştirak etməsi haqqında geniş yazı hazırlayan "Evening Standart” və "Sunday Express” nəşrləri "Qarabağ”ın 4-cü cəhdində qrup mərhələsində oynaya bildiyini də vurğulayıblar.

Matçın ehtimal olunan heyətləri ilə bağlı isə ingilis həmkarlarımız "Çelsi”nin sürpriz bir komanda ilə oynayacağını düşünürlər. Yeni transferlərin start heyətində meydana çıxmasını yüksək dəyərləndirən ingilislər zədədən dönən Eden Azarın da ilk dəqiqələrdən meydanda olacağını düşünürlər. Beləliklə, İngiltərə mediasının fikrincə, "Çelsi” "Qarabağ”a qarşı aşağıdakı heyətlə oynayacaq: Villi Kabalero, Antonio Rüdiger, Qari Keyhill, Andreas Kristiansen, Devid Zappakosta, Markos Alonso, Nqolo Kante, Danni Drinkvoter, Villian, Eden Azar, Miki Batşuay.


Bu yazı

5329 dəfə oxunub

Tarix

2017-09-12 10:14:28

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook