Elvin Mürsəliyev: “Bütün qələbələrimi anama həsr edirəm”





Allah insanı faili-muxtar yaradıb və ona yaşamaq haqqı verib. Bu həyatı necə yaşamaq seçimi isə onun öz əlindədir. Təbii ki, bu məsələdə insanın ailəsi, aldığı tərbiyə, əqidəsi, xarakteri, hansı sahənin dalınca getməsi önəmli şərtlərdəndir. Müsahimiz Elvin Mürsəliyev həyatda düzgün seçim etməyi bacaran insanlardandır. Yunan-Roma güləşi üzrə Azərbaycan yığma komandasının üzvü, I Avropa Oyunlarının və IV İslam Həmrəyliyi Oyunlarının qalibi olan qonağımız "Olimpiya dünyası” qəzetinə və "olimpnews.az" saytına idmançı olmağın onun həyatında rolundan, arzularından danışdı.

-İdman sənin üçün nədir?

-İdmanda olduğum üçün çox xoşbəxtəm, başqa sözlə, idmançı olmaqdan qürur duyuram. İdman sərhədləri aşaraq bizləri dünyada tanıtdırır. Biz məhz idmanın sayəsində Azərbaycanda və onun hüdudlarından kənarda tanınırıq. Biz həm də ölkəmizi dünyada tanıtdırırıq. Bir sözlə, idmanın mənim həyatımda rolu əvəzedilməzdir.

-Necə oldu ki, idmana gəldin?

- 1988-ci il avqustun 17-də Bakının Yasamal rayonunda anadan olmuşam. Ailədə üç uşaq olmuşuq- 2 qardaş, 1 bacı. Evdə hamıdan dəcəl mən olmuşam. Əksər idmançılarda olduğu kimi, mənim də idmana gəlməyimdə dəcəlliyim böyük rol oynayıb. Evdə əlimdən bezmişdilər (gülür). Bir gün əmim oğlu məni üzgüçülüklə məşğul olduğu Mərkəzi Ordu İdman Klubuna (MOİK) apardı. Onda 12 yaşım var idi. Həmin vaxtlar burada böyüklərdən ibarət yığmanın təlim-məşq toplanışları keçirilirdi.
Əvvəlcə cüdoya yazıldım. Turnikdə məşq zamanı biləyim zədələndiyindən idmana bir müddət ara verdim. Sonra güləşlə məşğul olmağa qərar verdim. Məşqçi Elşən Eyvazovun rəhbərliyi altında çalışırdım.

-Səni yığmaya necənci ildə qəbul etdilər?

- Hardasa 3 il məşğul olduqdan sonra 2003-cü ildə məni yığmaya götürdülər. Böyüklərdən ibarət yığma komandada Elçin Çəfərovun rəhbərliyi altında məşqlərə davam etdim.

"Hər birimiz Fərid Mansurova bənzəmək istəyirdik”

- Sənə böyük idmana gəlməyin üçün stimul verən nə oldu?

- Fərid Mansurov 2004-cü ildə keçirilən Afina Yay Olimpiya Oyunlarında yunan-Roma güləşində çempion oldu. Bu, yığmanın hər bir üzvünə gələcək karyeramızda uğurlar əldə etmək üçün stimul verdi. Hər birimiz gözümüzdə qəhrəman təsiri bağışlayan Olimpiya çempionu, Fərid Mansurova bənzəmək istəyirdik.

- I Avropa Oyunlarının və İslam Həmrəyliyi Oyunlarının qalibisən. Yarışlara yaxşı hazırlaşmışdın, yoxsa, rəqibin zəif idi?

- 2015-ci ildə ölkəmizdə keçirilən I Avropa Oyunlarına çox ciddi hazırlaşmışdım. İstəmirdim ki, doğma divarlar arasında keçirilən yarışlarda məğlub olum. Həm də çox əziyyət çəkmişdim, məğlub olsam, özümə bağışlamazdım. Çox şükür ki, I Avropa Oyunlarının çempionu oldum. Bunu özüm üçün böyük uğur bilirəm. Azərbaycanın ev sahibliyi etdiyi IV İslam Həmrəyliyi Oyunları da mənim üçün uğurlu oldu.




- I Avropa Oyunlarında fəxri kürsüdə qızıl medalı sənə ölkə rəhbəri İlham Əliyev təqdim etdi. Hansı hissləri keçirirdin?

- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demək olar ki, güləşdə bütün final yarışlarını izləyirdi. Final görüşündən əvvəl məşqçilər heyətindən mənə dedilər ki, cənab Prezident sənin görüşünü izləyəcək. Bu, məni çox həyəcanlandırdı və məsuliyyətimi birə-beş artırdı. Mənə bu barədə deməsəydilər, bəlkə də, bu qədər həyəcanlanmazdım. Final görüşü idmançının taleyini həll edir. Bu zaman eyni anda səhvlərini, zədəni, görüşün necə başlayıb necə qurtaracağını götür-qoy edirsən. Qalib olduqdan sonra elə bil dünyanı sənə verirlər. Ölkə rəhbərinin fəxri kürsüdə qızıl medalı boynuma taxmasını həyatımın ən gözəl anı hiss edirəm.

"Anam çox əziyyətimi çəkib”

- Müsahibələrində qələbəni anana həsr etdiyini demişdin...

- Anam çox əziyyətimi çəkib. Bütün analar kimi hər zaman başımın üstündə olub, dayaq olub, kömək göstərib. Atamı tez itirmişik. Ölümündən əvvəl də bir müddət ailədən kənarda yaşayıb. Bunun üçün ailənin yükü anamın çiyinlərində olub. Anam həmişə yarışlarda mənə mənəvi dəstək olub. Bütün qələbələrimi anama həsr edirəm.



- Ən böyük arzun nədir?

- Olimpiya çempionu olmaq hər bir idmançının arzusudur. Mənim də məqsədim, arzularım var. Dünya, Avropa çempionatlarının, Qızıl Qran-pri turnirinin qalib və mükafatçısı olmuşam. Medal kolleksiyamda yalnız Olimpiya Oyunlarının medalı yoxdur. Tokio-2020 Yay Olimpiadasında bunun üçün çalışacağam. Allahın köməyi ilə, bu arzuma da çataram.

- Elvin, sən ibadət edən idmançılardansan...

- Bizim evdə həmişə Allaha, onun Quranına hörmət, məhəbbət olub. Anamgil seyid nəslindəndir. Gözümü açandan anamı, atamı namaz qılan görmüşəm. Şeytan adamı yoldan azdırır. Allah bizi düz yola, şərəfli, namuslu yola aparır. Vətəni, valideynləri sevməyi, zəhmətkeş olmağı öyrədir.

- Yaşına görə çox təmkinlisən. Bunun səbəbi nədədir?

- Yəqin ki, xasiyyətimdəndir. Sonra çəkdiyim əzab-əziyyət, atasız qayğılı günlərim məni vaxtından əvvəl böyüdüb. Bir də ki, dostlarım, ətrafımdakı insanlar həmişə yaşca məndən böyük olublar. Fərid Mansurov, İlqar Abdulov, Rövşən Bayramov kimi insanlardan nümunə götürməyə çalışmışam, necə deyərlər, onların "tökdüklərini” yığışdırmışam.

- Ən güclü rəqibin kimdir?

- Əsas rəqibim ikiqat Olimpiya çempionu, rusiyalı güləşçi Roman Vlasovdur. Onunla indiyədək 3 dəfə görüşmüşəm. İki görüşdə məğlub olmuşam, birində isə qalib gəlmişəm. Sonuncu dəfə rusiyalı idmançı ilə Fransanın Paris şəhərində keçirilən dünya çempionatında qarşılaşmışıq. İlk görüşdə ona qalib gəldim. Həlledici görüşdə Belarus idmançısına məğlub olduğum üçün bürünc medal qazandım. Hakimlərin qeyri-obyektivliyi mənə pis təsir etdi.



- Yeri gəlmişkən, hakim ədalətsizliyi ilə çox qarşılaşmısan?

- Son 4-5 ildə belə hallarla daha çox rastlaşıram, xüsusilə, I Avropa Oyunlarının qalibi olduqdan sonra. Etiraz edəndə sənə görə komandanı yarışdan kənarlaşdıra bilərlər. Gərək prinsipə getməyəsən. Amma sonra çalışırsan ki, gələn yarışda mübahisəli vəziyyət yaratmamaq, hakimlərə səbəb verməmək üçün daha yaxşı çıxış edəsən.

"Peşəkar idmanda yalnız iradəli insanlar qalırlar”

- Bəs həyatda ədalətsizlik görəndə neynirsən?

- Çalışıram ki, belə hadisələrə soyuqqanlı yanaşım. Geci-tezi haqq-ədalət öz yürini tutur. Belə hallarda səbirli və təmkinli olmaq çox vacibdir.

- Peşəkar idmançı olmaq çətindirmi?

- İdmançının həyatı ağırdır: yarışlar, məşqlər, zədələr. Peşəkar idmanda yalnız iradəli insanlar qalırlar. Bir də gərək işini sevəsən.



- İnsanı güclü edən nədir?

- İnsanı güclü edən onun xarakteri, iradəsi, düşüncə tərzi, həyatda tutduğu yeri, mövqeyidir. İnsan güclü varlıqdır və hər şeyə qadirdir. Uca rəbbimiz insanı faili-muxtar yaradıb, ona şüur, dərrakə verib. Bunu dərk edərək həyatda uğur qazanan, öz yolunu müəyyən edən insanlar güclü olduqları üçün xoşbəxtdirlər. İnsan daim irəli getmək üçün çox çalışmalı, zəhmətkeş olmalıdır. Mənəvi və xarici cəhətdən mükəmməl insan, tamdır, bütövdür.

- İki ali məktəb qurtarmısan...

- Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını (ADBTİA) bitirmişəm. İkinci təhsilimi Bakı Dövlət Universitetinin (BDU) hüquq fakultəsində alıram, I kurs tələbəsiyəm.



"Ən yaxın dostum Rövşən Bayramovdur”

- Dostluğu necə qiymətləndirirsən?

- Dost sözünün mənası çox dərindir. Əsl dost azdır. Ən yaxın dostum komanda yoldaşım Rövşən Bayramovdur. Onunla 2002-ci ildən dostluq edirik. Artıq 15 ildir. Biz həm də ailəvi dostuq. Bir yerdə çətin, əziyyətli günlərimiz çox olub. Deyirlər, insan öz acısını başqa birində görəndə onu özünə yaxın, doğma bilir. Dostlarımın çoxu idman sahəsinin adamlarıdır.

- Heç olub ki, dostların səni yanıltsınlar?

- Belə hallar olub. Sonra belə dostları özümdən uzaqlaşdırmışam və haqq-salamı kəsmişəm.

- Necə düşünürsən, bürc və ilin insanın taleyində rolu varmı?

- (gülür) Vallah, mən bilmirəm nə rolu var. Amma özüm şir bürcündənəm və əjdaha ilində doğulmuşam.



- Dünyanı hansı rəngdə görürsən?

- Dənizin və səmanın rəngi olan mavi rəngdə. Bəziləri çox vaxt dünyadan, onun gərdişindən şikayət edirlər. Mən bununla razılaşmıram. Dünyanı yaxşı da, pis də edən biz insanlarıq. Gəlin, özümüz yaxşı olaq ki, dünyamız da yaxşı olsun.

- Mütaliəni sevirsən?

- Kitab, jurnal oxumağı çox sevirəm.

- Musiqiyə münasibətin?

- Muğamı çox xoşlayıram, xüsusilə, Alim Qasımovun ifasında. "Əziz dostum” mahnısını dinləməkdən zövq alıram.



- Bəs kino?

- Retro kinolara baxanda adam yorulmur. "Yol əhvəlatı”, "Qaynana”, "Arxadan vurulan zərbə” flmlərinin bənzəri yoxdur. Düşünürəm ki, adıçəkilən filmlərdə rol alan "qaymaq” aktyorların yerini heç kəs verməyəcək.

- İlin sonuna az qalıb. Yeni ildə qəzetimizə nə arzu edərdin?

- "Olimpiya dünyası” həmişə idman sahəsinə, idmançılara geniş yer ayırır. İdman yarışlarının, tədbirlərin işıqlandırılmasında, idmançıların təbliğ olunmasında əməyiniz təqdirəlayiqdir. Kollektivinizi təbrik edir, gələcək yaradıcılıq işlərində uğurlar arzulayıram.




Səadət Hakıyeva











Bu yazı

25065 dəfə oxunub

Tarix

2017-12-18 17:19:22

Yazını

Çap et

Yazını

Paylaş