Azərbaycan Gimnastika Federasiyası 15 illik yubileyini qeyd edir




Azərbaycan Gimnastika Federasiyasının (AGF) yaranmasından 15 il ötür.

AGF-nin 2002-ci il oktyabrın 7-də keçirilən təsis konfransında ölkənin birinci xanımı, Heydər Əliyev adına Fondun rəhbəri Mehriban xanım Əliyevanın federasiyanın prezidenti seçildi. Bununla həm də federasiyanın yenidən qurulması təsdiqləndi. İlk dövrdə AGF-in fəaliyyəti əsasən bədii gimnastika, kişi idman gimnastikası, tamblinq və akrobatika gimnastikasını əhatə edirdi.
Mehriban Əliyevanın federasiyanın prezidenti seçilməsi idmanın bu növünün ölkəmizdə sürətli inkişafına və mühüm uğurların qazanılmasına imkan verib. İlk uğurlar özünü çox gözlətməyib. Təsis konfransından bir neçə ay sonra – 2003-cü ilin avqustunda Bakıda ilk dəfə bədii gimnastika üzrə Dünya kuboku mərhələsi təşkil olunub. Sentyabrda isə Azərbaycanın bədii gimnastika tarixində ilk Olimpiya lisenziyası əldə edilib. Lisenziyanı Budapeştdə keçirilən 26-cı dünya çempionatında Dinara Gimatova qazanıb. Sonra uğurlar biribirini əvəz edib. 2004-cü ilin aprelində Bakıda ikinci dəfə bədii gimnastika üzrə Dünya kuboku mərhələsi təşkil edilib. Afina-2004 Olimpiadasında ölkəmiz gimnastika idman növündə ilk dəfə təmsil olunub. Bu yarışlarda Anna Qurbanova bədii gimnastika üzrə yarışlarda mübarizə aparıb.
2005-ci il Azərbaycan Gimnastika Federasiyasının tarixində xüsusilə əlamətdar il olub. Bakıda üçüncü dəfə "A” seriyasına aid bədii gimnastika üzrə Dünya kuboku keçirilib və ölkəmiz müstəqil Azərbaycanın tarixində ilk dəfə bədii gimnastika üzrə 27-ci dünya çempionatına ev sahibliyi edib. 2006-cı ildə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın yenidən AGF-in prezidenti seçilməsi idmanın bu növünün inkişafında və federasiyanın fəaliyyətində yeni mərhələnin başlanmasına təkan verib. Bu mərhələdə Azərbaycan gimnastika idman növü üzrə nailiyyətlər əldə etməklə yanaşı, mötəbər tədbirlərə ev sahibliyi edib. 2007-ci ildə Bakıda ilk dəfə kişi idman gimnastikası üzrə beynəlxalq hakimlik kursları, Bakıda ilk dəfə olaraq, bədii gimnastika üzrə 23-cü Avropa çempionatı təşkil olunub. Bu çempionatda gimnastımız Aliyə Qarayeva qızıl medal qazanıb. Gimnastlarımız komanda yarışında da uğur qazanaraq, mötəbər turniri bürünc medalla başa vurublar. Bu uğuru davam etdirən bədii gimnastlarımız 28-ci dünya çempionatında da komanda hesabında üçüncü yeri tutublar. Bu nailiyyətlə də milli komandamız Pekin-2008 Olimpiya Oyunlarına maksimal sayda lisenziyanı təmin edib. 2007-ci il AGF üçün daha bir uğurla da yadda qalıb. Gənclər və İdman Nazirliyinin müəyyən etdiyi ilin idman yekunlarına əsasən, Azərbaycanın qrup hərəkətləri komandası ilin ən yaxşı komandası elan olunub.
2009-cu ildə Bakının ev sahibliyi ilə ikinci dəfə bədii gimnastika üzrə 25-ci Avropa çempionatı keçirilib. Bakıda təşkil olunan bədii gimnastika üzrə Avropa çempionatında komanda hesabında iki gümüş, fərdi yarışlarda isə bir bürünc medal qazanılıb. Azərbaycanın bədii gimnaslarının Avropa çempionatında ilk medalı 2010-cu ildə əldə olunub. Bremendə keçirilən 26-cı Avropa çempionatında Aliyə Qarayeva çoxnövçülük yarışında bürünc medala sahib olub. Həmin çempionatda gimnastlarımız əlavə olaraq gümüş və bürünc medala layiq görülüblər.
2014-cü ildə istifadəyə verilən Milli Gimnastika Arenası (MGA) Azərbaycanda gimnastikanın inkişafında növbəti mühüm addım olub. Gimnastikanın bütün 6 yarış növü üzrə turnirlərin ən yüksək səviyyədə keçirilməsi üçün hər cür şəraitin yaradıldığı bu möhtəşəm arena mötəbər beynəlxalq yarışlara uğurla ev sahibliyi edir. Bundan başqa, Milli Gimnastika Arenası möhtəşəmliyi ilə təkcə təlim-məşq toplanışına və yarışlara gələn gimnastları deyil, həmçinin müxtəlif ölkələrdən olan idman həvəskarlarını da valeh edir.
2015-ci il AGF üçün xüsusilə əlamətdar olub. Azərbaycan gimnastları Bakıda keçirilən birinci Avropa Oyunlarının proqramına daxil olan gimnastikanın bütün altı növü üzrə yarışlarda uğurla mübarizə aparıblar. Oyunlarda Azərbayca gimnastları ümumilikdə 7 medal qazanıblar. AGF-in prezidenti, Azərbaycanın birinci xanımı, Bakı-2015 Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın dövlətimizin başçısının Sərəncamı ilə "Heydər Əliyev” ordeni ilə təltif edilməsi bu uğurların təntənəsi olub. Gimnastika üzrə əldə olunmuş nailiyyətlərə görə, həmçinin AGF-in vitse-prezidenti Altay Həsənov "Şöhrət” ordeni, Oyunlarda 5 medal qazanan Oleq Stepko "Şöhrət” ordeni, dörd idmançı "Tərəqqi” medalı, bir neçə məşqçi isə Azərbaycan Prezidentinin fəxri diplomu ilə təltif ediliblər. Bu, Azərbaycan Prezidentinin ölkəmizdə gimnastikanın inkişafına göstərdiyi yüksək diqqət və qayğının növbəti nümunəsidir.
2016-cı ildə Azərbaycan Gimnastika Federasiyasının prezidenti xanım Mehriban Əliyevanın Avropada idmanın inkişafı və Olimpiya hərəkatına verdiyi töhfəyə görə Avropa Olimpiya Komitələrinin ən yüksək mükafatı olan "Ali Ordeni” ilə təltif olunması AGF prezidentinin beynəlxalq miqyasda fəaliyyətinə verilən yüksək qiymətin göstəricisi idi.
AGF-in uğurları bu ildə də davam etdirilib. Bu ilin martında Azərbaycan Gimnastika Federasiyası 3 il ərzində ardıcıl olaraq Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən mükafata layiq görülən fərqlənən federasiyaların reytinq siyahısına daxil olub. Federasiyanın prezidenti, Azərbaycan Respublikasının birinci vitse-prezidenti xanım Mehriban Əliyeva Olimpiya idman növü olan gimnastikanın inkişafındakı böyük xidmətlərinə görə Beynəlxalq Gimnastika Federasiyasının yüksək mükafatı ilə təltif edilib.
Bu ilin mayında Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan gimnastları bədii gimnastika, kişi və qadın idman gimnastikası üzrə yarışlarda ümumilikdə 20 medal (9 qızıl, 7 gümüş və 4 bürünc) qazanıblar. Bu, gimnastlarımızın bir turnirdə əldə etdikləri medal sayda görə rekord göstəricidir.
Azərbaycan gimnastlarının Avropa və dünya çempionatlarında əldə etdikləri nəticələr, gimnastlarımızın Olimpiya Oyunlarında iştirakı, Bakıda UEG (Avropa Gimnastika İttifaqı) və FIG-nin irimiqyaslı yarışlarının təşkili, bu strukturların rəhbər orqanlarına AGF nümayəndələrinin seçilməsi, 2002-ci ildə gimnastikanın dirçəlişindən bu günə qədər olan effektiv strategiyanın həyata keçirilməsinin nəticəsidir. Əldə olunan nailiyyətlər, qazanılan uğurlar onu deməyə əsas verir ki, AGF-nin prezidenti, Azərbaycanın birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın ötən 15 il ərzində federasiyaya rəhbərliyi, səmərəli fəaliyyəti ölkəmizdə gimnastikanın dinamik inkişafı, idmanın bu növünün kütləviliyinin artırılması, bölgələrdə ən müasir idman mərkəzlərinin yaradılması, beynəlxalq aləmdə parlaq nailiyyətlərlə müşahidə olunur. Yuxarıda deyilənlər qarşıdakı illərdə daha yüksək nailiyyətlərin əldə olunmasına güclü inam və zəmin yaradır.


Səadət Hakıyeva 



Bu yazı

2638 dəfə oxunub

Tarix

2017-10-10 11:07:33

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook