Mehman Mürsəlov: “Qərəzli qərar illərlə gözlənilən uğuru bir anda heçə endirə bilər”


Ölkəmizdə keçirilən beynəlxalq yarışların sayı artdıqca idman uğurlarımız da bir-birini əvəz edir. Bütün bunlar dövlətin idmançılara, məşqçilərə və hakimlərə göstərdiyi diqqəti təcəssümüdür. İdman hakimlərindən söz düşmüşkən qeyd edək ki, bu gün Azərbaycanda demək olar ki, kifayət qədər istedadlı idman hakimləri var. Böyük təcrübəyə malik olan hakimlərimiz nəinki ölkə miqyasında, hətta beynəlxalq arenalarda uğurla iştirak edir, onlara bəslənilən ümidləri layiqincə doğruldurlar.

Olimpnews.az saytının məlumatına görə, həmin hakimlərdən biri də boks üzrə beynəlxalq dərəcəli ədalət təmsilçisi Mehman Mürsəlovdur. İl ərzində bir sıra yarışlarda hakimlik edən müsahibimiz əvvəlcə özü barədə bunları dedi: "İdmana gəlişim yeniyetmə yaşlarıma təsadüf edir. 1970-ci ildən etibarən boks idman növü ilə məşğul olmağa başlamışam. Dəfələrlə respublika və beynəlxalq miqyaslı yarışlarda iştirak edərək, mükafatalayiq nəticələr göstərmişəm. 1979-cu ildə Xabarovskda hərbçilər arasında keçirilən Uzaq Şərq Dairəsininin çempionatında birinci yerə layiq görülmüşəm. Bununla da idman ustası normasını yerinə yetirmişəm. Hərbi xidməti bitirdikdən sonra respublika və beynəlxalq miqyaslı yarışlarda hakim kimi iştirak etməyə başlamışam. 1998-ci ildən respublika, 1999-cu ildən Avropa və nəhayət 2001-ci ildən isə Ümumdünya Boks Federasiyasının AİBA dərəcəli hakimi adını qazanmışam. 2004-cü ildən "Rabitəçi” idman klubuna aparıcı mütəxəssis vəzifəsinə qəbul olunmuşam və hazırda burada çalışıram.

2007-ci il ildə Gənclər və İdman Nazirliyinin qərarı ilə Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi, 2012-ci il ildə isə Azərbaycan Respublikasının Əməkdar məşqçisi fəxri adına layiq görülmüşəm”.

Bu qədər fəxri adlara və titullara malik olan Mehman Mürsəlov bu gün ölkənin tanınmış boks hakimlərindən bir sayılır. AİBA bu azərbaycanlı hakimə böyük etimad göstərir. "Mən AİBA tərəfindən təsdiq olunmuş hakimlərdən biriyəm. "Üç ulduz” kateqoriyasına malikəm. Bu o deməkdir ki, Avropa, dünya və Avropa çempionatlarında, eləcə də Olimpiya oyunlarında hakim kimi Azərbaycanı təmsil etmək hüququna malikəm. Bildiyiniz kimi, bu il Azərbaycan İslam Həmrəyliyi Oyunları keçirildi. Həmin Oyunlar mənim üçün uğurlu oldu. Bu mötəbər yarışda ölkəmizi layiqincə təmsil etdim. Çalışıram ki, hər zaman ədaləti layiqincə qoruya bilim. Yarışda əsas nəticənin səbəbkarlarından biri də hakimdir. Nəticə onun qərarından asılı olur. Qərəzli qərar illərlə gözlənilən uğuru bir anda heçə endirə bilər. Hər zaman buna diqqətlə yanaşmışam”, - deyə Mehman müəllim vurğuladı.

Yeri gəlmişkən qeyd edək ki, Mehman müəllim bu yaxınlarda Qazaxıstanın Aktau şəhərində keçirilən yarışda hakimlik edib. Bir müddət əvvəl Qroznıda təşkil olunan yarışda da Azərbaycanı uğurla təmsil edən Mehman Mürsəlov Aktaudada ona bəslənilən ümidləri doğruldub. Yarışın sonunda hakimimizə kubok və diplom təqdim edilib. "Olimpiya dünyası” qəzeti adından təcrübəli boks hakiminə uğurlar diləyir, ona bu işində böyük nailiyyətlər arzulayırıq.

Anar Əhmədov



Bu yazı

3150 dəfə oxunub

Tarix

2017-10-25 11:43:12

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook