Gimnastlar Azərbaycan çempionatı və Bakı birinciliyində yarışıblar




Azərbaycan Gimnastika Federasiyası ilin sonunda yerli yarışlar mövsümünü uğurla davam etdirir. Belə ki, dekabr ayının əvvəlində gimnastika üzrə 4 növdə yarış keçirilib.

"Olimpnews.az" xəbər verir ki, dekabrın 6-7-də Milli Gimnastika Arenasının köməkçi zalında akrobatika gimnastikası üzrə Bakı çempionatı və birinciliyi, aerobika gimnastikası üzrə Azərbaycan və Bakı birinciliyi və tamblinq üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı təşkil olunub. Yarışların ilk günündə balacalar, uşaqlar, yeniyetmələr və böyüklər yaş kateqoriyasına aid olan akrobatlar və aerobika gimnastları 3 müxtəlif yaş qruplunda qüvvələrini sınayıblar. Tamblinq cığırında isə balacalar və yeniyetmələr yaş kateqoriyasına aid gimnastlar öz aralarında ən yaxşıları müəyyənləşdiriblər. Yarışda Nizami rayonu idman məktəbi, Bakı Gimnastika Məktəbi, "Ocaq Sport” və Neftçi İdman Klublarının idmançıları iştirak ediblər.

Dekabrın 8-10 isə Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Azərbaycan birinciliyi və bölgələrarası kubok, batut gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı keçirilib. Gimnastlar Bakı Gimnastika Məktəbini, Respublika Kompleks İdman Məktəbini, "Ocaq Sport” və "Start” klublarını, həmçinin Su İdman Sarayını təmsil ediblər. Artıq dördüncü dəfədir təşkil olunan bölgələrarası kubok yarışında isə İsmayıllı, Göyçay, Gəncə, Qusar, Şirvan, Şağan, Kürdəmir, Naxçıvan, Mingəçevir, Xırdalan və Sumqayıt təmsilçiləri çıxış ediblər.

Yarışların birinci günündə balacalar, uşaqlar, yeniyetmələr, gənclər və böyüklər yaş kateqoriyalarına daxil olan bədii və batut gimnastları medallar uğrunda mübarizə aparıblar. Yarışların ikinci günündə 2005-2006-cı il təvəllüdlü bədii gimnastlardan ibarət komandalar lentlə qrup hərəkətlərində çıxış ediblər. Bölgələrarası kubok yarışlarında 2007-2009-cu il doğumlu balacalar alətsiz və halqa, 2005-2006-cı il təvəllüdlü yeniyetmələr isə top, gürzlər və lentlə hərəkətlərdə yarışıblar. 2002-2004-cü il təvəllüdlü gənclər isə qrup halında halqa, top, gürzlər və lentlərlə hərəkətlərdə qüvvələrini nümayiş etdiriblər. Beləliklə, bədii gimnastlar balacalar, yeniyetmələr və gənclər kateqoriyalarında güclərini sınayıblar. Qrup hərəkətləri komandaları isə yalnız yeniyetmələr və balacalar yaş kateqoriyalarında medallar uğrunda mübarizə aparıblar.

Batutçular isə balacalar, uşaqlar, yeniyetmələr, gənclər və böyüklər yaş kateqoriyalarında fərdi proqramda mübarizə aparıblar. Batutçuların yarışında yerli idmançılarla yanaşı, Gürcüstan təmsilçiləri də yarışıblar. Turnirin ən maraqlı məqamı isə son günə təsadüf edib. Belə ki, dekabrın 10-da "Qızıl yaş” adlandırılmış şou xarakterli yarış keçirilib. Bu yarışda bir neçə il əvvəl gimnast karyerasına son qoyaraq məşqçi-müəllim kimi çalışan gimnastlar iştirak ediblər.





Bu yazı

4804 dəfə oxunub

Tarix

2017-12-12 10:41:20

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook