Qurban Qurbanov: "“Çelsi”yə qarşı layiqli oyun göstərməyə çalışacağıq" - MÜSAHİBƏ


Sabah "Qarabağ" UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində "Çelsi” klubu ilə qarşılaşacaq. Olimpnews.az saytının məlumatına görə, matçdan əvvəl keçirilən mətbuat konfransında "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov jurnalistlərə oyun barəsində fikirlərini bildirib:

- Ağır oyuna çıxacağıq. Həm rəqib, həm də bizim üçün vacib matçdır. Bu il Bakıdakı sonuncu matça çıxacağıq. Rəqibin gücünü bilirik. Az səhv etməyə və düzgün mübarizə aparmağa çalışacağıq.

- Pedro Enrike sabah oynamayacaq. Bu sizin üçün ciddi itkidir. Onun yerində kimi oynatmaq fikriniz var? Kintana sabah meydana çıxacaq?

- Pedro haqda fikirləşmirik. Daninin oynaması haqda da hələ dəqiq qərar verməmişik. Bu gün, sabah vəziyyətinə baxacağıq. Ondan sonra qərar verəcəyik. Pedronun mövqeyində kimin oynayacağını indi deyə bilmərəm.

- İki heyətlə oynamaq arzunuz nə vaxt gerçəkləşəcək?

- Çempionat oyunlarında belə rotasiyalar edirik. Amma bəzən iki heyət üçün oyunçu yetərli olmur. Zədələri də nəzərə almaq lazımdır. Təkcə biz yox, digər klublar da futbolçu potensialını gücləndirməlidir. Biz hələ o səviyyəyə çatmamışıq. Həm klub kimi formalaşmağa, həm də komanda olaraq yaxşı oyun göstərməyimizə çox vaxt lazımdır.

- Qrupda üçüncü yeri tutmaq fikri komandada təzyiq yaradır?

- Təzyiq həmişə olur. Bu turnir bir nömrədir. Çempionlar Liqasında oynayan futbolçu da, mən də təzyiq altında qalırıq. Azarkeşlər bizdən yaxşı nəticə gözləyirlər. Bu da normaldır. Amma qarşımızdakı rəqibi düzgün qiymətləndirməliyik. "Çelsi” dünyanın ən güclü klublarından biridir. Məşqçiləri də ən güclülərdəndir. Onlarla oyun rahat keçmir. Hər bir rəqibə çox ciddi yanaşırlar. Biz bunu başa düşürük. Mən dəfələrlə demişəm ki, biz çox təcrübə toplamalıyıq. Futbolçular da bunu anlayırlar. Sabah "Çelsi”yə qarşı layiqli oyun göstərməyə çalışacağıq. Onların nöqsanını görə bilməzsən. Hər davranışı düşünülmüşdü. Futbolçularımız rəqibi anbaan izləməlidilər. Bu onlar üçün ağır olacaq. Amma oyunçularıma güvənirəm. Rəqib fərqli sistemlərdə oynayır. İstərdim ki, sabah məğlub olsaq belə, azarkeşlər stadiondan razı getsinlər. İlk dəfədir ki, azarkeşlərimiz də böyük komandalar, böyük oyunlar görürlər.

- "Çelsi” ilə ilk oyunda gərginlik yaşayan futbolçulardan biri İbrahim Şehiç oldu. Bu, onun və ya digərləri üçün sabahkı matçda problem yarada bilər?

- Futbol elə bir səviyyəyə gəlib çıxıb ki, o cür hesablar çox komandaların oyununda ola bilər. "Çelsi” özü ilə eyni səviyyədə olan rəqiblərə də o qədər qol vurub. Görürəm ki, Şehiç haqda sual çox verilir. Amma biz bu barədə düşünmürük. Hər biri təcrübəli futbolçudur. Onda gərək bir məşqçi kimi məni də dəyişsinlər, köməkçim komandanı oyuna çıxarsın. Elə deyil. Biz oyundan-oyuna, gündən-günə, ildən-ilə daha yaxşı komanda olmağa çalışırıq. Allahın izni ilə bunu bacarırıq.


Bu yazı

2576 dəfə oxunub

Tarix

2017-11-21 17:02:52

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook