Şəhər sakinləri şahmatçıları təbrik edir, "Qarabağ"a uğurlar arzulayırlar

İdman ölkəmizdə sürətlə inkişaf edir. Ölkəmizin I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Formula-1 üzrə nüfuzlu idman tədbirlərinə layiqli ev sahibliyi etməsi bunun bariz nümunəsidir. Ötən il elə Rio-de Janeyroda təşkil olunun sonuncu - XXXI Yay Olimpiya Oyunlarında əldə olunan rekord nəticə də bir daha ölkəmizdə idmanın inkişafından xəbər verir. Buyaxınlarda təmsilçilərimiz beynəlxalq aləmdə yenidən milyonların diqqətini çəkdi. Belə ki, şahmat üzrə yığma komandamız bir müddət əvvəl Avropa çempionatının birincisi olaraq, bu uğuru üçüncü dəfə təkrarladılar. Eyni zamanda qitənin ən nüfuzlu futbol turniri olan Çempionlar Liqasında "Qarabağ” klubu debüt edərək Avropanın ən güclü komandaları sırasında yer aldı və mübarizəyə qoşuldu. Yeri gəlmişkən, qeyd edək ki, noyabrın 22-də klub təmsilçimiz İngiltərənin "Çelsi” klubu ilə cavab oyununu keçirəcək.

Olimpnews.az saytının məlumatına görə, bu və ya digər idman hadisələrinin aktuallığını nəzərə alaraq şəhər sakinləri arasında sorğu keçirməyi qərara aldıq. Öyrənmək istədik ki, şəhər sakinləri bu hadisələrdən nə dərəcədə xəbərdardılar? Onlar bu yarışları necə qiymətləndirirlər?

Ümumiyyətlə, onlar daha çox hansı idman növünə maraq göstərir, hansı yarışlarda azarkeşlik edirlər?

Əli Hacıyev (Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimi):
- İlk növbədə onu deyim ki, ölkəmizdə idman yüksək sürətlə inkişaf edir. Elə "Qarabağ” ın Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması da bunu sübut edir. Futbol dünyada ən populyar idman növlərindəndir. Mən özüm də futbol azarkeşiyəm. "Qarabağ”ın oyunlarını maraqla izləyirəm. Komandamız çox güclü rəqiblərlə layiqli mübarizə aparır. İnanıram ki, futbolçularımız bundan sonra keçirəcəyi oyunlarda daha böyük qələbələr qazanacaqdır. Növbəti oyunlarda klubumuza uğurlar arzulayıram.

Abuzər Əsədov (261 nömrəli məktəbin direktoru):
- İdmanın ölkəmizdəki hazırkı vəziyyəti hamımızı sevindirir. Biz dəfələrlə beynəlxalq idman arenalarında öz sözümüzü demişik. Buyaxınlarda növbəti uğurların şahidi olduq. Şahmatçılarımız artıq üçüncü dəfə Avropa çempionu oldular. Bu, o deməkdir ki, şahmat ölkəmizdə çox geniş yayılıb. Yəni, intellektli gənclər yetişir. Bu, çox xoş haldır. Fikrimcə, şahmat hər bir xalqın intellektual səviyyəsini göstərir.

Telli Şükrani (70 nömrəli orta məktəb-liseyin idman müəllimi):
- Bir idman müəlliməsi kimi çalışıram ki, idman yarışlarını müntəzəm izləyim. Amma təəssüf ki, buna heç də həmişə vaxt tapa bilmirəm. Buna baxmayaraq, "Qarabağ” futbol komandasının və şahmatçılarımızın qazandığı uğurlardan xəbərdaram. Futbolçularımızı, şahmatçılarımızı və onların timsalında bütün xalqımızı təbrik edirəm. Çalışırıq ki, gələcəkdə bu nailliyyətlərin təkrarlanması üçün bacarıqlı idmançılar yetişdirək.

Babarza Alimov (inşaatçı):
- Fikrimcə, hazırda ölkə idmanının əsas hadisəsi "Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparmasıdır. Komandamız gələn həftə Bakıda ingiltərənin "Çelsi” klubu ilə qarşılaşacaq. Sevindiricidir ki, futbolçularımız Avropanın ən nüfuzlu klub turnirində keçirdiyi hər oyunda təcrübələrini artırır və layiqli mübarizə aparırlar. İnanıram ki, "Çelsi” ilə qarşılaşma daha yaxşı nəticə ilə yekunlaşacaq. Hər halda hesabdan asılı olmayaraq, "Qarabağ” artıq tarix yazıb. Oyunu həyəcanla gözləyirəm. Komandamıza uğurlar arzu edirəm. Əlbəttə, şahmatçılarımızın Avropa çempionu olmalarını da unutmaq olmaz. Komandamız bu nəticə ilə üçüncü dəfə Avropanın ən güclüsü olduğunu sübut etdi.

Ramal Aslanov (kikboksçu):
- Mən də idmançıyam. Uzun illərdir ki, kikboksinqlə məşğul oluram. Hər bir idmançımızın uğurlarına çox sevinirəm. "Qarabağ” futbol komandasının Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparması çox qürurvericidir. Hamı "Qarabağ”ın nəyə qadir olduğunu görür. Düşünürəm ki, bu günlərdə ən böyük idman hadisəsi elə "Qarabağ”ın əldə etdiyi bu uğurdur. İspaniyanın "Atletiko” Madrid klubu ilə hər iki oyunda heç-heçə etməsi ölkəmizin uğurudur. Bu nəticələr təkcə Azərbaycanda yox, ölkəmizdən kənarda da diqqət çəkdi. Biz hamımız stadiona gedərək, komandamıza dəstək olmalıyıq.

Natəvan Hacıyeva (tələbə):
- Mən özüm beş il futbolla məşğul olmuşam. Elə indi də futbolla maraqlanıram. Bir futbolsevər kimi komandamızın oyunlarını maraqla izləyirəm. "Qarabağ” "Çelsi” ilə ilk oyunda məğlub olsa da, çox gözəl oyun nümayiş etdirdi. Baş məşqçi Qurban Qurbanov komandamızı peşəkar şəkildə hazırlaşdırır. İnanıram ki, ev oyununda da klubumuz yenə uğurlu oyun nümayiş etdirəcək.

Arzu Əlizadə (tələbə):
- Həftənin idman hadisəsi kimi "Qarabağ və "Çelsi” komandalarının oyununu deyərdim. Komandamızın Çempionlar Liqasının qrup mərhələsinə düşməsi hər birimizi sevindirir. Bakıda Çempionlar Liqasının himnini eşitmək çox qürurludur. Mənim futbola çox böyük marağım var. Həmişə milli komandamızın və klublarımızın çıxışlarını böyük maraqla izləmişəm. İnanıram ki, "Qarabağ” Londondakı oyundan fərqli olaraq, Bakıda daha inamlı çıxış edərək azarkeşlərə gözəl oyun göstərəcək. İlk dəfədir ki, komandamız belə güclü klublarla qarşılaşır. Fikrimcə, güclü komandalarla oyunda futbolçularımızın oyununu təqdir etmək, onlara dəstək olmaq lazımdır.

Kənan Novruzov,
Əliyə İlyasova






Bu yazı

7494 dəfə oxunub

Tarix

2017-11-17 14:36:05

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook