Olimpiya çempionumuz reytinq cədvəlində birincidir


Dünya Taekvondo Federasiyasının Olimpiya çəkiləri üzrə yeni reytinq cədvəli Azərbaycan idmançıları üçün uğurlu olub.

Olimpnews.az saytının məlumatına görə, oktyabr üçün tərtib olunan siyahıda yığmamızın dörd taekvondoçusu yer alıb. Aktivində 443,16 xalı olan "Rio-2016” Olimpiya Oyunlarının qalibi, dünya və Avropa çempionumuz Radik İsayev 80 kiloqramdan yuxarı çəki dərəcəsində ilk sırada yer alır.

Hesabında 472,36 xal olan dünya çempionumuz Milad Beigi Herçəqani (80 kq) də reytinqdə birincidir.

Bakı-2015-in və IV İslam Həmrəyliyi Oyunlarının çempionu 212,20 reytinq xalına malik olan Ayxan Tağızadə isə 68 kq çəki dərəcəsində altıncı pillədədir. Millimizin üzvü avqust reytinqi ilə müqayisədə üç pillə irəliləyib.

Qadınlardan ibarət millimizin üzvü Fəridə Əzizova da (67 kq) ilk onluqdadır. Onun aktivində 213,14 reytinq xalı var.

Qeyd edək ki, reytinq xalları Dünya Taekvondo Federasiyasının təşkil etdiyi yarışlarda idmançıların aktivinə yığılan xallara əsasən verilir. Taekvondo qaydalarına görə 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarınadək reytinq xalları sayəsində cədvəldə ilk altılıqda olacaq idmançılar olimpiadaya birbaşa vəsiqə qazanacaqlar.


Bu yazı

1628 dəfə oxunub

Tarix

2017-10-24 11:02:06

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook