Zemfira Meftaxetdinova: “Gender bərabərliyi Azərbaycan dövlətinin prioritet məsələlərindəndir”




Beynəlxalq idman və Olimpiya Hərəkatının ali rəhbər orqanı olan Beynəlxalq Olimpiya Komitəsinin (BOK) həyata keçirdiyi mühüm proqramlardan biri də qadın və idman mövzusunu əhatə edir. BOK-un "İdman və qadın” proqramı əsasında gender bərabərliyi, qadınların idmana cəlb olunması, onların idmanda və cəmiyyətdə özlərini təsdiq etmələri istiqamətində mühüm tədbirlər həyata keçirilir. 
Oktyabrın 10-11-də Litvanın Vilnüs şəhərində Beynəlxalq Olimpiya Komitəsinin təşkilatçılığı ilə keçirilən forum gender bərabərliyi mövzusuna həsr edilmişdi. Forumda ölkəmizi Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) İcraiyyə Komitəsinin üzvü, Olimpiya çempionu Zemfira Meftaxetdinova, MOK-un məsul işçisi Svetlana Abdullayeva təmsil ediblər.
Zemfira xanım forum barədə təəssüratlarını "Olimpiya dünyası" qəzeti və "olimpnews.az" saytı ilə bölüşüb. 

- Zemfira xanım, iştirak etdiyiniz forum sizdə necə təəssürat oyatdı?

- Forumdan çox zəngin təəssüratla qayıtmışıq. İki gün ərzində keçirilən tədbirdə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax, Litva Milli Olimpiya Komitəsinin (MOK) prezidenti Daina Qudzinevicuti, Avropa Olimpiya Komitəsinin (AOK) indiki prezidenti Janez Kocijançiç və başqaları iştirak edirdilər. Əsas müzakirələr idmanda şəffaflıq, dopinqlə mübarizə, gender bərabərliyi mövzusunda idi.



-Forumun keçirilməsində məqsəd nə idi?

-Beynəlxalq Olimpiya Komitəsi "Olimpiya və mədəniyyət”, "Olimpiya və sağlamlıq”, "Olimpiya və ekologiya”, "İdman hamı üçün” və "İdman və qadın” adlı müxtəlif proqramlar həyata keçirir. BOK-un qarşıya qoyduğu əsas vəzifələrdən biri də qadınların kişilərlə bərabər nəinki idmanda, cəmiyyətin bütün sahələrində fəaliyyət göstərməsinə imkan yaratmaq, bir sözlə, gender bərabərliyini təmin etməkdir. Çünki gender bərabərliyi olimpizmin əsas dəyərlərindən biridir. Statistikaya görə, 1981-ci ildən bu yana BOK-un komissiyalarında çalışan qadınların sayı əvvəlki illərə nisbətən 70 faiz artıb. Bu da, böyük göstəricidir.

- Deməli, gender məsələsi Milli Olimpiya Komitəsinin də nəzarəti altındadır...

- Ümumiyyətlə, gender bərabərliyi, nəinki MOK-un, eyni zamanda Azərbaycan dövlətinin prioritet məsələlərindəndir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün onun layiqli davamçısı, ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən gender bərabərliyi siyasəti Azərbaycan qadınının cəmiyyətdəki rolunun artırılmasına xidmət edir. Bu sahədə məqsədyönlü şəkildə aparılan işlər zərif cinsin nümayəndələrinin cəmiyyətdə özünütəsdiq və potensiallarını reallaşdırmaq imkanlarını daha da artırır. Bu gün Azərbaycan qadını ictimai həyatın bütün sahələrində təmsil olunmaqla yanaşı, ölkənin həyatında baş verən ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərin fəal iştirakçısı kimi dövlətçiliyə xidmət edir və vətənin yüksəlişi naminə töhfələrini verirlər.
Bütün sahələrdə olduğu kimi, idmanda da gender bərabərliyi MOK-un əsas diqqət yetirdiyi məsələlərdəndir. Mən sevinirəm ki, ölkəmizdə idmana qadınlar arasında böyük maraq var. Həm ölkə, həm də MOK-un rəhbərliyi tərəfindən qadınların idmanda uğur qazanmaları üçün hərtərəfli diqqət və qayğı göstərilir. Məqsədimiz ölkədə qadınların idmana cəlb olunması, sağlam həyat tərzinin təmin olunması, eləcə də ictimai həyatda onların rolunun daha da artırılması istiqamətində kütləviliyi təmin etməkdir. Düşünürəm ki, bu sahədə MOK-un paytaxt və regionlarda gördüyü işlər diqqətəlayiqdir.

- Zemfira xanım, eşitdiyimizə görə, Litva MOK-nun prezidenti ilə yaxın dostluq münasibətləriniz vardır.

- Daina Qudzinevicuti də mənim kimi Sidney-2000 Olimpiya Oyunlarının çempionudur. Başqa növlərdə olsa da, hər ikimiz atıcıyıq. Onu uşaqlıq və gənclik illərindən tanıyıram. Daina xanımla yaxın dostluq münasibətlərimiz vardır.



- Onun çıxışı forumda böyük maraqla qarşılanıb...

- Litva Milli Olimpiya Komitəsinin (MOK) prezidenti Daina Qudzinevicuti forumda böyük məruzə ilə çıxış etdi. O çıxışında qeyd etdi ki, koorupsiya və dopinq qalmaqalları insanların olimpiya ideallarına olan inamına zərbə vurur və Olimpiya Xartiyasının prinsiplərinə ziddir. Bu səbəbdən bu cür hallarla mübarizə aparmaq BOK və bu təşkilatın üzvü olan MOK-ların ümumi vəzifəsidir. O haqlı olaraq bildirdi ki, idman sahəsində əldə olunan uğurlar, həm də ölkənin beynəlxalq aləmdə iqtisadi gücünü nümayiş etdirir. Buna görə də, idmanda dopinq və koorupsiya hallarının qarşısı alınmalıdır. Qeyd edim ki, müstəqillik dövründə Litvanın 5 Olimpiya çempionundan 3-ü qadındır.

- Forumun iştirakçıları hansı nəticəyə gəldilər?

- Forumun çıxardığı nəticə o oldu ki, qadınların ümumiyyətlə, nəinki idmanda ictimai həyatda, dövlət quruculuğunda, idarəçilikdə rolunu artırmaq və həmçinin onlara cəmiyyətdə özünütəsdiq üçün daha daha geniş imkanlar yaratmaq lazımdır. Yəni, qadınlar da, kişilərlə bərabərhüquqlu üzv kimi cəmiyyətdə aparıcı qüvvəyə malikdir.
Qadın ilk növbədə anadır və təbii ki, evin idarə olunmasında, uşaqların tərbiyəsində onun üzərinə böyük məsuliyyət düşür. Forumun gəldiyi qənaətə görə, əgər qadın məişətdə və icimai həyatda öz üzərinə düşən işin öhdəsindən məharətlə gəlirsə, deməli, idarəetmədə və rəhbər vəzifələrdə də özünü doğrulda bilər.

- Zemfira xanım, yeri gəlmişkən, həyat yoldaşınız sizə dəstək olurmu?

- Həyat yoldaşım həmişə mənə dəstək olub. Əgər onun dəstəyi və köməyi olmasaydı, təbbi ki, mənim üçün çox çətin olardı. Düşünürəm ki, cəmiyyətdə gender bərabərliyinin bünövrəsi məhz elə ailədən başlayır.

- Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinə rəhbərlik edirsiniz. İdmançı kimi rəhbər vəzifədə çalışmaq çətin deyildi?

- Təvazökarlıqdan uzaq olsa da, deyim ki, hər zaman mənə göstərilən etimadı doğrultmağa çalışmışam. Hansısa bir kollektivə rəhbərlik etmək həm çətin, həm də şərəflidir. Həmişə, hər yerdə çalışmışam ki, mənə həvalə olunan işin öhdəsindən layiqincə gəlim. Sidney-2000 Olimpiadasının çempionu, Afina-2004 Olimpiadasının bürünc mükafatçısıyam. Dəfələrlə dünya və Avropa çempionu tituluna layiq görülmüşəm. Dediyim odur ki, yarışlarda iştirak etmək və medal qazanmaq mənim üçün asan idi, nəinki rəhbər vəzifədə çalışmaq. Nə gizlədim, əvvəl işə başlayanda müəyyən çətinliklər var idi. Amma tədricən hər şey qaydasına düşdü.



- Bir qadın, ana kimi qayğılarınız vardır. Çatdıra bilirsinizmi?

- Əlbəttə, çətindir. Həm rəhbər vəzifədə çalışmaq, həm ev, ailə qayğıları ilə yüklənmək asan deyil. Əsas odur ki, həm işini, həm də ailəni sevəsən.



P.S. Litva Milli Olimpiya Komitəsinin 25 illik yubiley tədbirləri forum ərəfəsinə təsadüf edirdi. Tədbirdə iştirak edən nümayəndə heyətimiz Litva Milli Olimpiya Komitəsinin (MOK) prezidentinə Azərbaycan MOK-nun adından suvenir hədiyyə edib.




Səadət Hakıyeva











Bu yazı

4120 dəfə oxunub

Tarix

2017-10-19 13:56:54

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook