Xəzər İsayev Türkiyədə “Fair Play Dostluq Nişanı” ilə təltif edilib


Buyaxınlarda Belçikanın paytaxtı Brüsseldə "Dünya Ədalətli Oyunlar Mükafatları-2016”-nın və Türkiyənin İstanbul şəhərində "Türkiyə Ədalətli Oyunlar Mükafatları-2016”-nın təqdimetmə mərasimi keçirilib. Olimpnews.az saytının məlumatına görə, hər iki tədbirdə ölkəmizi Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Azərbaycan Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev təmsil edib. "Dünya Ədalətli Oyunlar Mükafatları-2016”-nın təqdimat mərasimində müxtəlif ölkələrin və bir sıra beynəlxalq idman təşkilatlarının nümayəndələri iştirak ediblər.

Beynəlxalq Ədalətli Oyunlar Komitəsi tərəfindən 2016-cı ilin yekunları ilə əlaqədar ədalət oyunlar sahəsində fərqlənənlərə müxtəlif nominasiyalar üzrə mükafatlar təqdim edilib. "Türkiyə Ədalətli Oyunlar Mükafatları-2016”-nın təqdimetmə mərasimində isə 2016-cı ilin yekunları ilə əlaqədar ədalət prinsiplərinə sadiqliyinə görə 19 nəfər mükafata layiq görülüb. MOK-un vitse-prezidenti Xəzər İsayev Türkiyə Milli Olimpiya Komitəsinin (TOK) prezidenti Uğur Erdener tərəfindən Türkiyə və Azərbaycan arasında ədalətli oyunlar sahəsində əməkdaşlığın inkişafı və gücləndirilməsindəki xidmətlərinə görə "Fair Play Dostluq Nişanı” ilə təltif edilib. AzƏOK sədrinə mükafatı Türkiyə Ədalətli Oyunlar Komissiyasının sədri Ərdoğan Arıpınar təqdim edib. Xəzər İsayev də öz növbəsində Azərbaycan Milli Olimpiya Komitəsinin rəhbərliyi adından Türkiyə gənclər və idman naziri Osman Aşkın Baka, TOK sədri Uğur Erdenere, TOK-un baş katibi Neşe Gündoğana, Türkiyə ƏOK-un sədri Ərdoğan Arıpınara, Azərbaycan Milli Olimpiya Komitəsinin rəhbərliyi adından xatırə hədiyyələri təqdim edib.

Qeyd edək ki, Azərbaycan Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyası 1997-ci ildə yaradılıb. 2000-ci ildən etibarən bu təşkilata Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev rəhbərlik edir. AzƏOK Avropa və Beynəlxalq Ədalətli Oyunlar Hərəkatının fəal üzvlərindəndir.


Bu yazı

20244 dəfə oxunub

Tarix

2017-11-27 11:40:34

Yazını

Çap et

Yazını

Paylaş