50 illik dostluğa böyük ehtiram


Bu gün Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında Milli Məclisin deputatı, Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibi, Azərbaycan Boks Federasiyasının birinci vitse-prezidenti, Beynəlxalq Elmlər Akademiyasının üzvü, texnika elmləri namizədi, professor, "Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi”, "Şöhrət” və "Şərəf” ordenli Ağacan Abıyevin 80 illik yubileyi qeyd edildi.

Tədbirdən sonra Ağacan Abıyevin 50 illik dostu, SSRİ idman ustası Paşa Əliyev redaksiyamızın qonağı oldu. O, Ağacan müəllimlə dostluqlarının təməlindən danışdı: «Mən Qazaxıstanın Bədən tərbiyəsi institutunda oxuyurdum. Tələbə illərində universiadada iştirak edirdim. Yarışda 2-ci yeri tutdum. Həmin vaxt Bakıdan Abbas Ağalarov başda olmaqla nümayəndə heyəti gəlmişdi. Mənim çıxışımı orada görəndə xoşlarına gəldim. Abbas müəllim mənə Azərbaycan millisində çıxış etməyi təklif etdi. Həmin vaxt II kursda oxuyurdum. Rektor mənim kimi istedadlı idmançını buraxmaq istəmirdi. Amma sonra razılaşdı. Təhsilimi Bakıda davam etdirdim. Təhsillə yanaşı, idmandan da kənarda qalmırdım. Ağacan Abıyevlə məhz həmin vaxt tanış oldum. 1959-cu ildən başlayaraq, yığma komandanın heyətində bir yerdə boksla məşğul olmağa başladıq. Onunla dostluq münasibətimiz daha da yaxınlaşdı. O, mənə çox kömək edirdi. Hətta hamı gədəndən sonra qalıb məşq edirdik. Gündə 2-3 dəfə məşqə çıxırdıq. İnstitutu qurtarandan sonra mən sənədlərimi Azərbaycan Universitetinə (indiki BDU), o isə sənədlərini Poltexnik İnstitutuna (AzTU) verdim. Onda da dostluq münasibətimizi davam etdirirdik».

Ağacan Abıyevlə bağlı maraqlı söhbətlərini bizimlə bölüşən Paşa müəllim onun yaxşı şəkil çəkdiyini qeyd etdi. «Ağacan müəllimlə spartakiadalarda çox iştirak etmişəm. Yarışlara bir yerdə gedirdik. Onu da deyim ki, Ağacanın qəşəng şəkil çəkmək qabiliyyəti var. 1963-cü ildə mənim dostluq şarjımı çəkmişdi. Şəklin adın isə çoxlu dil bildiyimə görə «Dil bilən» qoymuşdu. Həmin şəkli divara vurmuşdum», - deyə o əlavə etdi.

Ağacan müəllimin 80 illik yubileyinə şeir həsr edən Paşa Əliyev arzularını da dilə gətirdi: «Ağacan müəllim mən hakimlik edəndə də mənimlə daim əlaqə saxlayır, problemlərimlə maraqlanırdı. O, çox insan adamdır. Dünya şöhrətli alim olan Ağacan müəllim istənilən sahədə böyük bilgiyə malikdir. Onunla söhbət edəndə insan yorulmur. O, hamıya əl tutur. Mən təqaüdə çıxanda da mənə iş vermişdi.

Ağacan müəllimə arzularım sonsuzdur. 80 illik yubileyində ona can sağlığı, uzun ömür arzulayıram. Yubiley münasibətilə ona şeir də həsr etmişəm. Arzum budur ki, onun 100 illik yubileyində də bir yerə yığışıb qeyd edək».

Rahib Səmədov



Bu yazı

3519 dəfə oxunub

Tarix

2017-12-04 16:04:56

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook