“Neftçi idman klubu”: idman xronologiyası


Qraplinq

Bakı İdman Sarayında kişilər və qadınlar arasında qraplinq və qraplinq-gi üzrə sayca 10-cu dünya çempionatı keçirilib. 33 ölkədən 550 idmançının qatıldığı yarışda atletlər uşaqlar, yeniyetmələr, gənclər və veteranlar kateqoriyalarında mübarizə aparıblar.

Çempionatda klubumuzun yetirmələrindən dördü medala yiyələnib. İdmançılarımızdan 92 kq çəkidə çıxış edən Həzi Həsənov veteranlar arasında dünya çempionu adına layiq görülüb. Əsgər Eldarov (92 kq) gənclər, Məhəmməd Papaqov (42 kq) və Rəvan İsgəndərli (85 kq) isə yeniyetmələr arasında 3-cü yeri tutublar.

Muay-tay

Gürcüstanın Tbilisi şəhərində muay-tay döyüş növü üzrə Avropa kəməri uğrunda yarış keçirilib. Turnirdə Azərbaycan, Gürcüstan, Rusiya, Türkiyə, Özbəkistan və Ermənistan idmançıları mübarizə aparıblar.
"Neftçi İdman Klubu” da yarışa qatılıb və komandamız ((Rahib İbrahimov (48 kq), Rəşad Qəhrəmanov (56 kq), Məhəmməd Musayev (60 kq), Elcan Qasımov (65 kq), Heydər Qasımov (70 kq), Nicat Heydərov (75 kq), Mehralı Qasımov (+91 kq)) Avropa kəmərinə sahib çıxıblar.

Eyni məkanda təşkil olunan Avropa çempionatında isə idmançılarımız 2 qızıl və 5 gümüş medala yiyələniblər.

Futbol

Futbol üzrə Azərbaycan I Divizionunda IV turun oyunları keçirilib. 7 xalla turnir cədvəlinə liderlik edən "Qaradağ-Lökbatan” komandası "Mil-Muğan”ın qonağı olub. Heydər Əliyev adına İmişli şəhər stadionunda keçirilən görüşdə qapılara 6 top vurulub. 16-cı dəqiqədə komandamız Sabir Allahquliyevin qolu ilə önə keçib. 32-ci dəqiqədə Məhəmməd Xəlilov hesab arasındakı fərqi ikiyə çatdırıb. "Mil-Muğan” 44-cü dəqiqədə vurulan qollardan birinin əvəzini çıxıb. Oyunun ikinci hissəsində hücumlarını davam etdirən "Qaradağ Lökbatan” 49-cu dəqiqədə Natiq Kəriminin sayəsində daha bir qola imza atıb. 69-cu dəqiqədə Məhəmməd Xəlilov özünün ikinci, komandasının isə dördüncü qolunu vurub. Yerli komanda 78-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirib və ikinci dəfə fərqlənib. Beləliklə, matçda 4:2 hesabı ilə qalib gələn "Qaradağ Lökbatan” komandası xallarının sayını 10-a çatdırıb və turnir cədvəlində liderliyini davam etdirir.

Kikboksinq

Kiçikyaşlı yeniyetmələr, yeniyetmələr və gənclər arasında kikboksinq üzrə Bakı birinciliyinə yekun vurulub. "Sərhədçi” İdman Olimpiya Mərkəzində təşkil olunan yarışda 40 komandanın tərkibində 560 idmançı qüvvəsini sınayıb.

Klubumuzun kiçikyaşlı yeniyetmə kikboksçularından Elfan Əzizli (27 kq), Yusif Dadaşov (33 kq) və Əli Mirzəyev (36 kq) rəqib tanımayaraq açıq paytaxt birinciliyinin qalibi adını qazanıblar. Yalnız finalda məğlub olan Əlihüseyn Əliyev (36 kq) və Əli Qasımov (46 kq) isə gümüş medala layiq görülüblər.

Qeyd edək ki, bu yaş qrupunda kikboksçularımız komanda hesabında birinci yeri tutublar.

Yeniyetmələrin yarışında 60 kq çəki dərəcəsində klumuzu təmsil edən Fərid İlyasov və Sehran Baxşıyev fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Gənclər arasında mübarizə aparan idmançılarımızdan isə Hüseyn Əliyev və İsgəndər Hacıyev birinciliyi bürünc medalla tərk ediblər.

"Neftçi İdman Klubu”İctimai Birliyinin
mətbuat xidməti



Bu yazı

1526 dəfə oxunub

Tarix

2017-10-27 14:58:39

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook