Hakim haqsızlığı “Qarabağ”ın planlarını pozdu


UEFA Çempionlar Liqasında V turun oyunları keçirilib. Olimpnews.az saytının məlumatına görə, ölkəmizi mötəbər turnirdə təmsil edən "Qarabağ” doğma azarkeşlər önündə İngiltərənin "Çelsi” klubunu sınağa çəkib. Bakı Olimpiya Stadionunda keçirilən oyunda hakim haqsızlığı qeydə alınan nəticəyə mənfi təsir edib.

UEFA Çempionlar Liqası
C qrupu
V tur
"Qarabağ” (Azərbaycan) - "Çelsi” (İngiltərə) - 0:4
Qollar: Hazard, 21 (pen.), Villian, 37; 85, Fabreqas, 73 (pen.).
Qırmızı vərəqə: Rəşad Sadıqov, 18.
Hakimlər: Manuel De Souza, Alvaro Meskuita, Rikardo Santos, Nuno Pereyra (hamısı Portuqaliya).
22 noyabr. Bakı. Olimpiya Stadionu. 67 100 tamaşaçı.

"Evdən uzaqda, amma layiq olduğun yerdə”
Matçdan əvvəl azarkeşlər nəhəng xoreoqrafiya açıblar. Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmada açılan xoreoqrafiyada böyük hərflərlə Qarabağ və Azərbaycan sözləri yazılıb. Bunu mərkəzi tribunada oturmuş azarkeşlərə verilən kartlar vasitəsilə ediblər.

Bundan başqa, klub rəhbərliyi ingiliscə mesaj verməyi də unutmayıb. Belə ki, xoreoqrafiyada "Far away from home, but where you belong” sözləri yazılıb. Yəni "Evdən uzaqda, amma layiq olduğun yerdə”.

Bu cümlə ilə dünyaya Ağdamın işğal altında olması, bu səbəbdən "Qarabağ”ın doğma yurdundan didərgin düşməsi mesajı verilib.

Qeyd edək ki, azarkeşlərimiz ilk dəfə olaraq belə böyük formada xoreoqrafiya ilə dünyaya mesaj göndəriblər.

Şenol Günəşdən çempionumuza dəstək
"Qarabağ”ın matçını stadionda tanınmış simalar da izləyib. Onlar arasında "Beşiktaş”ın baş məşqçisi Şenol Günəş də olub.

Buna səbəb Bakı Olimpiya Stadionunun oyundan bir gün əvvəl gecə saatlarında "ağ-qara” rəngə bürünməsi və "Come to Beşiktaş” yazısı ilə Çempionlar Liqasında 1/8 final mərhələsinə vəsiqə qazanan İstanbul klubuna dəstək verməsidir. Şenol Günəş də bu jestə qarşılıq olaraq təşəkkür etmək üçün Bakıya gəlib. O, "Çelsi” ilə qarşılaşmada Azərbaycan çempionuna dəstək olub.

Portuqaliyalı baş hakimin qonaqlara simpatiyası
Matçın ilk dəqiqələrində "Qarabağ” ərazi üstünlüyünə malik idi. Hətta bir vəziyyətdə təmsilçimiz hesabı aça bilərdi. Əla qurulmuş hücum zamanı Miçelin qapıya vurduğu top dirəyə tuş gəlib. Bundan sonra baş verənləri baş hakimin "ayağına” yazmaq olar. Oyunun 18-ci dəqiqəsində hakimin şübhəli qərarı ilə kapitan Rəşad Sadıqov qırmızı vərəqə alaraq meydandan qovulub, ağdamlıların qapısına isə penalti təyin olunub. Hakimlərin tanınmış klublara "simpatiyası” bu məqamda da özünü biruzə verib. Halbuki "Çelsi” kimi nəhəng kluba belə "hakim hədiyyəsi” lazım deyil. Çünki İngiltərə təmsilçisinin gücü və nüfuzu bütün dünyaya bəllidir. Əslində, "Qarabağ”ın kapitanına qırmızı vərəqə verməmək də olardı. Çünki FİFA-nın tövsiyələrində də qeyd olunub ki, əgər hakim 11 metrlik cərimə zərbəsi təyin edirsə və zərərçəkən ciddi xəsarət almayıbsa, cəzalanan futbolçuya sarı vərəqə də vermək kifayətdir. Amma portuqaliyalı baş hakim qərarını dəyişməyərək, "Qarabağ”ın planlarının üstündən çarpaz xətt çəkib. Penalti zərbəsini isə Hazard dəqiq yerinə yetirib. Qoldan sonra hücumlarını davam etdirən qonaqlar hesab fərqini artırıblar. Bu dəfə Villian fərqlənib.

İkinci hissədə də ssenari dəyişməyib. Qonaqlar hücum edir, 10 nəfərlə qalmış "Qarabağ” isə ümidini əks-hücumlara bağlayıb. Oyunun 73-cü dəqiqəsində yenə baş hakim diqqət mərkəzinə gəlib. Qara Qarayevin Villianı çəkməsi hakimin gözündən yayınmayıb. Fabreqas fürsəti əldən verməyib. Sonuncu qolu isə yenə Villian vurub. Braziliyalı futbolçunun uzaqdan vurduğu top qarşısıalınmaz olub - 0:4.

Bu nəticədən sonra "Qarabağ” üçün son tur formallığa çevrilib və növbəti mərhələ şansları itib. Çünki "Atletiko” "Roma” klubunu məğlub etdiyi üçün Ağdam təmsilçisinin qrupun son pilləsində qərarlaşacağı dəqiqləşib.

İngiltərə mətbuatı: "Hakimdən ağılsız qərar”
"Qarabağ” - "Çelsi” matçında baş verən hakim haqsızlığına İngiltərə mətbuatı da biganə qalmayıb. Görüşün 18-ci dəqiqəsində portuqaliyalı hakim Manuel De Souzanın verdiyi penalti qərarı və Rəşad Sadıqova göstərdiyi qırmızı vərəqə geniş müzakirələrə səbəb olub.

Məşhur "The Sun” nəşri referinin şübhəli qərarını oxucularına "Ağılsız qərar” kimi təqdim edib. Portalda yer alan məqalədə sözügedən epizodda hakimin çox "yumşaq” penalti verdiyi və qırmızı vərəqənin çox ağır qərar olduğu qeyd edilib.

Maraqlıdır ki, bu qərar hətta "Çelsi” azarkeşlərinin də etirazına səbəb olub. Onlar sosial şəbəkələrdə bu cür "köməyə” ehtiyaclarının olmadığını bildiriblər.

Qurban Qurbanov: "Meydanda məğlub olsaq da, mübarizədə uduzmadıq”

- Oyun haqda fikirlərinizi bilmək istərdik.

- Son vaxtlar bu qədər məyus olmamışdım. 90 dəqiqə ərzində yaxşı oyun göstərməyimizi istəyirdim. Amma qırmızı vərəqədən sonra azlıqda qaldıq və oyun istədiyimiz kimi getmədi. Azarkeşlərimizə görə məyus oldum. Bu qədər qırmızı vərəqə aldığımıza görə kimi qınamalı olduğumuzu bilmirəm. Biz həmişə intizamlı komanda olmuşuq. Bəzən belə hallar baş verir. Futbolçulara təşəkkür etmək istəyirəm. Çox güclü komandaya qarşı oynasalar da, sona qədər çəkinmədilər. Meydanda məğlub olsaq da, mübarizədə uduzmadıq.

- "Qarabağ”ın qapısına ilk penalti təyin olunanda futbolçuları yanınıza çağırdınız. O anda nə baş vermişdi?

- Futbolçulara bəzi tapşırıqlar vermək üçün onları yanıma çağırdım. Gördüm ki, hamısı şokdadır. Birdən-birə hamısının ruhdan düşdüyünü hiss etdim. Çağırıb, motivasiya vermək istədim. Çünki o halda oynasa idilər, daha böyük hesab qeydə alına bilərdi.

- Penalti epizodları və qırmızı vərəqə haqda hansı fikirdəsiniz? UEFA-ya məktub göndərməyi düşünürsünüz?

- Elə bir fikrimiz yoxdur. Penalti epizodları haqda bir söz deyə bilmərəm. Onsuz da, hakim qapımıza penalti təyin etmişdi. O anda qırmızı vərəqə həddindən artıq ağır qərar idi. Son vaxtlar bu məsələyə çox önəm verilir. Qırmızı vərəqəyə görə narazılığım var. Lakin biz hakimlərin qərarını heç vaxt dəyişə bilmərik. Sadəcə, mənə təsir edən odur ki, bizə, Azərbaycan futboluna, komandamıza, həqiqətən də, kiçik baxırlar? Ancaq "Çelsi”nin belə şeyə ehtiyacı yox idi. Onsuz da, onların gücü hər kəsə bəllidir.

- Hakim qərarları referilərin böyük klublara simpatiyasını göstərir, ya başqa məqamlar var?

- Gəlin, bu haqda çox danışmayaq. Biz ölkə olaraq, həmişə hər kəsə nümunə olmağa çalışmışıq. Öz davranışımız, əxlaqımızla hər kəsə göstərməliyik ki, idman prinsipləri belədir. Belə fikirlər söyləməsək, daha yaxşı olar. Bəlkə də, kiçik nüanslar var ki, biz onları görmürük. Oyunun epizodlarına baxdıqdan sonra daha dəqiq danışmaq olar. Özümüzü elə aparaq ki, bizə həmişə hörmətlə yanaşsınlar.

- Bu mövsüm son 11 oyunda futbolçularınız 6 qırmızı vərəqə alıblar. Bu haqda nə deyə bilərsiniz?

- Hər dəfə qırmızı vərəqə alanda öz fikirlərimi deyirəm. Komandamın yenə intizamlı olmasına çalışıram. Amma hamımız bilirik ki, futbol mübarizə oyunudur. Bu cür səviyyəli rəqiblərə ani məqamda uduzanda da sonu vərəqəyə gedib çıxır. Bu vərəqələrdən bəziləri şübhəli olub.

Antonio Konte: "Futbolçular üçün bu cür atmosferdə oynamaq xoşdur”

- Matçı necə dəyərləndirərdiniz?

- Komandamın oyunundan məmnunam. Növbəti mərhələyə vəsiqə qazandıq. "Atletiko” ilə görüşün həlledici olmasının qarşısını aldıq. Bu da mənə onlarla görüşdə rahat çıxmağa imkanı yaradacaq.

- Qırmızı vərəqə və penalti qərarları haqda nə deyə bilərsiniz?

- Mənə görə həmin vəziyyətlər haqda danışmaq çətindir. Çünki mən texniki zonada oluram və oradan məsafə uzaqdır. Gördüyümə əsasən, penaltinin olub-olmadığını deyə bilmərəm. Sadəcə, onu deyim ki, hakim öz işini görməli, heç bir komandanın tərəfində olmamalıdır.

- Villianın çıxışından razı qaldınız?

- Mən adətən komanda haqda danışmağa üstünlük verirəm. Meydana çıxan oyunçular özlərini yaxşı tərəfdən göstərə bildilər. Villianın 2 qol vurması özünəinam hissini bərpa etməsi üçün yaxşı haldır.

- "Qarabağ” azarkeşlərinin xoreoqrafiyasından nə başa düşdünüz?

- Futbolçular üçün bu cür atmosferdə oynamaq xoşdur. Hiss olunur ki, futbola böyük həvəs var. Futbol ölkənizdə inkişaf edir. Azarkeşlərə təşəkkür etmək lazımdır. Həm "Qarabağ”, həm də Azərbaycan futbolu üçün belə şeylər vacibdir. Eyni zamanda, öz azarkeşlərimizə də təşəkkür etmək istəyirəm.

- Londondakı matçla müqayisədə "Qarabağ”ın oyununda hər hansı dəyişiklik hiss etdinizmi?

- "Qarabağ” ilk oyunda da özünü yaxşı təşkil olunmuş komanda kimi göstərmişdi. Məşqçi işi görünür. "Qarabağ”ın yaxşı baş məşqçisi var. Komanda öz oyun tərzinə malikdir. Bu gün 10 nəfərlə qaldıqdan sonra da "Qarabağ” təşkilatlanmış oyun göstərdi. Buna görə həmkarıma təşəkkür edirəm.

- "Atletiko”ya səfərdə qalib gəldikdən sonra çempionat matçında uduzmuşdunuz. Bu dəfə də eyni hal təkrarlana bilər?

- İngiltərə Premyer Liqası çox çətin çempionatdır. 6 komanda çempionluq uğrunda oynayır. Şikayət etmək istəmirəm. Amma Londona çatmaq üçün 5 saat yarımlıq yol gedəcəyik. Bu isə futbolçuları yoracaq. Özümüzə "Liverpul”la matçda qeydə alına biləcək uğursuz nəticə üçün bəraət qazandırmaq istəmirəm. Amma bu məsələyə fikir verilməlidir.

Rahib Səmədov



Bu yazı

3741 dəfə oxunub

Tarix

2017-11-28 00:25:56

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook