“Qarabağ” daha böyük qələbələrə layiqdir


UEFA Çempionlar Liqasında (ÇL) qrup mərhələsinin ilk dövrəsi geridə qalıb. Olimpnews.az saytının məlumatına görə, ölkəmizi mötəbər turnirdə təmsil edən "Qarabağ” III tur çərçivəsində evdə İspaniyanın "Atletiko” klubu ilə münasibətlərinə aydınlıq gətirib. Maraqlı mübarizə şəraitində keçən matçda hesab açılmayıb. Düzdür, "Qarabağ” "Atletiko” klubu ilə oyuna psixoloji cəhətdən yaxşı hazırlaşmışdı. Futbolçuların üz ifadələrindən də bunu görmək olardı. Onlar çox rahat, özlərinə əmin şəkildə meydana çıxmışdılar və istədikləri nəticəni qazandılar. Amma psixoloji hazırlıq daha çox olsa idi, "Qarabağ” qalib də gələ bilərdi. Sanki komandamız qələbəyə yox, heç-heçə üçün köklənmişdi. Futbolçularımızın doğma azarkeşlər önündə qazandıqları xala sevinməsi bunu sübut edir.

Qrupda ilk xal

Məlumdur ki, C qrupunun qələbə qazana bilməyən iki klubu aşağı pillələrdən uzaqlaşmaq üçün mübarizə aparıb. Görüşdə hesab açılmayıb. Hər iki tərəfin qol vurmaq üçün şansları olsa da, buna nail ola bilməyiblər.

Dino Ndlovu matçın 75-ci dəqiqəsində ikinci sarı vərəqə alaraq oyunu vaxtından əvvəl tərk etməli olub. "Qarabağ” son 15 dəqiqəni azlıqda keçirsə də, yekunda ilk xalını qazanıb. Nəticədə, "Qarabağ” ÇL-in qrup oyunlarında xal qazanan ilk Azərbaycan klubu olub.

"Qodinin Ndlovunu yıxdığı açıq-aydın görünür”

Matçın maraqlı məqamlarından biri oyunun 75-ci dəqiqəsinə təsadüf edib. Qonaqların müdafiəçisi Dieqo Qodin cərimə meydançasında "Qarabağ”ın futbolçusu Dino Ndlovunu yıxsa da, matçın fransalı baş hakimi bunu simulyasiya kimi qiymətləndirərək hücumçunu ikinci sarı vərəqə ilə meydandan qovub. Dino Ndlovuya göstərilən qırmızı vərəqəyə gəlincə, bu epizodu penalti kimi dəyərələndirmək olar. Ən azı simulyasiya yox idi. Yəni, Dino Ndlovu toxunuşdan sonra yıxılmışdı.

Dino Ndlovunun haqsız yerə meydandan qovulmasına İspaniya mətbuatı da biganə qalmayıb. Sözügedən epizod haqda "Marca” nəşrinə açıqlama verən keçmiş ispaniyalı hakim Anduxar Oliver görüşün hakiminin yalnış qərar qəbul etdiyini deyib: "İlk baxışda oyunçunun hovuza tullanırmış kimi yıxıldığı zənn edilir. Ancaq epizodun təkrarına baxdıqda Qodinin Ndlovunu yıxdığı açıq-aydın görünür. Fransalı hakim cəriməni gözdən qaçırdı və matçın taleyini dəyişdi”.

Heç-heçəyə aparan bəzi məqamlar

"Qarabağ” klubu meydanı 3 xalla tərk edə bilərdi. Bilmirəm, bunu təcrübəsizlik adlandırım, yoxsa futbolçuların qol duyumunun zəifliyi...Bununla bağlı bəzi məqamlara aydınlıq gətirmək istərdim.

Birinci hissədə "Qarabağ” daha çox hücum edirdi, amma real qol vəziyyəti yarada bilmirdi. Şübhəsiz ki, künc zərbələri rəqib üçün həmişə arzuolunmaz qol vəziyyəti sayılır. Amma təmsilçilərimiz belə vəziyyətlərdən lazımınca istifadə etmirdilər. Bu zərbəni onlar ötürmə ilə başlayırdılar. Əgər künc zərbəsidirsə, topu qapı istiqamətinə qaldırmaqla, hər hansı futbolçumuzu zərbə mövqeyinə çıxarmaq olardı. Bundan başqa, topun cərimə meydançasına ötürülməsi rəqibi təzyiqdə saxlayır. Yoxsa geriyə ötürmə, sonra da topun itirilməsi... Qapı qarşısına ötürülən top nə qədər pis olsa da, geriyə ötürmə verib itirməkdən daha yaxşı olardı.

Matçın son dəqiqələrində Tarik Elyunussinin əlinə düşən qol fürsətini lazımınca dəyərləndirmək olardı. Norveçli futbolçunun yerinə başqası olsaydı, həmin qol vəziyyətini belə dəyərdəndirərdi: topu saxlayar, müdafiəçini keçməklə qapıya daha yaxşı zərbə endirərdi. Bundan başqa, Mahir Mədətovun "xəsisliyini” də qeyd etmək olar. Bəzi məqamlarda bu futbolçunun topu özündə çox saxlaması, yaxşı mövqedə olan futbolçuya ötürməməsi kəsərli hücumların qurulmasına mane olurdu...

Oyundan əvvəl azarkeşlərimiz "Atletiko” ilə matçda 1 xalın qazanmasını sensassiya kimi dəyərləndirirdilər. Amma futbolçularımızın İspaniya təmsilçisinə qarşı mübariz oyun göstərməsi hamını yaxşı mənada təəccübləndirdi. Onda ortaya belə bir sual çıxır: bəzi məqamlarda ispanlardan yaxşı çıxış edən "Qarabağ” heç-heçəyə niyə sevinməlidir? "Qarabağ” daha böyük qələbələrə layiqdir. Bayaq dediyim nüanslardan lazımınca istifadə edə bilsəydik... Bəlkə də təmsilçimizin matçdan əvvəl rəqibi çox "şişirtməsi” özünü biruzə verdi. Belə oyunlarda futbolçulardan yüksək psixoloji hazırlıq və soyuqqanlılıq tələb olunur.

Ölkəmizdə idmana qayğı yüksək səviyyədədir

Bu qayğının nəticəsidir ki, beynəlxalq miqyaslı yarışların paytaxtı məhz Bakı seçilir. Azərbaycanda bütün idman növlərinə olduğu kimi, futbola da diqqət kifayət qədərdir. Xatırladaq ki, 2019-cu ildə UEFA Avropa Liqasının finalı, EURO-2020-nin final mərhələnin 4 oyunu məhz Bakıda təşkil olunacaq.

SOCAR-ın futbolumuzun inkişafına ayırdığı sərmayə bəlkə də, heç bir şirkət tərəfindən həyata keçirilmir. Belə ki, respublikamızda futbolun inkişafı üçün hər cür şərait var. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Qarabağ” klubunun UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan komandaya 2 milyon manat ayrılması dediklərimizin əyani sübutudur. Təəssüf ki, beynəlxalq miqyasda futbol yarışlarında hələ ki, heç-heçəyə sevinməli oluruq.

Heç kimə sirr deyil ki, hazırda futbol klublarımızın əksəriyyətində legionerlər üstünlük təşkil edir. "Qarabağ” klubunda da həmçinin. Legionerlərin təcrübəsindən yararlanmaq lazımdır. Amma gəlin görək, klublarımıza dəvət olunan legionerlərin hamısı yüksək səviyyəli futbolçulardırmı? Axı bu oyunçulara kifayət qədər pul ödənilir, bütün problemləri həll olunur. Bəs onda niyə qələbə qazanmayaq?

Hazırda Avropanın və Azərbaycanın futbol ictimaiyyətinin diqqət mərkəzində olan "Qarabağ”ın hər bir oyunu böyük coşğu ilə qarşılanır. Komandamızın keçirdiyi görüşlərdə tribunalarda kifayət qədər azarkeş toplanır. Hamı - azarkeşlər, adi vətəndaşlar da işğal atında olan Ağdam təmsilçisini ürəkdən dəstəkləyir. Bu dəstək, həm də, yaralı yerimiz olan Qarabağ adı ilə bağlıdır. Hamı fikirləşir ki, "Qarabağ”ın stadionda qazandığı qələbə, Qarabağdakı zəfərlərimiz üçün körpü rolunu oynayacaq. Azərbacan xalqı da, "Qarabağ” da qələbə çalmağa layiqdir.
Rahib Səmədov



Bu yazı

2350 dəfə oxunub

Tarix

2017-10-27 14:02:04

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook