Bakı gələn il batut gimnastikası üzrə Avropa çempionatına ev sahibliyi edəcək




Paytaxt Bakı gələn il aprel ayında batut gimnastikası, tamblinq və ikili mini-batut üzrə 26-cı Avropa çempionatına ev sahibliyi edəcək.

Ötən həftə batut gimnastikası idman növü üzrə ilin son Avropa çempionatı başa çatdı. Hazırda diqqət gələn il Azərbaycanda keçiriləcək batut gimnastikası üzrə Avropa çempionatına hazırlığa yönəldilib. Bugünlərdə Avropa Gimnastika İttifaqının (UEG) Baş direktoru Liza Uortman (Almaniya), qurumun batut gimnastikası üzrə Texniki Komitəsinin prezidenti Vladimir Zeman (Çexiya) və UEG-nin işçi heyəti yarışa hazırlıqlarla bağlı Milli Gimnastika Arenasında olublar. 
Milli Gimnastika Arenası proqramında tamblinq, ikili mini-batut və batut gimnastikası üzrə fərdi və sinxron çıxışlar daxil edilən və iki ildən bir keçirilən Avropa çempionatı üçün ideal bir məkan rolunu oynayacaq. Müasir standartlara cavab verən və I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları və eləcə də müxtəlif gimnastika növləri üzrə Dünya kuboku yarışlarına ev sahibliyi edən Milli Gimnastika Arenası bu sahədə böyük təcrübəyə malikdir.
Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbovun rəhbərliyi altında Təşkilat Komitəsinin nümayəndələri UEG-nin heyətini yarışların keçiriləcəyi məkan, avadanlıq, alətlər və iştirakçıların təklif olunan yerləşdirilmə planı ilə tanış ediblər.



Bu yazı

1557 dəfə oxunub

Tarix

2017-11-02 10:26:31

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook