«Qurban müəllimlə görüşmək arzuma nail oldum»


"Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov örnək addımı ilə diqqət mərkəzinə gəldi. Olimpnews.az saytının məlumatına görə, Topaz Premyer Liqasının XII turunda "Sumqayıt"la matçdan sonra (2:0) təcrübəli mütəxəssis 16 yaşlı azarkeş Asif Şirinovla görüşərək söhbət etdi və şəkil çəkdirdi. Quba rayonundan məhz Qurban Qurbanovu görmək üçün paytaxtımıza gələn Asif saytımıza müsahibəsi zamanı görüş təəssüratlarını bizimlə bölüşdü.

- Asif, futbola marağın nə vaxtdan başlayıb?

- Uşaqlıqdan futbola marağım var. 9 yaşından futbolla peşəkar səviyyədə məşğul oluram. Sağ cinahda hücumameyilli yarımmüdafiəçi mövqeyində çıxış edirəm. Qubanın gənclərdən ibarət yığmasında oynamışam. Arzum tanınmış futbolçu olmaqdır. Amma hazırda bəzi səbəblərə görə futboldan uzaq düşmüşəm.

- Bəs «Qarabağ» klubuna nə vaxtdan azarkeşlik edirsən?

- 2011-ci ildən sırf komandanın matçlarını izləyirəm. Demək olar ki, «Qarabağ»ın bir nömrəli fanatıyam.

- İlk dəfədir, «Qarabağ»ın matçını stadiondan birbaşa izləyirsən?

- Bildiyiniz kimi, Quba rayonunda yaşayıram. Ona görə də mənim üçün paytaxtdakı stadiona gəlib-getmək çətindir. Amma «Qarabağ»ın bütün matçlarına televiziya ve internet vasitəsilə izləyirəm. İlk dəfə azarkeşi olduğum komandanın matçını stadiondan birbaşa izləmək imkanım oldu.

- Komandanın oyununu ilk dəfə stadiondan birbaşa izlədin və oyundan sonra baş məşqçi Qurban Qurbanovla görüşdün. Təəssüratların necədir?

- Bəli mənim üçün çox gözəl bir gün oldu. Oyunu birbaşa stadiondan izləmək və sevimli komandam «Qarabağ»ın qələbəsi…Yeri gəlmişkən, «Qarabağ»ı və dəyərli Qurban müəllimi gözəl oyun və qələbə münasibəti ilə təbrik edirəm. Təəssüratlarım gözəldir. Qurban müəllimlə görüşmək arzuma nail oldum. Qarşımda düşündüyümdən də sadə və gözəl qəlbli bir Azərbaycan oğlu gördüm. Bu görüş heç vaxt yaddaşımdan silinməyəcək. Qurban müəllimlə qısa da olsa söhbət etdik və xatirə şəkli çəkdirdik. Mən də öz növbəmdə Qurban müəllimi Quba rayonuna sadə müəllim ailəsinə qonaq çağırdım.
Yeri gəlmişkən, arzumun reallaşmasında əməyi keçən hər kəsə, xüsusilə «Qarabağ» klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimova ailəmiz adından dərin minnətdarlığımı bildirirəm.

- Yəqin ki, bundan sonra stadionlarda tez-tez görünərsən…

- İnşallah. Ümidvaram ki, neçə illərdir boşa gedən arzularım reallaşar və tez-tez oyunları birbaşa izləmək üçün paytaxta üz tutaram.

- Bir azarkeş kimi, Çempionlar Liqası çərçivəsində «Çelsi» ilə matçda «Qarabağ»ın hansı nəticə qazanacağına ümid edirsən?

- Açığı, Bakıya gələn günü «Çelsi» ilə matç üçün bilet almaq istəyirdim. Amma artıq biletlərin hamısı satılıb qurtarmışdı. Əlbəttə, bütün «Qarabağ» azarkeşləri komandadan qələbə gözləyirlər. Oyunun gedişindən asılı olmayaraq, ürəyim «Qarabağ»la döyünəcək. İnşallah komandamız sərfəli nəticə qazanar.

Rahib Səmədov




Bu yazı

13900 dəfə oxunub

Tarix

2017-11-20 11:22:57

Yazını

Çap et

Yazını

Paylaş