Azərbaycançılıq - millilikdən bəşəri ideyalara doğru gedən yolun başlanğıcı


"Azərbaycançılıq ideyasının birləşdirici dəyər kimi bütün dünyada 
yaşayan azərbaycanlılar arasında yayılması, dilimizin, mədəniyyətimizin, 
mütərəqqi adət-ənənələrimizin, tariximizin yaşadılması 
və inkişaf etdirilməsi Prezident Heydər Əliyevin ideyası idi. 
Düşünürəm ki, bütün dünyada yaşayan soydaşlarımızın 
mədəni-mənəvi birliyinin mühüm şərti olaraq 
bu ideya bu gün də, gələcəkdə də bizim siyasətimizin əsasını təşkil edəcəkdir”.

İlham Əliyev

Azərbaycançılıq məfkurəsi keçmişimizdən gələn bir dəyər, azərbaycanlıların yaranışı ilə yaranan ideyadır. Bu ideya ulu yurdun azadlığı, bütövlüyü uğrunda aparılan mübarizələrdə sinəsini sipər edən mərd kişilərin, qeyrətli oğulların həmrəyliyinə, birliyinə dayaq olub. Birliyimizin səfini pozulmağa qoymayıb azərbaycançılıq.

Azərbaycan dövləti milli ideologiyamızın özəyini təşkil edən azərbaycançılıq ideyasını şaxələnmiş formada təbliğ və inkişaf etdirir. Bu ideologiya xalqın sarsılmaz birliyini, milli mentalitetimizi, dil və dinimizi, milli mənliyimizi özündə birləşdirir. Azərbaycançılıq bəşəri ideyalardan kənarda deyil, əksinə, bəşəri ideyaların ayrılmaz bir hissəsidir. Azərbaycançılıq məfkurəsini millətçiliklə eyniləşirmək olmaz. Bunlar tamamilə əks qütblərdə dayanan anlayışlardır. Millilik (azərbaycançılıq) milli özünədərkin, dil və dinin, etnik yaddaşın vəhdətindən yaranan ülvi bir hissdir. Bu hiss digər millətlərə, onların inanc və adətlərinə hörmətlə yanaşmadan qaynaqlanır. Yalnız bu halda millilik bəşəri dəyərlərin ağuşuna sığınır, ali mərtəbəyə yüksəlir. Millətçilik isə, bəşəri komponentlərdən kənarda qalmaq, şovinizm, seperatçılıq ideologiyasının yanında yer almaqdır. Öz milli "mən”indən məhrum qalanların bəşəri ideyalara qucaq açması sonu görünməyən boşluğa tərəf addımlamasıdır. Əsl azərbaycançılıq millilikdən bəşəri ideyalara doğru gedən yolun başlanğıcı, milli birlik, dünyaya öz milli "mən”inlə tanınmaq deməkdir.

Azərbaycançılığın yolu heç də hamar olmayıb
Azərbaycançılıq adlı milli ideologiyanın nə zamandan xalqımızın qanına hopduğunu öyrənmək üçün tariximizin dərinliklərinə baş vurmaq lazımdır. Milli tariximizin qərinələrinə baş vurduqca azərbaycançılıq ideyalarının kökünə varmış olarıq. Əmin olarıq ki, azərbaycançılıq ideologiyasının tarixi qısa zaman kəsiyinə sığışmır. X əsrdə Şirvanşahlar dövründə öz müstəqilliyi uğrunda yadelli qəsbkarlara qarşı mərdliklə döyüşən, vahid dövlət yaratmağı hər şeydən üstün tutan Sacilər sülaləsinin məslək birliyində özünü göstərir azərbaycançılıq. Azərbaycanın bütün torpaqlarını vahid bir dövlət bayrağı altında birləşdirən Eldəgizlər hakimiyyətində - Şərqin ən qüdrətli dövlətinin nəhəngliyində axtarılmalıdır əsl azərbaycançılıq. Unutmaq olmaz ki, Eldəgizlər dövründə Azərbaycan mədəniyyəti özünün intibah dövrünə qədəm qoyub. Xaqani, Nizami kimi bənzərsiz dühalar bəşər sivilizasiyasına məhz Eldəgizlər dövründə bəxş olunub. VI əsrdə Oğuz türk dilində yaranan "Kitabi-Dədə Qorqud” dastanı, fars dilinin aparıcı bir dil olduğu X əsrdə Bəhmənyarın doğma dilimizdə yaratdığı fəlsəfi traktatlar da azərbaycançılıq adlı ideyanın ilkin ruşeymləri sayıla bilər. Qürbətdə yaşasa da, dünya mədəniyyətinə şirin Azərbaycan türkcəsində "Leyli və Məcnun” kimi ölməz bir poema bəxş edən ölməz Füzulinin bu əsəri azərbaycançılıq ideyasını təcəssüm etdirmirmi?

Azərbaycançılıq ideyası hər zaman elmi araşdırmaların mövzusu olub. Ölkəmizin tanınmış ziyalıları, elm xadimləri bu sahəni dönə-dönə süzgəcdən keçirib, azərbaycançılıq ideyasının ayrı-ayrı dövrlərdə siyasi məngənədə sıxıldığını sübuta yetiriblər. Yəni, şüurlu vətənpərvərlik, düşünülmüş ideya olan azərbaycançılığın yolu heç də hamar olmayıb. Xalqımızın tarixi qədər qədim olan bu ideya ilə bağlı dəyərli elmi araşdırmaların müəllifi Sona Vəliyeva yazır: "Çar Rusiyası Azərbaycanı öz inzibati idarəetmə sisteminə daxil edərək, "Azərbaycan” sözünü xalqın dilindən, ümumiyyətlə, silməyə çalışırdı. Amma bu istək reallaşmadı. Çünki istənilən ideya müəyyən dövrdən sonra milli bağlılığa və xalqın yaddaşına çevrilir. Bir ölkəni bir imperiyanın əsarətində saxlamaq olar, lakin onu milli ideologiyasından ayırmaq mümkün deyil”. Bəli, bu, həqiqətən də, belədir. Hər şeydən əvvəl ona görə ki, xalq özünün ümummilli məfkurəsini bütün mövcudluğu boyu formalaşdırır. Heç bir imperiya, heç bir əsarət bu məfkürəni insanların düşüncəsindən silə bilməz. Ona görə ki, ideya, milli düşüncə xalqın ümumi sərvətidir. Professor Yaşar Qarayev isə bu məsələyə daha geniş anlamda belə münasibət bildirib: "Azərbaycançılıq milli özünüdərkin, etnik şüur intibahının fəlsəfədə, elmdə, ideyada ifadəsidir. Lakin bu ideya, bu fəlsəfə də nəzəriyyədən fəlsəfəyə, milli ideyadan milli şüura tam halda yalnız o zaman çevrilir ki, ayrı-ayrı ziyalılar yox, kütlələr əməldə, işdə ona sahiblik şüuru nümayiş etdirirlər”.

Bu ideya xalqımızı öz ətrafında bir yumruq kimi birləşdirib
Azərbaycançılıq ideyası xalqımızın ruhunun, beyninin, qəlbinin düşüncəsinin ideyasıdır. Azərbaycan xalqı bütövlükdə bu ideyaya sahiblik şüuru nümayiş etdirir. Deməli, bu ideya artıq nəzəriyyədən fəlsəfəyə, milli ideyadan milli şüura çevrilib. Deyirlər ki, xalq özünü tanımır, o zaman ki, o, öz ideyasını məfkurəsini tamamilə itirir. Qürur duyuruq ki, bu gün azərbaycançılıq ideyası xalqımızı öz ətrafında bir yumruq kimi birləşdirir. Bütün bunlar xalqımızın azərbaycançılıq ideyası kimi bir cövhəri kənardan yox, milli mədəniyyətindən, etnik yaddaşdan aldığına əyani sübutdur. Azərbaycan xalqı sahib olduğu mənəvi dəyərləri, milli irsimizi, azərbaycançılıq ideyasını yaşatmış və yaşatmaqdadır. Milli-mənəvi dəyərlərimizin müstəqillik dövründə daha geniş sferada təbliği onu deməyə əsas verir ki, Azərbaycan dövlət quruculuğu prossesi də məhz bu dəyərlər üzərində həyata keçirilir. Dövlət quruculuğumuz milli dəyərlərə söykənsə də, bu, heç də bəşəri dəyərlərin inkarı anlamına gəlmir.

"Azərbaycan onun ərazisində yaşayan bütün millət 
və xalqların ümumi vətənidir”

Azərbaycan qədim zamanlardan ən müxtəlif xalqların və mədəniyətlərin vətəni olub. Bu xalqların Azərbaycan dövlətinə sadiqliyi, tariximizə ehtiramla yanaşması bütün dünya üçün açıq olan mənəvi dəyərlərimizin mahiyyətindən qaynaqlanır. Azərbaycançılığın əzəməti bu müqəddəs yurdu öz vətəni hesab edən bütün insanların maddi və mənəvi gücündədir. Bu mənada, azərbaycançılığın ortaq dəyərlərə söykənən miqyası barədə düşünəndə qəlbimiz rahatlıq tapır. Dini etnik mənsubiyyətindən asılı olmayaraq, ölkəmizdə yaşayan bütün insanlar bu məfkurəyə ögey münasibət bəsləmir, əksinə, azərbaycançılığı birləşdirici ideya kimi dəyərləndirirlər. Eyni zamanda, azərbaycançılıq məfkurəsi respublikamızda yaşayan digər xalqların milli adət-ənənələrinə, dəyərlərinə "yad baxış” sistemi deyil. Təkcə bir faktı deyək ki, hazırda ölkəmizdə 11 kilsə, 6 sinaqoq fəaliyyət göstərir. Azərbaycan dövləti əsrlərdən bəri xalqımızla çiyin-çiyinə yaşayan xalqların (ləzgilər, talışlar, kürdlər, yəhudilər, udinlər, avarlar, tatlar və s.) mənəvi dəyərlərinin qorunmasını və yaşadılmasını hər zaman vacib məqam kimi diqqət mərkəzində saxlayıb.

"Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür. Azərbaycanın ən başlıca sərvətlərindən biri qədimlərdən bu torpaqlarda yaşayan, öz taleynini, öz həyatını bu torpağa bağlayan müxtəlif dinlərə etiqad edən adamlardır. Biz bunu qiymətləndiririk və saxlayacağıq. Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur. Çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir. Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi vətənidir. Azərbaycanlı sözü bizi həmişə birləşdirib”. Ümummilli lider Heydər Əliyevin öz çıxışlarında dəfələrlə vurğuladığı bu fikirlər Azərbaycan tolerantlığının təkzibolunmaz sübutudur.

Vətəndaşları öz ətrafında birləşdirən amal
Birmənalı şəkildə qeyd edilməlidir ki, dünya azərbaycanlılarını öz ətrafında birləşdirən azərbaycançılıq məfkurəsinin müstəqil Azərbaycan dövlətinin ideya əsasına çevrilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Xalqımızın böyük oğlu, Azərbaycan siyasi sisteminin yaradıcısı Heydər Əliyevin xalqımızın dövlətçilik tarixində rolu danılmazdır. Tarixi faktlar sübut edir ki, ulu öndərin dövlətçilik, azərbaycançılıqla bağlı fəaliyyəti mübahisə mövzusu deyil və ola da bilməz. Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin yaranmasında, milli özünüdərk prosesinin inkişafında, milli-mənəvi dəyərlərimizin xalqımızın düşüncəsində oyanışında atdığı düşünülmüş addımlar heç kimin inkar edə bilməyəcəyi bir məsələdir. Heydər Əliyevin milli ideologiyamızın inkişafındakı rolundan danışarkən diqqət yetiriləsi bir məqam dahi şəxsiyyətin dilimizə münasibətdə həyata keçirdiyi işlərdir. Hələ 1978-ci ildə sovet sisteminin tüğyan etdiyi bir dövrdə Heydər Əliyevin əzmkarlığı sayəsində Azərbaycan dili Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili kimi qəbul olundu. Xalqın əvəzsiz oğlunun əvəzsiz xidməti Azərbaycan Konstitusiyasında öz əksini tapdı. Yəqin ki, çoxları Heydər Əliyevin Naxçıvanda çayxanaların birində çay içdiyi məqamı xatırlayır. Həmin vaxt dahi şəxsiyyətin qarşısına qoyulan çay "kəkotu çayı” adı ilə təqdim olundu. Lakin hamımız üçün adi görünən, fərqinə varmadığımız bu məsələyə ulu öndər tamamilə fərqli prizmadan yanaşaraq özünəməxsus şəkildə, təmkinlə dedi: "Bu çayın əsl adı kəklikotu çayıdır. Kəkotu adını buna ruslar veriblər. Çalışın, dilimizdə olan sözləri düzgün şəkildə ifadə edin”. Bu, Heydər Əliyev dühasının zənginliyinin, ümumilli liderin dilimizin saflığının qorunmasına münasibətinin bariz nümunəsidir. Ulu öndərin azərbaycançılıq məfkurəsinin formalaşmasında əvəzsiz xidmətləri barədə kifayət qədər araşdırmalar aparılıb, bu mövzunu əhatə edən elmi əsərlər yazılıb. Mənim diqqətimi millət vəkili, "Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Hikmət Babaoğlunun "Heydər Əliyev azərbaycançılığı haradan və necə başladı” məqaləsindəki bir məqam cəlb etdi. Müəllif yazır: "Heydər Əliyev "ideya, ideologiya və təbliğat” universal üçlük formulasından çox məharətlə istifadə etməyi bacarırdı. O, ideyanı verir, onu ideologiyaya çevirir və həmin ideologiyanın kütlə tərəfindən mənimsənilməsini təmin edirdi. Əslində, bir xalqın vahid ideologiya ətrafında təşkilatlanması üçün illər keçir. Yəni, hər hansı bir ideologiyanın mənimsənilməsi, öyrənilməsi və xalqın həmin ideologiyanın daşıyıcısına çevrilməsi prosesi uzun illər, bəlkə də, qərinələr, yüzillər aparır. Amma ulu öndər özünəməxsus xüsusi çevik üsul və metodlarla bu prossesi elə etdi ki, qısa müddətdə azərbaycançılıq ideologiyası Azərbaycanın başlıca milli-siyasi ideologiyasına çevrildi”.

Hazırda dünyanın müxtəlif ölkələrində 50 milyon soydaşımız yaşayır. Doğma vətəndən uzaq olsalar da, bu insanlar öz dillərini, dini etiqadlarını göz bəbəyi kimi qoruyur, adət-ənənələrimizi unutmurlar. Müdrik bir xalqın, müqəddəs bir vətənin övladlarını qırılmaz tellərlə bağlayan ideyanın bir adı var: azərbaycançılıq.

Rahib Səmədov

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin 
İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün






Bu yazı

14680 dəfə oxunub

Tarix

2017-12-08 12:12:24

Yazını

Çap et

Yazını

Paylaş