Serbiya millisi Avropa çempionu oldu


Azərbaycanın və Gürcüstanın birlikdə ev sahibliyi etdiyi qadın voleybolçular arasında Avropa çempionatının qızıl medallarına Serbiya voleybolçuları sahib olublar.

Olimpnews.az saytının məlumatına görə, oktyabrın 1-də Milli Gimnastika Arenasında keçirilən final qarşılaşmasında Niderland millisini 3:1 hesabı ilə məğlub edən Serbiya yığması Avropa çempionu olub.

Final qarşılaşmasının ilk seti Serbiya voleybolçularının 25:20 hesablı üstünlüyü ilə başa çatıb. Oyunun gərgin idman mübarizəsi şəraitində keçən ikinci setində Niderland millisinin inadlı müqavimətinə baxmayaraq, Serbiya kollektivi qalib gəlib – 25:22. Üçüncü set daha inamlı təsir bağışlayan Niderland millisinin üstünlüyü ilə başa çatıb – 18:25. Lakin dördüncü setdə Niderland yığmasına şans verməyən serbiyalı voleybolçular böyük hesabla üstün olub - 25:18

Beləliklə, baxımlı idman mübarizəsinin aparıldığı oyunda 3:1 hesabı ilə qalib gələn Serbiya yığma komandası ikiqat Avropa çempionu olublar.

Final qarşılaşmasından sonra çempionatın ən yaxşı idmançıları mükafatlandırılıb. Azərbaycan milli komandasının üzvü, libero Valeriya Məmmədova da mükafata layiq görülüb.

Daha sonra qalib komandalara medallar təqdim olunub.

Avropa çempionu olan Serbiya yığmasına turnirin kuboku təqdim edilib və bu ölkənin dövlət himni səsləndirilib.

Qeyd edək ki, sentyabrın 22-də start götürən çempionatın final mərhələsində 16 komanda dörd qrupda mübarizə aparıb. "A” qrupunda Azərbaycan, Almaniya, Polşa və Macarıstan yığma komandaları yer alıblar. Çempionata ev sahibliyi edən digər ölkənin - Gürcüstanın yığma komandası İtaliya, Xorvatiya və Belarus milliləri ilə birlikdə "B” qrupunda yarışıblar. "C” qrupunda Rusiya, Türkiyə, Bolqarıstan və Ukrayna yığmaları qrupdan çıxmaq uğrunda mübarzə aparıblar. "D” qrupunda isə Serbiya, Niderland, Belçika və Çexiya yığma komandaları qərarlaşıblar.

"A” və "C” qruplarının qarşılaşmaları Bakıdakı Milli Gimnastika Arenasında keçirilib. "B” qrupunun görüşləri Tbilisidə, "D” qrupunun matçları isə Göygöl Olimpiya İdman Kompleksində oynanılıb.


Bu yazı

10171 dəfə oxunub

Tarix

2017-10-02 09:24:03

Yazını

Çap et

Yazını

Paylaş