Azərbaycan çempionatının qalibləri bəlli oldu





Dekabrın 14-18-də Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında Azərbaycan çempionatı keçirildi.

"Olimpnews.az" xəbər verir ki, Gənclər və İdman Nazirliyinin və Azərbaycan Güləş Federasiyasının (AGF) birgə təşkilatçılığı ilə keçirilən yarışlarda 18 yaşı tamam olan, 1999-cu il təvəllüdlü və daha yuxarı yaşlı idmançılar iştirak etdilər. Dünya Güləş Birliyinin (DGB) qaydalarına əsasən keçirilən yarışlar AGF-nın Hakimlər Kollegiyasının təyin etdiyi hakimlər tərəfindən idarə olundu. Sərbəst güləşçilər 57, 61, 65, 70, 74, 79, 86, 92, 97 və 125 kq-dək, yunan-Roma güləşçiləri isə 55, 60, 63, 67, 72, 77, 82, 87, 97 və 130 kq-dək çəki dərəcələrində qüvvələrini sınadılar. Azərbaycan çempionatı bu il yeniyetmə güləşçilərin qitə və dünya birinciliklərində sınaqdan keçirilən və ikigünlük yarış proqramı üzrə təklif olunan yeni qaydalara uyğun təşkil olundu.
Güləş üzrə böyüklər arasında Azərbaycan çempionatının açılış mərasimi dekabrın 14-də keçirildi. Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov tədbirdə çıxış edərək ölkədə idman və bədən tərbiyəsinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışdı. Ötən illərdə olduğu kimi 2017-ci ilin də Azərbaycan idmanı üçün uğurlu olduğunu qeyd edən İsmayıl İsmayılov əldə olunan nailiyyətlərdən söhbət açdı.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev bildirdi ki, ölkəmizin beynəlxalq Olimpiya Hərəkatında fəal iştirakı, idmançılarımızın qazandıqları yüksək nəticələr respublikamızın idman sahəsində potensial imkanlarını nümayiş etdirməklə, bu sahəyə yüksək səviyyədə dövlət qayğısından xəbər verir: "Azərbaycanda idmanın inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Hazırda bu siyasət dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir”.

Azərbaycan Güləş Federasiyasının birinci vitse-prezidenti Sahib Ələkbərov vurğuladı ki, Azərbaycan Prezidenti İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğının məntiqi nəticəsi olaraq son illərdə paytaxt Bakı dünyanın idman mərkəzlərindən birinə çevrilib. Bu gün Azərbaycan ən mötəbər beynəlxalq tədbirlərin keçirildiyi ölkələr arasında öz layiqli yerini tutub. Sahib Ələkbərov dedi: "Azərbaycanda idmanın bütün növlərinin inkişafı diqqət mərkəzində saxlanılır. İdmançılarımız Rio-2016 Yay Olimpiya Oyunlarında böyük uğurlar qazanıblar. Təsadüfi deyildir ki, mötəbər yarışda qazanılan 18 medaldan 9-u məhz güləşçilərimizin payına düşür”. AGF-nin vitse-prezidenti belə yarışların keçirilməsinin Tokio-2020 Olimpiya Oyunlarına hazırlıq üçün böyük əhəmiyyət kəsb etdiyini də vurğuladı.

Ümumilikdə, 177 yunan-Roma güləşçisinin mübarizə apardığı yarışlarda Ziya Zeynalov (55 kq, "Neftçi”), Sakit Quliyev (60 kq, "Neftçi”), Taleh Məmmədov (63 kq, "Gömrükçü”), Kamran Məmmədov (67 kq, DİN İC), Ülvi Qənizadə (72 kq, "Neftçi”), Həsən Əliyev (77 kq, MOİK, "Neftçi”), Rafiq Hüseynov (82 kq, MOİK), İslam Abbasov (87 kq, MOİK), Türmən Eyyubov (97 kq, MOİK) və Cavid Feyziyev (130 kq, "Pəhləvan”) fəxri kürsünün ən yüksək pilləsində yer aldılar.
212 idmançının iştirak etdiyi sərbəst güləş yarışlarında Azərbaycan çempionu adını Əfqan Xaşalov (57 kq, "Zenit”), Ağahüseyn Mustafayev (65 kq, MOİK), Hacımurad Ömərov (74 kq, "Atasport”), Cəbrayıl Həsənov (79 kq, "Zenit”), Aleksandr Qostiyev (86 kq, "Atasport”), Şərif Şərifov (92 kq, "Atasport”), Nurməhəmməd Hacıyev (97 kq, "Atasport”) və Cəmaləddin Məhəmmədov (125 kq, "Atasport”) qazandılar.

Çəki dərəcələri üzrə ilk üç yeri tutan idmançılar AGF tərəfindən müvafiq diplom, medal və pul mükafatı ilə təltif edildilər. Qalib idmançılar milli komandanın heyətinə cəlb edilərək gələn il ərzində komandanın iştirak edəcəyi beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.



Səadət Hakıyeva





Bu yazı

21272 dəfə oxunub

Tarix

2017-12-18 19:49:29

Yazını

Çap et

Yazını

Paylaş