Azərbaycan və Beynəlxalq Ədalətli Oyunlar Hərəkatının rəhbərlərinin görüşü olub


Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin (BƏOK) prezidenti, Macarıstan Milli Olimpiya Komitəsinin icraiyyə komitəsinin üzvü Jeno Kamuti Azərbaycana səfər edib. BƏOK sədrinin ölkəmizə səfərində məqsəd Bakıda keçirilən Azərbaycan Milli Olimpiya Komitəsinin yaranmasının 25 illik yubiley mərasimində iştirak etmək olub. Azərbaycana səfəri çərçivəsində Jeno Kamutinin Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Azərbaycan Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayevlə görüşü olub.

Azərbaycana növbəti səfərindən məmnunluğunu ifadə edən Jeno Kamuti Azərbaycan Milli Olimpiya Komitəsinin yaranmasının 25 illik yubileyi münasibətilə MOK-un vitse-prezidentinə öz təbriklərini çatdırdı.

O, Azərbaycanın idman sahəsində böyük inkişaf yolu keçdiyini, ölkəmizin beynəlxalq idman yarışlarının yüksək səviyyəli təşkilatçısı kimi dünyada öz sözünü dediyini vurğuladı.

Jeno Kamuti qeyd etdi ki, Ədalətli Oyunlar Hərəkatı sülh və həmrəylik rəmzi hesab olunmaqla yanaşı, dünya xalqları arasında daha sıx əlaqələrin qurulmasına önəmli töhfələr vermək imkanına malikdir.

Təşkilatın rəhbəri BƏOK tərəfindən Ədalətli Oyunlar Hərəkatının inkişafı və təbliği istiqamətində görülən işlərdən söz açdı. O, Azərbaycanda bu sahənin inkişafına dövlət tərəfindən yüksək səviyyəli diqqət və qayğı göstərildiyini və verilən dəstəyə görə Azərbaycan Respublikasınının Prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevə öz minnətdarlığını bildirdi.

Macarıstanlı qonaq Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin və Avropa Ədalətli Oyunlar Hərəkatının ilk birgə konqresinin və Avropa Ədalətli Oyunlar Hərəkatının 21-ci Baş Assambleyasının Azərbaycanda keçirilməsinin qarşılıqlı əməkdaşlığın uğurlu rəmzi olduğunu bildirdi.

Birinci Avropa Oyunlarını Bakıda şəxsən izlədiyini məmnunluqla qeyd edən BƏOK-un sədri bu yarışların təşkilini ölkəmizin böyük uğuru kimi qiymətləndirdi.

Qurum rəhbəri BƏOK və AzƏOK arasında ədalətli oyunların inkişafı və təbliği sahəsində əməkdaşlığın gələcəkdə daha da geniş səviyyədə davam edəcəyinə inandığını bildirdi.

AzƏOK sədri Xəzər İsayev Jeno Kamutini ölkəmizdə salamlayaraq onunla görüşündən məmnunluğunu ifadə etdi. Azərbaycanda idmana dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan söz açan MOK-un vitse-prezidenti ölkə idmanının yüksələn xətlə inkişaf etdiyini, təmsilçilərimizin ən mötəbər yarışlarda uğurlu nailiyyətlər qazandıqlarını diqqətə çatdırdı. O qeyd etdi ki, Azərbaycan I Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunları kimi mötəbər yarışlara uğurla ev sahibliyi etməklə növbəti dəfə bütün dünyaya peşəkar təşkilatçılıq qabiliyyətini nümayiş etdirdi.

Xəzər İsayev Azərbaycan və Macarıstan arasında ikitərəfli dostluq və əməkdaşlıq münasibətlərinin mövcud olduğunu, bu əlaqələrin yüksələn xətlə və uğurla inkişaf etdiyini dedi. O, ölkələrimiz arasında dərin tarixi köklərin olduğunu, intensiv münasibətlərin tarixinin orta əsrlərə gedib çıxdığını diqqətə çatdırdı.

Xəzər İsayev AzƏOK-un qitə və beynəlxalq təşkilatlarla əlaqələrinin yüksək səviyyədə qurulduğunu Azərbaycanın Avropa və Beynəlxalq Ədalətli Oyunlar Hərəkatının Konqres və Assambleyalarında fəal iştirak etdiyini bildirdi.

O, 2015-ci ildə Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin və Avropa Ədalətli Oyunlar Hərəkatının ilk birgə konqresinin və Avropa Ədalətli Oyunlar Hərəkatının 21-ci Baş Assambleyasının ölkəmizdə uğurla təşkil edildiyini diqqətə çatdırdı.

MOK-un vitse-prezidenti Azərbaycanda idmanın inkişafı sahəsindəki xidmətlərinə, ədalətli oyunlar hərəkatına verdiyi dəstəyə və idmanda ədalət prinsiplərinə sadiqliyinə görə Prezident İlham Əliyevin Beynəlxalq "Fair Play” Komitəsinin xüsusi medalı ilə təltif olunduğunu diqqətə çatdırdı və beynəlxalq qurum tərəfindən ölkəmizə göstərilən etimada görə təşəkkürünü bildirdi.

Azərbaycanda bu sahədə görülən işlərdən danışan AzƏOK sədri qurum tərəfindən paytaxt və regionlarda yerləşən orta məktəblərdə, ali təhsil ocaqlarında və idman məktəblərində seminarlar və təbliğati tədbirlər həyata keçirildiyini, bu cür tədbirlərə tanınmış idmançılarla yanaşı, fiziki cəhətdən qüsurlu idmançıların və vətəndaşların da cəlb olunduğunu dedi.

O, Azərbaycan dövləti tərəfindən Ədalətli Oyunlar Hərəkatının inkişafına dəstəyin gələcəkdə də uğurla davam etdiriləcəyinə inandığını bildirdi: "Əlaqələrimizin dərinləşməsi, bu sahədə bir sıra yeni layihələrin istiqamətində səylərimizi bundan sonra da davam etdirəcəyik”.

Görüş zamanı bu sahənin inkişafı istiqamətində həyata keçirilməsi nəzərdə tutulan perspektiv planlar müzakirə olundu və tərəflər bir-birlərinə xatirə hədiyyələri təqdim etdilər.


Bu yazı

3366 dəfə oxunub

Tarix

2017-10-05 13:21:06

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook