Həmin o Eysebio və yaxud çöldə bitən çiçək


Uşaqlıq illəri insan həyatının ən önəmli, yadda qalan dövrüdür. Bu illərdə acılı-şirinli nə baş verirsə, insanın yaddaşında ömürlük həkk olunur. Uşaqlıq illərini yəqin ki, çoxları xatırlayır. Bəzi şeylər unudulsa da, sevinc, heyrət, hətta qorxu hissi ilə müşahidə olunmuş çoxsaylı epizodlar qocalanda da dünən baş vermiş kimi aydın, işıqlı görünür. Uşaqlar sevinəndə başqa bir aləmə düşürlər. O məkanda hər şey pak və müqəddəsdir. Daxili hissləri saf olur. Onların təbəssümünə fikir verin. Uşaq təbəssümündə ideal bir təmizlik var.
Çoxları kimi mənim də çox yadda qalan, həddindən artıq maraqlı uşaqlıq aləmim olub. Uşaqlığım nağıllı dünyamdır! Bu dünyamda futbolun xüsusi, özünəməxsus yeri olub...



Eysebio mənim uşaqlıq dünyama bir təlatüm, 
fırtına gətirmişdi
Uşaqlıq dünyamın futbol kumiri Eysebio olub. Yaşlı nəslin futbolsevərləri yəqin indi də bu məşhur futbolçu ilə bağlı müəyyən məlumatlara malikdirlər. Ötən əsrin 60-cı illərində uşaqların xəyalında yuva salmış iki futbolçu var idi: Pele və Eysebio. O vaxtlar Pelenin, yaxud Eysebionun daha güclü olması barədə mütləq fikir söyləmək çox çətin idi. Keçmişlə bağlı nostalji hisslərlə yaşayanlar, yaşlı nəslin nümayəndələri Peleni də, Eysebionu da yaxşı xatırlayırlar. Əslində hər ikisinin oyunu heyranedici idi. Amma mən Eysebionu hamıdan yuxarıda görürdüm. Hətta Peledən də... Bəli, Eysebio mənim uşaqlıq dünyama, nağıllı futboluma bir təlatüm, fırtına gətirmişdi....
.... Eysebio 1942-ci ildə Mozambikdə doğulub və Afrika mənşəli ilk məşhur futbolçu olub. 1950-ci ildən Portuqaliyada oynamağa başlamışdı. Eysebio "Benfika”nın heyətində 715 matçda 727 qolla diqqət mərkəzinə düşmüşdü. Portuqaliya yığma komandasının heyətində meydana çıxdığı 64 oyunda isə 41 qol vurmuşdu. Portuqaliyalı futbolçu 1961-1962-ci illər mövsümündə Avropa Çempionları kubokunun (indiki adı UEFA Çempionlar Liqası) sahibi, 1965-ci ildə Avropanın ən yaxşı futbolçusu, 1966-cı il dünya çempionatının bürünc mükafatçısı, həmin dünya çempionatının bombardiri, Avropa Çempionlar kubokunun üçqat bombardiri olmuşdu. O, iki dəfə "Qızıl buts” mükafatına layiq görülüb. Əfsanəvi futbolçu sürətli oyununa, cəldliyinə və texnikasına görə "Qara pantera” ləqəbini almışdı. Eysebionu "qara inci” də adlandırırdılar...


Eysebio ilə Pelenin qarşılaşması uşaqlıq ömrümün 
gözəl anları kimi yadımda qalıb
.... Yenə qayıdıram uşaqlıq illərimə. Hər bir komandanın çiçəklənən dövrü olur. O illər də "Benfika”nın çiçəklənən dövrü idi. Amma Eysebio daha çox Portuqaliya yığmasındakı oyunları ilə yaddaşıma həkk olunub. Axı, o vaxtlar SSRİ məkanında "Benfika” klubunun oyunlarını izləmək sadəcə mümkün deyildi.
Eysebionun "qızıl dövrü”nün pik nöqtəsi 1966-cı ildə İngiltərədə keçirilən dünya çempionatına təsadüf etdi. Hakimlər korpusunda həmyerlimiz Tofiq Bəhrəmovun da təmsil olunduğu həmin unudulmaz, tarixi çempionat...
Beləliklə, dünya çempionatını səbirsizliklə gözləyirdim. Artıq 11 yaşım vardı. Futbolun incəliklərini dərindən olmasa da, hər halda təhlil etməyi bacarırdım. Braziliya və Portuqaliya yığmaları eyni qrupa düşdüyündən hamı Pele ilə Eysebionun üz-üzə gələcəyi qarşılaşmanı əvvəlcədən qızğın müzakirə edirdi. Belə müzakirələrdə uşaqlar da böyüklərin yanından əl çəkməzdilər. Uşaqlıq çağlarımızda başqa futbolçuları qəbul etməzdik. Futbolu sevən, az-çox anlayan uşaqlar Pele və Eysebio ilə yanaşı, Kruffdan da danışardılar. Digərlərinin oyunu sanki heç kimin canına yatmazdı. Bir sözlə, həmin ərəfə uşaqlığımın sevinc dolu, maraqlı günləri idi. Ölçüyəgəlməz hisslər yaşayırdım. Axı, qarşıdan mənim ilk dəfə izləyəcəyim dünya çempionatı gəlirdi... Birinci dəfə baxacağım dünya çempionatının məndə əlavə fərəh doğuracaq, maraqlı anlar yaşadacağının bir səbəbi də futbol həvəskarı olan atamın mənə qoşulması olacaqdı...

Tarixdə möhtəşəm qarşılaşmalar həmişə tamaşaçıların böyük marağına səbəb olur. Təbii ki, hamı belə oyunları səbirsizliklə gözləyir. Braziliya - Portuqaliya oyununda Eysebionun komandası 3:1 hesabı ilə qalib gəldi. Eysebio ilə Pelenin qarşılaşması açıq-aşkar birincinin qələbəsi ilə başa çatdı. Portuqaliyalı futbolçu sürətli oyunu ilə müdafiəçiləri çaş-baş salaraq, əla oyun nümayiş etdirdi. Bu matç uşaqlıq ömrümün gözəl anları kimi yadımda qalıb. O anları unutmaq olarmı? Qəlb oxşayan həmin anlar indi də şüurumda canlanır. Zədə səbəbindən Pelenin oyunu alınmadı. Elə zədəli vəziyyətdə də oyunu başa vurdu. Ümumiyyətlə, Braziliya millisi digər oyunları da zəif keçirdi və heç qrupdan çıxa da bilmədi.
Təbii ki, heyətində həmyerlimiz Anatoli Banişevskinin də olduğu SSRİ yığması da diqqət mərkəzimizdə idi. Axı, o vaxtlar Sovetlər İttifaqı adlı böyük və müqəddəs bir Vətən duyğusu da var idi...

"Qara pantera”
möcüzəyə imkan vermədi
Çempionatın sürpriz komandası Şimali Koreya (KXDR) oldu. Hərçənd ki, şimali koreyalılar SSRİ komandasına məğlub oldular. Hesabı da çempionatın ən gənc oyunçusu 18 nömrəli formada çıxış edən Banişevski açmışdı. Ancaq Şimali Koreya millisi sensasiya edərək İtaliya yığmasına qalib gəldi. Çox surətli oyun nümayiş etdirən şimali koreyalılar SSRİ komandası ilə birlikdə qrupdan növbəti mərhələyə vəsiqə qazandılar. Bu dəfə Portuqaliya ilə görüşən KXDR az qala növbəti sensasiyaya da çox yaxın oldu. Oyuna yenə də sürətli başlayan şimali koreyalılar tezliklə 3:0 hesabı ilə irəli çıxdılar. Lakin möcüzəyə imkan verməyən Eysebio yenə də parlaq oyunu ilə yadda qaldı. Məhz Eysebionun sayəsində Portuqaliya 5:3 hesabı ilə qalib gəldi. "Qara pantera” bu oyunda üç dəfə fərqləndi. Çempionatda Portuqaliya millisi açıq-aşkar güclü görünürdü. Bu gücü Eysebio yaratmışdı. Ümumiyyətlə, "qara incini” saxlamaq, qarşısını almaq mümkün olmurdu. Onu ancaq yerə yıxmaqla dayandırmaq mümkün idi. Eysebio çətin, əlverişsiz vəziyyətlərdən də qol vurmağı bacarırdı. O, qəflətən, gözlənilmədən qollar vururdu. İlk baxışda tamaşaçı nə baş verdiyini sanki anlamırdı...

Eysebionun göz yaşları heç nəyi dəyişmədi
Sıra yarımfinal oyunlarına gəlib çatdı: İngiltərə - Portuqaliya və SSRİ - Qərbi Almaniya. Bu oyunlarla bağlı mən proqnoz verərək atama bildirmişdim ki, finalda Portuqaliya - Qərbi Almaniya qarşılaşacaq. Atam gülümsəyərək hər iki yığmanın güclü və finala layiq olduqlarını bildirmişdi. Daha sonra atamın "Bəs, çempion hansı komanda olacaq?” sualına mən tərəddüd edərək sadəcə çiynimi çəkmişdim... Nədənsə, ingilislərin oyunu mənə maraqsız gəlirdi. Daha çox nəticəyə oynayırdılar. Portuqaliya və Qərbi Almaniya isə çempionatın ən güclüləri idi. Hətta onlar finala layiq görünürdülər. Mən belə düşünürdüm. 11 yaşlı futbol "bilicisi”....
Üstündən xeyli zaman keçdi. Sonralar dönə-dönə həmin çempionatın oyunlarına baxmışam. Amma uşaqlıq qənaətim dəyişmədi. Finalda Portuqaliya və Qərbi Almaniya üz-üzə gəlsə idi, daha ədalətli olardı... Nə isə... Qayıdıram yarımfinal oyununa. Çox gərgin oyun keçdi. Öz meydanında oynayan ingilislərə böyük azarkeç dəstəyi var idi. Bütün komponentlərdə, o cümlədən, təhlükəli vəziyyətlərin sayı baxımından Portuqaliya üstün görünürdü. Eysebio canı-dildən oynayırdı. Ancaq bəxt amili ingilislərin tərəfində oldu. Eysebio oyuna canını qoysa da, onun zərbələri qapıya daxil olmurdu ki, olmurdu. İngilislərin qapıçısı çox yaxşı oynayaraq hər dəfə komandasını qoldan xilas edirdi. İki dəfə portuqaliyalı müdafiəçilər səhvə yol verdilər və hər ikisi də qolla nəticələndi. Əslində bu epizodlarda qapıçı da inamsız oynadı. Oyunun sonuna yaxın Eysebio penaltidən bir qol vurdu. İngiltərə 2:1 hesabı ilə qalib gəldi. Eysebio göz yaşları ilə meydanı tərk etdi... Bəli, bu dəfə Eysebio İngiltərə səddini keçə bilmədi. Futbolda həmişə qalib gəlmək olmur. Heç kim məğlub olmaq istəmir, amma bunsuz da keçinmək mümkün deyil. Bu dəfə məğlubiyyət yarımfinalda Eysebionun qapısını döydü. Bu mərhələdə kimsə uduzmalı idi. Dünya çempionatının sərt qanunları belədir. Bir sözlə, bəxti gətirmədi həmin oyunda Eysebionun... Eysebio məğlubiyyətə layiq deyildi... Bir də ki, onsuz da sona qədər mübarizə aparıb məğlub olanı da stadionda alqışlayırlar. Futbolun gözəlliyi həm də bundadır. Oyunlar da, nəticələr də həyat kimidir. Bəzi günlər şirin, bəzi günlər isə acı olur. Ömür dediyimiz proses əslində belədir. Ömür kimi futbol da bunları birgə yaşamalıdır. Hamısı lazımdır və olmalıdır... Hər halda həmin oyunda nə baş veribsə, hamısını xatırlayıram, hamısı yadımda qalıb. Çox heyfsiləndim. Eysebionun göz yaşlarını indi də xatırlayıram...
Vaxtilə nağıl kimi, bəlkə də yuxu kimi yaşadığım o günlərdən, o anlardan indi xoş xatirələr qalıb. Xüsusən də atamla bağlı... Üçüncü yer uğrunda Eysebionun səyi ilə SSRİ-yə qalib gələn Portuqaliyanın bu uğuru da təbii qəbul olundu. Portuqaliya yığmasının ədalətli qələbəsini o dövrdə hətta ittifaq rəsmiləri, mətbuat, televiziya da birmənalı etiraf etdilər. Dünya çempionatında Eysebionun istedadı bir daha "parladı”. O, şöhrətin ən yüksək qatına yüksəldi. Eysebio yalnız bir dünya çempionatında iştirak etdi və tarixi bir iz qoydu.

"Qara inci” niyə "nəhs forma”da çıxış edirdi?
Portuqaliya yığması bir də 20 ildən sonra - 1986-cı ildə Meksikada keçirilən dünya çempionatina vəsiqə qazandı. O ərəfədə maraqlı bir fikir də məni tərk etmirdi. Eysebionun öz doğma "Benfika” komandasında 10 nömrəli formada çıxış etməsini bilirdim. Amma çempionatda onun 13 nömrə ilə meydana çıxdığını görəndə çox təəccübləndim. O vaxtlar çoxları kimi mənə də bu məqam qaranlıq qaldı. Diqqətlə izləsəm də, şərhçilər bu barədə bir söz demirdilər. Atam da məlumatsız idi. Sonralar hər şey mənə bəlli oldu. Çempionat başlamamışdan əvvəl yığmanın toplantısında heç kim 13 nömrəni götürmək istəməyib. O vaxtlar ümumiyyətlə, bu nömrəni heç kim qəbul etmək istəmirdi, o ki qalsın məşhur futbolçular. Həmin vaxt belə qərara gəliblər ki, püşk atılsın. Lakin böyük alicənablıq göstərən Eysebio buna imkan verməmiş və 13 nömrəni özünə götürmüşdü. Könüllü olaraq 13 nömrəli forma ilə çıxış etməyə qərar verən Eysebio komandanın rəhbərliyini, həmkarlarını əmin etmişdi ki, bu nömrənin "nəhs” olmadığını və düşərliliyini sübut edəcəkdi. Sübut da etdi!
Nömrələr də məhz o vaxtlardan yaddaşımda ilişib qalmışdı. Axı, elə uşaqlıqdan futbolda doqquz, on və on bir nömrələrini sevməyə başlamışdıq. Deməli, rəqəmlər biz düşündüyümüz qədər də quru və cansız deyillərmiş. Maraqlıdır ki, bəzən insanın ömrünün sonuna qədər hansısa rəqəmlər yaddaşda həkk olunub qalır. Yəqin, ona görə ki, rəqəmlər də təsadüfən deyil, mövcud olanlardan, insan fikrinin, düşüncəsinin ifadəsinin əks olunması kimi yaranmışdı və hər birinin də öz enerji yükü, təsir gücü vardı.

Eysebio: təkəbbürdən uzaq, səmimi
Uşaqlıq dünyamızda futbolla bağlı təbii ki, hələ çox şeyi başa düşmürdük. Məsələn, o zamanlar biz anlaya bilməzdik ki, futbol oynamaqla pul qazanmaq olar. Futbolçu da varlı ola bilər və s. Maddi amillərlə bağlı belə məsələləri əslində nəinki uşaqlar, heç böyüklər də bilmirdilər. SSRİ qapalı ölkə idi. Ona görə də yəqin ki, ideologiya baxımından belə məsələlər açıqlanmırdı. Biz məşhur futbolçulara sadəcə qəhrəman, vətənpərvər kimi baxırdıq... O vaxtlar təbəssüm də təbii idi, kədər də, göz yaşı da, qəzəb də. Zaman başqa zaman idi. O dövrdə məşhur futbolçuların demək olar ki, heç biri iddialı deyildi. Əksinə, çoxu da sadə idi. Eysebionu da məhz belələrindən saymaq olardı: təkəbbürdən uzaq, səmimi. Heç vaxt meydanda yalandan yıxılmazdı. Kobud oyun ona yad idi. Təlatümlü şan-şöhrət də onu dəyişmədi... Ümumiyyətlə, dünya çempioanatının oyunlarının bütün vacib məqamlarını, epizodlarını, Eysebo ilə bağlı isə nələr olubsa, yaşananların hamısını bu gün də xatırlayıram.
Çempionatdan sonra futbolsevərlər, azarkeşlər arasında Eysebionun, yoxsa Pelenin güclü olması haqda qızğın söhbətlər, müzakirələr səngimək bilmirdi. Bu gün mənim qənaətim belədir ki, onların hər ikisinin öz yolu olub. Bu yollar yalnız onların özlərinə məxsusdur. Bu yollar fərqli olsa da, futbol tarixində pozulmaz izlərlə yaddaşlarda qalıb. Futbol dünyasının zamana, dövrə uyğun gözəllikləri, spesifik xüsusiyyətləri, yanaşma incəlikləri vardır. Bəzi hallarda futbol fikirləri, düşüncələri mövcud zamana deyil, əvvəlki dövrlərə və hətta gələcəyə aid olur. Belə olduğu təqdirdə həmin fikirlər, düşüncələr dövrə uyğun gəlməməklə bütövlükdə futbol reallıqları sistemi ilə, obyektiv yanaşmalarla uyuşmur. Ona görə də konkret zamana uyğun fikirlər səsləndirməli, dövrləri bir-birinə qarışdırmamalı, qarşı-qarşıya qoymamalı, eləcə də nə zamanı qabaqlamaq, nə də gecikmək məsləhət deyil. Hər zamanın özünə məxsus yanaşmaları, qanunauyğunluqları, təhlilləri nəzərə alınmalıdır. Bunu təkcə futbola deyil, ümumiyyətlə, ictimai baxışın bütün sahələrinə şamil etmək olar.

"Eysebio onların ağlını başından almışdı...”
Yenə də Eysebio ilə bağlı xəyal əlimdən tutub məni keçmişə apardı. 1967-ci ildə atam ya Moskvadan, ya da Kiyevdən yenicə çapdan çıxmış "Tot samıy Gysebio” kitabını alıb mənə gətirmişdi. Müəllifi səhv etmirəmsə, Kiknadze idi. Həmin kitabı vaxtaşırı təkrar-təkrar oxuyardım...
Sonralar Avropa Çempionlar kubokunun finalında qarşılaşmış "Benfika” - "Real” komandalarının kassetini əldə edə bildim. Həmin oyuna heç vaxt baxmamışdım. Belə ki, 1962-ci ildə bu oyun keçirilərkən mənim 7 yaşım olub. O vaxt Eysebio "Benfika”da, digər tanınmış futbolçu De Stefano isə "Real”da oynayırdı. "Benfika”nın 5:3 hesabı ilə qalib gəldiyi oyunda Eysebio iki qol vurmuşdu. Kassetə göz qırpmadan baxdım. Həmin oyundan aldığım zövqü ifadə etməkdə çətinlik çəkirəm. Oyun başa çatan kimi Eysebio De Stefanoya yaxınlaşır və onlar maykalarını dəyişdikdən sonra qucaqlaşıb ayrılırlar. Ən kövrək anlar da bundan sonra başlanır. Çoxsaylı azarkeş kütləsi gözlənilmədən stadiona axışaraq maykasız olan "Qara pantera”nı çiyinlərinə alıb aparırlar. Tamaşaçıların çiyinlərində əllərini yelləyə-yelləyə sanki uçmağa hazır olan və sevinclər içində üzən Eysebionun bu səhnəsi çox təsirlidir... Kassetin axırında şərhçinin səsləndirdiyi sonuncu cümlələrdən biri yəqin ki, heç vaxt yadımdan çıxmayacaq: " Eysebio onların ağlını başından almışdı...”.
Beləcə, Eysebionun oyunları, vurduğu qollar tarixə düşdü. Eysebionun nadir futbol istedadı onun tale payına düşən bir xoşbəxtlik idi. Əslində bu da hər tanınmış futbolçuya qismət olmur.
İllər keçdi. Lap sonralar da mən Eysebio haqqında daha bir neçə sənədli filmə baxdım. Hər dəfə də həm meydanda, həm də oyun bitdikdən sonra sevincinin həddi-hüdudu olmayan xoşbəxt bir insanın yeni görüntüləri mənim diqqətimdən yayınmırdı. Bu kadrlar təkrarolunmaz və misilsizdir. Xüsusən, Eysebionun qol vurduqdan sonra hər dəfə sevincini özünəməxsus tərzdə ifadə etməsi səhnələri bənzərsizdir. Hər iki qolunu bir qədər aralı şəkildə eyni vaxtda yuxarı qaldıraraq sanki peşəkar rəqqas kimi süzə-süzə ya mərkəzə, ya da meydanın kənarlarına qaçması tamaşaçılara sonsuz həzz verməklə yanaşı, rəqib komandanın azarkeşlərinə də xoş təsir bağışlayırdı.
Eysebionu digər futbol dahilərindən fərqləndirən bir məqama da toxunmaq istərdim. O, bütün oyunlarda, o cümlədən həlledici matçlarda həmişə penaltini dəqiq yerinə yetirib. Halbuki məşhur futbol ulduzlarının vacib anlarda, həlledici oyunlarda penaltiləri vura bilməmələri azarkeşlər tərəfindən həmişə az qala faciə kimi qarşılanıb. Məsələn, Mişel Platinini, Roberto Bacionu, Sokratesi, Zikonu yada salmaq kifayətdir.
Təbii ki, Eysebio mənim yaddaş kitabıma, necə deyərlər, qiyabi düşən insanlardan biridir. Axı, mən onu canlı görməmişəm... Eysebionun oyunlarını sevə-sevə, dönə-dönə izləmişəm. Hər dəfə də onun adına rast gələndə, mavi ekranda peyda olanda uşaqlıq çağlarım yadıma düşür. Uşaqlıq çağlarımda Eysebio ilə bağlı bütün xatırlamalar, həmin illərdə, günlərdə baş verənlər sanki dünən olub. Ötüb keçən illər heç nəyə toxunmayıb, heç nəyi poza bilməyib...


Yaddaş kitabıma düşən futbolçu
2014-cü ilin yanvarın 5-də Eysebio ürək tutmasından vəfat etdi. 72 yaşının tamam olmasına 20 gün qalmış... Ölkədə matəm elan olundu. Yazının bu yerində 2016-cı ilin oktyabrında Karlos Alberto Torresin vəfat etməsi də yadım düşdü. O vaxt da Braziliyada üç günlük matəm elan olunmuşdu. Bax, əsil xalq sevgisi budur! Əfsanəvi futbolçulara olan hörmətə, ehtirama, sevgiyə baxın!
Böyük futbolçu ilə vida mərasimi Eysebionun şərəfini qoruduğu "Benfika” klubunun ev arenası olan "Estadiu da Luj” stadionunda keçirildi. Gün ərzində onunla vidalaşmağa gələn futbolsevərlərin ardı-arası kəsilmirdi. İnsanlar vidalaşma zamanı dahi futbolçunun tabutunu gül-çiçəyə qərq edirdilər. Heç kim göz yaşlarını saxlaya bilmirdi. Portuqaliya və dünya futbolunun əfsanəsi Lissabonun Lumiar qəbirstanlığında dəfn edildi. Həmin stadionda Eysebionun möhtəşəm heykəli qoyulub. Klubun muzeyində isə sevimli futbolçuya aid eksponatlar çoxdur.
... O, çöldə bitən çiçək olmuşdu. Hamının ayaq saxlayıb baxdığı nadir çöl çiçəyi. Bu cür çiçəklərə insanların qulluq etməsinə ehtiyac qalmır. Təbiətin özü belə çiçəklərin qayğısını, nazını çəkir... İnsanlara yalnız çöl çiçəklərinə toxunmamaq qalır. Bir də qorumaq. O, hər şeyi özü öyrəndi: oynamağı, çalışmağı. Elə özü də məşhurlaşdı... Mozambikdən gələn "Qara inci” kimi...
İnsan həyatıboyu yaddaşında özü üçün sanki siyahı, tarixi qeydlər, külliyyat hazırlayır. Bu siyahının, tarixin, bütövlükdə külliyatın sahibi yaddaş müəllifinə çevrilir. Bu yaddaş kitabını heç nə silib apara bilmir. Bu yaddaş kitabı heç vaxt pozulmur. İzah olunmayan bir gücün sayəsində həmişəlik qalır. Bu yaddaş kitabı, necə deyərlər, yol yoldaşına çevrilir. Mənim uşaqlıq illərimdə şöhrət qazanan Eysebio elə o vaxtdan da yaddaş kitabıma düşüb. Oyunlarına atamla birgə baxdığım həmin o Eysebio...
Məşhur futbolçuları hər kəs tanıyır. Onların çoxsaylı pərəstişkarları, hətta "dəli” fanatları var. Milyonların sevimlisi olan futbolçular futbol fanatlarının ruhuna, qanına, ürəyinə, bütün varlığına hopur. Futbol insanları coşdurur. Elə futbol dahiləri də var ki, oyunları ilə möhür vurur futbol tarixinə. Belələri futbolsevərlərə və azarkeşlərə futbolun, oynamağın nə olduğunu, futbolun nədən bu qədər sevildiyini, izah olunmaz tərəflərini açıb göstərir. Elə futbolçular da var ki, sadəcə ölməzdirlər. Eysebio kimi....










Bu yazı

4698 dəfə oxunub

Tarix

2017-11-24 16:09:40

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook