Altay Həsənov: “Fərid Qayıbovun Avropa Gimnastika İttifaqının prezidenti seçilməsi Azərbaycanın yüksək təşkilatçılıq qabiliyyətinə verilən qiymətdir”





Dekabrın 6-da Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Azərbaycan Gimnastika Federasiyasının (AGF) baş katibi Fərid Qayıbovun Avropa Gimnastika İttifaqının (UGI) prezidenti seçilməsi münasibətilə mətbuat konfransı keçirildi. 

"Olimpnews.az" xəbər verir ki, tədbirdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, AGF-nin vitse-prezidenti Altay Həsənov və Avropa Gimnastika İttifaqının prezidenti Fərid Qayıbov və idman ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan Çingiz Hüseynzadə başa çatmaqda olan 2017-ci ilin ölkəmiz üçün növbəti uğurlu illərdən biri olduğunu bildirdi. AGF-nin baş katibi Fərid Qayıbovun Avropa Gimnastika İttifaqının prezidenti seçilməsini ölkəmiz üçün növbəti uğur kimi dəyərləndirən MOK-un vitse-prezidenti Azərbaycanda gimnastikanın inkişafından danışdı: "Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyeva 2002-ci ildə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçildikdən sonra gimnastika ölkəmizdə sürətlə inkişaf etməyə başladı. Həmin vaxtdan etibarən Azərbaycan idmanın bu növü üzrə nüfuzlu beynəlxalq yarışlara ev sahibliyi edib və etməkdədir”.

AGF-in vitse-prezidenti Altay Həsənov qeyd etdi ki, Fərid Qayıbovun Avropa Gimnastika İttifaqının prezidenti seçilməsi Azərbaycanın yüksək təşkilatçılıq qabiliyyətinə verilən qiymətdir. Yeni vəzifəsi ilə əlaqədar olaraq Fərid Qayıbovun AGF-nin baş katibi vəzifəsində işləyə bilməyəcəyini bildirən Altay Həsənov dedi: "Bu posta iki namizədimiz var. Hələlik adlarını açıqlamayacağıq. Fərid Qayıbov AGF-da elə sistem yaradıb ki, özü bu vəzifəni tərk etsə də, iş davam edəcək. Sistemi kiminlə davam etdirməklə bağlı götür-qoy etməliyik”.

Avropa Gimnastika İttifaqının prezidenti Fərid Qayıbov onu dəstəkləyən insanlara, AGF-yə, onun rəhbərliyinə minnətdarlığını bildirdi. O, AGF-nin baş katibi vəzifəsindən getməsi ilə bağlı öz fikirlərini belə bildirdi: "2006-cı ildən AGF-in baş katibi işləyirəm. Yeni vəzifəmlə əlaqədar baş katiblikdən azad olunmağımla bağlı federasiya rəhbərliyinə müraciət etmişəm. Bu ay İcraiyyə Komitəsinin iclası keçiriləcək. Müraciətimə orada baxılacaq”.





Səadət Hakıyeva







Bu yazı

2594 dəfə oxunub

Tarix

2017-12-06 16:17:35

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook