“Olimpiya dünyası” - idmanımızın aynası


Azərbaycanda idman və Olimpiya Hərəkatı öz inkişaf və yüksəliş dövrünü yaşayır. Ölkəmizdə güclü idmançı nəslinin yetişməsi, maddi-texniki bazanın yaradılması, mötəbər beynəlxalq yarışların keçirilməsi bu sahəyə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan xəbər verir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan idman siyasəti Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İlham Əliyev 1997-ci ildə Milli Olimpiya Komitəsinin prezidenti seçildikdən sonra ölkə idmanı yeni inkişaf mərhələsinə qədəm qoydu. İdmanın və Olimpiya Hərəkatının sürətli inkişafı, bədən tərbiyəsinin kütləviləşməsi istiqamətində ölkə rəhbərliyinin həyata keçirdiyi məqsədyönlü tədbirlər bu gün öz bəhrəsini verməkdədir. İdmanın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində paytaxt və bölgələrdə Olimpiya idman komplekslərinin, idman qurğularının, zalların istifadəyə verilməsi, idmançılarımızın müxtəlif beynəlxalq yarışlarda uğurlu nəticələr qazanması Azərbaycanın bu sahədə də yüksək inkişafından xəbər verir. Beynəlxalq idman qurumları rəhbərlərinin ölkəmizə mütəmadi səfərləri, respublikamızın mötəbər idman tədbirlərinə uğurla ev sahibliyi etməsi Azərbaycanın idman ölkəsi olduğunu bir daha sübut edir.

Milli Olimpiya Komitəsinin rəsmi mətbuat orqanı olan "Olimpiya dünyası” qəzetinin bu il 16 yaşı tamam olur. Qəzet 2001-ci il noyabrın ayının 27-də nəşrə başlayıb. İlk gündən öz səhifələrində ölkə idmanı, Olimpiya Hərəkatı və Olimpiya ideallarının təbliğinə geniş yer verən "Olimpiya dünyası” idman aləmində, xüsusilə də Azərbaycan idmanında cərəyan edən bütün yenilikləri oxuculara çatdırmağı özünün başlıca vəzifəsi hesab edir. İdman mətbuatı ailəsində özünəməxsus mövqeyi olan "Olimpiya dünyası” qəzeti bu illər ərzində sevilən nəşrlərdən birinə çevrilib. Ötən müddət ərzində qəzetimiz öz səhifələrində dünyada və ölkədə baş verən mühüm idman hadisələrini, yeniliklərini müntəzəm və operativ işıqlandırmaqla, qeyd etdiyimiz kimi, artıq 16 ildir ki, təmsilçilərimizin çıxış etdikləri yarışlar, onların əldə etdikləri uğurlar barəsində operativ xəbərlərlə oxucularımızın görüşünə gəlir.

Şübhəsiz ki, idmanın inkişafının, kütləviləşməsinin təbliği sahəsində idman mətbuatının rolu danılmazdır. Hər hansı sahədə əldə edilən uğur təbliğat işinin keyfiyyəti və səviyyəsindən də asılıdır. Geniş auditoriya kütləsi toplamaq üçün, ilk növbədə, oxucu zövqünü və tələbatını təmin etmək lazımdır. Müasir oxucu çoxsaylı informasiya ilə yanaşı, ölkə idmanındakı yenilikləri də daim izləmək istəyir. Bu baxımdan, qəzetimizin əsas məqsədi ölkədə Olimpiya Hərəkatının genişlənməsi, idmanın inkişafı sahəsində həyata keçirilən tədbirlər barədə operativ məlumatlar vermək, idmansevərləri, idmançıları və idman mütəxəssislərini lazımi informasiya ilə təmin etməkdir. "Olimpiya dünyası” qəzetini digər idman nəşrlərindən fərqləndirən başlıca xüsusiyyət onun bütün idman növlərini diqqətdə saxlamasıdır.

"Olimpiya dünyası” fəaliyyət göstərdiyi 16 il ərzində idman ictimaiyyətinin nümayəndələri ilə yanaşı, oxucularla da sıx əlaqələr yaratmağa nail olub. Əməkdaşlarımızın apardığı ənənəvi sorğularda ölkə idmanı və idmançılarımızın müxtəlif miqyaslı yarışlardakı çıxışları haqqında fikirləri öyrənilir. "Olimpiya dünyası” oxucuların idman haqqında biliklərini yoxlamaq və artırmaq məqsədilə tez-tez maraqlı müsabiqələr və viktorinalar təşkil edir. Qəzetimizin əsas məqsədi idmanın inkişafını nəinki Azərbaycanda, hətta ölkəmizin hüdudlarından kənarda da oxucularımıza hərtərəfli çatdırmaqdır.

"Olimpiya dünyası”nın səhifələrində müxtəlif rubrikalar altında dərc olunan yazılar oxucularımızda maraq oyadır. Oxucular idman ictimaiyyətinin tanınmış nümayəndələri, Olimpiya, Avropa və dünya çempionlarının idmandakı uğurları və şəxsi həyatları haqqında maraqlı müsahibələrlə tanış olmaq imkanı əldə edirlər. Müxtəlif mövzuları əhatə edən "Mütəxəssis rəyi”, "Sənətçi idman, idmançı sənət haqqında”, "Sağlamlıq resepti-idman”, "İdmançı ailəsi”, "İdmandan kənar”, "İdmançı menyüsü”, "Ali məktəblərin idman həyatı”, "İdman klublarında”, "Bölgə idmanı”, "Küncdən zərbə”, "İdman ulduzları”, "Gənclər və idman”, "Qadın və idman”, "Musiqi və idman” və başqa bu kimi rubrikalarımız oxucular tərəfindən maraqla qarşılanır.

16 illik fəaliyyətimiz dövründə Afina-2004, Pekin-2008, London-2012, Rio-2016 Yay Olimpiya Oyunları, Sinqapur-2010, Nankin-2014 Yeniyetmələrin Yay Olimpiya Oyunları, Avropa Yeniyetmələrinin Olimpiya Festivalları, I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları və bir çox mötəbər beynəlxalq yarışlardan birbaşa və operativ məlumatlar verilib. Olimpiya Xartiyasına, Olimpiya ideallarına, Olimpiya Hərəkatının Azərbaycanda genişlənməsinə xidmət edən "Olimpiya dünyası” qəzeti Olimpiya Oyunlarının da aynasına çevrilib. Bu möhtəşəm idman tədbirlərində "Olimpiya dünyası”nın işi digər mətbu orqanlarının fəaliyyətindən xüsusilə fərqlənib. Bu yarışlarda tarix yazan idmançılarımız həyəcanlı anların yaşandığı idman arenalarında ilk müsahibələrini məhz "Olimpiya dünyası”na veriblər. Qəzetimiz Olimpiya yığmamızın dünyanın ən mötəbər yarışlarına hazırlığından, onların olimpiadada iştirakından geniş şərhlər hazırlayıb. Atletlərimizlə Afina, Pekin, London, Rio-de Janeyro və Sinqapur, Nankin və digər yerlərdə yaradılan canlı telefon bağlantıları materialların daha geniş, daha ətraflı və oxunaqlı olmasına zəmin yaradıb. Artıq Afina-2004, Pekin-2008, London 2012, Rio-2016, eləcə də Sinqapur-2010, Nankin-2014 Olimpiya Oyunları, I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları tarixə çevrilib. Təmsilçilərimiz adıçəkilən yarışlarda parlaq qələbələri ilə idmanımızın növbəti şanlı səhifəsini yazıblar. Olimpiya həyəcanının oxucuların və tarixin yaddaşına köçürülməsində qəzetimizin də xidmətinin olması bizi sevindirir.
"Olimpiya dünyası”nın fəaliyyəti müvafiq təşkilat və qurumlar tərəfindən də yüksək qiymətləndirilib. Belə ki, Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) tərəfindən qəzetimiz dəfələrlə qəzet və jurnallar arasında "İlin ən yaxşı idman nəşri” nominasiyasına layiq görülüb. Qəzetimizin əməkdaşları müxtəlif illərdə AİJA tərəfindən "İlin idman jurnalisti” nominasiyasında birinci olublar. 2004-cü ildə "Olimpiya dünyası” qəzetinin baş redaktoru Gənclər, İdman və Turizm Nazirliyi tərəfindən "İlin ən yaxşı idman jurnalisti” nominasiyasında birinci olub.

Beynəlxalq idman təşkilatlarının da diqqət mərkəzində olan "Olimpiya dünyası” İspaniyanın nüfuzlu "Aktualidad” jurnalının təsis etdiyi "Nüfuz və keyfiyyətə görə-Aktualidad-XXI” adlı beynəlxalq mükafata layiq görülüb. İdmanın təbliği sahəsindəki fəaliyyətinə görə Beynəlxalq Gimnastika Federasiyasının xüsusi diplomu ilə təltif edilib.

AFFA, Azərbaycan Gimnastika Federasiyası, Azərbaycan Voleybol Federasiyası, Azərbaycan Taekvondo Federasiyası, Azərbaycan Güləş Federasiyası və bir çox digər idman qurumları tərəfindən dəfələrlə diplom və mükafatlara layiq görülüb.

"Olimpiya dünyası” qəzeti idmanın təbliği ilə yanaşı, idman tədbirlərinin, müxtəlif layihələrin həyata keçirilməsinə xüsusi önəm verir. İndiyədək qəzetimiz bir sıra ölkədaxili və beynəlxalq yarışların, mədəniyyət tədbirlərinin təşkilatçısı olub. Kütləvi informasiya vasitələrinin nümayəndələri arasında əməkdaşlıq, yaradıcılıq əlaqələrini daha da möhkəmləndirmək üçün qəzetimizin təşkilatçılığı "KİV-2003” futzal turnirində kütləvi informasiya vasitələrinin 14 komandası qüvvəsini sınayıb. "Olimpiya dünyası”nın 2004-cü ildə jurnalistlər arasında ən güclü şahmatçını aşkar etmək üçün təşkil etdiyi yarışlar da böyük maraqla qarşılanıb. Nəşrimiz bölgələrdə də bir sıra tədbirlər həyata keçirib. "Olimpiya dünyası”nın Gəncədə təşkil etdiyi karate-do üzrə "Gəncə kuboku” beynəlxalq turniri də belə tədbirlərdəndir. 2011-ci il oktyabrın 23-də "Olimpiya dünyası” qəzetinin təşkilatçılığı ilə jurnalistlərlə "Neftçi”nin veteran futbolçuları arasında yoldaşlıq görüşü keçirilib.

İdman mövzusunda karikaturalara maraq həmişə böyük olub. Dünyada idman çox inkişaf etdiyindən karikatura ustaları dəfələrlə bu mövzuya müraciət edir, öz ustalıqlarından istifadə edərək gözəl nümunələr yaradırlar. Ölkəmizdə də karikaturaçılar idman mövzusuna müraciət edirlər. "Olimpiya dünyası” qəzeti karikaturaçılarda idman sahəsinə marağı daha da artırmaq məqsədilə Beynəlxalq Karikatura Müsabiqəsi təşkil edib. Nəşrimiz Olimpiya Hərəkatının təbliği üçün 2002-ci ildə təşkil etdiyi karikatura müsabiqəsinin hüdudlarını daha da genişləndirərək I Bakı Beynəlxalq Karikatura Müsabiqəsini yüksək səviyyədə keçirib. Bu müsabiqədə 25 ölkədən 70 rəssam bacarığını nümayiş etdirib.

2006-cı ildə qəzetimizin təşkilatçılığı ilə keçirilən II Bakı Beynəlxalq Karikatura Müsabiqəsində isə bütün qitələri təmsil edən 40 ölkədən 163 rəssam 500 karikatura ilə iştirak edib. Qəzetimiz "Ən yaxşı idman fotoşəkili” və "Ən yaxşı idman yazısı” adlı müsabiqələri də uğurla keçirib.

"Olimpiya dünyası” qəzetinin 5 illik yubileyi ərəfəsində - 2006-cı ildə Yetkinlik Yaşına Çatmayanların Tərbiyə Müəssisəsində idman tədbiri keçirilib. Burada stolüstü tennis üzrə yarış təşkil olunmuş və bu yarışın qaliblərinə MOK tərəfindən diplomlar və idman kostyumları verilmişdir. Növbəti tədbir 2007-ci il martın 5-də "Olimpiya dünyası” ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə 4 saylı Cəzaçəkmə Müəssisəsində təşkil edilib. 8 Mart-Beynəlxalq Qadınlar Günü ərəfəsində belə bir tədbirin keçirilməsində əsas məqsəd azadlıqdan məhrumetmə ilə bağlı yaranmış gərginliyi aradan qaldırmaq, məhbusların psixoloji durumunu sabit saxlamaq və onların asudə vaxtının maraqlı və səmərəli təşkilinə kömək göstərmək idi. Cəzaçəkmə Müəssisəsində voleybol üzrə yarış keçirilmiş, bu yarışlara tanınmış voleybolçu Alla Həsənova hakimlik etmiş, qaliblərə və daha əlli məhbus qadına hədiyyələr təqdim olunmuşdur. Belə tədbirlər zamanı Olimpiya, dünya və Avropa çempionları ilə məhbusların görüşü keçirilmiş, Milli Olimpiya Komitəsi tərəfindən Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrinin kitabxanalarına MOK-un nəşrlərindən nümunələr və idman zallarına idman velosipedi və ştanq verilmişdir.

"Olimpiya dünyası” qəzetinin 16 il ərzindəki ən böyük uğurlarından biri də, ölkədə idman jurnalistlərinin yetişməsi sahəsində fəaliyyət göstərməsidir. Belə ki, ali təhsil ocaqlarının jurnalistika və digər fakültələrində təhsil alan, idmana maraq göstərən və bu sahənin təbliği ilə məşğul olmaq istəyən prespektivli gənclər redaksiyaya işə dəvət olunurlar. Ötən illər ərzində "Olimpiya dünyası”nda onlarla gənc idman jurnalisti yetişib. Onlar ali məktəblərdə təhsillərini davam etdirməklə yanaşı, həm də idman jurnalistikasının sirlərinə yiyələnib və təcrübə əldə ediblər. Hazırda onlar ölkəmizin müxtəlif KİV-lərində idman jurnalisti kimi çalışırlar. Bu təcrübə indi də davam edir. İdman sahəsini yaxşı bilən, yaradıcı və zəngin təcrübəyə malik idman jurnalistlərinin yetişməsi üçün qəzetin kollektivi öz səy və bacarığını əsirgəmir.

Azərbaycanda idmana dövlət səviyyəsində göstərilən diqqət və qayğının nəticəsi olaraq, ölkədə idmanın inkişafını, Olimpiya Hərəkatının genişlənməsini, maddi-texniki bazanın sürətlə möhkəmlənməsini, atletlərimizin beynəlxalq səviyyəli uğurlarını daim diqqət mərkəzində saxlayan və təbliğ edən "Olimpiya dünyası” qəzeti geniş oxucu kütləsinə malikdir.

Böyük məsuliyyət tələb edən qəzet işi kollektiv əməyin məhsuludur. Redaksiyamızda idmana və jurnalistikaya qəlbən bağlı mehriban və işgüzar yaradıcı kollektiv formalaşıb. "Olimpiya dünyası” qəzetinin peşəkar kollektivi və qəzetimizlə əməkdaşlıq edən yaradıcı insanların sayəsində oxuculara maraqlı yazılar təqdim olunur. Başqa sözlə desək, idman, olimpizm, sağlam həyat tərzinin yüksək səviyyədə təbliği hər bir əməkdaşımızın əsas məqsədidir. Bu gün biz 16 illik fəaliyyətimizdən qürurla danışa bilərik. Çoxsaylı oxucuların zövqünü oxşamaq, onları maraqlandıran, narahat edən məsələlərdən söz açmaq, bir sözlə, oxucuların inandığı, etibar etdiyi, hər sayını səbirsizliklə gözlədiyi mətbuat orqanı olmaqla qazanılan etimadı qoruyub saxlamağa çalışırıq.


Bu yazı

3615 dəfə oxunub

Tarix

2017-11-28 12:23:09

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook