İdmanın kütləviləşməsində klub və cəmiyyətlərin böyük rolu var


Hələ qədim dövrlərdən etibarən mütəfəkkirlər idmanın və bədən tərbiyəsinin insanın həyatındakı rolunu müsbət qiymətləndirərək, öz əsərlərində onun rolundan danışıblar. Onlar uzunömürlülüyün sirrini məhz düzgün qidalanmaqda və daimi hərəkətdə görürdülər. XII əsrdə yaşamış dahi Azərbaycan şairi Nizami Gəncəvi hələ 800 il bundan əvvəl yazmış olduğu məşhur poemalarında Azərbaycan xalqının qəhrəman oğullarının şücaətini, xüsusən pəhləvanların məharətini təsvir etmişdir. Qədim şərqin yazılı və şifahi xalq yaradıcılığı ilə bağlı olan mədəniyyət abidələrində fiziki hərəkətlər haqqında xeyli məlumatlar verilir. Dünya şöhrətli əsərləri, folklor materiallarını araşdırdıqca xalqımızın hələ qədim dövrlərdə fiziki tərbiyəyə mühüm yer verdiyinin şahidi oluruq. Xalq nağıllarında, əfsanələrdə qəhrəmanlar özlərinin fiziki hazırlığı ilə həmişə seçilmişlər.

Tibb mütəxəssislərinin də təsdiq etdiyi kimi, idmanla məşğul olmaq qan-damar sisteminin inkişafı, ürəyin normal sürətlə döyünməsi, habelə əzələlərin inkişafı üçün vacibdir. İdmanla məşğul olmaq əhval-ruhiyyəni yüksəldir, xroniki xəstəliklərin qarşısını alır, yuxusuzluğu və təngənəfəsliyi aradan qaldırır. Bütün bunlar isə birbaşa sağlam həyat tərzinin formalaşmasına şərait yaradır.

Bu gün ölkəmizdə gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam böyüməsi, vətənpərvərlik ruhunda yetişdirilməsi dövlətin əsas prioritetlərindəndir. Təbii ki, bu istiqamətdə idmanın rolu danılmazdır. Ölkəmiz müstəqillik əldə etdikdən sonra idman və bədən tərbiyəsinə xüsusi diqqət və qayğı göstərilir. İnsanların asudə vaxtının səmərəli təşkili, uşaq və gənclərin sağlam ruhda tərbiyə almaları üçün hər cür şərait yaradılıb. İdman və bədən tərbiyəsinin kütləviliyinin artmasında klubların və idman məktəblərinin rolunu xüsusi ilə qeyd etmək lazımdır. Hazırda paytaxt Bakıda və bölgələrdə müxtəlif idman növləri üzrə klublar fəaliyyət göstərir. Həmin klublarda yüzlərlə uşaq, yeniyetmə və gənc idmanla məşğul olurlar. Maraqlıdır, görəsən, həmin idman məktəblərdə məşqçi-idmançı-valideyn münasibətləri necə qurulur? Müəllimlər gənclərin fiziki və mənəvi inkişafında idmanın və bədən tərbiyəsinin rolunu necə qiymətləndirirlər? Valideynlər keçirilən məşqlərin keyfiyyətindən razıdırlarmı? Onlar öz uşaqlarını müxtəlif idman bölmələrinə, əsasən, hansı məqsədlə yazdırırlar? Bütün bu suallara cavab tapmaq üçün bir neçə idman kompleksində olduq, mütəxəssislərin, idmançıların və valideynlərin fikirlərini öyrəndik.

"Qazanılan uğurlar ölkəmizin şan-şöhrətini artırır”

Bu gün ölkəmizdə kütləviliyi ilə seçilən idman komplekslərindən biri də "Sərhədçi” İdman Olimpiya Mərkəzidir. Bir neçə il əvvəl əsası qoyulan bu idman qurğusu müasir standartlara cavab verir. Burada eyni zamanda 32 idman növü ilə məşğul olmaq mümkündür. Onlardan biri də ölkəmizdə populyarlığı ilə seçilən cüdodur. "Sərhədçi” İdman Olimpiya Mərkəzinin cüdo bölməsinin baş məşqçisi Rəşad Şıxəliyevlə söhbətimiz çox maraqlı oldu. Müsahibimizin fikrincə, idmanla məşğul olmaq təkcə uşaqları fiziki cəhətdən deyil, həm də əqli və mənəvi cəhətdən inkişaf etdirir: "Mən deyərdim ki, idman hər bir gənc üçün vacib sayılan əsas sahələrdən biridir. İdmanla məşğul olanlar təkcə fiziki cəhətdən inkişaf etmirlər. Onlar eyni zamanda, humanistliyi, ədaləti, əzmkarlığı öyrənirlər. Qeyd etmək istərdim ki, yuxarıda sadaladıqlarım və eləcə də, səliqə, mədəniyyət, rəqibə hörmət digər növləri kimi, cüdoda da vardır. Təsadüfi deyil ki, "cüdo” sözünün mənası yapon dilindən tərcümədə "düz yol” deməkdir. O cümlədən, cüdo kimanolarının ağ və göy rənglərdə olması, görüşdən əvvəl və sonra rəqiblərin bir-birlərinə əl uzatması da bir daha təsdiq edir ki, bu idman növü yüksək mənəviyyat və mədəniyyət aşılayır. Mən bir məşqçi kimi çalışıram ki, öz tələbələrimə bu növün bütün sirlərini öyrədim. Sevindirici haldır ki, bizim çəkdiyimiz əziyyətlər bəhrəsiz qalmır. Müxtəlif yarışlarda qazandığımız uğurlar bunu sübut edir. Bizim üçün hər cür şərait yaradılıb. Buna görə də bütün məsul şəxslərə, habelə "Sərhədçi” İdman Olimpiya Mərkəzinin rəhbərliyinə bizə göstərdiyi dəstəyə görə öz təşəkkürümü bildirirəm”.

İdmançıların əldə etdiyi nəticələr, qazandıqları uğurlar gərgin məşqlərin bir göstəricisidir. "Sərhədçi”nin cüdoçuları fəaliyyətə başladıqları ilk illərdən etibarən bir qayda olaraq, müxtəlif nüfuzlu yarışlarda, paytaxt və respublika birinciliklərində böyük nailiyyətlər əldə edirlər. Əlbəttə, bu, bir tərəfdən məşqçilərin bacarığının nəticəsidirsə, digər tərəfdən idmançıların cüdo idman növünə sevgisindən irəli gəlir. "Sərhədçi” İdman Olimpiya Mərkəzinin idmançılarından İmaməli Məmmədzadə cüdonu çox sevdiyini və məşqlərə həvəslə gəldiyini bildirdi: "2005-ci ildən cüdo ilə məşğul oluram. Bir çox beynəlxalq və respublika miqyaslı yarışlarda uğurlar qazanmışam. Rəşad müəllimin bizim üzərimizdə böyük əziyyəti var. Çalışıram ki, məşqçimin mənim üzərimdə çəkdiyi zəhmətin əvəzini qaytarım”.

İdman ocağının digər yetirməsi Məhəmmədəli Məmmədli isə qazandığı uğurlara görə ilk növbədə atasına və məşqçisinə minnətdar olduğunu vurğuladı: "Bakı birinciliyinin bürünc mükafatçısıyam. Türkiyədə, Rusiyada və digər ölkələrdə keçirilən beynəlxalq yarışlarda dəfələrlə mükafatçılar sırasında yer almışam. Bunun üçün ilk növbədə atama, sonra isə Rəşad müəllimə öz təşəkkürümü bildirirəm”.

Məhəmmədəlinin atası Hüseyn Məmmədlinin sözlərinə görə, oğlunu cüdo bölməsinə yazdırmaqda məqsədi onun peşəkar idmançı olmazdan qabaq fiziki cəhətdən sağlam yetişməsidir: "Özüm vaxtilə idmanın sərbəst güləş növü ilə məşğul olmuşam. Lakin aldığım zədə idmançı karyeramı vaxtından əvvəl bitirməyimə səbəb oldu. Bizim dövrdə idman qurğuları, idman zalları çox az idi. Məşq etmək üçün demək olar ki, əlverişli şərait yox idi. İndiki gənclərə baxanda bir qədər paxıllıq edirəm. Çünki hazırda onların məşq etməsi üçün ölkəmizdə hər cür şərait mövcuddur. Bizim dövrdə də idmana belə diqqət və qayğı olsa idi, bəlkə də, yüksək nəticə əldə edə bilərdim. Çox istəyirəm ki, mənim idmanda qazana bilmədiklərimi oğlum Məhəmmədəli əldə etsin. Təbii ki, idman ilk növbədə sağlamlıqdır. İstəyirəm ki, övladlarım sağlam və gümrah böyüsünlər. Bunun üçün idman ən gözəl vasitədir. İdman vasitəsilə gənclər pis vərdişlərdən uzaq olur, sağlam həyat tərzinə üstünlük verirlər. Bu gün ölkəmizi təmsil edən idmançılar beynəlxalq arenalarda layiqli qələbələr qazanırlar. Qazanılan uğurlar ölkəmizin şan-şöhrətini artırır və dünyada tanıtdırır”.

"Uşaq və gənclərin fiziki tərbiyə məsələsi 
diqqət mərkəzində saxlanılır”

Ölkəmizdə fəaliyyət göstərən və öz uğurları ilə diqqət çəkən idman ocaqlarından biri də Daxili İşlər Nazirliyi İdman Cəmiyyətidir (DİN İC). 1926-cı ildə Bakıda yaradılan DİN İC fəaliyyətə başladığı gündən etibarən peşəkar səviyyəli idmançıların hazırlanmasını, gənclərin asudə vaxtlarını səmərəli keçirməsini və onların fiziki cəhətdən sağlam olmasını qarşıya əsas məqsəd qoyub. İdman ocağında dünya və Avropa çempionatlarında, Olimpiya Oyunlarında ölkəmizin idman şərəfini layiqincə qoruyan idmançılar yetişir. Burada müxtəlif idman növləri üzrə bölmələr fəaliyyət göstərir ki, onlardan biri də kikboksinqdir. Uşaq və gənclərə bu idman növünün sirlərini Əməkdar məşqçi, yeniyetmə və gənclərdən ibarət yığma komandamızın baş məşqçisi Hikmət Hacıyev öyrədir. Təcrübəli mütəxəssis bizimlə söhbətində bildirdi ki, idmanla məşğul olmaq hər şeydən əvvəl gənc nəsildə vətənpərvərlik ruhunu yüksəldir. Hikmət müəllim uşaq və gənclərə peşəkar idmançı olmasalar belə, idmanla mütləq məşğul olmağı məsləhət görür: "Müharibə şəraitində olduğumuz bir vaxtda gənclərin vətənpərvərlik ruhunda böyüməsi çox vacibdir. Bu baxımdan idmanının rolu danılmazdır. Fəxrlə deyə bilərəm ki, son illər uşaq və gənclərin idmana, o cümlədən kikboksinqə olan marağı çox artıb. Bu, məni çox sevindirir. Bu günün idmançıları gələcəyin sərhəd keşikçiləri, ailə başçılarıdırlar. Biz çalışmalıyıq ki, onları düzgün tərbiyə edək. Deyə bilmərəm ki, mən bütün tələbələrimi dünya çempionu edə bilərəm. Bunu heç bir məşqçi deyə bilməz. Amma onların hər birini layiqli vətəndaş, nümunəvi əsgər kimi yetişdirmək mümkündür. Çalışdığım idman cəmiyyətində uşaq və gənclərin fiziki tərbiyə məsələsi diqqət mərkəzində saxlanılır”.

Hikmət müəllimin fikrincə, təhsil və idman mütləq paralel şəkildə aparılmalıdır: "Əsl insan kimi formalaşmaq üçün təhsil və idmanın paralel surətdə inkişaf etdirilməsi əsas şərtdir. Bəzən valideyn və idmançılar elə bilirlər ki, yaxşı oxuyan uşaq mütləq idmandan, idmanla məşğul olan isə təhsildən yayınmalıdır. Bu, düzgün fikir deyil. Unutmaq olmaz ki, təhsil insanı əqli cəhətdən, idman isə fiziki cəhətdən inkişaf etdirir. Həmişə idmanla daha yaxşı məşğul olmaq adı ilə təhsildən yayınan yetirmələrimə öz narazılığımı bildirmişəm”.

Daxili İşlər Nazirliyi İdman Cəmiyyətində müxtəlif yaş qrupları üzrə ümumilikdə, 80-ə yaxın yeniyetmə və gənc kikboksinqlə məşğul olur. Məşqlər gündə üç dəfə olmaqla həftənin altı günü ərzində keçirilir. İdmançılar müəllimlərinin rəhbərliyi ilə həftə ərzində həm texniki-taktiki, həm də fiziki hazırlıqlarını artırırlar. Həmin idmançılardan biri də respublika çempionu Emil Hümbətovdur. Perspektivli idmançı bizimlə söhbətində gələcəkdə tanınmış kikboksinqçilərdən biri olmaq istədiyini dedi: "3 ildir ki, DİN İC-də kikboksinqlə məşğul oluram. Bu illər ərzində bir çox nailliyyətlər qazanmışam. Yığma komandanın heyətində yer almaq və mükafatçılar sırasına düşmək üçün öz üzərimdə çox hazırlaşmalıyam. Çalışıram ki, məşqlərə məsuliyyətlə yanaşım və Hikmət müəllimin tapşırıqlarını düzgün şəkildə yerinə yetirim. Kikboksinq insanda döyüşkənlik ruhu və əzmkarlıq yaradır. Bu idman növünün səciyyəvi cəhətlərindən biri də əl və ayaqların daim hərəkətdə olmasıdır”.

Ölkəmizdə kikboksinq idman növü gənclər arasında çox sevilir. Bu idman növünə yeni başlayan yeniyetmə və gənclər tanınmış idmançılarımız Zabit Səmədovu, Pərviz Abdullayevi, Ramal Aslanovu, Anar Süleymanovu özlərinə kumir seçirlər. Belə gənclərdən biri də kikboksinqin WAKO versiyası üzrə dünya çempionatının qalibi Əli Əliyevdir. Əli idmana sağlam olmaq və özünümüdafiə məqsədilə gəlib. Amma sonra peşəkar idmana keçib. Dünya çempionu bu qərara gəlməsində məşqçisinin rolunu yüksək qiymətləndirir: "4 ildir ki, idmanla məşğul oluram. İdmana gələndə əsas məqsədim sadəcə sağlamlığımın qeydinə qalmaq idi. Amma məşqçimin köməkliyi ilə tez bir zamanda peşəkar idmana başladım. İnanıram ki, gələcəkdə tanınmış idmançılardan biri olmağı bacaracağam”.

DİN İC-də kikboksinqlə məşğul olan idmançılardan Əkbər Əsədovun atası Ramil Əsədov öz övladının asudə vaxtını səmərəli keçirmək üçün idmana üz tutduğunu bildirdi. Onun fikrincə, uşaq və gənclərin sağlam ruhda böyüməsində idmanın rolu böyükdür: "Övladımı müəyyən zərərli vərdişlərdən qorumaq, o cümlədən dərsdənkənar vaxtı səmərəli keçirməsi üçün idmanın kikboksinq bölməsinə yazdırmışam. Bu, ikimizin də müştərək qərarı olub. Oğlumun bu növə böyük marağı var. Düşünürəm ki, valideynlər uşaqların seçiminə düzgün yanaşmalıdırlar. İdman növünün seçimində uşaqların maraqları və həvəsi nəzərə alınmalıdır. Bu, uşağın psixologiyasına təsir edən amillərdən biridir. Əgər idman növü ilə bağlı düzgün seçim olarsa, onda nəticə əldə etmək də mümkün olacaq. İnanıram ki, oğlum Ələkbər də gələcəkdə uğurları ilə ölkə idmanında öz sözünü deyə biləcək”.

"Əsl idmançı odur ki, məğlubiyyətə görə 
həvəsdən düşüb təslim olmasın”

Ölkəmizdə idmanın və bədən tərbiyəsinin inkişafında xüsusi zəhməti olan müəssisələrdən biri də İxtisaslaşmış Olimpiya Uşaq-Gənclər İdman Məktəbləridir (İOUGİM). Belə məktəblərdən biri paytaxtın Nizami rayonunda yerləşən 13 nömrəli İOUGİM-dir. Burada müxtəlif idman növləri, o cümlədən cüdo, boks, gimnastika üzrə məşqlər keçirilir. Bizi maraqlandıran suallarla bağlı məktəbin cüdo zalına yollandıq. Uzun illər qadınlardan ibarət yığma komandamızın baş məşqçisi olan, təcrübəli cüdo mütəxəssisi İbadulla Şahbanovla görüşdük: "Bizim zəngin idman tariximiz var və bu tarixi davam etdirmək lazımdır. 1992-ci ildə müstəqillik əldə etdikdən sonra bütün respublikada idmana xüsusi diqqət və qayğı göstərildi. Elə həmin il İspaniyanın Barselona şəhərində keçirilən Olimpiya Oyunlarında cüdoçumuz Nazim Hüseynov Olimpiya çempionu olmaqla bizim hamımızı sevindirdi. Olimpiadadan-olimpiadaya medallarımızın sayı daha da artır. Bu gün Azərbaycan ən nüfuzlu idman yarışlarına uğurla ev sahibliyi edir. Gənc idmançılarımız üçrəngli bayrağımızı ən yüksək zirvələrdə dalğalandırmaq üçün çox çalışmalıdırlar. Bizim vəzifəmiz isə onlara yol göstərmək, əlimizdən gəldiyi qədər kömək etməkdir. Müşahidəmə əsasən deyə bilərəm ki, idmana təzə başlayanlar, adətən, sağlamlıqlarının qayğısına qalırlar. Lakin bir neçə yarışda uğurlu çıxış etdikdən sonra onlarda peşəkar idmana maraq yaranır. Ona görə də çalışırıq ki, bölməyə gələnlərə ilk məşq günündən etibarən maksimum dərəcədə çox şey öyrədək. Şübhəsiz ki, hər bir fəndin icrasını da birdən-birə öyrənmək mümkün deyil. Peşəkar idmançı olmaq üçün illər tələb olunur. Elə buna görə də, yeniyetmə və gənclərimizə səbrli olmağı, məşqlərə məsuliyyətlə yanaşmağı və həvəsdən düşməməyi arzu edirəm. Təbii ki, idmançı karyerası ərzində daim qələbə qazana bilməz. Əsl idmançı odur ki, məğlubiyyətə görə həvəsdən düşüb təslim olmasın. Psixoloji amil idmanda mühüm şərtdir. Bu amil nəinki idmanda, şəxsi həyatda da kömək olur. Bəzən yarışda elə olur ki, 4 dəqiqəlik görüşün ilk üç dəqiqəsi rəqibin üstünlüyü ilə keçir. Amma məğlub tərəf inadla müqavimət göstərir və sonda elə bir fənd icra edir ki, nəticə məğlub tərəfin xeyrinə dəyişir. Bax, belə xarakterli idmançılardan olmaq lazımdır. Bayaq adını çəkdiyim Nazim Hüseynov məhz belə idmançılardan idi. Onun üçün də Olimpiya çempionu adına layiq görüldü. Düşünürəm ki, məşqçi idmançının xarakterinin formalaşmasında əsas simadır və bu istiqamətdə mümkün olan hər şeyi edirik”.

13 nömrəli İOUGİM-də bir neçə zalda 20-ə yaxın məşqçi tərəfindən cüdo məşqləri keçirilir. Həmin zallarda müxtəlif yaş qrupu üzrə idmançılar cüdonun sirlərinə yiyələnirlər. Sevindirici haldır ki, müxtəlif turnirlərdə qeyd etdiyimiz idman məktəbinin yetirmələri daim uğurlu nəticələr əldə edirlər. İdman məktəbinin təcrübəli məşqçilərindən olan Vüsal Əhmədov uğurların arxasında gərgin zəhmətin dayandığını vurğuladı: "Məşqlərimiz xüsusi proqramlar üzrə aparılır. Çalışırıq ki, idmançıları həm texniki-taktiki, həm fiziki cəhətdən inkişaf etdirək. Eyni zamanda, onların mənəvi cəhətdən kamilləşmələri üçün müəyyən işlər görürük. Çalışırıq ki, idmançılarımızı mümkün qədər zədələrdən qoruyaq. Bəzi cüdoçularımız məşqin ağırlığından narazılıq edirlər. Bu, iradəsizlikdən, dözümsüzlükdən irəli gəlir. Heç nə asanlıqla əldə olunmur. Nəticə əldə etmək üçün çoxlu güc sərf etməli və gördüyün işi sevə-sevə yerinə yetirməlisən. Təcrübə göstərir ki, idmanla məşğul olan yeniyetmə və gənclər həyatda daha optimist, inamlı, mübariz olurlar. Həmçinin onların beyni də kompüter kimi işləyir. Çünki məşqdə, yarışda rəqiblə mübarizə edərkən cəld hərəkət etməyə, onun zəif nöqtələrini müəyyən etməyə məcburdurlar. Bu zaman beyin saat kimi işləməyə başlayır və bir vərdiş halına keçir. Eyni zamanda, idmançıların iradəsi də möhkəm olur. Onlar məğlub olmağı və bundan nəticə çıxarmağı yaxşı bacarırlar. Təsadüfi deyil ki, uşaqlar idmana adətən 6-7 yaşından başlayırlar. Bu yaşda həm onların bədənləri elastik olur, həm də onları tərbiyə etmək, uşaqlarda idmançı psixologiyası yaratmaq daha rahat olur. Müşahidələr göstərir ki, çox vaxt elə həmin yaşda məşqlərə başlayanlar gələcəkdə böyük nailiyyətlər qazanırlar. Əlbəttə, hamı məşqlərə çempion olmaq üçün gəlmir. Bəziləri sadəcə sağlamlıq və bədən quruluşunu formalaşdırmaq üçün məşqlərə yazılırlar. Bu da başadüşüləndir. Sağlamlıq hər şeydən vacibdir. Amma əsl idmançı hər məşqdən əvvəl və sonra özü-özünə təlqin etməlidir: "Mən Olimpiya çempionu olmalıyam”.

Həmin idman ocağının yetirməsi olan Əli Quliyev bütün yarışlarda çempion olmaq üçün mübarizə apardığını deyir: "Çalışıram ki, bütün yarışlarda birinci yeri tutum. Təbii ki, bu heç də asan olmur. Həmişə həvəslə tatamiyə çıxmışam. İnanıram ki, nə vaxtsa Olimpiya çempionu da olacağam. Məşqlərə böyük həvəslə gəlir və müəllimlərinin köməyi ilə bu idman növünün incəliklərini öyrənirəm. Çalışıram ki, gələcəkdə Elnur Məmmədli, Elxan Məmmədov, Rüstəm Orucov kimi təcrübəli idmançılardan biri olum”.

İdman ocaqlarında apardığımız müşahidələr göstərdi ki, ölkəmizdə uşaq və gənclərin fiziki və mənəvi cəhətdən inkişafı, əsl insan kimi formalaşması lazımı səviyyədə aparılır. Gənc nəsil sağlam və vətənpərvər ruhda böyüyür və layiqli vətəndaş kimi yetişir.
Kənan Novruzov


Bu yazı

6886 dəfə oxunub

Tarix

2017-11-16 14:27:29

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook