Voleybolçumuz ən yaxşılar sırasında - VİDEO


Oktyabrın 1-də Bakıda Milli Gimnastika arenasında qadınlar arasında voleybol üzrə Avropa çempionatının mükafatlandırma mərasimi keçirilib.

Olimpnews.az saytının məlumatına görə, tədbirdə Avropa çempionatının finalçıları Serbiya, Niderland və Türkiyə voleybol komandaları meydana dəvət olunub.

Avropa çempionatında Türkiyə millisi bürünc, Niderland komandası gümüş, Serbiya yığması isə qızıl medallarla mükafatlandırılıb.

Mərasimdən öncə Avropa Voleybol Konfederasiyasının Prezidenti Aleksandar Boriçiç Serbiya voleybol millisinin kapitanı Melisa Rasiçə çempionluq kubokunu təqdim edib.

Mərasim çərçivəsində əvvəlcə turnirin ən yaxşı voleybolçularının mükafatlandırma mərasimi keçirilib. Serbiya voleybol komandasının 9 nömrəli oyunçusu Brankisiya Mihajloviç və Niderland yığmasının 11 nömrəli oyunçusu Anne Bujisə "Ən yaxşı hücumçu”, Türkiyə yığmasının oyunçusu Eda Erdem Dündara "Ən yaxşı orta blokçu”, Serbiya millisinin voleybolçuları Stefana Veljkoviçə "Ən yaxşı blok oyunçusu”, Tijana Boskoviçə "Ən dəyərli oyunçusu”, Niderland millisinin üzvləri Lonneke Sloejesə "Ən yaxşı diaqonal oyunçusu”, Laura Dijkemə "Ən yaxşı toppaylayıcı”, Azərbaycan voleybol yığmasının oyunçusu Valeriya Məmmədovaya isə "Ən yaxşı libero” mükafatları təqdim edilib.

Sonra birinci, ikinci və üçüncü yerlərin sahiblərinə medallar verilib.

Avropa çempionatının qalibləri Serbiya millisinə qızıl medalları Avropa Voleybol Konfederasiyasının Prezidenti Aleksandar Boriçiç və Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov təqdim edib.

Serbiya millisinin himni səsləndirilib.

İkinci yerdə qərarlaşmış Niderland millisinin voleybolçularına gümüş medalları Avropa Voleybol Konfederasiyasının vitse-prezidenti Özkan Mutlugil və Gürcüstan Voleybol Federasiyasının prezidenti İrali Çaçua veriblər.

Üçüncü yerdə qərarlaşmış Türkiyə millisinin üzvlərinə isə bürünc medalları gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov və Azərbaycan Voleybol Federasiyasının Prezidenti Elşən Əfəndiyev təqdim ediblər.




Bu yazı

6441 dəfə oxunub

Tarix

2017-10-02 16:18:06

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook