Gimnastika ölkəmizdə seçilən idman növlərindən biridir






"İdman, bədən tərbiyəsi, hər bir sivilizasiyalı xalqda, ölkədə olduğu kimi, Azərbaycan xalqının da, Azərbaycan vətəndaşlarının da həyat tərzinin mühüm bir hissəsidir”.

İlham Əliyev


Azərbaycanda idmanın inkişafına geniş prizmadan yanaşma və bu istiqamətdə aparılan uğurlu dövlət siyasəti öz səmərəli bəhrəsini verir. Ölkədə fəaliyyət göstərən idman qurumları - Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, federasiyalar, idman cəmiyyətləri vahid siyasət çərçivəsində ümumi işə xidmət edirlər. Məhz bütün bunların nəticəsidir ki, Azərbaycan dünya birliyinə idman dövləti kimi təqdim olunur. İdmançılarımız yüksək səviyyəli beynəlxalq yarışlarda uğurla çıxış edir, vətənimizin şöhrətini günü-gündən artırırlar. Ölkəmiz yüksək səviyyəli beynəlxalq yarışların yüksək səviyyədə təşkili və keçirilməsində mötəbər idman qurumlarının, rəsmi şəxslərin etimadını qazanıb. Respublika idman və Olimpiya Hərəkatının inkişafını daim diqqətdə saxlayan Azərbaycan Respublikasının Prezidenti gənc nəslin idmanla məşğul olmasını son dərəcə vacib məsələ kimi vurğulayır: "İdman cəmiyyətimizin ayrılmaz hissəsidir. Mən Milli Olimpiya Komitəsinin prezidenti və ölkə Prezidenti kimi çox istəyirəm ki, Azərbaycanda idmanla məşğulolma prosesi kütləvi xarakter alsın. Artıq kütləvilik artır, ancaq istənilən səviyyədə deyildir. Hər bir vətəndaş, hər bir gənc mütləq idmanla məşğul olmalıdır. Çünki ilk növbədə, idman sağlamlıq, sağlam həyat tərzi deməkdir”.
Ölkəmizdə idmanın inkişafı və kütləviliyində, uşaq və gənclərin sağlam böyüməsində xüsusi rolu olan idman qurumlarından biri də federasiyalardır. "Olimpiya dünyası” qəzeti budəfəki sayında ölkənin idman qurumları arasında səmərəli və məqsədyönlü fəaliyyəti ilə seçilən Azərbaycan Gimnastika Federasiyası, federasiyanın gördüyü işlər, həyata keçirdiyi tədbirlər barədə məlumatları oxucularımıza çatdırır.



Bədənə gözəllik verir,
nəcib hisslər aşılayır

Gimnastika ölkəmizdə populyarlığı ilə seçilən, uşaq və gənclər tərəfindən sevilən idman növlərindən biridir. Gimnastika idman növü uşaq və gənclərin fiziki və mənəvi tərbiyəsində xüsusi rola malikdir. Bu növün kütləvi xarakter alması bunu bir daha sübut edir. İdman gimnastikadan başlayır. Yəni insanın fiziki sağlamlığının əsasında məhz gimnastik hərəkətlər durur. Gimnastika bədənə çeviklik, güc, qədd-qamət, gözəllik verir, insanda igidlik və nəciblik hissləri aşılayır. Təsadüfi deyildir ki, qədim yunanlar bu növdən hərbçilərin yetişdirilməsində istifadə edirdilər. Olimpiya idman növlərindən olan gimnastika, həm də çox çətin növdür. Mütəxəssislərin dediklərinə görə, gimnastika ilə məşğul olduqdan sonra digər idman növlərində məşq etmək olduqca asandır. Son illər bu idman növü ölkəmizdə kütləvi xarakter alıb. Bunu paytaxt Bakıda, eləcə də, bölgələrdə fəaliyyət göstərən gimnastika bölmələrinə gələnlərin sayının artması da sübut edir. İstər idmanının inkişafı, istərsə də, beynəlxalq yarışların keçirilməsi istiqamətində əldə olunan uğurlar onu göstərir ki, rəhbərlik etibarlı əllərdədir.

Azərbaycan Gimnastika Federasiyası (AGF) 1956-cı ildə yaradılıb. Ölkəmiz müstəqillik əldə etdikdən sonra AGF 1993-cü ildə Beynəlxalq Gimnastika Federasiyasına, 1996-cı ildə isə Avropa Gimnastika İttifaqına üzv qəbul olunub. AGF-nin 2002-ci il oktyabrın 7-də keçirilən təsis konfransında ölkənin birinci xanımı, birinci vitse-prezident Mehriban xanım Əliyevanın federasiyanın prezidenti seçilməsi ilə təşkilat yenidən qurulub və bu sahədə böyük dönüş yaranıb. 15 illik yubileyini buyaxınlarda qeyd edən federasiyanın səmərəli fəaliyyəti nəticəsində bu gün ölkə gimnastikası öz inkişaf dövrünü yaşayır. Gimnastikanın bütün növləri üzrə maddi-texniki bazasının gücləndirilməsi, kadr islahatlarının aparılması sayəsində 2002-ci ildən sonra bu sahədə yüksək uğurlar qazanılıb. AGF-nın məqsədyönlü və səmərəli fəaliyyətinin nəticəsində uşaq, yeniyetmə və gənclərin gimnastika növləri üzrə bölmələrə axını artıb. Hazırda Azərbaycanda 5 mindən çox yeniyetmə və gənc gimnastika ilə məşğul olur.

Məlumat üçün bildirək ki, ilk dövrlərdə ölkəmizdə əsasən bədii gimnastika, akrobatika və tamblinq növləri fəaliyyət göstərib. 2013-cü ildən qadın idman gimnastikası, 2014-cü ildən isə batut və aerobika gimnastikası inkişaf etdirilib. Hazırda Azərbaycan Gimnastika Federasiyasının tərkibinə altı idman növü daxildir. Bunlara Olimpiya növləri olan bədii gimnastika, qadın və kişi idman gimnastikası, batut, həmçinin tamblinq, akrobatika və aerobika kimi qeyri-Olimpiya növləri aiddir. Ölkəmizdə ən yüksək nailiyyətlər bədii gimnastikada əldə olunub. Bu növün Azərbaycanda yaranma tarixi keçən əsrin 40-cı illərinə təsadüf edir. Bu gün Azərbaycanda bədii gimnastikanın zəngin ənənələrini davam etdirməyə qadir olan perspektivli gimnastların yeni nəsli mövcuddur. Ayşən Bayramova, Zöhrə Ağamirova, Diana Doman və başqaları bədii gimnastikanın böyüməkdə olan nəslinin nümayəndələridir.
Mehriban Əliyevanın Azərbaycan Gimnastika Federasiyasına rəhbər seçilməsi ölkəmiz üçün o qədər ənənəvi olmayan gimnastikanın sürətli inkişafına və populyarlaşmasına imkan verib. İlk uğurlar özünü çox gözlətməyib. Təsis konfransından cəmi bir neçə ay sonra - 2003-cü ilin avqustunda Bakıda ilk dəfə bədii gimnastika üzrə Dünya kuboku mərhələsi təşkil olunub. Həmin ilin sentyabrında isə Azərbaycanın bədii gimnastika tarixində ilk Olimpiya lisenziyası əldə edilib. Lisenziyanı Budapeştdə keçirilən 26-cı dünya çempionatında Dinara Gimatova qazanıb. Sonra uğurlar biri-birini əvəz edib. 2004-cü ilin aprelində Bakıda ikinci dəfə bədii gimnastika üzrə Dünya kuboku mərhələsi təşkil edilib. Həmin il ölkəmiz Afinada keçirilən XXVIII Yay Olimpiya Oyunlarında gimnastika idman növündə ilk dəfə təmsil olunub. Bu yarışlarda Anna Qurbanova bədii gimnastika üzrə yarışlarda mübarizə aparıb.

2005-ci il Azərbaycan Gimnastika Federasiyasının tarixində xüsusilə əlamətdar il olub. Bakıda üçüncü dəfə "A” seriyasına aid bədii gimnastika üzrə Dünya kuboku keçirilib və ölkəmiz müstəqil Azərbaycanın tarixində ilk dəfə bədii gimnastika üzrə 27-ci dünya çempionatına ev sahibliyi edib. 

2006-cı ildə Mehriban Əliyevanın yenidən AGF-in prezidenti seçilməsi idmanın bu növünün inkişafında və federasiyanın fəaliyyətində yeni mərhələnin başlanmasına təkan verib. Bu mərhələdə ölkəmiz gimnastika idman növü üzrə nailiyyətlər əldə etməklə yanaşı, mötəbər tədbirlərə də ev sahibliyi edib. 
2007-ci ildə Bakıda ilk dəfə olaraq, bədii gimnastika üzrə 23-cü Avropa çempionatı təşkil olunub. Bu çempionatda gimnastımız Aliyə Qarayeva qızıl medal qazanıb. Təmsilçilərimiz komanda yarışında da uğurlu çıxış edərək, turniri bürünc medalla başa vurublar. Bu uğuru davam etdirən bədii gimnastlarımız 28-ci dünya çempionatında komanda hesabında bürünc medalı təmin ediblər. Bu nailiyyət milli komandamıza Pekin-2008 Olimpiya Oyunlarına maksimal sayda lisenziya əldə etmək imkanı verib. 2007-ci il AGF üçün daha bir uğurla da yadda qalıb. Gənclər və İdman Nazirliyinin müəyyən etdiyi ilin idman yekunlarına əsasən, Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri kollektivi ilin ən yaxşı komandası elan olunub.

2009-cu ildə Bakının ev sahibliyi ilə ikinci dəfə bədii gimnastika üzrə 25-ci Avropa çempionatı keçirilib. Bakıda təşkil olunan bədii gimnastika üzrə Avropa çempionatında komanda hesabında iki gümüş, fərdi yarışlarda isə bir bürünc medal qazanılıb. Azərbaycanın bədii gimnastlarının Avropa çempionatında ilk medalı 2010-cu ildə əldə olunub. Bremendə keçirilən 26-cı Avropa çempionatında Aliyə Qarayeva çoxnövçülük yarışında bürünc medal əldə edib. Həmin çempionatda gimnastlarımız əlavə olaraq gümüş və bürünc medala layiq görülüblər.


Milli Gimnastika Arenası insanı valeh edir

2014-cü ildə istifadəyə verilən Milli Gimnastika Arenası (MGA) Azərbaycanda gimnastikanın inkişafında növbəti mühüm addım olub. Müasir tələblərə cavab verən arenanın istifadəyə verilməsindən sonra gimnastika növü ilə məşğul olanların sayı daha da artıb. MGA-da gimnastikanın bütün növlərində məşq etmək üçün yüksək səviyyəli şərait yaradılıb. Əlbəttə, kəmiyyət artdıqca, idmançılar yetişdikcə, keyfiyyət də artmağa başlayır. Gimnastikanın bütün 6 yarış növü üzrə turnirlərin ən yüksək səviyyədə keçirilməsi üçün hər cür şəraitin yaradıldığı bu möhtəşəm arena mötəbər beynəlxalq yarışlara da uğurla ev sahibliyi edir. Milli Gimnastika Arenası möhtəşəmliyi ilə təkcə təlim-məşq toplanışına və yarışlara gələn gimnastları deyil, həmçinin müxtəlif ölkələrdən olan idman həvəskarlarını da valeh edir. 9500 tamaşaçı tutumuna malik olan arena həm yerli, həm də beynəlxalq yarışları keçirmək imkanına malikdir. Əsas və köməkçi zaldan ibarət olan MGA-da gimnastikanın müxtəlif növləri üzrə yarışların eyni vaxtda keçirilməsi mümkündür. Arenada idmançıların qalması, təhsil alması, qidalanması, yüksək səviyyədə məşq etməsi üçün şərait mövcuddur.

2015-ci il AGF üçün xüsusilə əlamətdar olub. Azərbaycan gimnastları Bakıda keçirilən birinci Avropa Oyunlarının proqramına daxil olan gimnastikanın bütün altı növü üzrə yarışlarda uğurla mübarizə aparıblar. Oyunlarda gimnastlarımız ümumilikdə, 7 medal qazanıblar. AGF-in prezidenti, Bakı-2015 Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın dövlətimizin başçısının Sərəncamı ilə "Heydər Əliyev” ordeni ilə təltif edilməsi bu uğurların təntənəsi olub. I Avropa Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə AGF-in vitse-prezidenti Altay Həsənov və Oyunlarda 5 medal qazanan Oleq Stepko "Şöhrət” ordeni ilə təltif edilib. Dörd idmançı "Tərəqqi” medalı, bir neçə məşqçi isə Azərbaycan Prezidentinin fəxri diplomuna layiq görülüb. Bu, Azərbaycan Prezidentinin ölkəmizdə gimnastikanın inkişafına göstərdiyi yüksək diqqət və qayğının növbəti nümunəsidir.

2016-cı ildə Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevanın Avropada idmanın inkişafı və Olimpiya Hərəkatına verdiyi töhfəyə görə Avropa Olimpiya Komitələrinin ən yüksək mükafatı olan "Ali Ordeni” ilə təltif olunması AGF prezidentinin beynəlxalq miqyasda fəaliyyətinə verilən yüksək qiymətin bir göstəricisidir.
Bədii gimnastımız Marina Durunda Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarında debütünü edib. Təmsilçimiz inamlı çıxış edərək yarışların finalına çıxmağı bacarıb.


Federasiya dünyada böyük nüfuza malikdir

AGF-in uğurları 2017-ci ildə də davam etdirilib. Mart ayında Azərbaycan Gimnastika Federasiyası 3 il ərzində ardıcıl olaraq Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən mükafata layiq görülən fərqlənən federasiyaların reytinq siyahısına daxil olub. Federasiyanın prezidenti, Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Olimpiya idman növü olan gimnastikanın inkişafındakı böyük xidmətlərinə görə Beynəlxalq Gimnastika Federasiyasının yüksək mükafatı ilə təltif edilib.

AGF-nin baş katibi Fərid Qayıbov "Olimpiya dünyası” qəzetinə və "olimpnews.az" saytına verdiyi müsahibəsində ölkədə gimnastikanın inkişafı, eləcə də federasiyanın Avropada və dünyada özünə kifayət qədər nüfuz qazandığını dedi: "Azərbaycan Gimnastika Federasiyası 3 ildir ki, ardıcıl olaraq beynəlxalq reytinqdə ən yaxşı federasiyalar sırasında ilk onluqda yer alır. Bu, çox böyük göstəricidir və Azərbaycan gimnastikasının dünyada inkişafından xəbər verir. Bu qiymətləndirmə ölkədə gimnastikanın inkişafı, mötəbər tədbirlərin yüksək səviyyədə təşkilinə görə verilir. Federasiyamız Avropada və dünyada özünə kifayət qədər nüfuz qazanıb. Beynəlxalq Gimnastika Federasiyasının (FİG) 140-dan artıq üzvü olduğunu nəzərə alsaq, bu, böyük nəticədir. Milli Gimnastika Arenası mötəbər yarışların məkanına çevrilib və fəxr ediləsi bir arenadır. 14 ildir ki, bu sahədə çalışıram, müxtəlif ölkələrdə olmuşam amma belə bir arena görməmişəm. Milli Gimnastika Arenasında yaradılan şərait gənclərimizin sağlam və hərtərəfli inkişafına yönəlib. Biz çalışırıq ki, gimnastika ilə məşğul olan uşaq, yeniyetmə və gənclər həm də vətənpərvər ruhda böyüsünlər. Şübhəsiz ki, ən vacib amil gənc nəslin sağlamlığının qorunmasıdır. Azərbaycan Gimnastika Federasiyası bu istiqamətdə lazımi tədbirlər həyata keçirir. Biz gələcəkdə də öz işimizi bu yöndə qurmağa çalışacağıq.
Mayın 6-da Bakıda Beynəlxalq Gimnastika Federasiyasının Ali Şurasının iclası keçirildi. Tədbirdə FİG-in prezidenti Morinatri Vatanabe, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, FİG-in vitse-prezidentləri, qitələr üzrə prezidentlər, texniki komitələrin prezidentləri və digər rəhbər nümayəndələr iştirak edirdilər. Gələn il isə ölkəmiz beynəlxalq qurumun ali konqresinə ev sahibliyi edəcək. Bütün bunlar birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın xidməti sayəsində mümkün olmuşdur. 

"Görülən işlər, çəkilən zəhmət öz bəhrəsini verir”

Gimnastlarımız öz uğurlarını davam etdirirdilər. May ayının 12-22-də ölkəmizin ev sahibliyi etdiyi IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan təmsilçiləri bədii gimnastika, kişi və qadın idman gimnastikası üzrə yarışlarda ümumilikdə 20 medal (9 qızıl, 7 gümüş və 4 bürünc) qazandılar. Bu, idmançılarımızın bir turnirdə əldə etdikləri medal sayına görə rekord göstəricidir.

Paytaxt Bakı bu ilin üç ayı (fevral, mart və aprel) ərzində dalbadal irimiqyaslı gimnastika yarışlarına ev sahibliyi etdi. Fevralın 17-18-də Bakıda Beynəlxalq Gimnastika Federasiyasının (FIG) batut gimnastikası və tamblinq üzrə Dünya kuboku yarışı keçirildi. Milli Gimnastika Arenasında təşkil edilən yarışda 15 ölkədən 85 batutçu və tamblinqçi qüvvəsini sınadı. Gimnastlar iki gün ərzində bu ildən qüvvəyə minən yeni qaydalar əsasında medallar uğrunda gərgin mübarizə apardılar. Gimnastlarımız yarışları 3 gümüş medalla başa vurdular. Medalları ölkəmizə tampilinq cığırında Mixail Malkin, batut üzrə sinxron çıxışlarda Svetlana Makştarova və Veronika Zemlyanaya, batut üzrə fərdi proqramda isə İlya Qrişunin qazandırdılar.

Martın 16-19-da Bakıda kişi və qadın idman gimnastikası üzrə keçirilən FIG Dünya kuboku yarışlarında 23 ölkənin gimnastları qüvvələrini sınadılar. Artıq ikinci ildir ki, paytaxtımızın ev sahibliyi etdiyi bu yarışda kişi gimnastlar 6, qadın gimnastlar isə 4 dəst medal uğrunda mübarizə aparıblar. Azərbaycan gimnastı Marina Nekrasova sərbəst hərəkətlərdə bürünc medal qazanıb.
Aprelin 28-30-da Bakıda keçirilən bədii gimnastika üzrə FIG Dünya kuboku yarışlarına yekun vurulub. Milli Gimnastika Arenasında keçirilən yarışlarda 19 ölkədən 92 gimnast iştirak etdi. Onlardan 34 nəfəri fərdi proqramda, 58 nəfəri isə ümumilikdə 10 qrup hərəkətləri komandasında qüvvəsini sınadı.

Gimnastika bölgələrdə də
inkişaf etdirilir
Azərbaycan Gimnastika Federasiyasının rəhbərliyi gimnastikanın inkişafı, kütləviliyi üçün paytaxtla yanaşı, respublikamızın ayrı-ayrı bölgələrində də fəaliyyətini genişləndirir. İndiyə qədər AGF-in dəstəyi ilə Sumqayıt, Naxçıvan, Şirvan, Balakən, Kürdəmir, İsmayıllı, Ağdaş, Gəncə, Xırdalan, Qusar, Göyçay və İsmayıllıda gimnastika bölmələri istifadəyə verilib. Gimnastika yarışları təkcə Bakıda deyil, eyni zamanda, Bakı ətrafı qəsəbələrdə və bölgələrdə inşa olunan Olimpiya idman komplekslərində də keçirilir. Məhz bu cür yarışlar yeniyetmə gimnastlara təcrübə qazandırır, onların müxtəlif beynəlxalq turnirlərdə əldə etdikləri nailiyyətlərin əsasını təşkil edir. AGF-nin təşkilatçılığı ilə 2014-cü ildən keçirilən "Bölgələrarası kubok” yarışlarının uşaq və yeniyetmələrin idmana cəlb olunmasında rolu çox böyükdür. Gimnastların peşəkarlıq səviyyələrinin artırılması məqsədilə federasiya tərəfindən mütəxəssislər mütəmadi olaraq bölgələrə ezam olunur, burada müxtəlif turnirlər təşkil edilir. Belə yarışlarda iştirak bölgə təmsilçilərinin təcrübələrinin artırılmasına, gimnastikanın inkişafına daha da təkan verir.

AGF-in beynəlxalq qurumlarla əlaqələri də yüksək səviyyədədir. İndiyədək ölkəmizə səfər edən beynəlxalq rəsmilər ölkəmizdə gimnastikanın inkişafını yüksək dəyərləndirərək yaradılan şəraitdən razı qalıblar. Belə ki, paytaxtımızın ev sahibliyi etdiyi gimnastika üzrə dünya, Avropa çempionatları, Dünya kubokunun mərhələ yarışları ən yüksək səviyyədə təşkil edilib.

Azərbaycan gimnastlarının Avropa və dünya çempionatlarında əldə etdikləri nəticələr, gimnastlarımızın Olimpiya Oyunlarında iştirakı, Bakıda UEG (Avropa Gimnastika İttifaqı) və FIG-nin irimiqyaslı yarışlarının təşkili, bu strukturların rəhbər orqanlarına AGF nümayəndələrinin seçilməsi, 2002-ci ildə gimnastikanın dirçəlişindən bu günə qədər olan effektiv strategiyanın həyata keçirilməsinin nəticəsidir. Əldə olunan nailiyyətlər, qazanılan uğurlar onu deməyə əsas verir ki, AGF-nin prezidenti, Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ötən 15 il ərzində federasiyaya rəhbərliyi, səmərəli fəaliyyəti ölkəmizdə gimnastikanın dinamik inkişafı, idmanın bu növünün kütləviliyinin artırılması, bölgələrdə ən müasir idman mərkəzlərinin yaradılması, beynəlxalq aləmdə parlaq uğurlarla müşahidə olunur. Yuxarıda deyilənlər qarşıdakı illərdə daha yüksək nəticələrin əldə olunmasına güclü inam və zəmin yaradır.



Səadət Hakıyeva







Bu yazı

17602 dəfə oxunub

Tarix

2017-11-22 17:18:25

Yazını

Çap et

Yazını

Paylaş