Uşaq və gənclərin sağlamlığı parlaq gələcəyin təminatıdır


Cəmiyyət hər zaman təhsildə savadlı, həyatda sağlam,
idmanda güclü gənclərə ehtiyac duyur

Yola salacağımız 2017-ci il ölkəmizin sosial, mədəni və idman həyatında bir sıra nailiyyətlərlə yadda qaldı. Ötən illərdə olduğu kimi, bu il də Azərbaycanın idman həyatı üçün uğurlu təqvimlərdən biri oldu. Bu il ərzində ölkəmizdə bir sıra mühüm idman tədbirləri keçirildi. İstər ölkə, istərsə də beynəlxalq miqyaslı yarışlarda azərbaycanlı idmançılar müxtəlif nailiyyətlər əldə etdilər. Təbii ki, uğur və nailiyyətlərin əldə edilməsində ölkədə fəaliyyət göstərən idman qurumlarının və təşkilatlarının böyük payı vardır. Belə təşkilatlardan biri də "Təhsil” Respublika İdman Mərkəzidir (RİM). Yarandığı 1997-ci ildən etibarən ölkənin idman həyatına öz töhfəsini verən mərkəzin təmsilçiləri ölkəmizi beynəlxalq səviyyəli yarışlarda şərəflə təmsil ediblər.

Azərbaycan Respublikası Təhsil Nazirliyi müvafiq struktur bölmələri ilə birlikdə təhsil sistemində aparılan məktəbdənkənar kütləvi idman və sağlamlıq işlərinə rəhbərliyi uğurla həyata keçirir. Nazirliyin sistemində fəaliyyət göstərən idman və şahmat məktəbləri, bütün tip təhsil müəssisələrinin idman klubları, idman təşkilatları burada məşğul olan uşaq və gənclərin sağlamlığının qeydinə qalır. Proqrama uyğun olaraq, dərsdənkənar vaxtlarda kütləvi bədən tərbiyəsi və idman tədbirlərinin səviyyəsinin artırılması, təhsil alanların sağlamlığının qorunması və möhkəmləndirilməsi üzrə ümumtəhsil, ilk peşə-ixtisas, orta ixtisas və ali təhsil müəssisələrində təşkilati-metodiki fəaliyyətin ayrılmaz hissəsidir. Təhsil alan uşaq və gənclərin sağlamlığının qorunması və möhkəmləndirilməsi, idman ustalıqlarının yüksəldilməsi, onlarda fiziki təkmilləşmə tələbatının, sağlam həyat tərzinin və vətənpərvərlik ruhunun formalaşdırılması istiqamətində aparılan iş "Təhsil” RİM-in də əsas işidir, desək yanılmarıq.




Məktəblilər arasında təşkil olunan layihələr 
idmanın inkişafına xidmət edir

"Təhsil” Respublika İdman Mərkəzi bu il ölkəmizdə keçirilən IV İslam Həmrəyliyi Oyunlarının təbliği istiqamətində fəallığı ilə seçilən idman təşkilatlarındandır. Mərkəz bu mühüm hadisə ilə bağlı bir sıra tədbirlərin təşkil olunmasına nail olub. İslamiadanın proqramına daxil edilən idman növlərinin məktəblilər arasında təbliğinə həsr olunmuş kütləvi idman tədbirlərini buna misal göstərmək olar. Azərbaycan Respublikası Təhsil Nazirinin 16 mart 2017-cı il tarixli 154 saylı əmrinə əsasən, Təhsil Nazirliyinin dəstəyi və "Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə 30 mart-26 aprel tarixlərində 11 idman növü üzrə (atletika, akrobatika gimnastikası, bədii gimnastika, basketbol, boks, cüdo, karate, sərbəst güləş, stolüstü tennis, taekvondo və yunan-Roma güləşi) yarışlar keçirilib. Kütləvi idman tədbirləri 6 zona olmaqla, ümumilikdə 76 rayon və şəhəri əhatə edib. Zonalar üzrə keçirilən yarışlarda kütləvi idman tədbirlərinin proqramına daxil olan idman növləri üzrə rayon və şəhərlərin yığma komandaları öz qüvvəsini sınayıb. Kütləvi idman tədbirlərində, ümumilikdə, idman növləri üzrə 50 yarışda 6619 məktəbli, 616 fiziki tərbiyə müəllimi iştirak edib. İdman növləri üzrə yarışların idarə ediməsinə 100-ə yaxın hakim cəlb edilib. Oyunların təşkili və keçirilməsində "Təhsil” RİM və 30 idman məktəbinin əməkdaşları iştirak ediblər. Yarışların qalibləri diplom və medallarla təltif olunublar. Yarışlar, əsasən, Olimpiya idman komplekslərinin, idman mərkəzlərinin zal və meydançalarında keçirilib. Burada məqsəd IV İslam Həmrəyliyi Oyunlarının təbliği ilə yanaşı, məktəblilərdə proqrama daxil edilən idman növlərinə marağı artırmaq, onların asudə vaxtlarının səmərəli təşkil edilməsi və fiziki sağlamlıqlarının qorunmasına xidmət etmək olub. Bu, miqyası, iştirakçı sayı və idman növlərinin müxtəlifliyinə görə mərkəzin cari ildə həyata keçirdiyi ən böyük və uğurlu layihələrdən biridir. Məktəblilərin idman və bədən tərbiyəsinə cəlb olunması istiqamətində mühüm işlər görən "Təhsil” RİM bir sıra digər layihələrdə də fəallıq nümayiş etdirir. Məqsəd məktəblilər arasında fiziki tərbiyə fənninə marağı daha da artırmaq, məktəblərdə sağlam və fəal həyat tərzini təşviq etmək, Olimpiya idman irsini davam etdirməkdir.

"Olimpiya Hərəkatı - 2017”: 406 məktəbdən 90 minə yaxın məktəbli

Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, "Coca-Cola” şirkətinin birgə təşkilatçılığı ilə 2016-2017-ci tədris ilində həyata keçirilən "Olimpiya Hərəkatı” layihəsi çərçivəsində məktəblilərin respublika birinciliyi "Təhsil” Respublika İdman Mərkəzinin birbaşa təşkilatçılığı ilə keçirilib. "Olimpiya Hərəkatı - 2017” layihəsi çərçivəsində təşkil olunan məktəblilərin respublika birinciliyinin proqramında voleybol, basketbol, badminton, atletika və velosiped idman növləri yer alıb. Yarışlara Bakı, Gəncə, Sumqayıt şəhərləri və Göygöl rayonu da daxil olmaqla, 406 məktəbdən 90 minə yaxın məktəbli qoşulub.

Təşkilatçı qurumların rəhbər şəxsləri, millət vəkilləri, Olimpiya çempionları, idman növləri üzrə federasiyaların rəhbərləri və digər rəsmi qonaqların iştirak etdiyi bağlanış mərasimdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman naziri Azad Rəhimov, "Azərbaycan Coca-Cola” şirkətinin baş direktoru Erdinc Güzel çıxış edərək qalib məktəbliləri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb, layihəyə növbəti tədris ilindən daha çox məktəblinin qatılacağına ümid etdiklərini bildiriblər. Təhsil nazirinin müavini Firudin Qurbanov bu layihənin şagirdlərin sağlam həyat tərzi seçmələrinə, idmana olan maraqlarının daha da artmasına müsbət təsirindən, məktəblilər arasında dostluq, birlik, əzmkarlıq kimi keyfiyyətlərin aşılanmasındakı əhəmiyyətindən danışıb. Qalib komandalara kubok, diplom, medal, həvəsləndirici mükafatlar təqdim olunub. "Təhsil” Respublika İdman Mərkəzi Olimpiya Hərəkatı lahiyəsinin təşkili və keçirilməsində xüsusi fəallıq göstərdiyinə görə Azərbaycan Milli Olimpiya Komitəsi tərəfindən xüsusi diplomla təltif edilib.

Ali təhsil ocaqlarında idmana xüsusi diqqət yetirilir

"Təhsil” Respublika İdman Mərkəzi yalnız orta məktəb şagirdləri arasında idman tədbirlərinin təşkili ilə kifayətlənmir. Ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən müxtəlif yarışlar da kütləvi tədbirlər arasında yer alır. Belə ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi, Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları İctimai Birliyinin dəstəyi, "Təhsil” RİM və "Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının birbaşa təşkilatçılığı ilə ali təhsil müəssisələrinin tələbələri arasında universiada keçirilir. Bu il martın 1-dən martın 28-dək təşkil olunan XIII Respublika Universiadasının proqramına 11 idman növü (dama, cüdo, sərbəst güləş, yunan-Roma güləşi, şahmat, voleybol (oğlanlar, qızlar), stolüstü tennis (oğlanlar, qızlar), basketbol, badminton (oğlanlar, qızlar), veloidman və atletika) daxil edilib. Bu yarışlarda 24 ali təhsil müəssisəsindən ümumilikdə 1200 nəfərə qədər tələbə qüvvəsini sınayıb. Bundan başqa, bu il ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri arasında futbol üzrə respublika çempionatı təşkil olunub. Çempionatın keçirilməsində əsas məqsəd ölkənin ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri arasında futbolun kütləviliyinin təmin edilməsi, beynəlxalq yarışlarda iştirak etmək üçün respublikanın tələbələrdən ibarət yığma komandasına namizədlərin müəyyənləşdirilməsi olub. Ölkənin yeniyetmələrdən, gənclərdən ibarət yığma komandalarına perspektivli tələbə futbolçuların seçilməsi, tələbələr arasında ən güclü futbol komandasının müəyyənləşdirilməsi burada çox mühüm əhəmiyyət kəsb edir. Qalib adı uğrunda mübarizə aparan 29 komandadan 20-si paytaxtı, 9-u isə regionları təmsil edib.

Komandalar birinci mərhələdə püşkatma yolu ilə 6 yarımqrupa bölünərək, dairəvi sistem üzrə mübarizə aparıblar. Yarımqruplardan 4-ü Bakı şəhərini, 2-si isə regionları əhatə edib. İkinci mərhələyə (pley-off) vəsiqə qazanan 16 komanda 1/8, 1/4, yarımfinal və final mərhələlərində mübarizəni davam etdiriblər. Bakı şəhəri üzrə oyunlar Binə stadionunda, Milli Olimpiya Komandalarının Təlim-Məşq Bazasının, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akdemiyasının, Milli Aviasiya Akademiyasının stadionlarında, regionlar üzrə isə Şirvan Olimpiya İdman Kompleksinin və Göygöl Olimpiya İdman Kompleksinin stadionlarında keçirilib. Qaliblərin mükafatlandırılması mərasimində Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin prezidenti, təhsil nazirinin müavini, AFFA-nın İcraiyyə Komitəsinin üzvü Firudin Qurbanov, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının I vitse-prezidenti, millət vəkili Rauf Əliyev, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibi Elxan Məmmədov, millət vəkili Fazil Qəzənfəroğlu, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov iştirak ediblər. Üç ay davam edən çempionatda 72 oyun keçirilib və bu oyunlarda 700-dən çox tələbə futbolçu iştirak edib.

Şahmatın tədrisi uğurlu addımdır

İnsanlar tərəfindən icad olunan oyunların içərisində elə bir oyun var ki, həm idmana, həm elmə, həm də incəsənətə yaxındır. O, yaddaşı gücləndirir, diqqəti və səbri artırır, çətin vəziyyətlərdən çıxış yolu tapmaq və ani qərar qəbul etmək vərdişləri formalaşdırır. Yəqin ki, söhbətin şahmatdan getdiyi heç kimə sirr deyil.

Bu idman növü bütün dünyada olduğu kimi, Azərbaycanda da çox populyardır. Demək olar ki, il ərzində həm ölkəmizdə, həm də dünyada 100-dən artıq yarış və turnirlər keçirilir. Ölkəmizdə keçirilən şahmat yarışlarının əksəriyyətində "Təhsil” Respublika İdman Mərkəzi təşkilatçılığı ilə fərqlənir. Mərkəzdə şahmatın inkişafına və yeni şahmatçıların yetişməsinə xüsusi diqqət yetirilir.

Statistikaya nəzər salsaq görərik ki, hazırda respublikamızın təhsil sistemində fəaliyyət göstərən uşaq-gənclər idman şahmat məktəblərində on minlərlə məktəbli bu növlə məşğul olur. Şahmat məktəbləri Təhsil Nazirliyi tərəfindən mebel, elektron şahmat saatları və şahmat fiqurları, nümayiş lövhələri, televizor, kompüter və digər zəruri vəsaitlərlə təmin olunur. Təsadüfi deyil ki, ölkə üzrə 24 nəfər beynəlxalq qrossmeysterdən 15-i, 27 nəfər beynəlxalq dərəcəli idman ustasından 10-u, beynəlxalq reytinqə malik və dünya reytinq cədvəlinə daxil olan 100 azərbaycanlı şahmatçıdan 79-u bilavasitə şahmat məktəblərinin yetirmələridir. Hər il ayrı-ayrı yaş qrupları üzrə keçirilən respublika birinciliklərində mükafatalayiq yerlərin, Avropa və dünya miqyaslı yarışlara vəsiqələrin 80 faizdən çoxunu məhz şahmat məktəblərinin yetirmələri qazanırlar.

Məlumat üçün bildirək ki, ötən il (1-14 sentyabr) Bakı şəhərində 42-ci Ümumdünya Şahmat Olimpiadası keçirilib. Bu yarışda, ümumilikdə, 165 dövlət və 170 komanda mübarizə aparıb. Yarışda Azərbaycanı üç kişi və üç qadın komandası təmsil edib. Bu komandaların tərkibində mübarizə aparan şahmatçıların 23 nəfəri şahmat idman məktəblərinin yetirmələri olub. Reytinq katqoriyalarına görə komandalar 5 qrupa bölünüb. C qrupunda Azərbaycanı təmsil edən üçüncü komanda 34 dövlət arasında 24 xalla I yeri tutub. Komandanın tərkibi demək olar ki, Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən şahmat məktəblərinin yetirmələrindən ibarət idi. Bununla yanaşı, ümumtəhsil məktəb şagirdləri arasında şahmatın geniş təbliğ edilməsi, mədəni səviyyənin yüksəlməsində mühüm rol oynayan bu idman növünə onların meyl və marağının gücləndirilməsi məqsədilə Beynəlxalq Şahmat Federasiyası, Azərbaycan Şahmat Federasiyası və Təhsil Nazirliyi arasında imzalanmış birgə memoranduma əsasən, şahmat ümumtəhsil məktəblərində tədris fənləri sırasına daxil edilib. Təbii ki, bu, bir faktdır ki, şahmat zehni fəaliyyəti, yaddaş və intellekti inkişaf etdirir, şagirdlərdə qətiyyətlilik, mübarizlik, soyuqqanlılıq, sağlam rəqabət kimi mənəvi keyfiyyətləri formalaşdırır, eləcə də, sağlam həyat tərzinin təmin olunmasına zəmin yaradır. Həm də şahmat artıq xeyli vaxtdır ki, dünyanın bir çox ölkələrində tədris olunur.

Pilot layihə olaraq hər rayon və şəhərdən seçilmiş bir ümumtəhsil məktəbinin 2-ci siniflərində şahmat dərslərinin tədrisinə başlanılıb. Hazırda 500-ə yaxın ümumtəhsil məktəbinin 2-ci, 3-cü və 4-cü siniflərində "Şahmat” fənni tədris olunur. Keyfiyyətli tədrisin aparılması üçün ümumtəhsil məktəbləri və şahmat məktəbləri "Şahmat-2”, "Şahmat-3” elektron dərs vəsaitləri, 2-ci, 3-cü və 4-cü siniflər üçün "Şahmat” dərsliyi ilə təmin olunub. Bundan başqa, pilot ümumtəhsil məktəblərində "Şahmat” fənnini tədris edən müəllimlər üçün kurslar təşkil edilib.

"Təhsil” RİM-in təşkilatçılığı ilə hər il Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ildönümünə həsr olunmuş bir sıra tədbirlər, o cümlədən ənənəvi olaraq məktəblilər arasında respublika şahmat yarışı keçirilir. Bu il şahmatın tədris olunduğu ümumtəhsil müəssisələrinin şagirdləri ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş şahmat festivalında həvəslə yarışıblar. Şagirdlər şəxsi-komanda xarakteri daşıyan yarışlarda İsveçrə sistemi üzrə oynayıblar. Bir komandanın heyətində 7-10 yaşlı 3 oğlan və 3 qız olmaqla 6 nəfər şagird olub. Festivalın I mərhələsi respublika üzrə "Şahmat” fənni tədris olunan 500 yüzə yaxın pilot məktəbdən 3000 nəfərdən çox şagirdin iştirakı ilə keçirilib, rayon (şəhər) üzrə qalib komandalar finalda iştirak etmək hüququ qazanıb. Final yarışlarında, ümumilikdə, 400-ə yaxın şagird iştirak edib.

"Təhsil” Respublika İdman Mərkəzi həm də hər il 6 yaş qrupu (7-17 yaşlar arası) olmaqla şahmat üzrə respublika çempionatını təşkil edir. Çempionat məktəbdaxili, zona və final yarışları olmaqla üç mərhələdə keçirilir. Yarışlarda adətən 70 idman-şahmat məktəbindən 2000-ə yaxın şahmatçı mübarizə aparır. Məktəbdaxili mərhələnin qalibləri zona yarışlarına vəsiqə qazanır və hər zona üzrə ilk iki yeri tutan şahmatçılar final mərhələsində oynamaq hüququ əldə edir. Müvafiq yaş qrupları üzrə respublika çempionatının final mərhələsində birinci yeri tutan şahmatçılar dünya, ikinci yeri tutan komandalar isə Avropa çempionatında iştirak etmək hüququ qazanırlar. Çempionatın keçirilməsində əsas məqsəd məktəblilər arasında keçirilən dünya və Avropa çempionatlarında iştirak edəcək şahmatçıları müəyyən etmək, şahmatçıların ustalıq səviyyələrinin artırılmasını təmin etməkdən ibarətdir. Bu yarışlarda iştirak edən şahmatçılar üçün daha bir sınaq bu ilin iyun ayına təsadüf edir. Ayın 10-dan 20-dək Monteneqronun Budva şəhərində keçirilən şahmat üzrə məktəblilərin Avropa çempionatında "Təhsil” Respublika İdman Mərkəzinin komandası çempionatda tam heyətlə çıxış edərək, 3 gümüş və 3 bürünc olmaqla ümumilikdə 6 medal qazanıb. Xatırladaq ki, çempionatda ümumilikdə 22 ölkədən 400-ə yaxın şahmatçı iştirak edib.

Bu yarışlardan əvvəl isə "Təhsil” Respublika İdman Mərkəzinin komandası (21 aprel-1 may) Rumıniyanın Yasi şəhərində dünya çempionatında qüvvələrini sınayıb. Mərkəzin komandası çempionatda tam heyətlə uğurlu çıxış edərək, 3 gümüş və 1 bürünc medala sahib olub.

İllər ötdükcə qazanılan medalların sayı da artır

"Təhsil” Respublika İdman Mərkəzini təmsil edən idmançıların son üç ildə əldə etdiyi nailiyyətlərə nəzər salsaq görərik ki, qurum öz fəaliyyəti üzrə ona bəslənilən etimadı layiqincə doğruldur. Bunu "Təhsil” RİM-in "Olimpiya dünyası” qəzetinə təqdim etdiyi hesabatdan da görmək mümkündür. Mərkəzin idmançıları 2014-2017-ci illər ərzində müxtəlif idman növləri üzrə respublka və beynəlxalq yarışlarda uğurla çıxış ediblər. Belə ki, 2014-cü ildə ümumilikdə 1994 medal qazanılıb ki, bunlardan 1604-ü (479 qızıl, 505 gümüş, 620 bürünc) respublika yarışlarında, 390-ı (116 qızıl, 118 gümüş, 156 bürünc) beynəlxalq yarışlarda əldə olunub. 2015-ci ildə qazanılan medalların sayı 2850-ə çatıb. Bunlardan 2286-sı (683 qızıl, 702 gümüş, 901 bürünc) respublika yarışlarında, 564-ü (184 qızıl, 167 gümüş, 213 bürünc) beynəlxalq yarışlarda qazanılıb. 2016-cı ildə qazanılan 2732 medal da "Təhsil” RİM-in səmərəli fəaliyyətindən xəbər verir. Həmin medallardan 2117-si (684 qızıl, 633 gümüş, 800 bürünc) respublika, 615 medal (206 qızıl, 197 gümüş, 212 bürünc) isə beynəlxalq yarışların payına düşür. Bu ilin altı ayı ərzində isə, ümumilikdə, 855 medal qazanılıb ki, bunlardan 724 medal (245 qızıl, 189 gümüş, 290 bürünc) respublika yarışlarında, 131 medal (60 qızıl, 23 gümüş, 48 bürünc) beynəlxalq yarışlarda əldə olunub.

Yuxarıda deyilənlərdən belə nəticəyə gəlirik ki, "Təhsil” Respublika İdman Mərkəzi işini günün tələbləri səviyyəsində qurmağı bacaran idman qurumlarından biri kimi ölkədə idman və Olimpiya Hərəkatının inkişafına öz töhfəsini verir və gələcək nəslin savadlı, fiziki cəhətdən sağlam olması üçün səmərəli fəaliyyət göstərir.

P.S. "Təhsil” Respublika İdman Mərkəzi "olimpnews.az” saytının 2016-cı ildə idman federasiyaları, klublar, idman cəmiyyətləri arasında müxtəlif nominasiyalar üzrə keçirdiyi sorğuya əsasən, 2016-cı ilin idman yarışlarının təşkili nominasiyasının qalibi olub.

Anar Əhmədov



Bu yazı

15034 dəfə oxunub

Tarix

2017-12-12 18:02:47

Yazını

Çap et

Yazını

Paylaş