Uşaqların sağlamlığının qorunması tərbiyə işinin tərkib hissəsidir


Azərbaycanda idman və Olimpiya Hərəkatının təşəkkül tapması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin hakimiyyətə qayıdışından sonra ölkədə idmana münasibət kökündən dəyişdi. İdmanın və bədən tərbiyəsinin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Müstəqil Azərbaycanın beynəlxalq aləmə bir idman ölkəsi kimi təqdim edilməsi və ölkəmizin Olimpiya Hərəkatına qoşulması geniş vüsət aldı. İdmançıların maddi rifahının yüksəldilməsi, onlarda qələbə əldə etmək üçün stimul yaradılması, möhkəm idman bazasının bünövrəsinin qoyulması istiqamətində əməli və işgüzar işlər görüldü. Dövlətin idman siyasətinin həyata keçirilməsi üçün 1994-cü ildə ümummilli lider Heydər Əliyevin Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı. İdman və gənclər siyasətində növbəti addım 1995-ci il martın 5-də əhali arasında sağlam həyat tərzinin təbliğ edilməsi və bədən tərbiyəsinin maddi-texniki bazasının inkişaf etdirilməsi məqsədilə Azərbaycan Prezidenti yanında fond yaradılması idi.

1997-ci ildə ümummilli liderin layiqli davamçısı İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi ilə Azərbaycanda idman və Olimpiya Hərəkatının yeni mərhələsi başlandı və ölkəmiz dünyanın idman ailəsinə daxil oldu. 2003-cü ildən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strategiyaya uyğun olaraq idman ölkədə dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Paytaxt və bölgələrdə müasir standartlara cavab verən Olimpiya idman komplekslərinin, zal və stadionların tikintisi, köhnə qurğuların bərpası ölkədə güclü idman infrastrukturunun yaradılmasından xəbər verirdi. İdmançıların sosial problemlərinin həlli respublikamızda yeni idmançı nəslinin yetişməsinə, idmanın kütləviliyinin təmin olunmasına gətirib çıxardı. Azərbaycanda idman və Olimpiya Hərəkatına dövlət səviyəsində göstərilən diqqət və qayğının nəticəsində idmançılarımız Olimpiya Oyunları, dünya və Avropa çempionatlarında yüksək nailiyyətlər əldə etməyə müvəffəq oldular. Atletlərimiz yüksək səviyyəli beynəlxalq turnirlərdə uğula çıxış edərək ölkəmizin şərəfini uca tutur, şan-şöhrətini yüksəklərə qaldırırlar.

"Uşaq və gənclərimiz idmanı sevirlər”
Uşaq və gənclərin fiziki və mənəvi inkişafının yüksəldilməsində, onların gələcəkdə sağlam vətəndaş kimi yetişməsində idman ocaqlarının, eləcə də, idman qurumlarının böyük rolu var. Gənclər və İdman Nazirliyi bu qurumlar arasında ən qabaqcıllardan sayılır. Bu gün Gənclər və İdman Nazirliyi (GİN) uşaq və yeniyetmələrin sağlam inkişafı, habelə onların problemlərinin həll olunması istiqamətində mühüm tədbirlər həyata keçirir. Buyaxınlarda Gənclər və İdman Nazirliyinin baş məsləhətçisi, Əməkdar məşqçi, Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi Tofiq Eyvazovla görüşdük.

Təcrübəli mütəxəssis bizimlə söhbətində ölkəmizdə gənclərlə işin yüksək səviyyədə qurulduğunu, onların fiziki və mənəvi inkişafı üçün müxtəlif tədbirlərin həyata keçirildiyini qeyd etdi: "Gənclər və İdman Nazirliyi yetişməkdə olan uşaq və gənclərin fiziki tərbiyəsi ilə yanaşı, mənəvi tərbiyə məsələsini də diqqətdə saxlayır. Müharibə şəraitində yaşayan respublikamızın gəncləri fiziki cəhətdən möhkəm və mənəvi cəhətdən mətin böyüməlidirlər. Gələcəyin döyüşkən əsgəri olmaq üçün gənclərimiz sağlam düşüncə və təfəkkürə, geniş dünya görüşünə və sağlam həyat tərzinə malik olmalıdır. Bu sahədə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi böyük işlər həyata keçirir. Buyaxınlarda yarışla bağlı respublikamızın 4 müxtəlif bölgəsinə səfərim zamanı yeniyetmələrlə çoxsaylı görüşlərim olub. Bu zaman Azərbaycan gənclərinin idmana nə qədər maraqlı olduqlarının şahidi oldum. Uşaq və gənclərimiz idmanı sevirlər və minlərlə oğlan və qız bölmələrdə məşğul olur. Təbii ki, bu da Azərbaycanda idmana olan diqqət və qayğıdan irəli gəlir. Məncə, dünyanın elə bir ölkəsi yoxdur ki, orada 40-dan çox Olimpiya idman kompleksi insanların istifadəsinə verilsin. Avropa və dünya standartlarına cavab verən bu komplekslərdə gənc nəsil idmanla məşğul olur, sağlam həyat tərzi keçirir”.

GİN-nin baş məsləhətçisi gəncləri düz yola istiqamətləndirmək üçün görülən tədbirlərdən də danışdı: "Biz çalışırıq ki, bütün gücümüzü səfərbər edərək gəncləri düz yola dəvət edək. Hər il ənənəvi olaraq, Xızı rayonunun bir neçə kəndində güləş və sambo yarışları təşkil edirik. Buyaxınlarda yenə Xızıda olduq. Həmin yarışlarda Olimpiya çempionlarımız Namiq Abdullayevin, İlham Zəkiyevin uşaq və yeniyetmələrlə birbaşa təmasda olması, söhbət etmələri, xatirə şəkli çəkdirmələri onlara əlavə stimul verir. Həmin yeniyetmə idmançılar bu görüşlərdən sonra məşqlərə daha məsuliyyətlə və həvəslə yanaşır, özlərini gələcəkdə həmin tanınmış idmançılar kimi görmək istəyirlər. Bu cür görüşlərin təşkili mənəvi baxımdan çox əhəmiyyətlidir. Bundan başqa, biz uşaq və gənclərin Rəsul Çunayev, Toğrul Əsgərov, Hacı Əliyev və.s idmançılarla görüşlərini təşkil edirik. Həmin görüşlərdə uşaqlar özlərini sanki bir anlıq Rəsul Çunayev, Toğrul Əsgərov və Hacı Əliyev kimi hiss edirlər. Gənclər və İdman Nazirliyinin əməkdaşları mütəmadi olaraq bölgələrdə olur, Olimpiya komplekslərində tədbirlərin təşkilində iştirak edirlər. Bundan başqa, yerlərdə şəhid ailələri ilə görüşür, vətən uğrunda canından, qanından keçən şəhidlərin xatirəsinə turnirlər təşkil edirik. Çalışırıq ki, bu yarışlarda xüsusilə, kiçik yaşlı yeniyetmələr iştirak edərək təcrübə toplasınlar. Bu yaş dövründə uşağın düzgün istiqamət götürməsi, gələcəkdə həyatda öz yerini tapması üçün belə tədbirlərin böyük əhəmiyyəti var”.

Bölgələrdə uşaqlar idmana böyük maraq göstərirlər
Son illərdə paytaxtla yanaşı, regionlarda da inşa olunan nəhəng idman kompleksləri Azərbaycanın idman potensialını nümayiş etdirməklə yanaşı, gənclərin bu sahəyə marağını xeyli artırıb. Bu gün gənc nəslin idmanla məşğul olması üçün ən ucqar bölgələrdə belə Olimpiya İdman kompleksləri tikilib istifadəyə verilir. Sevindirici haldır ki, istər güləş, cüdo, boks, istərsə də digər növlər üzrə keçirilən yarışlarda bölgə idmançıları böyük həvəslə və uğurla iştirak edirlər. Elə bölgə təmsilçilərinin respublika çempionatlarında geniş tərkibdə iştirak etməsi regionlarda idmanın inkişafının göstəricisidir, desək yanılmarıq. Mütəmadi olaraq regionlarda səfərdə olan müsahibimiz bölgə idmançılarının idmana olan həvəsindən danışdı: "Yuxarıda qeyd etdiyim kimi, biz tez-tez bölgələrdə təşkil olunan idman yarışlarıda iştirak edirik. Müşahidələrimə əsasən deyə bilərəm ki, bölgələrdə uşaqlar idmana böyük maraq göstərirlər və mən Yevlax, Şamaxı, Gəncə və Qusarda böyük kütləviliyin şahidi oldum. Bir müddət əvvəl Şamaxıda Oleq Krapivinin şərəfinə keçirilən güləş yarışında uşaqların idmana olan böyük həvəsi məni valeh etdi. Həmin yarışda 400-ə yaxın yeniyetmə və gənc iştirak edirdi. Ümumiyyətlə, yeniyetmə üzərində çalışan məşqçi-müəllimdən də çox şey asılıdır. Məşqçi-müəllim əgər yeniyetmədə seçdiyi hər hansı bir idman növünə maraq oyada bilirsə, o uşaq təbii ki, gələcəkdə idmana sıx bağlı olacaq. Bir sözlə, məşqçi uşağın psixologiyasını bilməli, ona qarşı fərdi yanaşmalıdır. Uşaq ola bilsin ki, yüksək fiziki göstəricilərə malikdir, amma onun meyli tamam başqa sahəyədir. Buna görə də məşqçi uşağın psixologiyasını öyrənməli, onu seçdiyi idman növünə həvəsləndirməli və düzgün yol göstərməlidir. Sevinc hissi ilə deyə bilərəm ki, bölgələrdə fəaliyyət göstərən məşqçi-müəllimlər sözün əsl mənasında öz işinin peşəkarlarıdırlar. Gəncədə, Şamaxıda uşaqların taktiki və texniki hazırlıq səviyyələrinin yüksəldilməsinə böyük önəm verilir. Şamaxıda turnir zamanı uşaqlar Olimpiya çempionumuz Namiq Abdullayevi dövrəyə alaraq ondan hər hansısa fəndin icrasının taktiki, texniki tərəflərini öyrənirdilər. Bu, çox müsbət haldır. İnanıram ki, həmin idmançıların arasında gələcəyin Olimpiya, Avropa və dünya çempionları çıxacaqdır. Adlı-sanlı pəhləvanlarımızın bölgələrdə olması və yeniyetmə idmançılarla görüşmələri ümumi işin xeyrinədir. Yerlərdə bu görüşlərin təşklində maraqlı olmalıdırlar. Bu, regionlarda idmanın kütləviliyini artırmaq üçün mühüm əhəmiyyət kəsb edir. Təəssüflə qeyd etməliyəm ki, bəzi yerlərdə bu əhəmiyyətli işə biganə yanaşırlar. Rayonlardan təklif olsa, biz hər zaman tanınmış idmançılarımızın bölgələrdə uşaq və gənclərlə görüşlərini təşkil etməyə hazırıq”.

Bədən tərbiyəsi dərsi gündəmdə olmalıdır
Peşəkar idmana gedən yolun əsasında uşaq idmanı dayanır. Uşaq idmanı bir növ uğurun bel sütunudur. Məhz bu yaşda qoyulan uğurlu təməl gələcəkdə öz bəhrəsini verir. Təbii ki, bu gün uşaq idmanının inkişafında müxtəlif klub, cəmiyyət və İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbləri ilə yanaşı, orta məktəblərin də rolu danılmazdır. Orta məktəblərdə tədris olunan bədən tərbiyəsi dərsləri uşaqların sağlam və gümrah olmasında böyük rol oynayır. Müsahibimiz Tofiq Eyvazov orta məktəblərdə bədən tərbiyəsi dərslərinin tədrisi məsələsinə toxunarkən bu fənn müəllimlərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsindən danışdı: "Uşaq və gənclərin sağlamlığının qorunması Təhsil Nazirliyini narahat edən ümdə məsələlərdəndir. Uşaqların sağlamlığının qorunması tərbiyə işinin tərkib hissəsidir. Elə orta məktəblərimiz var ki, burada bədən tərbiyəsinə ikinci növ fənn kimi münasibət göstərirlər. Bu, düzgün münasibət deyil. Sovet dönəmində bədən tərbiyəsi dərslərinin tədrisinə ciddi nəzarət olunur və böyük önəm verilirdi. Hamı bir nəfər kimi dərsdə idman forması ilə iştirak etməli idi. Başqa cür mümkün deyildi. Təəssüflə bildirməliyəm ki, bəzi orta məktəblərdə bədən tərbiyəsi dərslərinə ögey münasibət bəslənilir. Hətta deyərdim ki, futbol dərsi kimi baxılır. Yadımdadır ki, bizə idman dərsindən sonra birbaşa su içməyə icazə vermirdilər. Yalnız müəyyən müddətdən sonra su içə bilirdik. Lakin bu qaydalara indi riayət olunmur. Orta məktəblərdə bədən tərbiyəsi dərslərinin səviyyəsi yüksəldilməli, problemlər aradan qaldırılmalıdır. Bədən tərbiyəsi, fiziki tərbiyə insanın nəinki bədənini, əxlaqını tərbiyə edir, onun fiziki hazırlığını möhkəmləndirir. Bu zaman beyin daha da inkişaf edir. Orta məktəb direktorları bədən tərbiyəsi dərslərində iştirak etmək, uşaqlarla görüşmək üçün adlı-sanlı idmançıları dəvət etməlidirlər. Həmin dərslərdə şagirdlərin Olimpiya çempionu ilə dialoqu sağlamlıq haqqında ən gözəl tövsiyə olardı”.

Təhsil və idman paralel aparılmalıdır
Təhsil olmasa yüksəlişdən, tərəqqidən, irəliləyişdən söhbət gedə bilməz. İdmançı güclü analitiki zəkaya malik olmalıdır ki, həlledici anda rəqibini üstələyə bilsin. Bu məsələyə münasibətini bildirən təcrübəli mütəxəssis Tofiq Eyvazov təhsil və idmanın paralel şəkildə aparılmasının məqsədəuyğun olduğunu bildirdi: "Savadsız insan heç vaxt yüksək səviyyəli idmançı ola bilməz. İdmançının müəyyən təhsili, dünyagörüşü olmalıdır. Bizim elə idmançılarımız var ki, üç ali məktəb qurtarıblar. Məsələn, Rövşən Bayramov, Rafiq Hüseynov, Rəsul Çunayev, Hacı Əliyev və digərləri. Bu insanlar vaxtlarının çoxunu idmana sərf edirlər. Amma bu, o demək deyil ki, onlar təhsilə biganə yanaşırlar. Uşaq və gənclərimiz də əvvəlcə təhsilə fikir verməli, sonra idmanla məşğul olmaldır. Mən çox şahidi olmuşam ki, idmançılarımız dünya, Avropa çempionatlarına və təlim-məşq toplanışlarına gedəndə özləri ilə kitab aparırlar. Hər bir idmançının müəyyən intellektual səviyyəsi, dünyagörüşü olmalıdır. Bu da elmdən irəli gəlir. Elmsiz, təhsilsiz yüksəliş ola bilməz. Təhsil və idman paralel aparılmalıdır. Bu gün bir sıra idman ocaqlarında müəyyən yaş həddindən sonra uşaqlar idmandan uzaqlaşır, təhsilə üstünlük verirlər. Bunu problem kimi görmək olmaz. Uşaq əgər idmandan uzaqlaşaraq təhsilə üstünlük verirsə və gələcəyin ziyalısı olacaqsa, bu da böyük uğurdur. Əsas odur ki, gənclərimiz düzgün yolda olsunlar, cəmiyyətimiz üçün layiqli vətəndaş kimi yetişsinlər. Söhbətimizin əvvəlində də qeyd etdiyim kimi, burada məşqçi-müəllimdən, onun uşağa yanaşma tərzindən də çox şey asılıdır. Məşqçi ilk növbədə psixoloq olmalıdır. O, əgər öz yetirməsini həvəsləndirsə, düzgün istiqamətləndirsə, onun potensialını uşağa çatdıra bilsə, onda bu problemi həll etmək olar. Əsas odur ki, məşqçi uşaqda həvəs və özünəinam oyada bilsin”.

Ürəyi daim Azərbaycanla döyünən həmyerlilərimiz
Vətəni sevmək üçün vətəndə yaşamaq əsas deyil. Vətənin hüdudlarından kənarda yaşayaraq da ona olan sevgini bildirmək, uğurlarına sevinmək mümkündür. Lap elə şamaxılı Oleq Krapivin kimi. Hazırda Ukraynada yaşayan həmyerlimizin ürəyi daim Azərbaycanla döyünür. O, müntəzəm olaraq Şamaxıya gəlir, idmançılarla görüşür, uşaq və gənclər arasında beynəlxalq turnirlər təşkil edir. Bu ilin payızında Şamaxı şəhərində Oleq Krapivin adına "Şirvan” güləş klubunun açılışı olub.

Tofiq Eyvazov Oleq Krapivinin adını daşıyan idman məktəbində gələcəyin çempionlarının yetişdiyini əminliklə bildirdi: "Sentyabr ayında Şamaxıda "Şirvan” güləş klubunun açılışı oldu. Bu zalın açılışı bir daha sübut etdi ki, Oleq Krapivin Azərbaycana bağlı insandır. İdman məktəbində müasir standartlara cavab verən trenajor avadanlıqları və böyük güləş zalı var. Bütün bunları o, öz vəsaiti hesabına təmin edib. Güləşçimizin şərəfinə təşkil olunan turnirdə yerli idmançılarla yanaşı, Ukrayna, Rusiya, Qazaxıstan, Gürcüstan təmsilçiləri də iştirak edirdilər. Biz Oleq Krapivin kimi vətənpərvər insanlarla fəxr edirik. Oleq Krapivin burada idmanının, uşaqların inkişafı üçün çox işlər görür. Xidmətləri müqabilində o, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə"Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi” kimi yüksək bir ada layiq görülüb. Oleq Krapivinin əməyinə verilən bu qiymət onu bir qədər də ruhlandırıb. İnanıram ki, gələcəkdə xüsusilə bu bölgədə idmanın inkişafı üçün hələ çox işlər görəcək. Bundan başqa, buyaxınlarda Sankt-Peterburq şəhərində yaşayan həmyerlimiz həmin şəhərin Güləş Federasiyasının vitse-prezidenti Məşgur Qasımov Masallı rayonunda Nadir Ağayevin xatirəsinə həsr olunmuş yunan-Roma güləşi üzrə turnir təşkil etdi. Belə tədbirləri mütəmadi olaraq keçirilməsi bölgələrdə idmanın inkişafına müsbət təsir edir. Onu da qeyd edim ki, millət vəkili, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev də paytaxt və bölgələrdə yarışlar təşkil edir. İdmana bağlı olan bu insanların belə tədbirlərdə fəallıq nümayiş etirməsi cəmiyyətimiz üçün örnək olmalıdır”.

"Bizim dövrün idmanı ibtidai icma 
dövrünün idmanına bənzəyirdi”
Güləş idman növünün ölkəmizdə tarixi ənənələri var. Təcrübəli mütəxəssis bizimlə söhbətində qeyd etdi ki, bu idman növü dözümlülük, çeviklik və möhkəm iradə tələb edir: "Güləş çətin, əziyyət tələb edən idman növlərindəndir. İdmançı bu çətinliklərə qalib gəlməyi bacarmalıdır. Zalda məşğul olan 70-80 uşaqdan təbii ki, hamısı gələcəkdə idmançı olmayacaq. Onların çoxu idmanın çətinliklərinə dözmür və uzaqlaşır. Əsl və peşəkar idmançı odur ki, bütün bu çətinliklərə dözüb sinə gərə bilsin.

Bu gün Azərbaycanın dinamik inkişafı idmanda qazanılan uğurlarla bir paralellik təşkil edir. Həm qazandığımız medallar, həm idman komplekslərinin tikintisi, həm də Azərbaycanın beynəlxalq miqyasda idman ölkəsi kimi imicinin möhkəmlənməsi uğurlarımızın əsasını təşkil edir. İdmançılarımızın hər dəfə beynəlxalq arenalarda qazandıqları nailiyyətlər, bayrağımızın ucalması dövlətimizin, xalqımızın uğurudur. Ölkədə idman və Olimpiya Hərəkatının yüksək sürətlə inkişafından danışan Tofiq Eyvazov müasir dövrdə uşaq və gənclərimizin idmanla məşğul olması üçün hər cür şərait yaradılığını qeyd etdi: ""Bizim dövrümüzdə belə şərait yox idi. Biz belə müasir döşəklərin üzərində məşq etməmişik. Həmin dövrdə mükafat fondu da yox idi. Bu günki idmançılar üçün mən mükafatı önəmli saymıram. Çünki, bu gün idmançıları zirvəyə maddiyat yox, mənəviyyat aparır. Nə edirsənsə et, qələbə əzmi olmayan idmançıdan çempion olmaz. Düzdür, idmançı əziyyət çəkirsə, nailiyyət qazanırsa, ona qayğı olmalıdır. Onlara verilən mükafatların hamısı heç də idmançıların təmtəraqlı həyat tərzinə sərf olunmur. Bu mükafatlar onların müalicəsi və digər problemlərini qarşılamaq üçün ayrılır. Bu gün ölkəmizdə idmana yüksək səviyyədə diqqət və qayğı var. Bizim çox güclü idman bazalarımız, Olimpiya idman komplekslərimiz var ki, gənclər bu qurğulardan yararlanırlar. Gənclərimiz xoşbəxtdirlər ki, onlara belə şərait yaradılıb. Mütləq deyil ki, idman zalına gələn uşaqlar gələcəkdə Olimpiya, dünya, Avropa çempionu olsunlar. Əsas odur ki, gənc nəsil sağlam böyüsün. Gənclərimiz cəmiyyətin aparıcı və fəal qüvvəsidir. Onların vəzifəsi Azərbaycanın inkişafı, çiçəklənməsi naminə öz-qüvvələrini sərf etsinlər. Gənclərə tövsiyəm budur ki, pis vərdişlərdən uzaq olsunlar, yaxşıya baxıb nümunə götürsünlər. Gələn il Argentinanın paytaxtı Buenos Ayresdə Yeniyetmələrin Yay Olimpiya Oyunları keçiriləcək. Komandamıza bu mötəbər yarışda uğurlar arzu edirəm. Bu gün yeniyetmə idmançı Olimpiya Oyunları kimi mötəbər bir yarışda gücünü sınayırsa, bu, artıq uğur deməkdir”.

Azər Alizadə



Bu yazı

2719 dəfə oxunub

Tarix

2017-12-06 17:39:57

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook