Kazbek Tuayev: «Çempionlar Liqası Azərbaycan idmanının növbəti uğurudur»


Topaz Premyer Liqasının VIII turunun mərkəzi qarşılaşması «İnter» və «Qarabağ» klubları arasında keçirildi. Olimpnews.az saytının məlumatına görə, «İnter Arena»da təşkil olunan qarşılaşmanı sovet futbolunun korifeylərindən biri, keçmiş SSRİ yığmasının və «Neftçi» klubunun yarımmüdafiəçisi, AFFA-nın İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayev də izləyib. Veteran futbolçu «Qarabağ» klubunun Çempionlar Liqasındakı oyunu, eləcə də digər məsələlərlə bağlı fikirlərini bildirib. Kazbek Tuayevin müsahibəsini qısa şəkildə oxuculara təqdim edirik.

- Qarşılaşma sizə necə təsir bağışladı?

- Bu oyundan zövq aldığımı deyə bilmərəm. Meydan sahibi «İnter» heyətlə bağlı problemlərlə üzləşib. Ağdam klubu isə Çempionlar Liqasında keçirəcəyi daha vacib oyun üçün gücünü qoruyurdu. Bir sözlə «Qarabağ» bu oyunda çox güc sərf etmədi. Ağdamlılar sanki «Atletiko» ilə oyuna hazırlığın səviyyəsini yoxlayırdılar. Mən deyərdim ki, ölkə çempionu bu qarşılaşmada bir az «kölgə»də qalmışdı. Bu halla ölkə çempionatında tez-tez rastlaşmırıq. İlk dəqiqələrdə «İnter» daha fəal görünürdü. Düzdür, oyunun sonlarında «Qarabağ» təşəbbüsü ələ aldı və 0:2 hesabı ilə qalib gəldi. Məncə, hər şey məntiqəuyğun oldu.

- Düşünürsünüz ki, Qurban Qurbanovun komandası madridlilərlə oyunda daha çox müdafiəyə üstünlük verəcək?

- Belə görünür. Hər halda bu cür yüksək səviyyəli komanda ilə görüşdə hər şeyə hazır olmaq lazımdır. Ən əsası müdafiə olunmağı bacarmalısan. «Atletiko» kimi komanda ilə oyunda maksimum diqqətli və soyuqqanlı olmaq lazımdır. Əks halda, ilk baxışdan adi görünən bir vəziyyətdə rəqib topu kmandamızın qapısından keçirə bilər.

- Bəzən deyirlər ki, «Atletiko» Top-klub sayılır. Baxmayaraq ki, klubun heyətində Kriştianu Ronaldo, Lionel Messi, Qaret Beyl kimi futbolçular yoxdur. Bununla belə, madridlilər La Liqanın aparıcı klubları olan «Real» və «Barselona» ilə eyni səviyyədə mübarizə aparmağı bacarırlar…

- Doğrudan da, kollektiv oyun «Atetiko»nun əsas silahıdır. Məhz kollektiv oyuna görə bu komanda «Real» və «Barselona» ilə rəqabət apara bilir. Daha doğrusu, «Atletiko» qeyd etdiyim bu klublarla sadəcə rəqabət aparmır, hətta tez-tez həmin klubları məğlub edir. Xatırlayırsınızsa, «Atletiko» biri neçə il bundan əvvəl La Liqanın çempionu adını qazanmış, İspaniya kubokunun qalibi olmuşdu. İspaniya dünyanın ən güclü futbol ölkələrindən biridir. Belə bir ölkədə çempion titulunu qazanan klub dünyanın TOP klublarından biri hesab olunmalıdır. Bunu «Atletiko»nun iki dəfə Çempionlar Liqasının finalında çıxış etməsi sübut edir.

- Hər iki oyunda onlar öz həmyerlilərinə - «Real» komandasına uduzdular…

- Düz deyirsiniz, final görüşlərinin hər ikisi «Real»ın qələbəsi ilə başa çatdı. Çempionlar Liqasının finalında eyni ölkənin, hətta eyni şəhərin iki klbunun qarşılaşması İspaniya futbolunun səviyyəsindən xəbər verir. Atletiko çox güclü komandadır. Hətta mən deyərdim ki, bu komanda hazırda dünyanın 10 ən güclü klubu sırasında yer alıb. Mən «Atletiko» komandasında ulduz futbolçuların olmaması fikri ilə razı deyiləm. Bəs, Antuan Qrizman? Bu futbolçu Fransa milli komandasının aparıcı oyunçularından biridir. Mən hələ Fernando Torres, Dieqo Qodin, Saul, Qabi, Kevin Qameyro və digərlərini demirəm. Səhv etmirəmsə buyaxınlarda tanınmış futbolçu Dieqo Kosta da «Çelsi»dən «Atletiko»ya keçəcək. Bütün bunları nəzərə alsaq deyə bilərik ki, madridlilərin heyətində kifayət qədər yüksək səviyyəli futbolçular var. Ola bilsin ki, adlarını çəkdiyim bu fubolçular Messi, Ronaldu və Neymar kimi məşhur deyillər. Amma onlar heç də pis oyun göstərmirlər.

- «Qarabağ» klubunun Çempionlar Liqasına yüksəlməsini necə dəyərləndirərdiniz?

- «Qarabağ» - «Atletiko» qarşılaşmasının hansı nəticə ilə başa çatması önəmli deyil. Mən hesab edirəm ki, Qurban Qurbanov və onun yetirmələri Azərbaycan idmanının səviyyəsini yüksəklərə qaldırdı. Onlar bütün dünyaya sübut etdilər ki, bizim futbolumuz inkişafdadır. Bu inkişafın sürətlə və ya yavaş getməsi məsələnin digər tərəfidir. Əsas budur ki, futbolda və ümumi Azərbaycan idmanında inkişaf var. Mən Çempionlar Liqasında çıxış etməyi hansısa klubun uğuru hesab etmirəm. Bu, Azərbaycan idmanının inkişafıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkədə bədən tərbiyəsi və idmanın inkişafı üçün çox gözəl şərait yaradılıb. Azərbaycan Prezidenti bu sahəni xüsusi diqqət mərkəzində saxlayır. Ölkənin hər bir guşəsində yeni, müasir tələblərə cavab verən idman kompleksləri yaradılıb. Gənclər bu komplekslərdə idmanın bütün növləri ilə ödənişsiz şəkidə məşğul ola bilirlər. Bu cür idman ocaqları gənc nəslin sağlam həyat tərzini təmin edir. Bu gün Azərbaycan idman ölkəsidir. Dünyanın aparıcı ölkələri Azərbaycanın təcrübəsini öyrənir, bu təcrübədən yararlanır. Ölkəmizdə yüksək səviyyəli idman yarışları keçirilir. I Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunları buna bariz nümunədir. Ölkəmizdə güləş, boks, şahmat, cüdo, basketbol, voleybol, bədii gimnastika, triatlon, üzgüçülük, taekvondo, velosiped idmanı və digər idman növləri yüksək səviyyədə inkişaf edib. Elə bir idman növü yoxdur ki, həmin növdə bizim idmançılarımız qələbə qazanmasınlar. Medalların sayı ildən-ilə çoxalır ki, bu da bizi sevindirir. Əlbəttə, Azərbaycan futbolu da inkişafdadır. Biz «Qarabağ» klubunun Çempionlar Liqasına yüksəlməsindən danışarkən milli komandamızın uğurlarını da unutmamalıyıq. Milli komandamızın dünya çempionatının seçmə mərhələsində 10 xal toplaması yüksək nəticədir. Bu, təsadüf deyil, Azərbaycan futbolunun inkişafının sübutudur.

- Sizcə, idmanda vacib olan nədir: nəticə, yoxsa zövqlü mübarizə?

- Sözsüz ki, idmanda nəticə hər zaman birinci yerdə olub. Çünki tarixdə nəticə qalır. Əgər qələbə gözəl və zövqlü mübarizə nəticəsində əldə olunursa, bu azarkeşlərdə ikiqat sevinc yaradır.

Tərcümə etdi:
Hürrü Abdullayev


Bu yazı

3622 dəfə oxunub

Tarix

2017-10-18 16:42:38

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook