Veteran gimnastlar yubileylərini qeyd ediblər


Sentyabr ayında iki veteran gimnastımız öz yaşını qeyd edir. Olimpnews.az saytının məlumatına görə, hər iki yubilyar - Larisa Mehtiyeva və Eldar Cahangirbəyov həyatlarını idman gimnastikası növünə həsr ediblər.

Larisa Mehtiyevanın 75 yaşı tamam olur. SSRİ idman ustası, bədən tərbiyəsi və idman əlaçısı, respublika dərəcəli hakim Larisa Mehtiyeva 1942-ci il sentyabrın 21-də Bakı şəhərində anadan olub. Larisa xanım idman gimnastikası ilə erkən yaşlarından məşğul olmağa başlayıb. 1957-1958-ci illərdə gənclər arasında respublika çempionu adına layiq görülən gimnastımız 1959-cu ildə keçirilən Respublika Spartakiadasında sərbəst hərəkətlərdə və dayaqlı tullanma üzrə çempion adını qazanıb. Bakı çempionu titulunu qazanmaq isə ona 1960-cı ildə qismət olub.

Yığma komandanın üzvü kimi ölkəmizi bir sıra turnirlərdə şərəflə təmsil edən Larisa Mehtiyeva həm də məşqçi-müəllim kimi fəaliyyət göstərib.

SSRİ bədən tərbiyəsi və idman əlaçısı, Əməkdar bədən tərbiyəsi və idman xadimi Eldar Cahangirbəyov isə ömrünün 80-ci payızına qədəm qoyub. İdman gimnastikası ilə 12 yaşından məşğul olan Eldar müəllim 1937-ci il sentyabrın 16-da Bakıda anadan olub. Məşqçi Aleksandr Qruninin rəhbərliyi altında çalışan gimnastımız idman karyerası ərzində müəyyən uğurlara imza atıb. Bir sıra rəhbər vəzifələrdə çalışan veteran gimnast 18 il məşqçi-müəllim kimi fəaliyyət göstərib, dəfələrlə fəxri fərmanlarla təltif olunub.

Azərbaycan Gimnastika Federasiyası və Gimnastika Veteranlar Şurası əmək və idman veteranları Larisa Mehtiyevanı və Eldar Cahangirbəyovu yubiley münasibəti ilə səmimi qəlbdən təbrik edir, onlara can sağlığı, uzun ömür arzulayır.



Bu yazı

3036 dəfə oxunub

Tarix

2017-09-27 10:18:13

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook